Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti Saparmurad Niyazovun - Türkmənbaşının şərəfinə rəsmi ziyafətdə nitqi - "Gülüstan" Sarayı, 18 mart 1996-cı il


Hörmətli Türkmənistan prezidenti cənab Saparmurad Niyazov!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatır. Bu, müstəqil Türkmənistanın prezidentinin müstəqil Azərbaycan Respublikasına ilk səfəridir. Bizim xalqlarımızın - türkmən xalqının Azərbaycan xalqının zəngin çoxəsrlik tarixi, dostluğu, qardaşlığı və əməkdaşlığı var. Bu, ümumi köklərimizə, ümumi tarixi taleyimizə, ümumi tariximizə əsaslanır. Oğuz, Dədə Qorqud bizi əsrlərlə birləşdirən dərin köklərimizdir və onlar bu gün də bizdən ötrü mənəviyyat mənbəyi, əxlaq mənbəyidir.

Xalqlarımızın dilinin, dininin, adət və ənənələrinin ümumiliyi də göstərir ki, biz əsrlərlə bir yerdə olmuş, birlikdə yaşamış, öz həyatımızı birlikdə qurmuş, torpağımızı yadelli işğalçılardan birlikdə qorumuş, azadlıq haqqında birlikdə düşünmüş və onun uğrunda birlikdə mübarizə aparmışıq. Bunlar hamısı bizim keçmişimizdir. Biz öz keçmişimizlə - türkmən xalqının keçmişi, Azərbaycan xalqının keçmişi ilə fəxr edə bilərik. Milli ənənələrimizlə, milli adətlərimizlə fəxr edə bilərik. Dilimizlə, dinimizlə, təkrar edirəm, mənəviyyatımızın, əxlaqımızın mənbəyi olan hər şeylə fəxr edə bilərik.

Lakin indi xalqlarımız yeni mərhələdədirlər. XX əsr, Yer kürəsində böyük dəyişikliklər əsri kimi tarixə daxil olacaq yüzillik başa çatır. Biz - türkmən xalqı və Azərbaycan xalqı bu əsrdə bir çox sınaqlardan çıxmış, bir çox çətinliklərdən keçmişik. Amma əsrin əvvəlindən sonunadək öz milli ləyaqətimizi, milli xarakterimizi, əcdadlarımızın bizə vəsiyyət etdikləri hər şeyi, ulu əcdadlarımızdan bizə qalmış çox böyük irsi qoruyub saxlamışıq. Biz XX əsri xalqlarımızın həyatında böyük dəyişikliklərlə, həm də müsbət dəyişikliklərlə başa çatdırırıq. Türkmən xalqı və Azərbaycan xalqı milli azadlıq, dövlət müstəqilliyi, suverenlik əldə etmişdir. İndi biz öz ölkələrimizdə, öz torpağımızda, öz müstəqil dövlətimizdə yaşayırıq.

Bu, çox böyük nailiyyət, xalqlarımızın tarixi nailiyyətidir. Xalqlarımızın, ölkələrimizin yaradıcılıq qüvvələrinin və potensial imkanlarının tam tərəqqisi üçün biz həmin nailiyyəti möhkəmləndirməyə və inkişaf etdirməyə borcluyuq. Müstəqil Türkmənistanın prezidenti, dostumuz və qardaşımız Saparmurad Niyazovun Azərbaycana səfəri də məhz bu mərhələdə, bu şəraitdə baş verir.

Hörmətli Saparmurad Atayeviç, mənim dəvətimi qəbul edərək rəsmi səfərə gəldiyinizə, bu gün səhərdən başlayaraq ikitərəfli münasibətlərimizə dair məsələləri müzakirə etmək, regional problemlərlə, bütün dünyada, o cümlədən də keçmiş Sovetlər İttifaqı məkanında gedən proseslərlə bağlı məsələlər, habelə MDB ilə əlaqədar problemlərlə bağlı məsələlər barədə fikir mübadiləsi etmək imkanına görə sizə təşəkkürümü bildirmək istəyirəm.

