Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi beynəlxalq təşkilatın nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 30 noyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Bukikkio!

Hörmətli qonaqlar!

Mən sizi salamlayıram, sizi yenidən Azərbaycanda görməyimdən məmnunam. Azərbaycanın son illərdə Venesiya Komissiyası ilə əməkdaşlığını çox faydalı hesab edirəm. Bu əməkdaşlığımız yəqin ki, indiki mərhələdə əlaqələrimizin daha da genişlənməsi üçün əsas yaradır. Buyurun, sizi dinləyirəm.

Canni Bukikkio: Cənab prezident, bizə bu şəraiti yaradıb Venesiya Komissiyasının nümayəndə heyətini qəbul etdiyinizə görə icazə verin, Sizə dərin minnətdarlığımı bildirim.

Şəxsən mən özüm haqqında deməliyəm ki, elə bu ilin özündə ilk dəfə Sizin tərəfinizdən burada qəbul olunmaq şərəfinə nail olmuşam. Elə bunun özü göstərir ki, doğrudan da, buyurduğunuz kimi, Azərbaycanla Venesiya Komissiyası və Avropa Şurası arasında əlaqələr gündən-günə daha da intensiv xarakter alır.

Cənab prezident, bu fürsətdən istifadə edərək, mən Azərbaycanda son günlərdəki zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar həm Venesiya Komissiyası adından, həm də nümayəndə heyəti adından Sizə dərin hüznlə başsağlığı vermək istəyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

Canni Bukikkio: Deməliyəm ki, Allaha çox şükürlər olsun, Azərbaycanda belə güclü zəlzələ baş verməsinə baxmayaraq, ümumiyyətlə, onun nəticələri çox ağır deyildir.

Cənab prezident, 2000-ci və 2001-ci il həm Azərbaycan üçün, həm də Avropa Şurası üçün mühüm illərdir. Ümumiyyətlə, Avropa dəyərləri ətrafında fikir mübadiləsi aparmaq, bununla bağlı təcrübəmizi Sizinlə bölüşmək üçün biz bu son illərdə çox yaxından əməkdaşlıq etdik. Əlbəttə, biz istərdik ki, bu əməkdaşlığımızın nəticəsi olan mühüm məqam, hadisə bu il baş versin. Amma yenə də mənə elə gəlir ki, biz razı olmalıyıq, kifayətlənməliyik ki, bu ilin özündə də Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı bu beynəlxalq təşkilatın Nazirlər Komitəsi çox mühüm qərar qəbul etmişdir. Biz çox böyük ümidlə o günü gözləyirik və bilirik ki, yanvar ayının sonuna kimi biz mütləq bu qərarın həyata keçməsinin şahidi olacağıq.

Cənab prezident, bu ilin yazındakı görüşümüzdə Sizin özünüz də dediyiniz kimi, Azərbaycan Avropa Şurasına daxil olandan sonra onun qarşısında duran vəzifələr daha da çətinləşəcəkdir.

Lakin Sizin özünüz də əlavə etmişdiniz ki, Azərbaycan rəhbərliyi bu çətin vəzifələri həyata keçirmək üçün heç nədən çəkinmir, qorxmur və demokratiyanın inkişafı yolu ilə daim irəliləyəcəkdir.

Ümumiyyətlə, demokratik sabitlik, sosial və iqtisadi inkişaf hər hansı bir cəmiyyətin firavan və əmin-amanlıq şəraitində yaşaması üçün lazım olan amillərdir. Dediyim bu ilk amilin həyata keçməsi, ümumiyyətlə, həm də bu regionda sülhün təmin olunması yolunda çox mühüm bir hadisədir. Biz həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda fəaliyyətinizə, problemin sülh yolu ilə həll olunması üçün şəxsi iradənizə görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Ümid edirik ki, Sizin bu səyləriniz tezliklə lazımi nəticəni verəcəkdir.

Cənab prezident, mən sözümü bitirməzdən əvvəl nümayəndə heyətinin üzvlərini Sizə təqdim etmək istərdim. Cənab Jerar Batliner Venesiya Komissiyasının sədrinin müavinidir, cənab Laslo Şolyom Macarıstan Konstitusiya Məhkəməsinin sabiq sədri, Budapeşt Universitetinin professorudur. Georq Holte Almaniyanın Gettingen Universitetinin mülki hüquq üzrə professorudur, cənab Xuan Lopes Aqillar İspaniya parlamentinin deputatıdır. Cənab Rudolf Şnuts Dürr və cənab Pol Torhallsson Venesiya Komissiyasında mənim həmkarlarımdır.

