Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləimiş Ştatlarının Bakıdakı səfiri Ross Uilson ilə görüşdə söhbəti - Prezident sarayı, 20 mart 2001-ci il


Heydər Əliyev: Xoş gördük sizi, cənab səfir.

Ross Uilson: Cənab Prezident, salam. Sizi səmimi-qəlbdən salamlayır və Novruz bayramı münasibətilə təbrik edirəm.

Heydər Əliyev: Mən də sizi təbrik edirəm. Bir halda ki, buradasınız, bu sizin də bayramınızdır. Necəsiniz, ölkənizə getmişdiniz, oralarda nə var, nə yox?

Ross Uilson: Cənab Prezident, çox yaxşıyam. Bu gün məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, mən Vaşinqtondan dünən gecə qayıtmışam. Çox məmnunam ki, vaxtında geri dönmüşəm və sizi Novruz bayramı münasibətilə təbrik etmək imkanı əldə etmişəm. Mən prezident cənab Buşdan və Dövlət katibi cənab Pauelldən Sizə salam gətirmişəm. Həm dövlət departamentində, həm Ağ evdə, həm də Konqresdə çox yüksək rütbəli məmurlarla faydalı danışıqlar aparmışam. Sizin ölkənizdə baş verən hadisələri, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını və ölkələrimiz arasında qarşılıqlı fayda və maraq doğuran məsələləri Vaşinqtonda çox dərindən izləməkdə davam edirlər.

Prezident Buşa Sizin göndərdiyiniz məktub böyük maraqla qarşılanıbdır. Bu gün mən Dövlət katibi Pauellin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Sizə göndərdiyi məktubu rəsmi surətdə təqdim etməkdən böyük məmnunluq duyuram. Yəqin xatırlayırsınız, hələ prezident Buş özü Sizə göndərdiyi məktubunda yazmışdı ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması onun hökumətinin ən çox əhəmiyyət verdiyi öncül məsələlərdən biridir. Həm o məktubun işığında, yəni prezident Buşun Sizə məktubunun davamı olaraq, həm də prezident Köçəryanla  Parisdə apardığınız danışıqların davamı olaraq Dövlət katibi Pauell məmnuniyyətlə Sizi və  prezident Köçəryanı rəsmi surətdə Amerika Birləşmiş Ştatlarına dəvət edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti mərhələsi burada aparılsın. Biz təklif etmişik ki, bu danışıqlar aprel ayının əvvəlindən başlamaqla Florida ştatında keçirilsin. Ümidvarıq ki, həmin danışıqlarda sülhə nail olunması yolunda irəliləyiş əldə ediləcəkdir. Paris danışıqlarından fərqli olaraq, ABŞ-da keçiriləcək bu danışıqlarda Minsk qrupunun üç həmsədri də iştirak edəcəkdir.

Bir daha təkrar edirəm, ümidvarıq ki, bu danışıqlar münaqişənin dinc yolla nizamlanması istiqamətində irəliyə atılmış növbəti mühüm addım olacaqdır. Mənim Vaşinqtondakı həmkarlarım həm Sizin bu danışıqlarınızı, həm də özünüzlə görüşüb söhbət etməyi səbirsizliklə gözləyirlər.

Heydər Əliyev: Sağ olun, cənab səfir. Birincisi, bu gün bizim bayramımızdır, Novruz bayramıdır. Bu bayram günündə görüş, gərək həmişə yaxşı nəticələr versin. Novruz bayramı xüsusi bayramdır. Çünki bu bayramın qədim tarixi, astronomik əsasları var. Bu gün saat 5 radələrində gecə ilə gündüz bərabərləşəcəkdir. Məhz bu gün də, sabah da bayramdır. Bakının icra hakimiyyətinin başçısı mənə dedi ki, həmin o dəqiqə şəhərdə bütün fəvvarələr işə düşəcəkdir.

Məni bayram münasibətilə təbrik etdiyinizə görə təşəkkür edirəm. Sizə də, Amerika xalqına da ən xoş arzularımı bildirirəm. Amerika Birləşmiş Ştatlarında olduğunuz zaman apardığınız danışıqlar, görüşlər və indi verdiyiniz məlumatlar, təbiidir ki, mənim üçün çox maraqlıdır və məni məmnun edir. Çox məmnunam ki, prezident cənab Buşun mənə göndərdiyi məktuba cavab olaraq ona göndərdiyim geniş məktub orada müəyyən iz buraxıbdır və siz də bu barədə öz fikirlərinizi dediniz. Çünki mənim o məktubumun, siz bilirsiniz, əsas məzmunu, məqsədi, həm ABŞ–Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, Xəzər dənizi regionunda bizim gördüyümüz işlərin bundan sonra daha da sürətlə həyata keçirilməsi, həm də xüsusən bizim üçün ən əsas məsələ olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsidir.

Mən şübhə etmirəm ki, Amerika Birləşmiş Ştatlarının yeni hökuməti ilə – prezident cənab Buş ilə və başqa dövlət şəxsləri ilə bizim dialoqumuz artıq başlayıbdır. Cənab Buşun mənə göndərdiyi həmin məktub və mənim göndərdiyim cavab onu göstərir ki, biz artıq bilavasitə əlaqələrə başlamışıq və bu əlaqələri də davam etdirməyə hazırıq. Təbiidir ki, bu əməkdaşlıqda bizi maraqlandıran məsələlər çoxdur. Ancaq ən əsas məsələ, siz bilirsiniz ki, Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması məsələsidir. Çünki, baxmayaraq, biz iki ildən çoxdur ki, prezident Köçəryanla danışıqlar aparırıq, bu danışıqların da sayı gündən-günə artır, amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqelərinə görə bir nəticə əldə edə bilmirik.

