Azərbaycan Prezidenti Heydər Əliyevin Moldova Prezidenti Petru Luçinski ilə görüşdəki söhbətindən - Yalta, 9 avqust 1998-ci il


Heydər Əliyev:  Hörmətli cənab Petru Luçinski. Sizinlə görüşümə çox şadam. Əziz dostumuz Leonid Kuçmanın anadan olmasının 60 illik yubileyini böyük məmnunluq hissi ilə qeyd etdiyimiz Yalta şəhərində bir sıra müstəqil dövlət rəhbərləri ilə keçirilən görüşlər həmin dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün olduqca vacib və əhəmiyyətlidir. Dost Moldovanın dost prezidenti ilə görüşümü də bu baxımdan mən çox qiymətləndirirəm.

Petru Luçinski:  Hörmətli cənab Heydər Əliyev! Sizinlə görüşüm məni də çox məmnun edir. Qafqazda böyük strateji mövqeyi olan Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığın ardıcıl surətdə inkişaf etdirilməsinə bizim ölkəmizin xüsusi marağı vardır.

Heydər Əliyev: Əlbəttə, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da canlandırılmasında Moldova kimi Azərbaycan da maraqlıdır. Mən xalqlarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Bizim geniş fikir mübadiləsinə ehtiyacı olan problemlərimiz az deyil. Bunlardan biri Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə olunması problemidir. Sözsüz ki, dənizin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin ixracı məsələləri barədə geniş fikir mübadiləsi keçirməliyik. Qədim İpək yolunun bərpası da zəruridir.

Petru Luçinski: Bəli, bu çox vacibdir. Bu sahədə xeyli iş də görülmüşdür.

Heydər Əliyev: Biz də bu işləri yüksək qiymətləndiririk. Onu da deməliyəm ki, bir neçə gün sonra, yəni gələn ayın, sentyabrın 7-8-də Bakıda Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq konfrans keçiriləcəkdir. Mən Sizi də bu konfransda iştirak etməyə dəvət edirəm.

Petru Luçinski: Çox sağ olun, konfrans Moldova üçün də əhəmiyyətlidir. Belə ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizindən səmərəli istifadə etməkdə bizim ölkəmiz də çox maraqlıdır. Buna görə mən böyük məmnuniyyətlə bu beynəlxalq tədbirdə iştirak edəcəyəm.

Heydər Əliyev: Bizim ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün hər cür imkanlarımız var. Biz bu imkanlardan hər tərəfli istifadə etməliyik. Əminəm ki, görüşlərimiz və söhbətlərimiz bundan sonra da səmərəli olacaq.