Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Beynəlxalq Münasibətlər İnstitutunda - "Azərbaycan və Qafqaz XXI əsrin astanasında" mövzusunda mühazirəsi - Paris, 13 yanvar 1997-ci il


Möhtərəm cənab rektor!

Hörmətli xanımlar və cənablar!

Mən Fransada, Parisdə sizinlə, belə nüfuzlu auditoriya ilə görüşməyimdən son dərəcə məmnunam. Fransanı, Parisi və buraya toplaşanların səviyyəsini kifayət qədər yaxşı təsəvvür etdiyimə görə bu görüşü özüm üçün böyük şərəf sayıram.

Mənə təklif olunan mövzu üzrə sizi maraqlandıran məsələlərdən danışmaqdan öncə indicə tanış olduğunuz tərcümeyi-halımla bağlı məlumatda kiçik bir dəqiqləşdirmə etmək istərdim. 1982-ci ilin axırında, Leonid Brejnevin vəfatından sonra mən Moskvaya dəvət edildim, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olundum və Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildim. 1987-ci ilin sonunadək, Sovetlər İttifaqının o zamankı rəhbərliyi, xüsusilə Mixail Qorbaçov ilə aramızdakı prinsipial fikir ayrılıqlarına görə istefa verməyə məcbur olanadək bu vəzifələrdə qaldım. Bundan sonra mən təqib edildim. Sovetlər İttifaqının tarixindən bilirsiniz ki, orada kim yüksək vəzifədən gedirdisə ictimai-siyasi həyatdan tamamilə təcrid olunurdu.

1990-cı il yanvarın 20-də, yəni 7 il öncə Sovetlər İttifaqının rəhbərliyi sovet qoşunlarının böyük kontingentini Bakıya yeridərək xalq hərəkatını, milli hərəkatı yatıranda, təcavüz ediləndə mən bu aksiyaya qarşı çıxdım və Sovet İttifaqı Kommunist Partiyasından çıxdım. Ondan sonra mən təqiblərə məruz qaldım, mətbuatda mənə qarşı böyük böhtan kampaniyası başlandı və 1990-cı ilin yayında Moskvadan köçməyə məcbur oldum. O zaman Sovetlər İttifaqı rəhbərliyinin düzgün olmayan hərəkətlərinə qarşı çıxdığım üçün, həyatımın əsas hissəsini keçirdiyim Bakıda yaşamağıma da, təəssüf ki, imkan vermədilər. Mən daha uzağa - doğulduğum, lakin gənclik illərimdə çıxdığım Vətənə - Naxçıvana getməyə məcbur oldum. Naxçıvan indi olduğu kimi, o zaman da blokadada idi. Mən üç il orada tam təcrid olunmuş vəziyyətdə yaşadım və 1993-cü ilin iyununda, Bakıda və Azərbaycanda vətəndaş müharibəsi başlayanda, Azərbaycan ziyalılarının nümayəndələrinin, xalqın, respublikamızın müxtəlif təbəqələrindən olan bir çox adamların xahişi ilə yenidən Bakıya gəldim və Azərbaycan parlamentinə rəhbərlik etdim, sonra isə, burada deyildiyi kimi, 1993-cü il oktyabrın 3-də Azərbaycanın prezidenti seçildim.

Mən burada səslənən məlumata bu əlavəni etməyi və bəzi dəqiqləşdirmələr etməyi zəruri bildim ki, mənim həyatım barədə sizdə tam təsəvvür olsun, elə düşünməyəsiniz ki, hər şey çox hamar olub - mən Siyasi Büronun üzvü idim və sonra birdən-birə Azərbaycanın prezidenti oldum.

İndi isə söhbətimizin əsas mövzusu haqqında. 1993-cü ildə mən Bakıya gələndə Azərbaycan fəlakət vəziyyətində idi, vətəndaş müharibəsi başlanmışdı. Əslində həmin il Azərbaycan Respublikasının müstəqilliyinin ikinci ili idi. Ölkəmiz haqqında təsəvvürünüz olmaq üçün mən Azərbaycan müstəqil dövlət olandan əvvəlki hadisələr barədə sizə məlumat vermək məcburiyyətindəyəm.

