Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qəbələ rayonunun Vəndam kəndinin sakinləri ilə görüşdə söhbətindən - 8 noyabr 2002-ci il


Kənd ağsaqqalı: Cənab prezident, xoş gəlmisiniz! Allah canınızı sağ etsin, uzunömürlü olasınız!

Heydər Əliyev: İlham müəllimi tanıyırsınız da.

Kənd ağsaqqalı: İlham müəllim bizim ürəyimizdir.

Heydər Əliyev: Necəsiniz, nə var, nə yox? Bura rayonun mərkəzidir, yoxsa?

Yerdən səslər: Xeyr, bura Vəndam kəndinin mərkəzidir. Bu kəndin 8 min əhalisi var. 7 kəndi əhatə edir.

Heydər Əliyev: 8 min? Mənimlə görüşə gəldiyinizə görə sağ olun, təşəkkür edirəm. Mən sizin hamınızı salamlayıram. Hamınıza xoş arzularımı, hörmət-ehtiramımı bildirirəm.

Yerdən səslər: Çox sağ olun, biz Sizə çox minnətdarıq.

Heydər Əliyev: Görürəm, Vəndam böyük kənddir, 8 min əhalisi var, eyni zamanda, çox gözəl təbiəti olan bir yerdir. Mən keçmişdə də bu yolla gəlmişəm. Yəqin ki, bilirsiniz, vaxtilə bu yolun açılmasını da mən təmin etdim. Yadınızdadırmı? 1980-ci illərdə mən təmin etdim. Əvvəllər bu yol yox idi. Siz o biri yolla Bakıya gedirdiniz.

Yerdən səslər: Bəli, Ağdaşdan, Göyçaydan Bakıya gedirdik.

Heydər Əliyev: Ağdaşdan, Göyçaydan keçib Bakıya gedirdiniz. Yolunuz nə qədər uzaq olurdu. Elədirmi? Biz bu yolu açdıq, bir neçə körpü tikdik, burada işlədiyim əvvəlki dövrün son illəri 1981-1982-ci illər idi. Mənim yadımdadır, bu yolun çəkilməsini xahiş etmişdilər, mən də bunu etdim. İndi Bakıya yolunuz qısalıbdır. Özü də yol belə gözəl meşənin içindən keçir. Adam baxır, deyir ki, burada təbiət nə gözəldir. Siz belə bir yerdə yaşayırsınız. Belə yerdə yaşayan adamlar da həm fiziki cəhətdən, həm də əqli cəhətdən sağlam olur, həm də ki, zəhmətkeş, fədakar olur, elədirmi?

Kənd ağsaqqalı: Mənim yaşım 90-dan yuxarıdır.

Heydər Əliyev: 90-dan yuxarı yaşın var... A kişi, nə danışırsan?

Kənd ağsaqqalı: Bəli, adım da Süleymandır. Əmirov Süleyman Mikayıl oğlu.

Heydər Əliyev: Maşallah!

Süleyman Əmirov: Biz həmişə Sizə duaçıyıq.

Heydər Əliyev: Övladın var?

Süleyman Əmirov: Var. Nəvəm də var, cəbhə bölgəsindədir, mayor rütbəsindədir, 400-500 əsgəri var.

Heydər Əliyev: Maşallah. Çox sağ ol. Təşəkkür edirəm ki, nəvən cəbhə bölgəsindədir 90 yaşında... Bəlkə mən də gəlib burada yaşayım, 90 yaşa qədər çatım. Sizin əkdiyiniz nədir, taxıldır?

Yerdən səslər: Taxıldır, qarğıdalıdır.

Heydər Əliyev: Mal-qaranız var?

Yerdən səslər: Var.

Heydər Əliyev: İndi kolxoz, sovxoz ləğv olundu. Vaxtilə, o illərdə mən işləyəndə, yadınızdadır, bunların hamısı vardı. İndi hər şey dəyişilibdir. Biz müstəqil olduq, bazar iqtisadiyyatı yolu ilə gedirik. Şəxsi mülkiyyəti təmin etmişik, torpağı, mal-qaranı kəndlilərə paylamışıq, insanlara sərbəstlik vermişik. Kim bundan istifadə etməyi bacarırsa, işləyirsə, vəziyyəti də yaxşıdır. Amma kim bunu bacarmırsa...

