Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları Konqresinin üzvü xanım Karen Makkafi ilə görüşdə söhbəti - Vaşinqton, 15 fevral 2000-ci il


Heydər Əliyev: Hörmətli xanım Makkafi! Sizi səmimi-qəlbdən salamlayır və məmnunluq hissi ilə qeyd edirəm ki, Azərbaycan ilə Amerika Konqresi arasında əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir. Biz Amerika ilə uzunmüddətli əməkdaşlıq haqqında çox dəyərli qərarlar qəbul etmişik. Mən Amerika Birləşmiş Ştatlarına hər gəlişim zamanı bu məsələ çox geniş müzakirə olunur.

Karen Makkafi: Mən də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə görüşümdən şərəf duyduğumu bildirirəm. Müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə Amerika Birləşmiş Ştatlarının xüsusi maraq göstərdiyini vurğulamaq istəyirəm.

Heydər Əliyev: Sizə məlumat verim ki, biz ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bütün ölkələrlə iqtisadi inteqrasiya prosesinə qoşulmuşuq. Müstəqillik yolunu seçmiş Azərbaycan Respublikasının qarşılaşdığı bir sıra çətinliklər də vardır. 

Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə vardır. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Qanlı müharibə gedib, insanlar tələf olub. İşğal edilmiş torpaqlarımızdan bir milyondan çox azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıbdır. Onlar 7-8 ildir ki, çadırlarda çox ağır vəziyyətdə yaşayırlar. Biz 1994-cü ildə müharibəni dayandırdıq. Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik, danışıqlar aparırıq. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edirlər. Ancaq biz hələlik sülhə nail ola bilməmişik. Bu münaqişə ölkəmiz üçün ən ağrılı problemdir.

Respublikamız üçün digər problem ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz 907-ci düzəlişdir. Mən 7 ildir ki, Azərbaycanın prezidentiyəm, ABŞ Konqresinin üzvləri ilə, prezident Bill Klintonla dəfələrlə görüşmüşəm, bu barədə banışıqlar aparmışam. Amma ədalətsiz 907-ci düzəliş hələ də ləğv edilməyibdir. Amerika hökuməti tərəfindən Azərbaycana heç bir yardım gəlmir. Amma yeni müstəqillik əldə etmiş digər ölkələr, xüsusən Ermənistan Amerikadan hər il külli miqdarda yardım alır.

Azərbaycanın Amerika ilə çox yaxın dostluq əlaqələri vardır. Mən Amerikanın və Qərb ölkələrinin neft şirkətlərini Xəzər dənizinə gətirmişəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün xarici ölkələrin, o cümlədən Amerikanın nüfuzlu şirkətlərinin iştirakı ilə 19 müqavilə imzalanıbdır. Birinci müqavilənin - "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində biz artıq 8 milyon ton neft hasil edib ixrac etmişik. Ötən beş ildə Azərbaycana 5 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin təxminən 3 milyard dolları neft sahəsinə yönəldilibdir. Həmin sərmayənin təxminən 50 faizi Amerikanın ən böyük şirkətləri - "Eksson", "Mobil", "Şevron", "Yunokal", "Konoko", "Teksako", indi "Britiş petroleum" şirkəti ilə birləşmiş "Amoko", "Pennzoyl", "Frontera Resursez" və sair şirkətlər tərəfindən qoyulmuşdur. Bu şirkətlərin hamısı Azərbaycanda işləyir. Mən sizə təkcə Amerika şirkətlərinin adlarını söylədim. İmzaladığımız müqavilələrdə 30 dövlətin nüfuzlu şirkətləri iştirak edir. Yəni biz Amerika Birləşmiş Ştatları ilə geniş əməkdaşlıq edirik. İndi Azərbaycanda Amerikanın 100-dən çox şirkəti işləyir.

Mən bu gün prezident Bill Klintonla görüşdüm. Biz çox ətraflı danışıqlar apardıq və mən bundan məmnunam. Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması və 907-ci düzəlişin ləğv edilməsi barədə də geniş müzakirələr apardıq.

Karen Makkafi: Bildirmək istəyirəm ki, 1992-ci ildə 907-ci düzəliş qəbul olunanda mən Konqresin üzvü deyildim.

Cənab prezident, mən Sizinlə görüşümə çox böyük əhəmiyyət verirəm. Məni bu gecə prezident Bill Klintonun yanında keçirilən bir tədbirə - ticarət sahəsində strategiyanın müzakirəsinə dəvət etmişdilər. Mən Sizinlə görüşümə üstünlük verdim, həmin tədbirdə iştirakımdan imtina etdim. İndi bir daha bildirirəm ki, Sizinlə görüşüm mənim üçün çox faydalı oldu. Mən bu gündən sonra Azərbaycanın güclü vəkilinə çevriləcəyəm. Görünür, tale belə imiş ki, mən Sizinlə bu gün görüşməli idim. Cənab prezident, mən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması və 907-ci düzəlişin ləğv edilməsi üçün burada ciddi çalışacağam. Bu münaqişə barədə mənim müəyyən məlumatım vardır. Hesab edirəm ki, Azərbaycan xalqı dözümlü xalqdır. Əminəm ki, sizin xalqınız bu münaqişədən qalib çıxacaqdır.

Heydər Əliyev: Səmimi sözlərə görə, xanım Makkafi, Sizə minnətdarlığımı bildirirəm. İcazənizlə, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini xəritə üzərində Sizə bir daha ətraflı izah edim. Nəzərə çarpdırıram ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli status verməyə ölkəmiz hazırdır. Amma Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılmalıdır, yerindən-yurdundan qovulmuş qaçqınlarımız öz yerlərinə qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.