Keçmişdə SSRİ-yə daxil olan respublikalar 1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar dövlət müstəqilliyi əldə etdilər. Lakin Sovetlər İttifaqı respublikalarında, - onların sayı 15 idi, - ictimai-siyasi proseslər eyni deyildi və tamamilə müxtəlif şəkildə baş verirdi. 1988-ci ildə Azərbaycana qarşı təcavüz başlandı, yəni, qonşu Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək iddiaları ilə Azərbaycana qarşı çıxdı. Dağlıq Qarabağ Azərbaycanın kiçik bir bölgəsidir, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusu almışdı. Deməliyəm ki, bu kiçik muxtar vilayət, əlbəttə, sosialist sistemi şəraitində, kifayət qədər yüksək inkişaf etmişdi. Lakin Ermənistandakı, həm də təkcə ondakı deyil, bəzi başqa ölkələrdəki millətçi, ekstremist dairələr, o cümlədən "Daşnaksütyun" partiyası bu vilayəti Ermənistana birləşdirməyin zəruriliyi barədə Dağlıq Qarabağda vaxtaşırı əhval-ruhiyyə yaradırdılar. Lakin müxtəlif vaxtlarda edilən bu cəhdlər uğursuz oldu. Bunların qarşısı alınır və dediyim kimi, Dağlıq Qarabağ müvəffəqiyyətlə inkişaf edirdi.

Nəzərinizə çatdırım ki, 1988-ci ildə, bu münaqişə ilk dəfə başlayanda Dağlıq Qarabağda 170 min nəfər yaşayırdı. Bunun 30 faizi azərbaycanlılar, 70 faizi ermənilər idi. Burada elə bir təəccüblü şey yox idi. Azərbaycanın başqa bölgələrində də, keçmiş Sovetlər İttifaqının digər respublikalarında da, başqa ölkələrdə də müxtəlif millətlərdən olan insanlar yaşayırlar. Lakin 1988-ci ildə Dağlıq Qarabağda, Ermənistanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda hərəkat başlandı və bu, silahlı münaqişəyə çevrildi. Yeri gəlmişkən deməliyəm ki, - mən burada sizin qarşınızda tamamilə açıq danışır və mötəbər tarixi məlumatlara, materiallara əsaslanıram, - belə hərəkatın kükrəyişi üçün qığılcım, özü də çox güclü qığılcım professor Aqanbekyanın 1987-ci ilin sonunda Fransanın "Humanite" qəzetinə verdiyi müsahibə olmuşdur. O bu müsahibədə bəyan etmişdi ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır, o bu məsələni Sovetlər İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçov ilə müzakirə etmiş və Qorbaçov buna müsbət yanaşmışdı. Şübhəsiz ki, buna oxşar başqa çıxışlar da olmuşdur. Mən bu çıxışdan ona görə danışıram ki, orada Mixail Qorbaçova birbaşa istinad edilirdi. Hər şey bundan başladı, sonra isə artıq səkkiz il davam edən qanlı müharibəyə çevrildi.

Hesab edirəm ki, o zaman, Azərbaycan və Ermənistan Sovetlər İttifaqının tərkibində olarkən, - 1988-ci ildən 1991-ci ilədək üç ildən çox vaxt keçmişdir - sovet rəhbərliyi bu münaqişənin qarşısını ala və onun bu qədər genişlənməsinə, belə ağır nəticələrə gətirib çıxarılmasına imkan verməyə bilərdi.

Sovet rəhbərliyinin Azərbaycana ədalətsiz münasibəti, şübhəsiz ki, respublikamızın əhalisi arasında kommunist rejiminə və sosializm sisteminə çox böyük narazılıq dalğası yaratdı. Sovetlər İttifaqının kommunist rəhbərliyinin Azərbaycan xalqına münasibətdə ədalətsizliyinə qarşı xalqın bu hiddəti 1989-cu ilin sonunda geniş xarakter alanda sovet rəhbərliyi və şəxsən Qorbaçov 1990-cı il yanvarın 20-də Azərbaycana sovet qoşunlarının iri kontingentini yeritməklə xalqımızı əzməyi qərara aldılar.

1990-cı ilin yanvar faciəsi Azərbaycanda ictimai-siyasi vəziyyəti daha da kəskinləşdirdi. Son nəticədə bütün bunlar respublikamızda qeyri-sabitliyə səbəb oldu. Azərbaycanın daxilindəki ayrı-ayrı mənfi qüvvələr də bundan istifadə edərək hakimiyyət uğrunda mübarizəyə başladılar. 1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyi əldə edəndə ağır siyasi vəziyyətdə idi. Bütün bunlar Azərbaycanda dövlət hakimiyyətini zəiflədir, nəticədə respublikada hakimiyyətin zorla devrilməsi baş verirdi. 1992-ci ildə də belə çevriliş oldu, onun nəticəsində Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Lakin o, bir ildən artıq hakimiyyətdə qala bilmədi, silahlı dəstələr ayağa qalxdı və əslində onu devirdi, elə o zaman 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandı. Belə bir şəraitdə 1993-cü ildə mən Azərbaycanda sabit rəhbərliyi təmin etmək məsuliyyətini öz üzərimə götürməli oldum. Böyük çətinliklərə baxmayaraq, üç ildir ki, Azərbaycanda dövlət hakimiyyəti sabitdir.