Siz bilirsiniz ki, son vaxtlar bizim cəmiyyətdə də, xalqımızda da bir gərginlik yaranıbdır. Xüsusən, bu məsələ Milli Məclisdə müzakirə olunandan sonra, Minsk qrupunun indiyədək verdiyi təkliflərin xalqa açıqlanması ilə əlaqədar böyük bir gərginlik yaranıbdır. Müxtəlif fikirlər söylənilir. İnsanların çoxu müharibə əhval-ruhiyyəsi ilə yaşayır. Belə bir zamanda, təbiidir ki, biz gərək səylərimizi artıraq, məsələni həll edək və münaqişəni sülh yolu ilə aradan qaldıraq. Ona görə də mən Amerika Birləşmiş Ştatları hökumətinin bu təşəbbüsünü məmnuniyyətlə qəbul edirəm. Təbiidir ki, belə bir görüşün ABŞ-da, Florida ştatında keçirilməsinə razılıq verirəm və orada iştirak edəcəyəm. Mən Dövlət katibinin dəvət məktubunu da çox məmnuniyyətlə qəbul edirəm. Güman edirəm ki, məktubda bizim danışıqlarımızın məzmunu, formatı və sair məsələlər də öz əksini tapmış olacaqdır.

Bir də onu qeyd etmək istəyirəm ki, Minsk qrupunun həmsədrləri bölgəyə gəliblər. Heç vaxt hamısı bir yerə yığışmayıblar. Yəni Ermənistana gəliblər, sonra Azərbaycana, yaxud başqa bir vaxt əvvəl Azərbaycana gəliblər, sonra Ermənistana gediblər. Onlar nə deyiblərsə, gəlib bizə çatdırıblar, biz nə demişiksə, onlara yetiriblər. Bunlar da öz nəticəsini verməyibdir. Ona görə də indi Minsk qrupu həmsədrlərinin hamısının iki prezidentlə bərabər bir yerdə görüşü, ABŞ hökumətinin xüsusi nümayəndəsinin – mən belə eşitdim ki, Dövlət katibi cənab Pauell bu işə başçılıq edəcəkdir – iştirakı ilə keçiriləcək belə bir görüş, hesab edirəm ki, indiyə qədər olmayıbdır. Bu görüş çox əhəmiyyətli ola bilər.

Bizim müxbirlər belə sual verdilər ki, mən yeni bir görüşə gedəcəyəm, yoxsa yox. Dedim ki, hər bir görüşdən mən hansısa bir müsbət nəticə gözləyirəm. Bunun üçün nə qədər görüş lazım olsa, bu görüşlərdə o qədər də iştirak edəcəyəm. Amma indi ABŞ-a bu qədər uzun yolu getmək, orada, Amerika Birləşmiş Ştatlarının ən cənubunda – mənə elə gəlir ki, Kubanın yaxınlığındadır – Florida ştatında görüş keçirmək, təbiidir ki, böyük ümidlər doğurur. Bu uzaq yolu gedib gələsən, yenə də bir nəticə əldə etməyəsən– bu daha da ağır ola bilər. Ona görə də mən belə arzularla yaşayıram ki, biz gərək məsələnin həll olunması üçün irəliləyək.

Minsk qrupu həmsədrlərinin bu görüşü birlikdə keçirməsi məndə belə bir fikir yaradır ki, indi onlar öz səylərini daha da birləşdirirlər. Bu, yaxşı haldır və ola bilər ki, müsbət nəticə versin. Bir sözlə, mən bu dəvəti qəbul edirəm. Təyin olunan vaxtda Floridada olacağam. Qalan şeylər sizdən asılıdır.

Ross Uilson: Cənab Prezident, çox sağ olun. Hesab edirəm ki, bu danışıqların Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bizim ölkəmizdə keçirilməsi həm prezidentimizin, həm də Dövlət katibimizin münaqişənin dinc yolla nizamlanmasına şəxsi marağının və sadiqliyinin göstəricisidir. Hesab edirəm ki, bu danışıqlarda Minsk qrupunun həmsədri olan üç ölkənin təkcə həmsədrlərinin deyil, daha yüksək səviyyədə təmsil olunması onu göstərir ki, bu üç ölkə həm Azərbaycanın, həm də Ermənistanın gələcəyi üçün çox mühüm rol oynaya biləcək proseslərdə iştirakçı olacaqlar və münaqişənin dinc yolla nizamlanmasına böyük töhfə vermiş olacaqlar.

Düzdür, Florida Azərbaycandan və Ermənistandan uzaqda yerləşsə də, Sizi əmin etmək istəyirəm ki, ora çox isti və həm də çox qonaqpərvər bir məkandır. Sülhə doğru tərəqqi əldə etmək üçün Amerikada Floridadan daha münasib və daha hərarətli bir yer təsəvvür etmək mənim üçün çətindir. Biz Sizin bu səfərinizi, orada keçirəcəyiniz danışıqları səbirsizliklə gözləyirik.

Heydər Əliyev: İnşaallah.