Azərbaycan Prezidentinin şərəfinə Edinburq şəhərinin lord-provostu Erik Miliqanın təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 23 iyul 1998-ci il


Hörmətli cənab Mer!

Biz həqiqətən bu gün Şotlandiyada, Edinburqda çox xoşbəxt dəqiqələri yaşayırıq. Düşünürəm ki, biz ölkəmizə, Vətənimizə qayıdandan sonra bu dəqiqələrin bizim üçün nə qədər qiymətli olduğunu daha da dərk edəcəyik. Ancaq bizim indiki ilk təəssüratlarımız bundan ibarətdir ki, şotlandiyalılar həqiqətən qəhrəman, qoçaq, mərd insanlar olduğu kimi, eyni zamanda çox istiqanlı və qonaqpərvərdirlər.

Siz Şimalda yaşayırsınız. Burada sərt iqlim vardır və hava daim sərin olur. Amma hiss edirik ki, sizin qəlbiniz çox hərarətlidir. Mən ümumiyyətlə milli ənənələrə çox hörmət edən bir insanam. Çünki, birincisi, öz xalqımın - Azərbaycan xalqının milli, mənəvi dəyərlərini, ənənələrini çox sevirəm və onları həmişə təbliğ etməyə çalışıram. Mən eyni zamanda, başqa xalqların da ənənələrinə çox hörmət edirəm və hətta onların yaxşılarını təkrar etməyə çalışıram.

Mən sizin ənənələrinizə hörmət edərək sağlıq deyirəm: Azərbaycan ilə Böyük Britaniyanın, ölkələrimizin, xalqlarımızın arasında olan dostluğun gələcəyi şərəfinə, Şotlandiyanın, Şotlandiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsinin, Edinburqun, sizin gələcək nailiyyətlərinizin şərəfinə. Sağ olun.

Erik Miliqan: Hörmətli prezident, bizim şəhərin rəsmi rəmzini və bu gümüş qolbəndləri qəbul etməyinizi xahiş edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycanda heç kimin belə qolbəndləri yoxdur. Onları yalnız mən, Edinburqun lord-provostu hədiyyə edə bilərəm. Sağlıqla işlədin.

Heydər Əliyev: Mən də bu qolbəndləri sizə hədiyyə verirəm. Amma mənim başqa hədiyyəm də vardır. Bu, Azərbaycan xalçasıdır. Bu gün biz kraliçanın Edinburqdakı sarayını gəzərkən oradakı xalçalara diqqət yetirdim. Onlar çox gözəl xalçalardır. Şübhəsiz ki, həmin xalçalar Şərqdə toxunub. Şərqdə isə xalçaçılığın ən mötəbər mərkəzləri İran və Azərbaycandır. Kral sarayındakı xalçalardan birinin üzərindəki ornamentlərdən belə fikrə gəldim ki, bu, azərbaycanlılar tərəfindən toxunmuş xalçadır. Doğrudur, mən sizə həmin xalça kimi böyük xalça bağışlaya bilmərəm. Onu sadəcə, buraya gətirmək mümkün olmaz. Amma mən bu gözəl və kiçik xalçanı sizə bağışlayıram.