Bununla belə, həmin dövrdə Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi. Ermənistan silahlı birləşmələri Azərbaycanın daxilində siyasi sabitliyin olmamasından, habelə kənarda bəzi dövlətlərin güclü dəstəyindən istifadə edərək Azərbaycan ərazisinin bir hissəsini işğal edə bildilər. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır. Bu əraziyə Dağlıq Qarabağ və ümumi sahəsi təqribən 16 min kvadratkilometr olan ətraf rayonlar daxildir. Bu rayonlar bilavasitə Ermənistan ərazisinə bitişikdir. İşğal olunmuş torpaqlardan Azərbaycanın bir milyondan çox vətəndaşı qovulub çıxarılmışdır, onlar respublikamızın müxtəlif bölgələrində, əksəriyyəti çadırlarda yaşayır.

1994-cü ildə Ermənistan ilə atəşkəs və barışıq haqqında saziş əldə edilmişdir və iki il yeddi aydır ki, ona əməl olunur. Lakin Azərbaycanın ərazi bütövlüyü, onun dövlət sərhədləri pozulmuşdur, ölkəmizə çox böyük maddi və mənəvi zərər vurulmuşdur. Biz hərbi əməliyyatların yenidən başlanmasını istəmirik, hesab edirik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır və bu sahədə öz tərəfimizdən bütün zəruri tədbirləri görürük. Məsələnin sülh yolu ilə həlli üçün şərt Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinin hamısından çıxarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, respublikamızın bütün vətəndaşlarının öz yaşayış yerlərinə qaytarılmasıdır. Biz həm də Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarə statusu verilməsini və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat yaradılmasını mümkün sayırıq. Bu formula güzəştlidir və biz Ermənistan ilə Azərbaycan arasında sülh yaratmaq, regionumuzda, bütün Qafqazda sülh yaratmaq naminə bu güzəştə gedirik. Lakin Ermənistan tərəfi pozucu mövqe tutduğuna görə bu məsələni həll etmək mümkün olmur. Ermənistan Dağlıq Qarabağın dövlət müstəqilliyi əldə etməsinə, şübhəsiz ki, sonradan onu Ermənistana birləşdirməyə çalışır. Biz bununla razılaşmırıq və heç vaxt da razılaşmayacağıq, ona görə ki, öz ərazimizin bir hissəsini başqa dövlətə güzəştə gedə bilmərik. Heç bir dövlət də belə güzəştə gedə bilməz.

Ermənistan özünün pozucu mövqeyini 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində də nümayiş etdirdi. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə məşğul olan Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinə sülh yolu ilə son qoyulmasının prinsipləri haqqında layihə təklif edilmişdi. Lissabon sammitində ATƏT-in əsas sənədinə daxil edilməli olan bu layihədə münaqişənin aradan qaldırılmasına dair əsas prinsiplər, yəni üç prinsip göstərilmişdi: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyin təminatı.

Münaqişənin dinc yolla aradan qaldırılması üçün əsas kimi biz bu prinsiplərlə razılaşdıq. Ermənistan isə buna razı olmadı və həmin layihənin ATƏT-in sənədinə daxil edilməsinə konsensus vermədi. Lakin Azərbaycanın prinsipial mövqeyi və Ermənistandan başqa ATƏT-in bütün üzvlərinin çox ədalətli mövqeyi nəticəsində bu prinsiplər ATƏT sədrinin xüsusi bəyanatında öz ifadəsini tapdı. ATƏT-ə daxil olan dövlətlərdən yalnız Ermənistan bu prinsiplərə, beləliklə də Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və ümumiyyətlə beynəlxalq hüquq normalarının əsas prinsiplərinə etiraz etdi. Lakin biz hesab edirik ki, ATƏT üzvlərinin bu prinsipləri dəstəklənməsi ilə şübhəsiz ki, ATƏT-in üzvü olan bütün ölkələrin, xüsusən Minsk qrupuna daxil olan ölkələrin iştirakı ilə fəal iş görərək həmin prinsiplərin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının əsasını təşkil etməsinə və münaqişəyə son qoyulmasına, Ermənistan ilə Azərbaycan arasında sülhün, özü də sabit və uzunmüddətli sülhün təmin edilməsinə nail ola bilərik.

