"Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın baş naziri Ryutaro Haşimoto ilə görüşdəki söhbətindən" (Baş nazirin rəsmi iqamətgahı, 26 fevral 1998-ci il) sənədinə tarixi arayış


Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabr ayının 28-də tanıyıb və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il sentyabr ayının 7-də qurulub. 2000-ci il yanvar ayının 21-də Yaponiyanın Azərbaycan Respublikasında səfirliyi təsis edilib. 2002-ci ildə Yaponiya hökuməti ABŞ-ın Kanzas şəhərindəki Baş Konsulu T. Fucivaranı Azərbaycan Respublikasında yeni səfir təyin edib. 2002-ci il dekabr ayının 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Yaponiyada səfirliyinin təsis olunması haqqında sərəncam imzalayıb. (http://www.mfa.gov.az/). 

Azərbaycan və Yaponiya arasında münasibətlərdə iqtisadi əməkdaşlıq üstünlük təşkil etməklə müxtəlif sahələrdə ardıcıl inkişaf edir. 1996-1998-ci illərdə Yaponiyanın Baş naziri olmuş Ryutaro Haşimotonun elan etdiyi "Avrasiya diplomatiyası" əsasında iki ölkənin qarşılıqlı əlaqələri daha da sürətlə genişlənməyə başlayıb.

Əməkdaşlığın ən yüksək səviyyədə inkişafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ilin fevralında Yaponiyaya ilk rəsmi səfərinin böyük təsiri olub. Həmin səfər zamanı Heydər Əliev Yaponiya imperatoru əlahəzrət Akihito ilə görüşüb və ölkənin baş naziri Ryutaro Haşimoto ilə danışıqlar aparıb. Səfərdə imperator tərəfindən onun şərəfinə ziyafət verilib. (http://www.mofa.go.jp/) 

Heydər Əliyev 26 fevral 1998-ci ildə Ryutaro Haşimoto ilə söhbətində Azərbaycanın zəngin yapon təcrübəsindən faydalanmaq istədiyini və Yaponiyanı BMT TŞ-yə daimi üzvlük məsələsində müdafiə etdiyini təsdiq edib. Yaponiyanın Baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə tərəfdar olduğunu bəyan edib. O, eyni zamanda Yaponiyanın münaqişənin ATƏT-in Lissabon Zirvə görüşündə irəli sürülmüş prinsiplər əsasında həll edilməsini düzgün saydığını bildirib. Həmçinin tərəflər görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışaraq bu sahədə böyük imkanlar olduğunu təsdiq ediblər.

Heydər Əliyev bu səfərində Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də görüşüb. Səfərin yekunu olaraq Azərbaycan və Yaponiya arasında siyasi, iqtisadi və texniki sahələrə aid səkkiz saziş imzalanıb.

Səfərdən sonra ikitərəfli əməkdaşlıqda əməli addımların atılması davam edib. 1999-cu ilin aprelində Yaponiyanın xarici işlər naziri Azərbaycanda səfərdə olub.

13 iyul 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Yaponiya Xarici Əlaqələr İnstitutunun direktoru, Xarici İşlər Nazirliyinin baş müşaviri, səfir Toşiyuki Fucivaranı qəbul edib. İki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çarpdırıb. Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında cənab Toşiyuki Fucivaranın xidmətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, o, gələcək fəaliyyətində də həmişə Azərbaycanla bağlı olacaqdır.

7-10 mart 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyada rəsmi səfərdə olub.İlham Əliyevin Yaponiyaya səfəri qarşılıqlı münasibətlərin müəyyən dərəcədə yüksək inkişafının göstəricisidir. Səfər başlıca olaraq neftə tələbatı olan yapon iqtisadiyyatının və texniki yardıma ehtiyacı olan Azərbaycan infrastrukturunun ehtiyaclarının ödənilməsi istiqamətində qanunauyğun addm kimi qiymətləndirilib. Siyasi tərəfdən isə Azərbaycan Yaponiyanın tutduğu mövqe müqabilində onun BMT Təhlükəsizlik Şurasına daimi üzv olması fikrini müdafiə edir. (http://www.jamestown.org/)

Martın 8-də Tokioda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yaponiyanın İmperatoru Akihitonun görüşü olub. Söhbət zamanı Azərbaycan-Yaponiya əməkdaşlığının inkişaf perspektivləri, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Tokioda, onun üçün ayrılmış iqamətgahda Yaponiyanın xarici işlər naziri Taro Aso ilə görüşündə Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənilməsində Yaponiya şirkətlərinin yaxından iştirak etməsi və eləcə də bu ölkənin iş adamlarının digər layihələrə maraq göstərməsi və gələcəkdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin fəaliyyəti üçün gözəl şəraitin yaradılacağı da vurğulanıb. Görüşdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı söhbət gedib. Prezident İlham Əliyev bu sahədə hazırkı vəziyyət haqqında danışıb, münaqişənin həlli məsələsində ölkəmizin mövqeyini açıqlayıb.

18-19 iyun 2007-ci il tarixində Bakıda GUAM-a üzv ölkələrin dövlət başçıları səviyyəsində keçirilmiş zirvə görüşündə iştirak etmək üçün Yaponiyanın Xarici İşlər Nazirinin müavini Mitodzi Yabunaka Azərbaycan Respublikasında səfərdə olub. Zirvə toplantısı çərçivəsində GUAM-Yaponiya görüşü keçirilib. İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Yaponiya xarici işlər nazirinin müavini Mitodzi Yabunakanı qəbul edib. GUAM-ın Bakıda keçirilən zirvə görüşündə Yaponiyanın iştirakından məmnun qaldığını söyləyən diplomat bu beynəlxalq foruma dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Yaponiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Yaponiya arasında fəal inkişaf edən əlaqələrdən danışaraq, ikitərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib. Prezident İlhamƏliyev deyib ki, GUAM-ın zirvə görüşündə Yaponiyanın iştirakı Azərbaycan-Yaponiya əməkdaşlığı imkanlarını genişləndirməyə imkan verəcəkdir.

16 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Yaponiyanın xarici işlər nazirinin müavini Midori Matsuşimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Midori Matsuşima səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini və ölkəmizdə ümummilli liderin xatirəsinə dərin ehtiramın şahidi olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın bugünkü inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirib və məhz onun rəhbərliyi altında 90-cı illərin ortalarında həyata keçirilməyə başlamış siyasi və iqtisadi islahatların ölkəmizin sürətli inkişafını təmin etdiyini vurğulayıb. Azərbaycan-Yaponiya münasibətlərində də yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri ilə başlandığını deyən Prezident İlham Əliyev bu siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib. (http://www.president.az/)

Tarixi arayış 24 sentyabr 2008-ci ildə yeniləşdirilib.