Görürsünüzmü, burada bütün Avropa öz təcəssümünü tapmışdır, bir çox ölkələrdən nümayəndələr vardır. Cənab prezident, deməliyəm ki, burada hətta Kanar adalarının da nümayəndəsi var.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Doğrudan da sizin nümayəndə heyəti çox mötəbər tərkibdədir. Bir çox ölkələri təmsil edir. Beləliklə, siz bizə güclü hücum edirsiniz.

Canni Bukikkio: Bu, dostluq hücumudur.

Heydər Əliyev: Dostcasına hücumdur. Biz də çalışacağıq ki, bu hücumun qarşısında, təbii ki, öz üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi üçün səylərimizi artıraq.

Azərbaycanın Avropa Şurasına daxil olması prosesi bir az uzanıbdır. Bu da bizim günahımızdan deyildir. Avropa Şurası o tərəfə, bu tərəfə çəkir. Yəqin istəyir ki, görsün, onun tələblərinə biz dözə biləcəyik, ya yox.

Siz doğru xatırlatdınız, mən keçən görüşümüzdə demişdim ki, Avropa Şurasına daxil olmaq bizim üçün "bal yemək" deyildir. Orada bizim üzərimizə daha da çox vəzifələr düşəcəkdir. Ancaq eyni zamanda biz dərk edirik ki, Avropa Şurasına daxil olmaq bizim üçün nə qədər lazımdırsa, o qədər də Avropa Şurasına lazımdır, Avropa Şurası Avropa qitəsinə daxil olan ölkələrin hamısını özündə cəmləşdirmək istəyir. Bu, doğru fikirdir, doğru məqsəddir. Biz də belə arzuda olaraq, bu cür çıxış edərək, təbiidir ki, öz gələcək vəzifələrimizi bilirik.

Azərbaycanda Avropa dəyərləri artıq çoxdan tətbiq edilibdir. Təbiidir ki, biz Avropa Şurasına daxil olandan sonra bu dəyərlərin bütün sahələrdə bərqərar edilməsi təmin olunacaqdır. Eyni zamanda hər bir ölkənin özünəməxsus xüsusiyyəti, hər bir xalqın öz tarixi və mentaliteti vardır. Təbiidir ki, bunlar da nəzərə alınmalıdır. Bunların sintezi əsasında Azərbaycanda ümumbəşəri dəyərlərin, Avropa dəyərlərinin bərqərar olması təmin edilməlidir.

Biz sizinlə görüşlərimizdə, ümumiyyətlə, Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığı zamanı bu məsələləri bir neçə dəfə müzakirə etmişik. İndi isə sizin də, bizim də üzərimizə yeni vəzifələr düşür. Biz yeni öhdəliklər götürmüşük.

Azərbaycan çox ciddi ölkə və dövlətdir. Əgər biz öz üzərimizə hər hansı öhdəliyi götürürüksə, təbiidir ki, onun yerinə yetirilməsi üçün əlimizdən gələni etməliyik. Ona görə də biz sizinlə tam səmimi əməkdaşlıq edəcəyik. Burada sizin bəyan etdiyiniz fikirlər də, təbiidir ki, bizim hamımızın xatirində olacaqdır. Bu il olmadı, amma yanvar ayında Azərbaycan Avropa Şurasına daxil olacaqdır. Bu da xeyli dərəcədə sizinlə bizim əməkdaşlığımızdan asılıdır. Biz sizinlə tam səmimi, işgüzar şəraitdə əməkdaşlıq etmişik və bundan sonra da etməyə hazırıq.

Siz burada bir neçə görüş keçirəcəksiniz. Lazımi məsləhətləşmələr, fikir mübadiləsi aparacaqsınız. Ümid edirəm ki, bunlar uğurlu olacaqdır.

Azərbaycan Avropa Şurasına daxil olmaq, onun həqiqi üzvü olmaq istəyir. Ona görə də biz bunun üçün nə lazımdırsa, etmişik, bundan sonra da edəcəyik. Bu məsələləri burada müzakirə etməyə sizin imkanınız vardır.