Biz bir çox məsələlərdə tam qarşılıqlı anlaşmaya gəldik. İkitərəfli münasibətlərdə bizim baxışlarımız, səylərimiz bir-birinə tam uyğun gəlir. Yəni biz daha sıx əməkdaşlıq etməli, iqtisadi əməkdaşlıq, elm, mədəniyyət, təhsil, idman sahələrində, bütün başqa sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan yaranan gözəl şəraitdən istifadə etməliyik ki, ölkələrimizdə milli dövlət quruculuğunu təmin edək, bir-birimizin potensial imkanlarından istifadə etməklə, bir-birimizə kömək göstərməklə hazırda həm Türkmənistanın, həm də Azərbaycanın yaşadığı mürəkkəb keçid dövründən uğurla çıxaq. Biz indi mürəkkəb zamanda yaşayırıq, bununla yanaşı, dövlət müstəqilliyi əldə etdiyimizi, öz taleyimizin sahibi olduğumuzu, torpağımızda, ərazimizdə, öz dövlət sərhədlərimiz daxilində tam sərbəst olduğumuzu nəzərə alaraq çətinliklərə dözür və onları aradan qaldırırıq. Yenə deyirəm, bu, böyük sərvətdir, xalqlarımızın ən böyük tarixi nailiyyətidir. Ona görə də biz - Türkmənistana və Azərbaycana rəhbərlik edən adamlar bu keçid dövründə üzərimizə düşən vəzifəni məhz uğurla yerinə yetirmək üçün həm xalqlarımız, həm də gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq. Bu baxımdan bu gün görə bildiyimiz işlərin hamısı ümumi məqsədlərə, Türkmənistanın mənafeyinə, Azərbaycanın mənafeyinə, əməkdaşlığımızın, dostluq və qardaşlığımızın mənafeyinə xidmət edir.

Bu gün imzalanmış sənədlər əməkdaşlığımızın müqavilə hüquqi əsasını müəyyənləşdirmiş və həmin əməkdaşlığın müvəffəqiyyətlə inkişafı üçün yaxşı zəmin yaratmışdır. Sizi əmin edirəm ki, imzaladığımız sənədlərdə nəzərdə tutulanların hamısını həyata keçirmək üçün hər şeyi edəcəyik. Hesab edirəm ki, bu sənədlərdə nəzərdə tutulanlar da hələ son hədd deyildir, daha bir çox məsələlərimiz var ki, biz ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı bundan sonra da genişləndirmək üçün razılığa gəlməli və yeni sənədlər imzalamalıyıq.

Bu gün Bakı Dövlət Universiteti bizim qonağımız Saparmurad Niyazova həmin universitetin fəxri doktoru adı vermişdir. Bu qərarda Türkmənistan prezidenti Saparmurad Niyazovun həm öz xalqı və öz ölkəsi qarşısındakı, həm də şübhəsiz ki, regionumuzda, xüsusən hazırda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə sülh və təhlükəsizliyin bərqərar edilməsi sahəsində görkəmli xidmətlərinin etirafı əksini tapmışdır. Bu qərarda prezident Saparmurad Niyazovun şəxsiyyətinə, onun çox böyük fəaliyyətinə təkcə alimlərin, universitetin deyil, həm də bütün Azərbaycan xalqının yüksək hörməti ifadə olunmuşdur. Biz yaxşı bilirik ki, Saparmurad Niyazovun rəhbərliyi ilə Türkmənistanda böyük müsbət dəyişikliklər baş verir. O, on ildən çoxdur Türkmənistana rəhbərlik edir, xüsusən son illər, xalq tərəfindən seçilmiş prezident kimi rəhbərlik etdiyi illər türkmən xalqının yaradıcılıq imkanlarının və Türkmənistanın zəngin sərvətlərinin sürətlə inkişaf etdiyi illərdir.

Türkmənistan zəngin ölkədir, bol təbii ehtiyatlara malikdir, onun ərazisi 480 min kvadrat kilometrdən artıqdır. Bu ölkənin zəngin təbii ehtiyatları, xüsusən yeraltı ehtiyatları var. Ən başlıcası isə burada əməksevər, istedadlı xalq yaşayır və bu xalq zəngin tarixə malikdir, dünya sivilizasiyasına layiqli töhfə vermişdir, onun dünya birliyinə daha böyük töhfə vermək üçün olduqca geniş potensial imkanları var.

Çıxışımın əvvəlində dediyim kimi, xalqlarımızın zəngin, qədim tarixi var. Əməkdaşlığımıza, birgə yaşayışımıza dair çox faktlar gətirmək olar. Türkmənistanda təxminən yüz min azərbaycanlı yaşayır. Onlar Türkmənistan torpağında yaşayan köklü azərbaycanlılardır. Ona görə köklü deyirəm ki, onlar ölkənizdə heç də birinci il deyil, on illərdən, yüz illərdən bəri yaşayırlar. Türkmənistan azərbaycanlıları türkmən xalqı ilə bir dost ailədə yaşayır və bərabərhüquqlu vətəndaşlar kimi bütün hüquqlara malikdirlər.

Bizi bağlamış olan və indi də bağlayan təkcə bu cəhətlər deyildir. Dostluğumuzun, qardaşlığımızın olduqca dərin təsir bağışlayan səhifələri də çoxdur. 1948-ci ildə Aşqabatda viranedici zəlzələ baş verdi. Orada çox dağıntılar oldu, çox adam tələf oldu. Yadımdadır, bu müsibətə, bu fəlakətə birinci hay verən Azərbaycan oldu. O il mənim çox yaxşı yadımdadır. Azərbaycanda qardaş türkmən xalqına yardım göstərilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı - bizə ərzaq da, dava-dərman da, həkimlər də və başqa mütəxəssislər də göndərilirdi. Yadımdan çıxmayıb, Bakı, Azərbaycan xəstəxanaları zəlzələdən zərər çəkmiş çox xəstəni, çox uşağı qəbul etmişdi, bu uşaqlar bu dəhşətli zəlzələ nəticəsində yetim qalmışdılar.

Bu, böyük və dəhşətli fəlakət idi. Biz bu faciənin dəhşətlərini türkmən xalqı ilə birlikdə keçirdik. Məhz həmin ağır və acılı günlərdə hər bir xalqın həyatı və dəyanəti, dostluğa sədaqəti sınaqdan çıxıb. Bizim dostluğumuz da çox sınaqlardan keçdi. Elə bu faciənin özü belə sınaqlardan biridir. Türkmənistanda çox azərbaycanlı çalışmışdır. Onlar neft sənayesində, elm sahəsində, digər bir çox sahələrdə bu günədək işləyirlər. Yadımdadır, mən 1970-ci ildə Türkmənistanda, daha doğrusu, Türkmənistan Dövlət Universitetində olarkən bir çox azərbaycanlı alim və professorlarla, o cümlədən də universitetin prorektoru Abdulla Qurbanovla görüşdüm. O orada nüfuzlu şəxslərdən biri idi, akademik idi.

Mənə dedilər ki, o, türkmən dilinin qrammatikasına dair dərsliyin müəlliflərindən biridir. Bu, heç də yeganə bir hal deyildir. Bizim məşhur neftçilərimiz, alimlərimiz uzun illər ərzində Türkmənistanda çalışmışlar. Türkmənlər də uzun illər ərzində Azərbaycanda təhsil almışlar və bu gün mən Türkmənistan prezidentinin tələbələrlə - Azərbaycan Tibb İnstitutunda təhsil alan tələbələrlə görüşünün şahidi oldum. Keçmişdə də bir çox .türkmən tələbələr bizim Neft və Kimya İnstitutunda, Tibb İnstitutunda və digər institutlarımızda oxumuşlar. Təkrar edirəm, Türkmənistanın ali məktəblərində də azərbaycanlılar təhsil almış, sənaye, elm, təhsil sahəsində çalışmışlar. Türkmənlər kimi onlar da təhsil almış, burada oxumuşlar. Çox söz demək olar, amma mən vaxtınızı almaq istəmirəm. Tarix yaxşı bilir ki, bizim görkəmli səhnə ustalarımız, artistlərdən Ərəblinski, Hacıbababəyov, Sidqi Ruhulla əsrin hələ əvvəllərində Aşqabata qastrol səfərlərinə getmiş, orada Azərbaycan dilində də, türkmən dilində də tamaşalar vermişlər. Əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri, yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən "Molla Nəsrəddin" jurnalı Türkmənistanda geniş yayılırdı. Molla Nəsrəddin, Türkmənistanda Xoca Nəsrəddin kimi tanınmış bu şəxs həmişə eyni dərəcədə qiymətləndirilmişdir.

Təkrar edirəm, bütün bunlar çoxillik dostluğumuzu, əməkdaşlığımızı səciyyələndirən yalnız ayrı-ayrı səhifələrdir. Həm də bütün bunlar indi, bir daha təkrar edirəm, xalqlarımızın azadlıq və dövlət müstəqilliyi əldə etdiyi bir dövrdə əməkdaşlığımızın daha uğurla inkişaf etməsi üçün yaxşı əsasdır. Sözün düzü, bu gün məhz bununla məşğul olduq və qonağımızın - Türkmənistan prezidentinin Azərbaycana səfərindən məqsəd də məhz bu idi. Bizim ümumi qayğımızın mövzusu da məhz bu olmuşdur və məhz budur. Hesab edirəm ki, bu gün biz Türkmənistanın mənafeyi naminə, Azərbaycanın mənafeyi naminə böyük iş gördük. Zənnimcə, münasibətlərimizin daha da inkişaf etməsi üçün yaxşı bünövrə qoyduq. Əminəm ki, bu münasibətlər gələcəkdə də müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Mən müstəqil, azad Türkmənistanın şərəfinə, türkmən xalqının şərəfinə, Türkmənistan xalqının layiqli oğlunun, Türkmənistanın rəhbərinin, müstəqil Türkmənistanın prezidenti dostumuz və qardaşımız Saparmurad Niyazovun-Türkmənbaşının şərəfinə badə qaldırıram. Var olsun Türkmənistan və Azərbaycan xalqları arasında dostluq. Var olsun əbədi dostluğumuz. Bizə təşrif gətirən bütün qonaqların şərəfinə badə qaldırıram. Çox hörmətli Saparmurad Atayeviç, sizin sağlığınıza, əziz Türkmənbaşının sağlığına badə qaldırıram. Sağ olun!