Mən bütün bunları deməyi ona görə lazım bildim ki, müstəqil Azərbaycan dövlətinin hansı şəraitdə öz mili dövlət quruculuğu prosesini həyata keçirməsi və sosial-iqtisadi xarakterli məsələləri həll etməsi haqqında təsəvvürünüz olsun.

Qafqazdakı münaqişələr haqqında, ümumiyyətlə, buradakı vəziyyət barədə danışmalı olsaq, burada Gürcüstan ərazisində gurcü-abxaz, gürcü-osetin münaqişələri var, Çeçenistanda sizə məlum olan Rusiya ilə Çeçenistan arasında münaqişə var, Qafqazın digər regionlarında da bəzi münaqişələr mövcuddur. Allaha şükür ki, bunlar genişlənməyib. Biz hesab edirik ki, həm Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün, həm də Qafqazda bütün münaqişələrə son qoyulması üçün hər bir dövlətin ərazi bütövlüyü prinsiplərinin qəti şəkildə tətbiqinin həlledici əhəmiyyəti var. Biz dünyada bütün ölkələrin ərazi bütövlüyünə tərəfdarıq. Yer kürəsinin hər hansı nöqtəsində separatizmin, təcavüzkar millətçiliyin, beynəlxalq terrorizmin əleyhinəyik.

Bütün bu problemlərə və çətinliklərə baxmayaraq, müstəqil dövlət kimi Azərbaycan yaşayır və inkişaf edir, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu, həyatın bütün sahələrində demokratiya prinsiplərinin bərqərar olması yolu ilə inamla gedir. 1995-ci ilin noyabrında biz ümumxalq səsverməsi yolu ilə Azərbaycanın ilk demokratik Konstitusiyasını qəbul etdik. Elə həmin vaxt müstəqil Azərbaycan Respublikasının parlamentinə çoxpartiyalılıq əsasında ilk seçkilər keçirildi. Konstitusiyanın müddəaları həyata keçirilir, parlament işləyir, ölkəmizin demokratik inkişafı üçün xeyli çox mühüm qanunlar qəbul olunubdur. Azərbaycanda bütün sahələrdə siyasi plüralizm təmin edilibdir, biz insan hüquqlarının, şəxsiyyətin hüquqlarının, şəxsiyyət azadlığının qorunmasına böyük əhəmiyyət veririk. Azərbaycan çoxmillətli dövlətdir, bizdə üç din - müsəlman, pravoslav, xristian, yəhudi dinləri sərbəst fəaliyyət göstərir. Biz iqtisadiyyatda geniş bazar dəyişikliklərinin həyata keçirilməsi yolu tutmuşuq, dövlət mülkiyyəti özəlləşdirilir və qarşıdakı iki il ərzində bütün dövlət müəssisələrinin 70 faizi özəlləşdiriləcəkdir. Biz torpaq islahatı haqqında çox radikal, öz şəraitimiz üçün kifayət qədər inqilabi qanun qəbul etmişik. Həmin qanun satmaq və digər şəxslərə vermək hüququ ilə torpaqların xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur.

Bu tədbirlər öz nəticələrini verir. Son vaxtlar Azərbaycanın sosial-iqtisadi vəziyyəti yaxşılaşır, iki ildir ki, respublikada inflyasiya aşağı səviyyədədir. Məsələn, inflyasiyanın aylıq səviyyəsi bir faizdən aşağıdır, ümumən 1996-cı ildə isə beş faizdən az olubdur. Milli valyutanın - manatın məzənnəsi sabitdir, son vaxtlar Amerika dollarına nisbətən onun məzənnəsi möhkəmlənmişdir. Biz bütün iqtisadiyyatın, xüsusən xarici ticarətin sərbəstləşdirilməsinə dair çoxlu tədbirlər görmüşük. Həm Azərbaycanın iqtisadiyyatına sərmayə qoymaq, həm də özəlləşdirmədə iştirak etmək, ölkəmizin iri sənaye və kənd təsərrüfatı müəssisələrindən birgə istifadə etmək üçün xarici sərmayədarları Azərbaycana fəal cəlb edirik.

Azərbaycanın zəngin təbii sərvətləri, böyük iqtisadi, sənaye, kənd təsərrüfatı, elmi-texniki və intellektual potensialı var. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı prinsipləri, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi əsasında formalaşdırılması bizim tutduğumuz magistral yoldur.

