Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın prezidentinin və dövlət katibinin Xəzərin enerji məsələləri üzrə xüsusi müşaviri Con Vulfu qəbul edərkən söhbətindən - Prezident sarayı, 7 iyun 2000-ci il


Heydər Əliyev: Biz dünən yaxşı bir konfrans keçirdik.

Con Vulf: Mən Sizi təbrik edirəm.

Heydər Əliyev: Mən də Sizi təbrik edirəm. Siz də orda yaxşı çıxış etdiniz. İşlərimiz də irəli gedir.

Con Vulf: Cənab prezident, mən dünənki çıxışımda dedim, bu gün bir daha bildirmək istəyirəm ki, bütün bu irəliləyişlər, əldə etdiyimiz nailiyyətlər məhz Sizin liderliyiniz sayəsində mümkün olmuşdur.

Cənab prezident, həm prezident cənab Klinton, həm də dövlət katibi xanım Olbrayt məndən xahiş ediblər Sizə bir daha çatdırım ki, belə demək mümkündürsə, artıq gələn əsrin - XXI əsrin layihəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı Sizin xidmətlərinizi onlar olduqca yüksək qiymətləndirirlər. Biz Amerikada bunu yaxşı anlayırıq.

Xatırlayırsınızsa, axırıncı dəfə Sizinlə görüşən zaman mən Bakıya Tbilisidən gəlirdim. O vaxt mən Tbilisidə prezident Şevardnadze və prezident Dəmirəl ilə görüşmüşdüm. Mən Sizinlə görüşümdə də dedim ki, hər iki prezident bu layihənin irəli getməsi üçün bütün məsələləri həll etdiklərini söylədilər. Yalnız bir məsələ açıq qalmışdı. Siz o vaxt məndən soruşdunuz ki, doğrudanmı bu belədir? Bu görüşümüzdən sonra Sizin Tbilisiyə səfəriniz zamanı yerdə qalmış o açıq məsələ də həll olundu. Beləliklə, bu saziş tam əldə edildi.

Amerika Birləşmiş Ştatlarının prezidenti belə hesab edirdi ki, bu addımı atmaq Azərbaycan üçün nə qədər çətin olsa da, Azərbaycanın və Gürcüstanın bu cür çətin məsələlərin həllində əməkdaşlıq ruhunu qoruyub saxlamasının özü neft kəməri qədər əhəmiyyətli bir məsələdir.

Cənab prezident, əldə edilmiş nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin təsdiq olunması münasibətilə Sizi bir daha təbrik edirəm. Hesab edirəm ki, indi bizim qarşımızda görüləsi çoxlu işlər vardır.

Heydər Əliyev: Prezident Bill Klinton və dövlət katibi xanım Olbrayta mənim salamlarımı, hörmət və ehtiramımı çatdırmağınızı xahiş edirəm.

Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihələri üzərində beş ildir ki, birgə işləyirik və onu sona çatdırmışıq. Təşəkkür edirəm ki, bu sahədə mənim gördüyüm işlər və göstərdiyim xidmətlər Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən qiymətləndirilibdir. Mən eyni zamanda bildirmək istəyirəm ki, əgər Amerika Birləşmiş Ştatlarının daimi dəstəyi olmasaydı, bu layihəni həyata keçirmək mümkün olmazdı. Siz dəstək vermisiniz, biz isə öz iradəmizi axıra qədər göstərmişik. Tarixi bir iş görülübdür. Mən sizinlə razıyam ki, bu, XXI əsr üçün böyük bir proqramdır. İndi əməli işə başlamaq lazımdır. Bu mərhələ də o qədər asan olmayacaqdır. Ancaq gecikməyə yol vermək olmaz.

Con Vulf: Cənab prezident, mən arzulayırdım ki, bu sazişin tam razılaşdırılmasının başa çatdırılması münasibətilə aprelin 28-də Vaşinqtonda keçirilən mərasimdə bütün prezidentlər iştirak etsinlər. Çünki həmin tədbirin özü də çox əlamətdar bir hadisə idi. Doğrudur, o vaxt biz danışıqlardan tam yorulmuşduq. Ancaq indi yorğunluğumuz çıxıbdır, fəal sürətdə əməli işə başlamağa hazırıq.

Mən dünənki çıxışımda onu da bəyan etdim ki, bizim enerji nazirimiz Riçardson Sizə yeni bir məktub yazıbdır. Mən həmin məktubu Sizin İcra Aparatınıza bu gün axşama qədər çatdıracağam. Nazir Riçardson prezident Klintonun daim yadına salaraq deyir ki, həmin gün Ankarada bu işlərin sürətləndirilməsinə təkan, dəstək verən, bu işə kömək göstərən mən olmuşam.

Enerji naziri cənab Riçardson bu məsələni qaldıranda prezident Bill Klintonun ona nə cavab verdiyini bilmirəm, amma aramızda belə bir söhbət gəzir ki, prezident bizim nazirə deyib ki, yaxşı, bütün bu işləri görən sən olmusansa, onda prezident kürsüsündə niyə sən yox, mən oturmuşam?

Heydər Əliyev: Təbiidir ki, nazir Riçardson 1998-ci ilin oktyabr ayında Ankarada birinci bəyannamənin imzalanmasında iştirak etdi. Ancaq ondan sonra çox böyük işlər görüldü. Son qərarın qəbul olunması isə noyabrda İstanbulda baş verdi və orada keçirilən mərasimdə prezident cənab Bill Klinton iştirak etdi və həmin sənədləri imzaladı.

Əgər söhbət bu istiqamətdə gedirsə, mən deyə bilərəm ki, son nöqtəni mən qoymuşam. Tbilisidə gedib məsələni həll etməsəydim bu, olmayacaqdı.

Con Vulf: Bu, doğrudur, bu, həqiqətdir.

"Azərbaycan" qəzeti, 8 iyun 2000-ci il