Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Sabunçu rayonundakı 6 saylı texniki peşə məktəbinin yataqxanasında yaşayan Füzuli, Cəbrayıl, Zəngilan qaçqınlarının görüşündə çıxışı - 15 aprel 1996-cı il


Əziz bacılar, qardaşlar, əziz balalar, əziz övladlar!

Mən bu fürsətdən istifadə edib sizin hamınızı səmimi qəlbdən salamlayır, sizə öz hörmətimi, ehtiramımı, məhəbbətimi, sevgimi çatdırıram və bu gün sizinlə bir daha görüşdüyümdən çox məmnun olduğumu bildirirəm.

Türkiyə Cümhuriyyətinin baş naziri, bizim əziz dostumuz hörmətli Məsud Yılmaz ikinci gündür ki, Azərbaycanda rəsmi səfərdədir. O, sizinlə görüşməyə gəlibdir. Mən də sizinlə görüşməyə gəlmişəm. Sizinlə görüşmək bizim üçün həmişə ən yüksək vəzifədir, ən böyük borcdur. Çünki siz Ermənistan silahlı qüvvələrinin işğalçılığı nəticəsində yerinizdən-yurdunuzdan didərgin düşmüsünüz, neçə ildir ki, ağır vəziyyətdə yaşayırsınız. Azərbaycan xalqının sizin kimi bir milyon vətəndaşı erməni silahlı qüvvələrinin işğalçılığı nəticəsində yerindən-yurdundan didərgin düşübdür. Siz bilirsiniz ki, çoxları ağır vəziyyətdə çadırlarda yaşayır. Siz özünüz də burada keçmiş məktəb binasında çox ağır şəraitdə yaşayırsınız. Hörmətli qonağımız cənab Məsud Yılmazla mən burada sizin yaşadığınız otaqlara baxdıq.

Gördük ki, vəziyyətiniz çox ağırdır, çətindir. Amma eyni zamanda Azərbaycan xalqına xas olan xüsusiyyətlər sizin hər birinizdə var. Sizin bu xoş görüşünüz, təbəssümünüz, belə ağır vəziyyətdə olmağınıza baxmayaraq, qonağı şadlıqla, sevgi və məhəbbətlə qarşılamağınız və ruhdan düşməməyiniz, böyük ümidlərlə yaşamağınız Azərbaycan xalqına, bütün türk xalqlarına məxsus olan bir xüsusiyyətdir. Bu xüsusiyyət əsrlər boyu bizi yaşadıb, dözümlü edib, ağır dövrlərdən, ağır sınaqlardan, ağır çətinliklərdən çıxarıbdır.

Mən tam əminəm ki, bu xüsusiyyət bizi - Azərbaycan xalqını bu ağır vəziyyətdən də çıxaracaqdır. Siz bilirsiniz ki, biz, yəni Azərbaycanın dövləti, hökuməti, şəxsən mən erməni işğalçılarının ərazilərimizdən çıxması üçün əlimizdən gələn bütün tədbirləri görürük. İki ilə yaxındır ki, biz atəşi dayandırmışıq, cürbəcür vasitələrdən istifadə edib danışıqlar aparırıq, bu məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Bu sahədə çox işlər görülübdür. Doğrudur, hələ bir nəticə əldə olunmasa da, güman edirəm, görülən işlər son nəticəsini verməlidir. Bütün bu işlərimizdə Türkiyə Cümhuriyyəti, onun rəhbərləri bizə daim yardım edirlər, türk xalqı həmişə bizimlədir. Ermənistanın Azərbaycana silahlı təcavüzü başlanandan indiyə qədər biz Türkiyəni, Türkiyə xalqını, Türkiyə Cümhuriyyətinin rəhbərlərini, başçılarını öz yanımızda, özümüzlə bərabər görürük. Bu, bizim üçün böyük təskinlikdir, dayaqdır, eyni zamanda böyük yardım və köməkdir. Bütün tədbirlərdə, beynəlxalq təşkilatlarda apardığımız danışıqlarda Türkiyə Cümhuriyyətinin nümayəndələri, Türkiyə hökuməti həmişə bizimlə olub, bizimlə birlikdə bütün tədbirlərin aparılmasına çalışırlar.

Dünən və bu gün hörmətli qonağımız - baş nazir, cənab Məsud Yılmazla bizim danışıqlarımızda da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılması, torpaqlaгımızın azad olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və bizim bölgədə tam sülhün yaranması məsələsi əsas mövzumuz olubdur. Hörmətli qonağımız Türkiyə Respublikasının bu məsələlərdə mövqeyini bir daha bildiribdir. O, indi sizin qarşınızda öz çıxışında da bildirdi ki, Türkiyə daim Ermənistanın təcavüzkar olduğunu bəyan edib, onun təcavüzkar hərəkətlərini pisləyib, bu gün də pisləyir və bu da bizim üçün böyük bir mənəvi dayaqdır. Ancaq tək bu yox. Biz Türkiyə ilə bərabər öz məsələlərimizi həll etməyə çalışırıq.

Sizin qarşınızda, yerindən-yurdundan didərgin düşmüş, bir neçə il belə ağır vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının qarşısında bir daha deyirəm ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq əlaqələri Azərbaycanın bu vəziyyətdən çıxması üçün çox böyük bir əhəmiyyətli amildir və Türkiyə bütün bu işlərimizdə bizim üçün dayaqdır.

Azərbaycan xalqına bu ağır dövrdə etdiyi yardımlara köməyə görə, verdiyi dəstəklərə görə Türkiyə Cümhuriyyətinə öz təşəkkürümü bildirirəm və sizin adınızdan Türkiyə Cümhuriyyətinə, onun baş naziri hörmətli Məsud Yılmaza, bizim əziz dostumuz, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyədə olan bütün bacı-qardaşlarımıza bir daha müraciət edirəm ki, bundan sonra da Azərbaycan xalqının bu ağır vəziyyəti ilə daim maraqlansınlar, bizimlə bir yerdə olsunlar və sizin bu ağır vəziyyətdən çıxmağınız üçün əllərindən gələni əsirgəməsinlər. Güman edirəm, bu, belə də olacaqdır.

Bir daha sizi salamlayıram, bir daha sizdən dözümlülük istəyirəm. Dözün ki, biz bu ağır vəziyyətdən çıxaq. Eyni zamanda mən sizin əhval-ruhiyyənizi bilirəm. Sizin də fikirləriniz, mənim də fikirlərim belədir ki, biz məsələləri sülh yolu ilə həll etməyə çalışırıq, işğal edilmiş torpaqlarımızın sülh yölu ilə azad olunmasına çalışırıq. Ancaq bunlar nəticə verməsə siz hazır olmalısınız, biz də hazır olmalıyıq ki, işğal olunmuş torpaqları nəyin bahasına olursa-olsun - canımızın, qanımızın bahasına azad etməliyik, öz ərazimizin, torpaqlarımızın sahibi olmalıyıq.

Sizə cansağlığı, dözümlülük arzu edirəm. Ümidvaram ki, siz də inanırsınız ki, Azərbaycanın xoşbəxt gələcəyi var, bu günlər geridə qalacaq. Ağır günün, çətin günün ömrü çox gödək olur. Biz tezliklə tamamilə yeni bir həyata qovuşacağıq. Torpaqlarımız azad olacaq, siz öz yerinizə, yurdunuza qayıdacaqsınız. Sağ olun.