Biz Azərbaycanın neft və qaz yataqlarından xarici şirkətlərlə birgə istifadə edilməsi sahəsində daha çox uğurlar qazanmışıq. 1994-cü ilin sentyabrında Azərbaycanın neft yataqlarının beynəlxalq şirkətlər konsorsiumu ilə birgə işlənməsinə dair ilk böyük müqavilə imzalamışıq, onu "Əsrin müqaviləsi" adlandırırlar. Bu gün Parisdə, Yelisey sarayında Fransa prezidenti cənab Jak Şirakın və Azərbaycan prezidentinin iştirakı ilə beşinci müqavilə - Xəzərin Azərbaycan sektorundakı "Lənkəran-dəniz" və "Talış-dəniz" neft yataqlarının birgə işlənməsi və istifadəsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın iri "Elf Akiten" və "Total" şirkətləri arasında müqavilə imzalandı. Bu gün imzalanmış müqavilə 25 il ərzində birgə iş görülməsini və təxminən 1,5 milyard Amerika dolları həcmində kapital qoyulmasını nəzərdə tutur. İlkin hesablamalara görə, həmin yataqlardan 350 milyon barrel neft alınacağı gözlənilir. Son iki ildə imzaladığımız bütün müqavilələr isə Azərbaycan iqtisadiyyatına təxminən 15 milyard Amerika dolları həcmində investisiya qoyulmasını nəzərdə tutur. Bu müqavilələrdə dünyanın 11 ölkəsinin 16 transmilli şirkəti iştirak edir.

Hesab edirəm ki, bu rəqəmlər Azərbaycanın öz təbii ehtiyatlarından məqsədəuyğun və səmərəli şəkildə istifadə etməsi və şübhəsiz, öz səylərini dünya birliyinin səyləri ilə birləşdirməsi üçün xarici investisiyalardan, iqtisadi və texniki baxımdan inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasından necə istifadə etməsi barədə sizdə təsəvvür oyadır. Zənnimcə, bütün bu dediklərim şübhə yeri qoymur ki, ölkəmiz bütün dünya üçün açıqdır. Azərbaycanın məqsədi öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya etməkdir. Ölkəmizdə azad sahibkarlıq üçün bütün şərait yaradılmışdır, xarici investisiyaların qorunması qanunlarımızla, Konstitusiya ilə və şübhəsiz ki, prezident hakimiyyəti ilə tam təmin olunur. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın sosial-iqtisadi gələcəyi gözəldir. Biz əminik ki, həyatımızın bütün sahələrini demokratikləşdirmək yolu ilə getməklə Azərbaycanı dünyanın sivilizasiyalı ölkələri sırasına çıxaracağıq. Azərbaycan özünün bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa çalışır. Ermənistan ilə qarşılıqlı münasibətlərimiz haqqında danışdım. Bizim Şimal qonşumuz Rusiya, Cənub qonşumuz İrandır, Qərbdə Gürcüstanla həmsərhədik. Türkiyə də həmsərhəd olduğumuz qonşu ölkədir. Ermənistan istisna olmaqla, bu ölkələrin hamısı ilə normal əlaqələrimiz var və bu əlaqələrin daha dost, daha fəal xarakter almasına səy göstərəcəyik.

Coğrafi mövqeyinə görə Azərbaycanın əhəmiyyəti böyükdür. Hesab edirəm ki, onun coğrafi-siyasi mövqeyi təkcə bizim özümüzdən ötrü deyil, həm də Dünya Birliyi üçün əhəmiyyətlidir. Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşir. Avropa ölkəsi kimi isə Avropanın ən ucqarındadır. Azərbaycan Avropa ölkəsi olmaq istəyir. Biz Avropa Birliyi ilə fəal əməkdaşlıq edirik, ərizə vermiş və Avropa Şurasına qonaq sifəti ilə qəbul olunmuşuq, yaxın vaxtlarda onun tamhüquqlu üzvü statusunu almağa ümid bəsləyirik, ATƏT-in həyatında fəal iştirak edirik və şübhəsiz ki, ölkəmiz, demək olar, bütün beynəlxalq təşkilatların üzvüdür.

Azərbaycanın təkcə Qafqaz üçün deyil, həm də Qafqazın hüdudlarından kənara çıxan region üçün böyük əhəmiyyəti var. Biz hesab edirik ki, Zaqafqaziya regionunda, - mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı nəzərdə tuturam, - sabitliyin, normal vəziyyətin olması bütün Qafqaz üçün, habelə Rusiya və Qafqazla qonşu olan digər ölkələr üçün mühüm amildir. Biz çalışırıq ki, mühüm amil kimi bu rolumuzu mümkün qədər yaxşı yerinə yetirək. Hesab edirəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq mümkün olarsa, bu, Qafqazda digər münaqişələrə də son qoyulmasına, burada sülhün və sabitliyin bərqərar olmasına gətirib çıxaracaqdır, bunun isə həm digər ölkələr, həm də ümumən Avropa üçün böyük əhəmiyyəti olacaqdır. Qafqazda sülhə, əmin-amanlığa, sabitliyə nail olmaq üçün biz öz tərəfimizdən hər şeyi edirik və bundan sonra da edəcəyik.

İndi Azərbaycanda daxili siyasi vəziyyət sabitdir. Ötən illərdən fərqli olaraq, son üç ildə biz Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin edirik. Dövlət respublikada vəziyyətə tam nəzarət edir və mən əminəm ki, Azərbaycanda vəziyyət aydan-aya, ildən-ilə yaxşılaşacaqdır.

Biz Fransa ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu gün Fransa prezidenti cənab Jak Şirak, Fransa Milli Məclisinin sədri, ticarət naziri, Parisin meri ilə söhbətlərdə mən bir daha bildirdim ki, Fransa ilə Azərbaycan arasında bütün sahələrdə - iqtisadi, mədəni, siyasi sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün mövcud imkanlardan bütünlüklə istifadə etmək lazımdır. Hesab edirəm ki, bu gün Fransanın "Elf Akiten" və "Total" şirkətləri ilə imzalanmış müqavilə həm yaxşı əsas, həm də Fransanın bütün digər şirkətləri üçün yaxşı çağırışdır ki, onlar Azərbaycanla əməkdaşlığa dair səylərini gücləndirsinlər.

Çıxışımı tamamlayaraq bu gün Fransada, Parisdə olmağımdan dərin məmnunluq duyduğumu bildirmək istəyirəm. Fransa Respublikasının tarixi və təcrübəsi, Fransada demokratiya təcrübəsi, həyatın bir çox başqa sahələrində sizin ölkənizin təcrübəsi Azərbaycanda demokratik dövlət quruculuğu işində bizim üçün zəngin mənbə və nümunədir. Fransa Respublikasına, fransız xalqına dərin hörmət və ehtiramımı bildirirəm. Sizə, bütün fransızlara səadət və xoş həyat, yeni uğurlar arzulayıram. Suallarınıza cavab verməyə hazıram. Diqqətinizə görə sağ olun.

De Monbrel (FBMİ-nin rektoru): Hesabat üçün Azərbaycan prezidenti Heydər Əliyevə təşəkkür edirəm. Artıq gec olduğunu nəzərə alaraq diskussiyanı məhdudlaşdırmaq üçün Azərbaycan dövlətinin başçısına cəmi üç sual verməklə kifayətlənmək istəyirəm. Mənim fikrimcə bu suallar əvvəl-axır veriləcəkdir.

Sual: İlk sual sırf informasiya xarakteri daşıyır və Sovet İttifaqının hüquqi varisliyi probleminə aiddir. Azərbaycan ilə Rusiya arasında hüquqi varislik problemi tam həll edilmişdirmi, yoxsa Ukraynanı Rusiyaya qarşı qoyan mübahisəli məsələlər kimi məsələlər hələ də qalırmı?

İkinci sual: Siz neft haqqında danışdınız, lakin boru kəmərləri ilə bağlı problemlərdən demədiniz. Bu barədə bir neçə kəlmə söyləyə bilərdinizmi?

Üçüncü sual: Siz İranla yaxşı münasibətlərinizin olduğunu xatırlatdınız. Gələcəkdə İran Azərbaycanı ilə əlaqədar problemlər ola bilərmi?

Heydər Əliyev: SSRİ-nin hüquqi varisi probleminə - Rusiyaya gəldikdə, əlbəttə, bütün məsələlər həll edilməmişdir. Sovetlər İttifaqı dağılanda və Azərbaycan müstəqillik əldə edəndə mən Azərbaycanda deyildim, daha doğrusu, orada idim, lakin dövlət fəaliyyətində iştirak etmirdim. 1993-cü ilin oktyabrında Azərbaycanın prezidenti olanda isə təhlil etməyə başladım. Və əmin oldum ki, Sovetlər İttifaqına mənsub olan hər şey hər halda Azərbaycan üçün ədalətsiz bölüşdürülübdür. Axı, mən, burada xatırladıldığı kimi, təqribən 14 il Azərbaycan Respublikasına rəhbərlik etmişdim və beş ildən çox Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdum, Sovetlər İttifaqı vaxtında Azərbaycanın ərazisində nələrin olduğunu yaxşı bilirdim. Təəssüf ki, Azərbaycanda olanların hamısı özündə qalmadı. Bu, ədalətsizlik idi. Bəzi xırda məsələlər var, biz indi onları qaldırırıq. Lakin indi bütün bunlar artıq gecdir. Amma bunun ədalətsiz olduğunu mən artıq dedim.

O ki qaldı neft kəmərinə, xarici neft şirkətləri konsorsiumu Azərbaycan Neft Şirkəti ilə birlikdə Azərbaycanda neft ixracı üçün iki neft kəmərinin tikintisi haqqında qərar qəbul etmişlər. Neft kəmərlərindən biri - Rusiya ərazisindən keçərək Qara dəniz sahilindəki Novorossiysk limanına gedən kəmər qismən mövcud idi, lakin 1996-cı il ərzində kəmər bütünlüklə çəkilmişdir. Həmin neft kəməri ilə Qara dəniz sahilinə, oradan isə daha uzağa neft ixrac etmək mümkündür. Tikintisinə martda başlanacaq və 1998-ci ildə qurtaracaq ikinci neft kəməri Qərb istiqamətində Gürcüstan ərazisindən keçməklə yenə Qara dəniz sahilinə - Supsa limanına çıxacaqdır. Lakin 1994-cü ilin sentyabrında imzaladığımız müqavilədə güman ki, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək böyük neft kəmərinin çəkilməsi nəzərdə tutulur. Bu neft kəmərinin marşrutuna dair bir neçə layihə, təkliflər var. Lakin bu, məsələ barədə hələ qəti qərar qəbul edilməmişdir. Hesab edirəm ki, biz bu neft kəmərini də çəkməli olacağıq. Ona görə ki, hər bir müqavilənin imzalanması ilə Azərbaycanda gələcəkdə çıxarılacaq neftin həcmi artır. Qazaxıstan ərazisində neft çıxaran xarici neft şirkətləri Xəzər dənizi, Azərbaycan vasitəsilə neftin Avropaya ixracını təşkil etmək barədə təkliflər verirlər. Bunun özü də ölkəmizin ərazisindən keçməklə ixrac olunacaq neftin əlavə miqdarından xəbər verir. Ona görə də bu neft kəmərləri çəkilməlidir. Bunlar Azərbaycandan, Xəzər hövzəsindən, Mərkəzi Asiyadan nefti ixrac etmək üçün lazımdır. Bu, Azərbaycanın böyük coğrafi-siyasi və strateji əhəmiyyətini bir daha təsdiq edir.

Sizin üçüncü sualınıza, İran haqqında suala gəldikdə isə, mən artıq dedim, bu ölkə ilə bizim dostluq münasibətlərimiz var, bunları möhkəmləndirmək, inkişaf etdirmək üçün tədbirlər görürük. O ki qaldı İranda yaşayan azərbaycanlılara, bəli, onlar orada çoxdur. Mən dəqiq rəqəm bilmirəm, amma deyirlər ki, təxminən 20-30 milyondur. Onlar İran vətəndaşlarıdır. Bu gün prezident cənab Jak Şirak dedi ki, Fransada beş milyon müsəlman yaşayır. Onlar Fransa xalqının bir hissəsidir. İranda yaşayan azərbaycanlılar da müsəlmandırlar, onlar da İran xalqının bir hissəsidir. Bu baxımdan hansısa bir problem görmürəm. Mən artıq dedim ki, biz bütün dövlətlərin - Azərbaycanın da, Ermənistanın da, Rusiyanın da, Fransanın da, İranın da ərazi bütövlüyünə tərəfdarıq.

De Monbrel: Bu tədbirdə iştirak etməyə razılaşdığına və belə mühüm suallara cavab verdiyinə görə prezident Heydər Əliyevə təşəkkür edirəm. Mən Azərbaycan rəhbərinə və onu müşayiət edən bütün şəxslərə xoşbəxt yeni il arzulayıram və təklif edirəm ki, görüşü yekunlaşdıraq.

Heydər Əliyev (zarafatla): Yox, dayanın, mənim sözüm var. Birincisi, bu demokratik olmur. Siz özünüz suallar verdiniz və başqalarına isə bu imkanı vermirsiniz. Biz Fransaya demokratiya öyrənməyə gəlmişik, sən demə, burada, bu institutda avtoritar rejim mövcuddur. Ona görə də mən burada daha bir saat qalmağa, suallara cavab verməyə hazıram, ona görə ki, biləsiniz, biz demokratiya yolu ilə gedirik və mən istənilən adamın istənilən sualına cavab verməyə hazıram. Ümumiyyətlə, mənə az sual verəndə narazı qalıram.

Sual: Cənab prezident, bilmək istərdim ki, hazırda Azərbaycan və Rusiya arasında münasibətlər necədir və Siz ölkənizin MDB-də iştirakını necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Rusiya ilə münasibətlərimiz yaxşıdır, dostluq münasibətləridir. Biz istəyirik ki, bu münasibətlər daha yaxşı olsun və öz tərəfimizdən tədbirlər görürük.

MDB-yə gəldikdə, biz MDB-nin üzvüyük. Lakin orada bizim razı olmadığımız məsələlər də var. Biz özümüzü demokratik qaydada aparır, öz mövqeyimizi, öz rəyimizi bildiririk. Ümumiyyətlə, biz hesab edirik ki, MDB daha demokratik birlik olmalıdır. Demokratiya prinsipləri onda daha geniş bərqərar olmalıdır və MDB-ni inkişaf etdirmək, təkmilləşdirmək lazımdır.

Sual: Cənab prezident, Siz dediniz ki, Azərbaycan çoxmillətli ölkədir, orada ruslar, yəhudilər yaşayırlar. Deyə bilərsinizmi, Azərbaycanda nə qədər rus və yəhudi yaşayır, onların vətəndaşlıqla bağlı hansı hüquqları var?

Heydər Əliyev: Deyə bilərəm. Azərbaycanda ruslar 300 mindən çox, yəhudilər isə təxminən 50 min nəfərdir. Onlar vətəndaşlığın bütün hüquqlarından istifadə edirlər, Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır. Biz şadıq ki, respublikamızda bu millətlərdən olan insanlar yaşayırlar. Deməliyəm ki, təxminən 1988-1989-cu illərdən 1993-cü ilədək rusdilli əhalinin Azərbaycandan müəyyən axını olmuşdur. Biz bunun qarşısını aldıq. Onlardan bəziləri Azərbaycandakı qeyri-sabitlikdən qorxub gedirdilər, bir sıra hallarda isə onlara qarşı ədalətsiz münasibət olmuşdu. Biz bu problemi aradan qaldırdıq. İndi Azərbaycanda rusdilli əhali normal, sabit yaşayır. Bizim parlamentimizdə milliyətcə rus, ukraynalı deputatlar var, bu millətlərin nümayəndələri dövlət, təsərrüfat orqanlarında işləyirlər. Biz Azərbaycanın çoxmillətli olmasını ölkəmizin sərvəti hesab edirik. Ermənistan öz ölkəsində monomilliliyə nail olmuşdur. İndi orada ermənilərdən savayı heç kim yoxdur. Hesab edirəm ki, onlar böyük səhv etmişlər. Amma bu, onların öz işidir.

Sual: Sualımı dəqiqləşdirmək istəyirəm. Digər millətlərdən olan sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməyə borclu idilər, yoxsa könüllü olaraq Azərbaycan vətəndaşları olmaq istəmişlər? İkinci sual: Azərbaycanda yaşayan və özlərinin Rusiya pasportunu saxlamaq istəyən xaricilər hansı hüquqlara malikdirlər?

Heydər Əliyev: Bilirsiniz, biz heç kəsi Azərbaycan vətəndaşlığını qəbul etməyə məcbur etməmişik, qəbul edən edib, etməyən isə etməyibdir. Bizdə bu mənada da azadlıqdır. Azərbaycanda Rusiya vətəndaşlığını qəbul etmiş ruslar var, biz buna da etiraz etmirik. Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur. Hesab edirəm ki, Fransada da belədir. Biz Azərbaycanda məhz bu prinsipi əsas götürürük.

Sual: Xəzərin statusu haqqında sual vermək istərdim. Dediyinizdən hiss olundu ki, fikrinizcə, bu məsələdə problem yoxdur. Lakin Xəzərin statusuna dair sazişin olmaması haqqında danışdığınız yataqların istismarına mane ola və ya bunu ləngidə bilməzmi?

Heydər Əliyev: Bilirsiniz, Xəzər min illərdən də çoxdur ki, mövcuddur. Lakin onun statusu heç vaxt müəyyən edilməmişdir. Ona görə bu gün də buna böyük ehtiyac yoxdur. Bununla belə, bu məsələ barəsində Xəzəryanı dövlətlər arasında danışıqlar gedir. Hesab edirəm ki, biz nə vaxtsa vahid rəyə gələcəyik. Lakin bu, hər bir ölkənin öz sektorunda Xəzərin neft yataqlarından istifadə etməsinə əsla mane olmur. Xəzərin sektorlara bölünməsi çoxdan müəyyən edilmişdir. Biz yaranmış praktikadan istifadə edirik və bu, düzgündür.

Sağ olun.