Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İndoneziyanın Xarici İşlər Naziri Əli Alatas ilə görüşdəki söhbətindən - Tehran, 8 dekabr 1997-ci il


Əli Alatas: Hörmətli cənab prezident, ilk əvvəl, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Sonra isə İndoneziyanın prezidenti cənab Suxartonun salamlarını və hörmət-ehtiramını məmnuniyyətlə Sizə çatdırıram.

Heydər Əliyev: Hörmətli cənab Əli Alatas, Sizi səmimiyyətlə salamlayıram. Cənab Suxarto ilə görüşlərimi həmişə məmnunluqla xatırlayıram. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşünün hazırlanmasında İndoneziyanın xidmətini yüksək qiymətləndirirəm. Bildirirəm ki, İKT-nin VIII zirvə görüşündə müzakirə olunacaq məsələlər əsasən 1996-cı ildə Cakartada keçirilmış konfransda öz həllini tapmışdı. Buna görə də həmin konfrans barədə məmnunluqla söz açmaq istəyirəm. Biz ümidvarıq ki, həmin konfransda Azərbaycanın problemlərinə aid müzakirə edilən məsələlər VIII zirvə görüşündə qəbul olunacaq sənədlərdə də öz əksini tapacaqdır.

Əli Alatas: Bildirirəm ki, bir sıra xarici ölkələrə səfərdən yenicə qayıtmış Suxartonun Tehrana gəlməsinə həkimlər razılıq vermədilər. Vurğulayıram ki, İndoneziya Azərbaycanla əlaqələrə böyük maraq göstərir. Biz Azərbaycanı Qafqazın çox mühüm strateji əhəmiyyətə malik bir ölkəsi hesab edirik və sizin respublika ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk. Biz Azərbaycanın haqq işinə həmişə dəstək veririk və bundan sonra da onu müdafıə edəcəyik.

Heydər Əliyev: Bildirirəm ki, ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün həm Azərbaycanda, həm də İndoneziyada geniş imkanlar vardır. Bu əlaqələri daim genişləndirmək, sıxlaşdırmaq lazımdır. Ümid edirəm ki, bundan sonra hər iki ölkənin səyləri ilə bu, belə də olacaqdır. Nəzərə çarpdırıram ki, son aylarda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar xeyli intensiv xarakter almış, həmsədrlərin irəli sürdüyü yeni təkliflər münaqişə tərəfləri arasında möhkəm sülh əldə edilməsinə olan ümidləri artırmışdır. Əminəm ki, İndoneziya bu münaqişənin aradan qaldırılmasında Azərbaycanın ədalətli mövqeyini yenə də müdafiə edəcəkdir.

Görüşdən sonra bu ölkənin jurnalistlərinə müsahibə

Sual: Cənab prezident, bizim ölkənin xarici işlər naziri ilə görüşünüz barədə bir neçə kəlmə deyə bilərsinizmi?

Cavab: İndoneziyanın xarici işlər naziri ilə mənim çox məzmunlu, dəyərli görüşüm oldu. Biz çox yaxşı danışıq apardıq. Danışığımızın əsas mövzusu Azərbaycan-İndoneziya əlaqələrinin bugünkü vəziyyətinin və onu inkişaf etdirmək yollarının müzakirəsindən ibarət idi.

Sual: İndoneziya ilə əlaqələrə Azərbaycan necə əhəmiyyət verir?

Cavab: Biz bu əlaqələrin genişləndirilməsinə çox böyük əhəmiyyət veririk. Biz İndoneziyanı dünyanın böyük və islam aləminin çox nüfuzlu dövlətlərindən biri hesab edirik Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyəti çox yaxşıdır. Bu əlaqələr dostluq əlaqələridir. Hesab edirəm ki, bu əlaqələri daha da genişləndirmək üçün həm İndoneziyada, həm də Azərbaycanda çox böyük imkanlar vardır və biz bu imkanlardan istifadə etməliyik.

Sual: Azərbaycan ilə İndoneziya arasındakı əlaqələrin inkişaf etdirilməsi haqqında konkret ideyanız varmı?

Cavab: Bəli, vardır. Biz iqtisadi əlaqələri çox inkişaf etdirə bilərik. Azərbaycanın da, İndoneziyanın da bu sahədə böyük imkanları vardır. Ümumiyyətlə, Azərbaycan Qafqazda yeganə müsəlman ölkəsidir. Azərbaycan ilə İndoneziyanın arasında iqtisadi, elm, mədəniyyət sahəsində əlaqələr eyni zamanda bizim siyasi əlaqələrimizə söykənməlidir. Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür.

Sual: Cənab prezident, Siz Azərbaycan ilə İndoneziya arasında ticarət əlaqələrində hansısa bir çətinlik, maneə görürsünüzmü? Əgər maneə varsa, onun aradan qaldırılması yollarını nədə görürsünüz?

Cavab: Xeyr, elə bir maneə yoxdur. Mən guman edirəm, biz bu işləri sadəcə yaxşı təşkil etməliyik. Mən İndoneziya prezidenti Suxartonu Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün sizin ölkənin xarici işlər nazirini də Azərbaycanı ziyarətə dəvət etdim. Bütün bunlar onunla əlaqədardır ki, biz İndoneziya ilə əlaqələri genişləndirmək istəyirik.

Jurnalist: Çox sağ olun, cənab prezident.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 13-cü cild, səh.318.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış