Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti - Azərbaycan Respublikasının Avropa Şurasına qəbul olunmasına dair AŞPA-nın məruzəçiləri Jak Bomel və Corc Klerfayt ilə görüşdə çıxışı - Prezident sarayı, 22 yanvar 1998-ci il


Xoş gəlmişsiniz! Cənab Bomel, mən sizinlə yenidən görüşməyimə çox şadam.

Mənim sizinlə dostluğumun, tanışlığımın artıq müəyyən tarixi var. Mən sizinlə həm Bakıda, həm da Parisdə keçirdiyim görüşlərimi məmnunluqla xatırlayıram. Sizinlə hər bir görüşüm məndə çox güclü təəssürat yaradıbdır.

Mən sizin həmkarlarınızı da salamlayıram. Səfirliyin nümayəndələri də buraya xoş gəliblər.

Mən bilirəm ki, siz dünən, bu gün çoxlu görüşlər keçirmisiniz, danışıqlar aparmısınız. Şəxsən siz keçmişdə də Azərbaycanda olmusunuz. İndi buraya müəyyən bir fasilədən sonra .gəlmisiniz. Güman edirəm ki, keçmişlə müqayisədə respublikamızın bugünkü gününü qiymətləndirə bilərsiniz. Bütün bu görüşlər, danışıqlar hamısı bizi daha da sıx əməkdaşlığa sövq edir. Biz Avropa Şurası ilə əməkdaşlığa ciddi olaraq girişmişik və layiqli partnyor olmaq istəyirik.

Mən Azərbaycan ilə Fransa arasındakı əlaqələri çox müsbət qiymətləndirirəm. Prezident cənab Jak Şirak bir neçə gün bundan əvvəl mənə telefonla zəng etmişdi. Bizim çox əhəmiyyətli telefon danışığımız oldu. Mən Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ötən ilin oktyabrında keçirilmiş zirvə görüşünü də çox məmnuniyyətlə xatırlayıram. Həm zirvə görüşü, həm də o görüş zamanı keçirdiyim çoxsaylı görüşlərim ölkəmiz üçün çox əhəmiyyətli olmuşdur. Mən sizi məmnuniyyətlə dinləməyə hazıram

* * *

Öncə mən Azərbaycana gəldiyinizə və buradakı işinizə görə sizə təşəkkür edirəm. Siz Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişaf etməsində və Azərbaycanın Avropa Şurasının tam hüquqlu üzvü olması sahəsində gördüyünüz işlərin Avropa Şurasına çatdırılmasında çox xidmətlər göstərirsiniz. Biz sizin xidmətlərinizi qiymətləndiririk və tam əminəm ki, sizinlə çox yaxın əməkdaş olacağıq.

Cənab Bomel, siz Azərbaycan haqqında, burada gedən işlər, son zamanlar - keçən ziyarətinizlə bu ziyarət arasında -Azərbaycanda gözə çarpan dəyişikliklər haqqında çox mehribancasına danışdınız. Mən sizə çox təşəkkür edirəm. Bu, bizim üçün əhəmiyyətlidir. Həm sizin sözləriniz, həm də cənab Klerfaytın sözləri bizim üçün çox əhəmiyyətlidir. Cənab Bomel, siz bizimlə xeyli müddətdir ki, tanışsınız. Azərbaycanda olmusunuz və ölkəmizdə həyatın dinamikasını müşahidə edirsiniz, baş vermiş müsbət dəyişiklikləri görürsünüz. Siz isə, cənab Klerfayt, Azərbaycana ilk dəfə gəlmisiniz və çox məmnunam ki, qısa müddətdə xoş təəssüratlar əldə etmisiniz.Mən sizin fikirlərinizin, tövsiyələrinizin hamısını məmnuniyyətlə qəbul edirəm.