Keçmişdə, bizim o sistemdə, - mən özüm 25-30 il həmin sistemin rəhbəri olmuşam, - belə idi ki, 15-i işləyirdi, 15-i də onların hesabına yaşayırdı. Elədirmi? İndi o yoxdur. İndi hər şey insanların özünə verilibdir. Kim bunlardan istifadə edə bilirsə, yaxşı yaşayır. Kim istifadə edə bilmirsə, yaxşı yaşamır. O ki qaldı rayon mərkəzlərinə, şəhərlərə, bəli, buralarda torpaq, heyvan yoxdur, belə yerlərdə işsizlik var, bu, təbiidir. Bunun da səbəbləri var. Amma biz çalışırıq ki, rayon mərkəzində, şəhərlərdə iş yerləri açaq. Bu da asan deyildir. Çünki indi dövlət müəssisələrini yaratmaq olmaz. Olanların da, bilirsiniz ki, bir hissəsi dağılıb getdi, bir hissəsi istənilən səviyyədə işləmir. Çünki onların hamısı sovet sosialist sisteminə uyğunlaşdırılmışdı. İndiki bazar iqtisadiyyatı şəraitində və bütün başqa ölkələrlə, yəni kapitalist ölkələri ilə əlaqələrə girmişik, biz onların yaşadıqları kimi yaşamalıyıq və yaşamaq istəyirik. Ona görə də, əlbəttə ki, indi çətinliklər var.

Asif Haşımov (kənd bələdiyyəsinin başçısı): Cənab prezident, Sizə məlumat üçün bildirmək istəyirəm ki, islahatdan əvvəl kəndimizdə 6 kombayn vardı, indi 8 kombayn var. Qonşu kənddə iki xarici kombayn da var. Taxıl yığımı zamanı kombayn sarıdan bir az çətinlik olur, amma təcili də aradan qaldırılır. Yadıma gəlir ki, kolxoz dövründə biçin kampaniyası avqust ayının axırına qədər davam edirdi. İndi biçin iyulun ortalarında qurtarır. Keçən il Qəbələ rayonu 42 min ton taxıl istehsal etmişdi. Bu il də Qəbələnin ehtiyacını ikiqat, üçqat ödəyəcək taxılımız var.

Heydər Əliyev: Qəbələ rayonu nə qədər taxıl verir?

Asif Haşımov: Keçən il 42 min ton taxıl istehsal etmişik. Bu il isə üç ay dalbadal yağış yağdığına, hava şəraiti əlverişsiz keçdiyinə görə taxıl qismən az oldu. Amma Qəbələ camaatının ehtiyacından çoxdur. Burada çörək problemi yoxdur. Camaat arzu edərdi ki, burada turizmin inkişafı sahəsində iş görülsün. Bizim çox gəzməli, görməli yerlərimiz var. O yerlərə müəyyən investisiya qoyulsa, özümüz də bacardıqca kömək edib problemləri aradan qaldıracağıq. Hər halda, kəndimizin 4-5 il bundan əvvəlki vəziyyəti ilə bugünkü görünüşünü müqayisə edənlər bilirlər ki, burada gündən-günə inkişaf var. İndi bizim kəndimizdə mobil telefon xidmətindən istifadə etmək üçün gördüyünüz bu qurğu da quraşdırılmışdır. Bu AZƏRCELL rabitə xidməti üçündür.

Heydər Əliyev: Bu, sənin cib telefonun üçündür? Burada neçə adamda cib telefonu var?

Asif Haşımov: Kəndimizdə 400-500 nəfərdə cib telefonu var.

Heydər Əliyev: Bir kənddə?

Yerdən səslər: Bəli.

Heydər Əliyev: Əhalinin vəsaiti olmasa, cib telefonu saxlaya bilər? Məsələlər var, bunları həll etmək olar. Məsələn, televiziya ötürücüsü məsələsini həll etmək mümkündür. Elektrik enerjisində bir neçə ildir ki, çətinliklər var. Amma siz təsəvvür edin, əgər vaxtilə biz - bunu deyirəm ki, siz bir də biləsiniz, bunları əvvəllər Azərbaycanda işləyəndə mən özüm etmişəm, - böyük elektrik stansiyalarını tikməsəydik, Sovet İttifaqı dağılandan və biz müstəqil olandan sonra elektrik enerjisi heç olmazdı. O vaxtlar tikmişik, indi onlardan istifadə olunur. Ancaq onların bəziləri artıq köhnəlir, bəzisini təmir etmək lazımdır. Amma siz indi az-çox elektrik enerjisi alırsınız. Pulunu verirsinizmi?

Yerdən səslər: Qismən veririk.

Heydər Əliyev: Amma siz bilməlisiniz ki, Azərbaycan üzrə bütün əhali işıq və qaz pulu, su pulu vermədiyinə görə, hökumət məcbur olur ki, büdcədən 350 milyon dolları həmin elektrik enerjisini istehsal etmək, qaz almaq üçün, - biz qazı Rusiyadan da alırıq, - su üçün vəsait ayırır. Gələn il üçün bizim büdcəmizin ümumi həcmi 1 milyard 200 milyon dollar nəzərdə tutulur. İndi təsəvvür edin, əgər biz qaz, işıq, su pulunu əhalidən ala bilsəydik, bu 350 milyon dolları biz ora xərcləməzdik, camaatın vəziyyətinin yaxşılaşdırılmasına yönəldə bilərdik. Siz bilməlisiniz, biz elektrik enerjisini istehsal edirik, onun dəyərinin əksər hissəsini ala bilmirik. Təbii qazı Rusiyadan da alırıq, paylayırıq, pulunu yığa bilmirik. Keçid dövrünün bu cür çətinlikləri var. Sizin kəndə qaz gəlir, yoxsa yox?

Yerdən səslər: Rayon mərkəzinə qaz gəlir.

Heydər Əliyev: Mənə dair başqa sözünüz varmı?

Yerdən səslər: Sizin sağlığınızı istəyirik, yolunuz açıq olsun! Bizimlə görüşdüyünüzə görə çox sağ olun.

Heydər Əliyev: Yaxşı, bu dediyiniz sözlərdən savayı, hökumətə deyiləsi sözünüz, hökumətin fəaliyyəti haqqında nə kimi fikriniz var?

Yerdən səslər: Qəbələ rayonunda tütün istehsalına kömək etmək lazımdır.

Heydər Əliyev: Keçmişdə tütün fabrikləri vardı. Onlar bu tütündən o keyfiyyətdə siqaret istehsal edə bilmirlər. Buna görə vəziyyət belədir. Başa düşürsünüzmü? Amma bununla mən onu demək istəyirəm ki, biz çıxılmaz vəziyyətdəyik. Biz məsələni həll edəcəyik. Amma bunun səbəblərini bilməlisiniz. Səbəbləri nədir? Əvvəllər, sovet vaxtı, ola bilərdi ki, adamların 1 faizi xarici siqaret çəkirdi. İndi kimi görürsən, xarici siqaret çəkir. Ona görə siz bunları bilməlisiniz. Amma mən də bilirəm. Bu işləri vaxtilə mən təşkil etmişəm. Mən 1969-cu ildə Azərbaycanda rəhbər işə başlayanda ildə cəmi 8 min ton tütün istehsal olunurdu. Mən isə onu 50 min tona qaldırdım. Başa düşürsünüzmü? Bu sahədən də çoxlu gəlir götürülürdü. Tütündən gələn gəliri başqa sahələrin heç birindən almaq mümkün deyildi. Çalışacağıq ki, bunları da həll edək. Siz öz imkanlarınızdan maksimum istifadə etməyə çalışın, biz bu dövrü keçəcəyik və hamı üçün hər şey yaxşı olacaqdır. Baxıram, maşallah, hamınız sağ-salamatsınız, gümrahsınız, gözəlsiniz. Ac-susuz yoxdur.

Yerdən səslər: Ömrünüz uzun olsun, sağ olun.

Heydər Əliyev: Arzularınıza görə çox sağ olun, sizə təşəkkür edirəm. Mən də çalışacağam ki, sizin bu dualarınız yerinə yetsin, ömrüm uzun olsun, bundan sonra sizinlə birlikdə daha da çox işlər görək. Sağ olun. Təşəkkür edirəm.

Yerdən səslər: Cənab prezident, sağ olun, Sizə uzun ömür, cansağlığı, yaxşı yol arzulayırıq.

"Azərbaycan" qəzeti, 10 noyabr 2002-ci il.

Tarixi arayış