Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ Konqresinin nümayəndə heyətilə görüşdə söhbətindən - 12 avqust 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndə heyəti! Azərbaycana xoş gəlmisiniz! Mən sizi salamlayıram və ümid edirəm ki, Azərbaycanda olduğunuz bu qısa vaxtda, bir neçə saat ərzində - deyəsən, sabah səhərə qədər burada olacaqsınız - ölkəmizi daha da yaxşı tanıyacaqsınız.

Bizim tərcüməçi mənə dedi ki, sizlərdn kimsə mətbuat nümaəyəndələrinin burada olmasından narazıdır. Amma narahat olmayın, biz mətbuat nümayəndələrinin iştirakı olamadan da danışacağıq. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi yaxşı bilir ki, xarici nümayəndə heyətləri ilə mənim bütün görüşlərim mətbuat nümayəndələrinin iştirakı ilə olur.

Güman edirəm ki, Amerika Birləşmiş Ştatları Konqresinin bir qrup konqresmeninin Azərbaycana ziyarəti Amerika ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına kömək edəcəkdir.

Siz bilirsiniz ki, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra biz Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələri ardıcıl olaraq inkişaf etdirməyə, genişləndirməyə çalışırıq. Mən məmnuniyyətlə qeyd edirəm ki, Amerika Birləşmiş Ştatlarının hökuməti də Azərbaycan ilə sıx əməkdaşlıq etmək istəyir və Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün öz səylərini qoyur. Konqresdə də çoxları bunu istəyir. Mən Amerika Birləşmiş Ştatlarında bir neçə dəfə olmuşam, Konqresdə görüşlər keçirmişəm. Amerika Konqresində son görüşlərim bu ilin aprel ayında olubdur. Mən NATO-nun 50 illik yubileyində iştirak etdiyim zaman orada həddindən çox senatorlarla, konresmenlərlə görüşdüm. Mənim görüşdüyüm adamların demək olar ki, hamısı, yaxud əksəriyyəti Azərbaycana çox böyük diqqət göstərirlər və Azərbaycan-Amerika əlaqələrinin inkişaf etməsini lazım bilirlər.

Təbiidir ki, hər bir ölkəni, onun xalqını və orada gedən prosesləri yaxından tanımaq üçün qısamüddətli bir ziyarət o qədər çox fayda verə bilməz. Biz həmişə arzu edirik ki, Amerika Birləşmiş Ştatlarının həm hökumətindən, həm Konqresindən, həm də biznes aləmindən çoxlu nümayəndələr Azərbaycana gəlsinlər, ölkəmizi görsünlər. Onlar hamısı, birinci növbədə, Azərbaycanı Amerika Birləşmiş Ştatlarında daha da yaxşı tanıdacaq, ikincisi, Amerika ilə Azərbaycanın əməkdaşlıq etmək imkanlarını əyani surətdə göstərəcək, üçüncüsü isə, təbii, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında olan əlaqələri daha da inkişaf etdirəcəklər.

Azərbaycan gənc müstəqil ölkədir. Bildiyiniz kimi, keçmiş Sovetlər İttifaqına mənsub olmuş digər respublikalar kimi, Azərbaycan da 70 il totalitar rejim altında olmuşdur və müstəqillik əldə etdikdən sonra ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçirilir. Azərbaycan öz müstəqilliyini qorumaq, saxlamaq, inkişaf etdirmək əzmi ilə çalışır.

Təbiidir, bu yol təkcə bizim üçün deyil, başqa respublikalar üçün də asan yol deyildir. Biz bir çox çətinliklərlə rastlaşırıq. Ancaq bunların öhdəsindən gəlirik və güman edirəm ki, bundan sonra da gələcəyik. Çətinliklərlə bərabər, bizim nailiyyətlərimiz də vardır. Vaxt alıb bu barədə sizə geniş məlumat vermək fikrində deyiləm. Əgər maraqlansanız, lazımi arayışlar götürə bilərsiniz. Ancaq bizim nailiyyətlərimizin ən böyük qismi bir də ondan ibarətdir ki, biz qapılarımızı dünyaya açmışıq, xarici investisiyanın Azərbaycana gəlməsini həvəsləndiririk. Azərbaycanın təbii sərvətlərinin və xüsusən neft və qaz yataqlarının Qərbin, yəni Avropanın, Amerikanın böyük neft şirkətləri ilə müştərək işlənilməsi sahəsində xeyli işlər görmüşük. Bunlar artıq öz nəticələrini verir.

Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatları Azərbaycan dövlətinin yeni neft strategiyasında mühüm yer tutur. Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətlərinin demək olar ki, tam əksəriyyəti artıq Azərbaycanda bizimlə müştərək iş görürlər.

Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə keçmiş illərdə imzaladığımız müqavilələrdən əlavə, mən 1997-ci ilin iyul-avqust aylarında Amerika Birləşmiş Ştatlarında olarkən sizin ölkənin böyük neft şirkətləri ilə dörd yeni müqavilə imzalandı. Bilirsiniz ki, həmin müqavilələr Ağ evdə hökumət rəhbərlərinin iştirakı ilə imzalandı. Mən bu ilin aprel ayında Vaşinqtonda olarkən üç yeni müqavilə imzalandı. Çox məmnunam ki, bu müqavilələr Amerika parlamentinin binasında imzalandı. Sizin bu barədə həm Amerikada, həm də Azərbaycanda geniş məlumat almağa imkanlarınız vardır. Hər halda bunlar onu göstərir ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə uzunmüddətli strateji əməkdaşlıq əlaqələri yaradır və bunu daha da inkişaf etdirməyə çalışır.

Ölkəmizin ən ağır problemi keçmişdən müstəqil Azərbaycana qalmış bir problemdir. Bilirsiniz ki, 1988-ci ildə, Azərbaycan da, Ermənistan da hələ Sovetlər İttifaqının tərkibində olarkən Ermənistanın Azərbaycana torpaq iddiası ilə bağlı Dağlq Qarabağ məsələsi meydana çıxıbdır. Bu, hərbi münaqişəyə çevrilibdir, döyüşlər gedibdir. Bunların nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşərək çadırlarda ağır vəziyyətdə yaşayır.

Hörmətli konqresmenlər, siz bu problemi yaxşı bilirsiniz. Ona görə də daha geniş izahat verməyə ehtiyac yoxdur. Ancaq təəssüflər olsun ki, siz bu problemə birtərəfli yanaşırsınız. Mən çox məmnunam ki, siz bu gün Azərbaycanda qısamüddətli səfərdə olmağınıza baxmayaraq, vertolyotla çadır şəhərçiklərinin birinə gedib artıq 6 ildən çoxdur orada yaşayan insanların bir qismi ilə görüşmüsünüz.

Mənə bildirdilər ki, cənab Pallonenin vertolyotla çadır şəhərciyinə getməyə imkanı olmayıbdır. Ancaq Bakının bir çox yerlərində də qaçqınlar məskunlaşmışlar. Mənə verilən məlumata görə, cənab Pallone Bakıda qaçqınların məskunlaşdığı yerlərdən birini ziyarət etmişdir.

Güman edirəm ki, siz onları görəndən sonra təsəvvür edə bilərsiniz ki, Azərbaycan torpaqları işğal edilməyə başlayandan ölkəmiz nə qədər ağır vəziyyətdədir.

Biz 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında Ermənistanla saziş imzalamışıq və artıq beş ildən çoxdur ki, bu sazişə riayət edirik. Bu gün sizə bir daha bəyan edirəm ki, Azərbaycan məsələni yalnız sülh yolu ilə həll etmək istəyir. Biz bundan sonra da bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.

Güman edirəm, çadırda yaşayanları görəndən sonra siz anlaya bilərsiniz ki, nə üçün biz 7 ildir ki, Amerika Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz 907-ci maddənin ləğv olunmasına çalışırıq.

Hər halda bizim qarşımızda nə qədər çətinliklər də olsa, Amerika Birləşmiş Ştatlarında, Konqresdə, yaxud ictimai təşkilatlarda tərəfdarlarımız - çox olmasa, az da olsa - bizi anlayarlar. Biz öz haqq işimizi davam etdiririk. Biz Qafqazda, bölgədə sülhün, əmin-amanlığın yaranması üçün çalışırıq. Təbiidir ki, buna görə də Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz evlərinə qayıtmalıdır.

Bu qədər. Mən sizə qısa bir məlumat verdim. Sizi dinləməyə hazıram.

Koni Morella (konqresmen, Merilend ştatı, respublikaçı): Cənab prezident, çox sağ olun. Sizinlə görüşümüz bizim bugünkü günümüzün ən yüksək zirvəsidir. Bu imkana görə çox sağ olun.

Cənab prezident, çox sağ olun ki, bu gün bizim hamımızı qəbul edirsiniz. Məndən sağ tərəfdə əyləşən cənab Frank Pallonedir. O, demokratdır, Nyu-Cersi ştatındandır, öz xanımı ilə buradadır. Məndən sol tərəfdə əyləşən cənab Moris Hinçidir. O, Nyu-York ştatını təmsil edir, demokratdır. Digər konqresmen cənab Maykl Kapuanodur. O, Massaçusets ştatını təmsil edir, demokratdır, öz xanımı ilə buradadır. Mənim adım isə Koni Morelladır, Merilend ştatındanam, respublikaçıyam.

Cənab prezident, bizim hamımıza məlumdur ki, bu yaxınlarda Sizin ürəyinizdə cərrahiyyə əməliyyatı keçirilmişdir. Sizə demək istəyirəm ki, mənim həyat yoldaşımın ürəyində 13 il bundan əvvəl dörd bu cür cərrahiyyə əməliyyatı keçirilmişdi. O, indi özünü əla hiss edir.

Heydər Əliyev: Çox gözəl, mən çox şadam. Bu, mənim üçün çox gözəl xəbərdir.

Koni Morella: Cənab prezident, Sizin sağlamlığınız bizim üçün çox vacibdir. Çünki biz istəyirik ki, Siz sülh prosesini irəliyə aparasınız. Bir qədər sonra mən Sizin dediklərinizə cavab vermək istəyirəm.

Mətbuat nümayəndələrinə gəldikdə isə, mən istəyirəm Sizə və onlara bildirim ki, saat 6.30-da bizim xüsusi mətbuat konfransımız olacaqdır. Biz onları Sizinlə görüşümüzdəki heç bir məlumatdan məhrum etməyəcəyik.

Heydər Əliyev: Yəni nə demək istəyirsiniz? Amerika Birləşmiş Ştatlarından gələn nümayəndə heyətləri ilə bəzən bu məsələ qalxır. Şübhəsiz ki, mən sizin xahişinizi yerinə yetirəcəyəm. Ancaq istəyirəm siz biləsiniz ki, Azərbaycanda aşkarlıq, mətbuat azadlığı yüksək səviyyədədir.

"Azərbaycan" qəzeti, 13 avqust 1999