Bir şeyi bildirmək istəyirəm ki, əgər biz, Azərbaycanın başçıları, hakimiyyəti öz ölkəmizi Avropa Şurasına üzv etmək istəyiriksə, demək, bu istəyimizlə, arzumuzla, təklifimizlə öz üzərimizə böyük məsuliyyət və vəzifələr götürürük. Yaxşı dərk edirik ki, əgər Azərbaycan Avropa Şu-rasının üzvü olarsa, demək, o, həm qanunlarını, həm qaydalarını, həm də hakimiyyətin işini Avropa Şurasının bütün tələblərinə uyğunlaşdırmalıdır. Bunu dərk edərək istəyirik ki, Avropa Şurasının üzvü olaq. Demək, biz özümüz öz üzərimizə çox böyük yeni məsuliyyətlər götürürük. Bu məsuliyyətlər şübhəsiz ki, birinci növbədə bizim Konstitusiyanın bütün tələblərinin təsdiq olunması ilə əlaqədardır, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini davam etdirib sona çatdırmaqla əlaqədardır, Azərbaycanda demokratiyanın, insan hüquqlarının bərqərar olması, siyasi və iqtisadi islahatların axıra qədər həyata keçirilməsi ilə əlaqədardır. Bir sözlə, Azərbaycanda Avropa standartlarına, Avropa Şurasının standartlarına uyğun bir cəmiyyətin yaradılması ilə əlaqədardır. Əgər biz bütün bunların hamısını edəcəyimizə, həyata keçirəcəyimizə arxayın olmasaydıq, bu yola duşməzdik. Bütün bu prinsiplərin Azərbaycanda nəzərə alınması, təsdiq olunması bizim özümüzün içimizdən gələn istəklərin, arzuların nəticəsidir. Bizi heç kəs buna məcbur etmir. Xalqımız 70 il və ondan qabaq da totalitar sistemdə yaşayıbdır. Biz müstəqillik əldə edəndən sonra hansı sistemlə getmək istəsəydik, o sistemlə də gedəcəydik. Burada cürbəcür qüvvələr var. Bəziləri hesab edirlər ki, keçmiş ideolegiyanın, yəni kommunist ideologiyasının yolu ilə getmək lazımdır. Biz bunu rədd etmişik. Başqa qüvvələr var - hesab edirlər ki, Azərbaycan müsəlman ölkəsidir, ona görə burada islam dövləti yaranmalıdır. Biz bunu da rədd etmişik. Yəni biz özümüz, Şübhəsiz ki, xalqımızın ümumi rəyini nəzərə alaraq, ən əsası isə - istəyimizi, arzumuzu həyata keçirərək bu yolu seçmişik. Bu yolu seçdiyimizə və bu yolla inamla getdiyimizə görə, hesab edirik ki, bu yol bizi istər-istəməz Avropa Şurasına gətirib çıxarmalıdır.

Bu sahədə çox işlər görülübdür. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə Konstitusiya qəbul etdik və parlament seçdik. Çox məmnunam ki, cənab Bomel, siz bizim bütün bu işlərimizin müşahidəçisi olmusunuz. Biz o Konstitusiyanı yazmaq üçün çox vaxt sərf etdik. Əgər zəhmət çəkib onu yazmışıqsa, demək, bu Konstitusiyanı həyata keçirməliyik, ona riayət etməliyik. Bunlar bizim iradəmizin, xalqımızın iradəsinin nəticəsidir. Biz ikibaşlı siyasət apara bilmərik və heç vaxt aparmarıq. Biz keçmişdə Sovet İttifaqının tərkibində olanda bəlkə də bəzi şeylər ürəyimizcə olmadan, dövlətin ümumi tələbi olduğuna görə onlara razı olurduq. Amma indi müstəqil dövlətik, heç kəsdən asılı deyilik və heç bir mərkəzin də göstərişini yerinə yetirmirik, öz taleyimizi özümüz təyin edirik. Ona görə bizim gördüyümüz işlər, qəbul etdiyimiz qanunlar da öz iradəmizlə olan şeylərdir. Bu gün mən bəyan etdim ki, Azərbaycanda ölüm hökmü ləğv olunur. Mən 1993-cü ilin iyun ayından Azərbaycana başçılıq edirəm. Mən o vaxtdan ölüm cəzasını ləğv etmişdim, çünki bu müddətdə ölüm hökmü alan adamların heç birisinin hökmü icra olunmayıbdır. Bu müddətdə ölüm hökmünün ləğv edilməsi üçün bir neçə tədbir həyata keçirmişəm. 1996-cı ildə Cinayət Məcəlləsində 21 maddədən ölüm hökmünün götürülməsinə nail oldum. Cinayət Məcəlləsinin 11 maddəsində ölüm cəzası qaldı. Qadınlara, 65 yaşına çatmış kişilərə ölüm hökmü çıxanlması da o vaxtlar ləğv olundu. Görürsünüz, bu, bir prosesdir. Bu gün isə ona son nöqtəni qoydum. Bu, mənim üçün yeni fikir deyil, çoxdan bu fikirdə idim. Bunu məhz bu gün etdim ki, Sizin üçün bir hədiyyə verim. Əmin ola bilərsiniz ki, bundan sonra da Azərbaycanın qanunvericiliyində humanistlik prinsipinin daha da dərinləşdirilməsi üçün çox işlər görəcəyəm. Bu gün elan etdim ki, bizim həbsxanalarda ölüm cəzasına məhkum olunmuş 128 vətəndaş var. Onların içərisində bizim dövlətçiliyimizə qəsd edənlər, Azərbaycan prezidentinə qarşı terror aktları hazırlayıb həyata keçirmək istəyən adamlar da var. Amma bunlara baxmayaraq, mən bu bəyanatımla onların hamısını ölüm cəzasından xilas etdim.

Siz bildirdiniz ki, iki il müddətində bir çox qanunların qəbul olunması haqqında təminat versəm yaxşı olar. Bəyan edirəm ki, mən bu təminatı verirəm. Adını çəkdiyiniz qanunların bir neçəsi bu yaxın vaxtlarda qəbul olunacaqdır. O cümlədən bələdiyyələr haqqında, polis haqqında, prokurorluq haqqında, vəkillər haqqında qanunlar çox yaxın vaxtlarda qəbul ediləcəkdir. Bir neçə başqa qanunlar da artıq hazırlanmaqdadır. Ona görə də iki il çox müddətdir. Amma bir halda ki, siz iki il deyirsiniz, mən iki ili qəbul edirəm. Sizə söz verirəm ki, nəzərdə tutulan bu qanunlar iki ildən xeyli əvvəl qəbul olunacaq və həyata keçiriləcək, tətbiq ediləcəkdir. Əmin ola bilərsiniz ki, qısa bir zamanda Konstitusiya Məhkəməsi təşkil ediləcək və onun sədri, üzvləri təyin olunacaqlar. Bilirsiniz ki, bu barədə qanun son zamanlarda qəbul olunub, indi Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin namizədliklərinin müəyyən edilməsi üzərində iş gedir. Qanunun aliliyi sahəsində indiyə qədər çox iş görmüşük və əmin ola bilərsiniz ki, bundan sonra da çox işlər görəcəyik. İnsan haqlarının qorunması sahəsində görülən işlərdən əlavə, mən bir-iki gün öncə sərəncamlar imzalamışam. Yəqin bu barədə Sizə məlumat veriblər. İnsan hüquqlarının qorunması haqqında yarım əsr bundan öncə - 1948-ci ildə Parisdə qəbul edilmiş sənədin əlli illiyi münasibətilə bir çox tədbirlər hazırlanır və həvata keçiriləcəkdir.

Dağlıq Qarabag problemi, yəni Ermənistan - Azərbaycan münaqişəsi barəsində Sizə keçən dəfələr də, yəqin ki, bu gün də məlumatlar verilibdir. Qısaca onu deyə bilərəm ki, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə qəbul olunmuş bəyanat əsasında Minsk qrupunun üç həmsədri müəyyən edildi - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Biz bunu çox yüksək qiymətləndiririk ki, dünyanın üç böyük dövləti, onların prezidentləri bu problemlə birlikdə məşğul olmaq üçün Minsk qrupunun həmsədrliyi vəzifələrini üzərlərinə götürmüşlər. 1997-ci ildə bu sahədə aparılan danışıqlar, nəhayət, Minsk qrupunun təkliflərinə gətirib çıxarıbdır ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iki mərhələdə həll olunsun: birinci mərhələdə Azərbaycanın işğal olunmuş altı rayonu işğalçı dəstələrdən azad edilsin, ikinci mərhələdə isə iki rayon - Laçın və Şuşa rayonları azad olunsun və eyni zamanda Dağlıq Qarabağın statusu müəyyən edilsin. Siz bilirsiniz ki, Azərbaycan bu təklifləri qəbul edib və Ermənistanın prezidenti də qəbul edibdir. Strasburqda olarkən, keçən il oktyabrın 10-da Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidenti Heydər Əliyev bu barədə birgə bəyanat veriblər. Bu bəyanatda göstərilir ki, Minsk qrupu həmsədrlərinin verdikləri təklifi biz qəbul edirik və münaqişəni bu təkliflər əsasında həll etmək istəyirik. Bilirsiniz ki, yanvarın 7-8-də bu məsələ Yerevanda Ermənistan prezidentinin yanında müzakirə olunub, müəyyən fikir ayrılığı meydana çıxıbdır. İndi məlum olur, əvvəl də biz bunu bilirdik ki, Dağlıq Qarabağda olan qüvvələr Minsk qrupunun bu təkliflərini hələ indiyə qədər qəbul etmirlər.

Bilməlisiniz ki, bizdə, Azərbaycanda da bu təklifi qəbul etməyimizi hamı bəyənmir. Müxalifətdə olan partiyaların, demək olar, hamısı bizim bu addımımızın əleyhinədir və onlar bizi ittiham edirlər ki, belə bir təklifə razılıq vermişik. Onlar hesab edirlər ki, Dağlıq Qarabağa heç vaxt yüksək status vermək olmaz, ancaq mədəni muxtariyyət vermək olar. Hətta bəziləri hesab edirlər ki, sülh danışıqları heç bir şey vermir, məsələni ancaq müharibə yolu ilə həll etmək olar və bizi müharibəyə dəvət edirlər. Ancaq bu fikirlər cəmiyyətin ümumi rəyini təmsil etmir, bu fikirlər bizim cəmiyyətdə azlıq təşkil edir. Ona görə də bu gün hir daha bəyan edirəm ki, biz məsələnin yalnız və yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. 3 il 8 aydır ki, atəşkəs rejimində yaşayırıq və bundan sonra da, tamam sülh əldə olunana qədər atəşkəs rejimini qoruyub saxlayacağıq. Mən, Azərbaycanın prezidenti kimi, bəyan edirəm ki, heç vaxt məsələnin yenidən müharibə, döyüşlər yolu ilə həll olunmasına yol verməyəcəyəm. Ümidvaram ki, Ermənistanda da, Dağlıq Qarabağda da bu təklifləri rədd edən insanlar, nəhayət, dərk edəcəklər ki, başqa yol yoxdur və biz məsələnin sülh yolu ilə həllinə nail olacağıq.

Cənab Bomel, siz tamamilə doğru buyurdunuz ki, Azərbaycan çox mühüm coğrafi-strateji vəziyyətə malik olan bir ölkədir. Azərbaycanın zəngin təbii sərvətləri var. Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşir və Avropa ilə Asiya arasında bir körpüdür. Eyni zamanda Azərbaycanın böyük problemləri var: ərazi bütövlüyümüz pozulub, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq vətəndaşımız köçkün-qaçqın vəziyyətində yaşayır. Amma apardığımız həm daxili və xarici siyasət, həm də iqtisadiyyat sahəsində gördüyümüz işlər mənə əsas verir deyim ki, Azərbaycanın çox xoşbəxt gələcəyi var. Bu gələcəyi, inkişafı da demokratiya, islahatlar yolunda, Avropaya daha da yaxın olmaq yolunda görürük. Əmin ola bilərsiniz ki, biz bu yolla bundan sonra da uğurla gedəcəyik və sizinlə bir yerdə olacağıq.