Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniyanın yenidən birləşməsinin 6-cı ildönümü münasibətilə AFR-in Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 3 oktyabr 1996-cı il


Hörmətli cənab səfir, hörmətli xanımlar və cənablar!

Almaniyanın milli bayramı - birləşmə gününün, altıncı ildönümü münasibətilə sizi ürəkdən təbrik edir, sizə, alman xalqına xoşbəxtlik, səadət arzulayıram.

Almaniyanın çoxəsrlik tarixində ölkənin İkinci dünya müharibəsi qurtararkən parçalanıb, xalqın uzun müddət bir-birindən ayrı düşməsindən sonra altı il bundan öncə yenidən birləşməsi və Almaniya torpağında demokratik dövlətin inkişaf etməsi bəşər tarixində görkəmli hadisədir. Alman xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələr və bəşəriyyətin inkişafındakı xidmətləri yüksək qiymətə layiqdir. Alman xalqının parçalanmış vəziyyətdə yaşadığı dövrdə çəkdiyi əziyyətləri biz həmişə yaxından dərk etmişik. Ona görə də alman xalqının birləşməsi və Avropanın mərkəzində Almaniya kimi böyük, qüdrətli, eyni zamanda demokratik bir dövlətin mövcudluğu dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün çox mühüm amildir. Biz əminik ki, Almaniya bundan sonra, heç vaxt parçalanmayacaq, Almaniya torpağında heç bir müharibə baş verməyəcək, demokratik Almaniya Federativ Respublikası həm Avropada, həm də dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcəkdir.

Beş il bundan öncə Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra Almaniya ilə Azərbaycan arasında, xalqlarımız arasında əlaqələrin tarixinə yeni səhifələr yazılıbdır. Bu illərdə Almaniya - Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsindən məmnunuq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında Almaniya - Azərbaycan əlaqələrinin xüsusi əhəmiyyətini qeyd edirik. Bu qısa müddətdə ölkələrimiz arasında iqtisadi, mədəni, elmi əlaqələr və bütün başqa sahələrdə olan əlaqələr geniş inkişaf edibdir. Almaniyanın Azərbaycandakı və Azərbaycanın Almaniyadakı səfirlikləri də bu sahədə çox böyük işlər görüblər.

Almaniyanın 60-dan artıq şirkətinin, xüsusən "Simens", "Daymler-Bents" kimi dünyada məşhur olan şirkətlərin Azərbaycanda geniş fəaliyyət göstərməsi əlaqələrimizin gözəl təzahürüdür. Bizim əməkdaşlığımız həm Almaniyanın, həm də Azərbaycanın rəhbərlərinin əlaqələri vasitəsilə də genişlənir və inkişaf edir. Mən bu il iyulun əvvəlində Almaniya Fede­rativ Respublikasına etdiyim rəsmi səfəri çox böyük məmnuniyyət hissi ilə xatırlayıram. Bu səfər zamanı Almaniyanın prezidenti cənab Roman Hersoq, federal kansler cənab Hel­mut Kol, xarici işlər naziri cənab Klaus Kinkel ilə və başqa şəxslərlə olan çox səmərəli görüşlərimiz, danışıqlarımız Al­maniya - Azərbaycan əlaqələrinin daha da genişlənməsinə və inkişafına kömək edir.

Azərbaycan Respublikasının həyatında olan ən çətin problemlə - Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində Azərbaycan torpaqlarının bir qisminin işğal edilməsi problemi ilə bağlı və bu problemin sülh yolu ilə həll edilməsi sahəsində Almaniya Federativ Respublikasının mövqeyi bizim üçün həmişə əhəmiyyətli olmuşdur. Minsk qrupunun üzvü olan ölkə kimi Almaniya onun tərkibində çox səmərəli fəaliyyət göstərir. Almaniya hökumətinin verdiyi bəyanatlar Azərbaycanm ərazi bütövlüylinün təmin olunması, Dağlıq Qarabağ probleminin, Ermənistan - Azərbaycan münaqişəşinin sülh yolu ilə həll olunması, həm də məhz ölkəmizin ərazi bütövlüyünün tanınması əsasında həll olunması üçün çox əhəmiyyətlidir.

Mənim Bonndakı görüşlərim və apardığımız danışıqlar Al­maniya - Azərbaycan əlaqələri üçün geniş perspektivlər açıbdır. Öz tərəfimizdən biz çalışırıq və bundan sonra da çalışacağıq ki, yaranmış imkanlardan səmərəli istifadə edək. Xüsusən Minsk qrupunun fəaliyyətinin bundan sonra da gücləndirilməsində Almaniyanın iştirakına çox böyük ümidlər bəsləyirik. Minsk qrupunun həmsədrləri və böyük nümayəndə heyəti bu gün Bakıya gəlibdir. Bir neçə saat öncə mən onlarla görüşmüşəm. Onlar burada, bu bayram mərasimindədirlər. Onlarla danışıqlarımızda da demişəm və burada, Almaniyanın bu bayram günündə bir daha bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və buna nail olmaq üçün atəşkəs rejiminin məsələnin sülh yolu ilə həllinə qədər saxlanmasına sadiq qalacaqdır.

Bu gün, Almaniyanın milli bayramı münasibətilə buraya Azərbaycanın çoxsaylı nümayəndələrinin gəlməsi də respublika, Bakı ictimaiyyətinin Almaniyaya, ölkələrimiz arasındakı əlaqələrə çox yüksək marağını nümayiş etdirir. Bu bayram günü bir daha bəyan edirəm ki, Almaniya - Azərbaycan əlaqələri bundan sonra da gündən-günə inkişaf edəcək və möhkəmlənəcək, bu əlaqələrin genişlənməsi üçün biz öz tərəfimizdən bütün sə'yləri qoyacağıq.

Bayram münasibətilə sizin hamınızı bir daha təbrik edir, alman xalqma səadət və xoşbəxtlik diləyirəm. Sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa