Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutundakı görüşdə nitqi - London, 22 iyul 1998-ci il


Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Böyük Britaniyanın mötəbər auditoriyasında, Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda salamlayıram və sizinlə görüşdən çox şad olduğumu bildirmək istəyirəm.

Mən bu salonda ikinci dəfədir ki, çıxış edirəm. Azərbaycan prezidenti kimi 1994-cü ilin fevral ayında Böyük Britaniyaya ilk rəsmi səfərim zamanı mən buraya dəvət olunmuşdum. O vaxt mən burada toplaşanlar qarşısında çıxış edib onların suallarına cavab vermişdim. O vaxtdan dörd il keçibdir. Mən Birləşmiş Krallığın Baş naziri cənab Toni Bleyrin dəvəti ilə sizin ölkənizdə yenidən rəsmi səfərdəyəm. Bu gün səfərin üçüncü günü tamam olur və siz məni buraya dəvət etmisiniz. Mən bu dəvətə görə təşəkkür edirəm. Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun bu salonuna toplaşmış siyasət sahəsində mütəxəssislərin, alimlərin, jurnalistlərin qarşısında çıxış etməyi özüm üçün şərəf hesab edirəm. Düşünürəm ki, sizi çox şey maraqlandırır. Ancaq bizim hörmətli sədrimiz deyibdir ki, mən yarım saat danışmalıyam və suallara da vaxt qalmalıdır. Şübhəsiz, bu, mənim üçün çox çətindir. Çünki istədiyim sözləri sizə çatdırmaq və sizin arzunuzu yerinə yetirmək üçün yarım saat çox azdır. Mən sizin qarşınızda bundan bir neçə dəfə çox danışa bilərdim. Ancaq bugünkü reqlamentə tabeyəm və çalışacağam ki, onu yerinə yetirim.

Azərbaycan 1991-ci ilin sonunda, Sovetlər İttifaqı dağılan zaman öz dövlət müstəqilliyini əldə edib və altı ildir ki, müstəqil dövlət, ölkə kimi yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi dövrü - 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərini Azərbaycanın həyatı üçün çox mürəkkəb, ağır, çətin bir dövr olmuşdur. Ümumiyyətlə, Sovet İttifaqı dağılandan sonra bu ittifaqa mənsub olmuş 15 müttəfiq respublikanın müstəqillik əldə etməsi və müstəqil dövlət kimi yaşamaq prosesi həmin müttəfiq respublikalar üçün asan yox, çətin olubdur. Bu ölkələr, bu dövlətlər bu çətinlikləri indi də çəkirlər. Ancaq Azərbaycan üçün bu, daha da çətin, ağır olubdur. Bilirsiniz ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ Vilayətinin Ermənistana bağlanması cəhdi ilə əlaqədar olaraq hərbi münaqişə başlanıbdır. Həmin münaqişə sonra müharibəyə çevrilibdir. 1991-ci ildə artıq Ermənistanla Azərbaycan bir-biri ilə müharibə aparırdı. Beləliklə, yeni bir həyata qədəm qoyan, müstəqilliyini təsdiq etmək istəyən Azərbaycan müharibə şəraitində idi. Onda Azərbaycan torpaqlarının bir qismi artıq işğal edilmişdi. Azərbaycanlıların bir qismi öz doğma yerlərindən-yurdlarından zorla çıxarılmışdı, qaçqın və köçkün vəziyyətində yaşayırdı. İkinci tərəfdən, 1990-cı ildən, hətta 1989-cu ildən başlayaraq Azərbaycanda daxili vəziyyət çox gərgin olmuşdu. Sovet hakimiyyətinin, yəni Moskvanın, sovet hökumətinin Ermənistan-Azərbaycan münaqişəsində respublikamıza qarşı qeyri-obyektiv, ədalətsiz münasibəti Azərbaycan xalqının hiddətinə səbəb olmuşdu. Bununla əlaqədar, Azərbaycanda hakimiyyətə qarşı - həm Azərbaycandakı kommunist hakimiyyətinə, həm də Moskvadakı Sovetlər İttifaqı hakimiyyətinə qarşı etiraz mitinqləri və çıxışları olmuşdu. Bunlar vəziyyəti daha da gərginləşdirmişdi.

Bilirsiniz ki, 1990-cı ilin yanvar ayında o vaxtkı sovet hökumətinin, Kommunist Partiyasının rəhbərliyi və şəxsən Qorbaçov başda olmaqla Siyasi Büro Azərbaycana qarşı çox ədalətsiz qərar qəbul etmişdilər. Onlar Sovet İttifaqının böyük hərbi hissələrini respublikamıza, Bakıya yeridib Azərbaycanda öz etiraz sözlərini deyən dinc əhaliyə qarşı təcavüz etmişdilər. İnsanlar qırılmış, Bakının küçələrinə qan tökülmüşdü. Bu, ümumiyyətlə Azər-baycanda daxili vəziyyəti gərginləşdirmişdi, həm Moskvada, həm də Bakıda olan kommunist rejiminə qarşı nifrət oyatmışdı. Ancaq hakimiyyət isə öz hakimiyyətini saxlamağa çalışmış və beləliklə, daxildə mübarizə başlamışdı. 1992-ci ildə Azərbaycanda mövcud olan kommunist hakimiyyəti - doğrudur, Sovet İttifaqı dağılandan sonra Kommunist Partiyası ləğv olunmuşdu, lakin hakimiyyət həmin şəxslərdə qalmışdı, - onlar hakimiyyətdən getməyə məcbur oldular, yeni hakimiyyət gəldi. 1993-cü ildə də Azərbaycanda bir hakimiyyət dəyişikliyi baş verdi. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin ilk illəri çox gərgin, ağır olmuşdur. Buna görə də Azərbaycan çox çətin proseslərdən keçmişdir. 1993-cü ilin əvvəlində Azərbaycanda yenidən vəziyyət gərginləşdi, 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələrə qarşı etirazlar başlandı və hərbi toqquşmalar oldu, vətəndaş müharibəsi başlandı. 1993-cü ilin iyun ayında hakimiyyətdə olan şəxslər istefa verdilər, hakimiyyətdən çəkildilər. Beləliklə, Azərbaycanda hakimiyyət böhranı yarandı. Görüşümüzün sədrinin burada dediyi kimi, 1993-cü ilin iyun ayında mən Bakıya dəvət olunmuşam və Azərbaycan parlamentinin, Ali Sovetinin sədri seçilmişəm. O vaxtkı prezident öz vəzifəsini buraxıb Bakını tərk etdiyinə görə və Azərbaycanın ucqar dağ kəndlərindən birində gizləndiyinə görə respublikamızda hakimiyyət boşluğu əmələ gəlmişdi. Referendum keçirilmiş və bu referendum nəticəsində həmin prezidentə etimadsızlıq göstərilmişdi. 1993-cü ilin oktyabr ayında prezident seçkiləri keçirilmiş və mən, Heydər Əliyev prezident seçilmişəm. Bu prezident səlahiyyətlərim sona çatır və oktyabrın 11-də Azərbaycanda prezident seçkiləri təyin olunubdur.

Beləliklə, yenə də deyirəm, o illərdə Azərbaycan belə bir mürəkkəb daxili ictimai-siyasi vəziyyət şəraitində yaşamışdır. Biz nə etmişik? Birinci növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışmışıq. Bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir və işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan zorla qovulub çıxarılıbdır. İndi onların böyük əksəriyyəti Azərbaycanın müxtəlif yerlərində çadırlarda ağır vəziyyətdə yaşayırlar. 1993-cü ildə də, 1994-cü ilin əvvəlində də müharibə gedirdi. Şübhəsiz ki, müharibə həm Ermənistana, həm Azərbaycana şəhidlər, tələfat gətirirdi. Mən bu müharibənin perspektivsiz olduğunu hiss etdim. Təkcə mən yox, bu münaqişəni müşahidə edənlər də onun perspektivsiz olduğunu hiss edirdilər. Ona görə də 1994-cü ilin may ayında Ermənistan ilə Azərbaycan arasında atəşin dayandırılması barədə saziş imzalanmış, atəşkəs rejimi yaranmışdır. 1994-cü ilin may ayından indiyə qədər müharibə yoxdur, döyüşlər getmir, qan tökülmür, münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar aparılır. Ancaq hələ sülh də əldə olunmayıbdır və bu müharibənin nəticələri də aradan götürülməyibdir.

Mən qeyd etdim, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyon azərbaycanlının əksəriyyəti çadırlarda qaçqın kimi yaşayırlar. Hesab edirəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti normallaşdırmaq üçün münaqişəyə sülh yolu ilə son qoyulması xətti çox dəyərli addımdır. Ümumiyyətlə bölgədə, Qafqaz bölgəsində sülh əldə etmək üçün bu, dəyərli bir addımdır və biz bunu başa çatdırmalıyıq.

Azərbaycanın digər bir problemi, yəni onun həyatını gərginləşdirən məsələ bir də ondan ibarət olubdur ki, - artıq mən sizə bildirdim, - 1989-cu ildən Azərbaycanda daxili ictima-isiyasi sabitlik pozulmuşdu. 1993-cü ildə bu sabitlik o qədər pozulmuşdu ki, vətəndaş müharibəsi başlanmışdı. Hətta bəzi qüvvələr Azərbaycanı parçalamaga cəhd göstərirdilər. Biz vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanın daxili ictimai-siyasi vəziyyətini tədricən normallaşdırmağa, sabitləşdirməyə çalışdıq və buna da nail olduq. Ancaq bu, o qədər də asan olmadı. Çünki siz mətbuatdan yəqin bilirsiniz ki, 1994-cü il oktyabr ayının 3-4-də Azərbaycanda hakimiyyəti silahla, güclə devirmək cəhdi oldu. Amma biz bunun qarşısını aldıq. O vaxt Baş nazir vəzifəsində işləyən şəxs Azərbaycan prezidentini silahla, güclə devirib hakimiyyəti ələ keçirmək istədi. Biz bunun qarşısını demək olar ki, silahsız aldıq. Yəni silah, güc həmin adamlarda idi. Ancaq yəqin mətbuatdan bilirsiniz, - o vaxt mən televiziya vasitəsilə xalqa müraciət etdim. Gecəyarısı Bakının əhalisi 1-2 saat müddətində Prezident sarayının ətrafına toplaşdı, prezidenti, hakimiyyəti müdafiə etdi. Sabahısı günü Azadlıq meydanına bir milyondan artıq insan toplaşdı, beləliklə, biz çevriliş cəhdinin qarşısını aldıq.

Ancaq Azərbaycanda 1989-cu ildən hakimiyyəti silah gücünə ələ keçirmək xəstəliyi elə yaranmışdı ki, insanlar o xəstəlikdən ayrıla bilmirdilər. Azərbaycanda bir tərəfdən də qeyri-qanuni, qeyri-leqal silahlı dəstələr çox idi. Bir yerdə ki, qanunsuz silah var, insanlar bu silahdan istifadə edə bilirlər, şübhəsiz ki, onlar cinayətlər də edirlər. Belə cinayətkar qruplar həm kriminal cinayətlər edirdilər, həm də iştahları sonralar o qədər artmışdı ki, onlar artıq hakimiyyəti ələ keçirmək istəyirdilər. Belə bir cinayətkar dəstə Azərbaycanın Daxili İşlər Nazirliyinin OMON dəstəsində - xüsusi təyinatlı milis dəstəsində cəmləşmişdi. 1995-ci ilin mart ayında onlar hakimiyyəti silah gücünə ələ keçirmək istədilər. Bunun da qarşısı alındı. Şübhəsiz ki, bu hadisələr zamanı bəzi adamlar həbs olundu, bəziləri qaçdılar, ayrı-ayrı ölkələrdə gizləndilər. Onların bəziləri indiyədək gizlənirlər. Bu iki hadisə Azərbaycanı çox incitdi. Amma eyni zamanda, Azərbaycanda bu qanunsuz silahlı dəstələrin və ümumiyyətlə, silah yolu ilə hakimiyyəti əldə etmək cəhdlərinin qarşısını almaq üçün çox güclü bir amil oldu. Ondan sonra respublikanın daxilində bizim apardığımız tədbirlər nəticəsində Azərbaycanda daxili ictimai-siyasi vəziyyət ardıcıl olaraq normallaşdırılıbdır. İndi deyə bilərəm ki, Azərbaycanın ictimai-siyasi vəziyyəti sabitdir. Müharibə yoxdur, atəşkəs rejimində yaşayırıq, daxildə də vəziyyət sabitləşibdir.

1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan özünün ilk Konstitusiyasinı qəbul etdi. 1995-ci ilin noyabr ayında Azərbaycan parlamentinə demokratik prinsiplər əsasında ilk seçkilər keçirildi. Parlament də, konstitusiya da işləyir. Ötən dövrdə Azərbaycanın bir çox qanunları qəbul olunubdur. Beləliklə, ötən bu altı il demək olar ki, iki hissəyə bölünə bilər. Onun birinci hissəsi Azərbaycanın daxilində vəziyyətin gərgin olması və Ermənistanla müharibə, ikinci hissəsi isə Azərbaycanda daxili vəziyyətin tədricən sabitləşməsi və atəşkəs rejiminin yaranması, ölkəmizin atəşkəs rejimində yaşamasıdır. Biz elan etmişik və bu konstitusiyada öz əksini tapıbdır ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur və bu dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Bu, bizim siyasətimizin ana xəttidir, strategiyasıdır. Biz bazar iqtisadiyyatı, sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyatın yaranması yolu ilə Azərbaycan iqtisadiyyatında dəyişikliklər aparırıq. Bunun üçün Azərbaycanda həm siyasi, həm iqtisadi islahatlar həyata keçirilir və bu islahatlar öz müsbət nəticələrini verir. Mən iqtisadi sahədən çox şey deyə bilərəm. Ancaq güman edirəm ki, sizi daha çox siyasi məsələlər maraqlandıracaqdır. Ona görə də mən sadəcə, onu deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə gedir, bizim həyata keçirdiyimiz iqtisadi islahatlar bütün sahələrdə öz müsbət nəticələrini verir. Azərbaycanın iqtisadiyyatında əvvəllər - 1989-1990-cı illərdən mövcud olan iqtisadi göstəricilərin ardıcıl olaraq hər il 20-25 faiz aşağı düşməsi 1996-cı ildə dayandırılıbdır. 1996-cı ildən başlayaraq, 1997-ci ildə və 1998-ci ilin birinci yarısında iqtisadiyyatda artım mövcuddur. Mən bir neçə rəqəmi misal gətirmək istəyirəm. Məsələn, 1996-cı ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının artımı 1,3 faiz, 1997-ci ildə 5,8 faiz olubdur və 1998-ci ilin birinci yarısında ümumi daxili məhsul istehsalının artımı 9 faizdir. Maliyyə sistemində çox normal vəziyyət yaranıbdır. 1994-cü ildə Azərbaycanda inflyasiya 1400 faiz idi, bu rəqəm 1995-ci ildə 6 faizə, 1996-cı ildə 4 faizə endirildi. İnflyasiya 1997-ci ildə 0,4 faiz olub, bu ilin 6 ayında isə 0,6 faizdir. Demək, inflyasiya tamam normal vəziyyətdədir. Bizim milli valyutamız normal fəaliyyət göstərir və hətta dollara nisbətən daha da möhkəmlənir.

İqtisadiyyatda bizim başqa yüksək göstəricilərimiz də vardır. Siz onları bilirsiniz. Biz böyük müqavilələr imzalamışıq. Azərbaycanın neft yataqlarından müştərək istifadə olunması üçün Londonda üç böyük müqavilə imzalandı. Bu müqavilələr Böyük Britaniyanın Baş nazirinin iqamətgahında onun və mənim iştirakımla imzalanmışdır. Beləliklə, neft-qaz sahəsində indiyədək dünyanın böyük şirkətləri ilə 15 müqavilə imzalamışıq. 14 ölkəni təmsil edən 26, bəlkə də 28-29 şirkət bu müqavilələrin iştirakçısıdırlar. Azərbaycana investisiya gəlir və o, ildən-ilə artır. Məsələn, bu ilin 6 ayında keçən ilin 6 ayına nisbətən Azərbaycana investisiyanın gəlməsi 70 faiz artıbdır.

Ancaq mən artıq siyasi məsələlərə qayıtmaq istəyirəm. Bizim qarşımızda duran əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasıdır. Dediyim kimi, biz bunu sülh yolu ilə həll etmək istəyirik və öz cəhdlərimizi göstəririk. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. İndi Minsk qrupunun üç həmsədri vardır. Onlar Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə bu məsələni sülh yolu ilə həll etmək üçün prinsiplər qəbul olunubdur. Bunlar üç prinsipdir. Birincisi, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Bu vacibdir, çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü indiyə qədər tanımaq istəmir. İkincisi, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsidir. Üçüncü, Dağlıq Qarabağın əhalisinin - həm erməni millətinə, həm də Azərbaycan millətinə mənsub olan əhalisinin hamısının təhlükəsizliyinin təmin edilməsidir. Biz 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə bu prinsipləri qəbul etdik. Lissabon zirvə görüşündə iştirak edən 54 dövlət, hökumət başçılarından 53-ü bu prinsiplərə səs verdi. Ermənistan bununla razı olmadı. Minsk qrupunun həmsədrləri bunların əsasında 1997-ci ildə təklif hazırlayıb verdilər. Bu təklif də məsələnin iki mərhələdə həll olunmasını nəzərdə tutur.

Mən xəritə vasitəsi ilə vəziyyəti ətraflı şərh etmək istəyirəm. Xəritədə gördüyünüz bu yerlər Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Gördüyünüz bu qırmızı rənglənmiş yer Dağlıq Qarabağın ərazisidir, yaşıl və sarı rənglərlə rənglənmiş yerlər Dağlıq Qarabağın ətrafında sırf azərbaycanlılar yaşamış, indi isə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazidir. Bu Ermənistandır, bu Naxçıvan Muxtar Respublikasıdır. Bu, Azərbaycanla İranın sərhədidir. İşğal nəticəsində Azərbaycanla İranın sərhədinin 130 kilometrdən artıq hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. ATƏT-in Minsk qrupu həmsədrlərinin verdikləri təklif nədən ibarətdir? Onlar məsələnin iki mərhələdə həll olunmasını təklif edirlər. Birinci mərhələdə yaşıl rənglə rənglənmiş ərazilərin - yəni Azərbaycanın 6 inzibati rayonu burada yerləşir - işğalçı qüv-vələrdən azad olunması və qaçqınların, köçkünlərin öz yerlərinə, yurdlarına qayıtması nəzərdə tutulur. İkinci mərhələdə isə Azərbaycanın sarı rənglə rənglənmiş iki rayonunun – Laçın və Şuşa rayonlarının işğalçı dəstələrdən azad edilməsi və qaçqınların oraya qaytarılması, bununla eyni vaxtda Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunun müəyyən olunması nəzərdə tutulur. Bu təkliflər keçən ilin sentyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycana və Ermənistana təqdim olundu. Bu təkliflərdə bizi hər şey qane etmir. Ancaq konstruktiv mövqe tutaraq və məsələyə son qoymaq üçün biz öz etirazlarımızı geriyə götürdük və bunu qəbul etdik. Ermənistan əvvəl bunu qəbul etmək istəmədi. Sonra isə Ermənistanın keçmiş prezidenti bu prinsiplərlə razı oldu. Keçən ilin oktyabr ayında Strasburqda Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan və mən məsələnin bu prinsiplər əsasında həll olunması haqqında bəyanat verdik. Ancaq sonra Ermənistanda vəziyyət dəyişdi, fikirlər parçalandı və bu ilin fevral ayında prezident Ter-Petrosyan istefa verdi. Erməni standa yeni seçkilər keçirildi və artıq sizə məlumdur ki, Robert Koçaryan prezident seçilibdir. Bu sülh danışığı prosesi ona görə də ləngiyibdir.

Düzdür, Minsk qrupunun həmsədrləri may ayında bizim regionda oldular. Onlar Ermənistanda da, Dağlıq Qarabağda da, Azərbaycanda da oldular. Biz Lissabon prinsiplərinə razılığımızı yenə də təsdiq etdik. Amma Ermənistan tərəfindən hələ razılıq əldə olunmayıbdır. Vəziyyət bu yerdədir. 1996-cı ildə Lissabon sammitində Ermənistan bu prinsiplərlə nə üçün razı olmadı? Çünki Ermənistan orada bəyan etdi ki, "Dağlıq Qarabağa dövlət müstəqilliyi vermək lazımdır". Biz bununla heç vaxt razı ola bilmərik. Çünki hər bir ölkənin ərazi bütövlüyünün qorunması beynəlxalq hüquq normalarında öz əksini tapıbdır. Bunlar Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, başqa beynəlxalq təşkilatların əsas prinsipləridir. Biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç vaxt razı ola bilmərik. Dağlıq Qarabağın Ermənistana bağlanması da mümkün deyildir. Bunlar hamısı perspektivsiz şeylərdir. Mümkün olan odur ki, biz reallığı qəbul etməliyik. Təəssüflər olsun ki, Ermənistan bu torpaqları işğal etdiyinə görə özünü müəyyən qədər qalib hesab edir və qalib hesab etdiyinə görə öz istədiyini diktə etmək istəyir. Bu məsələ dünyanın böyük dövlətlərinin başçıları ilə dəfələrlə müzakirə olunubdur. Biz bunu həm MDB-də, həm ATƏT-də müzakirə etmişik. Mən demişəm və bir daha deyirəm, - biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Biz Ermənistanla Azərbaycan arasında uzunmüddətli, etibarlı sülh yaranmasını istəyirik. Ancaq biz Azərbaycan torpağını əlimizdən verə bilmərik. Biz Dağlıq Qarabağa müstəqillik verməyə razı ola bilmərik. Beynəlxalq hüquq normaları da, beynəlxalq təşkilatlar da, şübhəsiz ki, bununla heç vaxt razı ola bilməzlər. Bu reallığı anlamaq lazımdır və bu reallıq anlanılarsa, onda məsələ sülh yolu ilə həll oluna bilər. Bu bizim əsas ağır problemimizdir. Münaqişə 10 ildir ki, davam edir. Bu münaqişə keçmiş Sovetlər İttifaqında ilk münaqişədir. Təəssüf ki, onun qarşısı vaxtında alınmadı. İndi Qafqazda Abxaziya-Gürcüstan, Şimali Qafqazda Çeçenistan münaqişələri və başqa münaqişələr vardır. Biz bütün bu münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ancaq o şərtlə ki, bütün ölkələrin ərazi bütövlüyü qorunub saxlanılmalıdır. Separatçılığa yol verilməməlidir. Separatçılığa heç vaxt bəraət qazandırmaq olmaz. Biz bu prinsipləri rəhbər tuturuq.

Dediyim kimi, Azərbaycan demokratik dövlətdir və biz demokratiya yolu ilə gedirik, bundan sonra da bu yolla gedəcəyik. Bu gün mən bəyan edirəm ki, oktyabrın 11-də Azərbaycanda prezident seçkiləri də tam demokratik prinsiplər əsasında həyata keçiriləcəkdir. Mən jurnalistləri və başqalarını Azərbaycana dəvət edirəm ki, gəlib həm seçkinin hazırlıq prosesini, həm də seçkilərin özünü müşahidə edə bilərlər. Biz bundan çox məmnun ola bilərik. Şübhəsiz ki, demokratiya bizim kimi ölkələr üçün yeni bir şeydir. Bəzən hesab edirlər ki, Azərbaycanda, yaxud keçmiş Sovetlər İttifaqına mənsub olmuş başqa ölkələrdə demokratiya bu gün istənilən səviyyədə olmalıdır. Məsələn, Böyük Britaniyada, Fransada, yaxud Amerikada və Avropa ölkələrindəki kimi olmalıdır. Amma yəqin hamı anlamalıdır ki, bu ölkələr demokratiya yolu ilə on il yox, yüz illərlə gəlibdir. Burada demokratiyanın hələ bu gün də çatışmazlığı vardır. Bizim ölkədə də, başqa ölkələrdə də, inkişaf etmiş ölkələrdə də vardır. Amma əsas o deyil ki, bu gün Azərbaycanda, yaxud başqa ölkələrdə demokratiya hansı səviyyədədir. Biz müstəqil dövlətik və demokratiya yolu ib gedən gənc dövlətik. Əsas odur ki, biz bu yolu tutmuşuq, bu yolla gedirik və bu yolla axıradək gedəcəyik.

Bizim əsas prinsiplərimizdən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasıdır. Bu da asan məsələ deyildir. Çünki keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələr uzun illər əvvəlcə çar Rusiyasinın, sonra isə Sovetlər İttifaqının hakimiyyəti altında olmuşdur. İndi Rusiyada demokratik proseslər gedir. Biz Rusiyada demokratik proseslərin daha da dərinləşməsini və inkişaf etməsini istəyirik. Çünki Rusiya bizim şimal qonşumuzdur. Rusiya ilə bizim iki yüz illik əlaqələrimiz var. Rusiya nə qədər demokratik olsa, o qədər də təhlükəsiz olacaq, bizim üçün o qədər də yararlı tərəfdaş olacaqdır. Ancaq Rusiyada imperiya əhval-ruhiyyəsi inkişaf etsə, o, keçmişdə çar imperiyasına mənsub olan ölkələri yenə də əlinə keçirmək istəsə, yaxud Rusiya MDB-də özünün hakimliyini təsdiq etmək istəsə, şübhəsiz ki, bu, münaqişə doğuracaq, hər bir ölkənin müstəqilliyinə zərər gətirəcəkdir. Ona görə də müstəqilliyimizi qorumaq üçün istəyirik ki, qonşu dövlətlər də demokratik yolla getsinlər və biz də bu yolla gedirik. Mən bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir. Biz bundan sonra heç vaxt müstəqilliyimizi əldən verməyəcəyik.

Müstəqilliyimizi təsdiq edən amillərdən biri də odur ki, Azərbaycanda xarici ölkələrin ordusu, hərbi dəstələri yoxdur. Bilirsiniz ki, Qafqazda üç müstəqil dövlət var - Gürcüstan, Ermənistan, Azərbaycan. Ermənistanın ərazisində Rusiyanın böyük hərbi hissələri - 30 minə qədər qoşunu var. Rusiya Ermənistanda olan hərbi hissələrini özünün hərbi bazası elan edibdir. Bir neçə gün bundan öncə Rusiyanın müdafiə naziri marşal Sergeyev Ermənistana gəlib və hərbi əməkdaşlığı gücləndirmək üçün yeni tədbirlər görüb, yenidən silah-sursat veribdir. Hətta S-300 raketləri də vermək istəyir. Biz buna etiraz edirik. Azərbaycan hökuməti dəfələrlə Rusiyaya öz etirazını bildiribdir. Biz anlaya bilmirik, nə üçün Rusiya Ermənistanda öz hərbi bazalarını saxlamalıdır? Nə üçün Gürcüstanda Rusiyanın hərbi hissələri olmalıdır? Biz buna etiraz edirik. Rusiyanın böyük ərazisi var və hərbi hissələrini öz ərazisində saxlamalıdır. Bunlar hamısı ona görə təhlükəlidir ki, Rusiya hərbi hissələrinin orada olması Azərbaycanla münaqişədə olan Ermənistana gizli yolla silahlar verilməsinə gətirib çıxarır. Keçən ilin mart ayında Rusiya Müdafiə Nazirliyinin məsul şəxsləri bəyan etdilər və sonra da Rusiyanın Dövlət Dumasında müzakirə olundu ki, ötən üç il ərzində Rusiyanın Müdafiə Nazirliyi Ermənistana gizli, qanunsuz yolla 1 milyard dollar dəyərində silah-sursat vermişdir. Biz buna etiraz etdik, mən Rusiyanın prezidenti Boris Yeltsinə müraciət etdim, məktublar yazdım. Biz məsələni çox kəskin qoyduq - bir halda ki, Ermənistanla Azərbaycan hərbi münaqişədədir, tərəflərdən hansınısa silahlandırmaq olmaz. İkincisi, dörd ildir ki, biz atəşkəs rejimində yaşayırıq, Rusiya nə üçün Ermənistana bu qədər silah-sursat verir? Biz bu məsələni hələ axıra çatdıra bilməmişik. Rusiya hökuməti söz verib ki, məsələləri araşdıracaqdır. Biz müştərək komissiya yaratmışıq, ancaq bu məsələni ləngidirlər. Üstəlik, Rusiya indi Ermənistanda öz hərbi bazalarını gücləndirir. Bu, ümumiyyətlə regionda təhlükəsizliyi təmin etmir. Baxmayaraq, Rusiyanın müdafiə naziri deyir ki, "biz burada ona görə qoşun saxlayırıq ki, öz ölkəmizin təhlükəsizliyini təmin etmək istəyirik". Mən bunu anlaya bilmirəm, - bu, məntiqə uyğun deyildir. Biz istəyirik ki, regionda sülhü təmin edək, Ermənistanla Azərbaycan arasında sülh yaransın, Rusiya ilə Azərbaycan arasında dostluq, mehribanlıq əlaqələri olsun, başqa qonşu ölkələrlə - İranla, Gürcüstanla yaxşı əlaqələr olsun. Gürcüstan ilə Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri var. Bütün başqa qonşu ölkələrlə də dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik.

Azərbaycanın coğrafi-siyasi vəziyyəti sizə məlumdur. İndi o, dünyanın çox böyük maraq mərkəzinə çevrilibdir. Birincisi, ona görə ki, 1994-cü ildə ölkəmiz Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqlarından istifadə edilməsi üçün ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalamaqla Xəzərdəki neft ehtiyatlarını Dünya Birliyinə açdı. Ötən dörd il müddətində Xəzəryanı dövlətlər öz sektorlarında çox işlər görüblər. Mən sizə dedim ki, biz burada 15-ci müqaviləni imzaladıq. Qazaxıstan sektorunda da zəngin neft yataqları var, Qazaxıstan bundan istifadə etmək istəyir. Türkmənistan sektorunda, Rusiya sektorunda da zəngin yataqlar var. Xəzərin statusu məsələsi meydana çıxıbdır. Bilirsiniz ki, biz əzəldən Xəzərin sektorlara bölünməsi prinsipini əsas götürmüşük. Mən məmnunam ki, biriki həftə bundan öncə Rusiya və Qazaxıstan prezidentləri Rusiya ilə Qazaxıstan arasında Xəzərin orta xətt üzrə sektorlara bölünməsi haqqında saziş imzalamışlar. Azərbaycanın coğrafi-siyasi vəziyyəti eyni zamanda Qədim "İpək yolu"nun bərpa edilməsi sahəsində də çox əlverişli imkanlar yaradır. Bilirsiniz ki, iki ildir biz dörd ölkə - Gürcüstan, Azərbaycan, Tükmənistan və Özbəkistan Transxəzər magistralı yaratmışıq ki, Mərkəzi Asiyadan Avropaya və Avropadan Mərkəzi Asiyaya yüklər məhz bu yolla getsin. Bu nəqliyyat dəhlizi artıq işləyir. Ancaq son vaxtlar Avropa Birliyi, xüsusən onun iqtisadi komissiyasi TRASEKA proqramı əsasında qədim "İpək yolu"nun bərpa edilməsi məsələsi ilə məşğul olur. Biz də bu məsələyə qoşulmuşuq və Qədim "İpək yolu" üzərində yerləşən ölkələrin, demək olar ki, hamısı - Yaponiyadan başlayaraq Mərkəzi Asiya, Qafqaz, Avropa ölkələri - qoşulubdur. Avropa Birliyinin himayəsi altında sentyabr ayının 7-8-də Azərbaycanda "İpək yolu" üzərində yerləşən 34 ölkənin zirvə görüşü keçiriləcəkdir. "İpək yolu"nun xəritəsi də sizə məlumdur. Yaponiyadan başlayıb Xəzər dənizində Türkmənistanın Türmənbaşı limanına, - oradan Azərbaycanın Bakı limanına qədər gəmi-bərə keçidi var, - gələn qatarlar bərə vasitəsilə Azərbaycana keçir. Sonra biz bunları dəmir yolu ilə Gürcüstanın Qara dəniz sahilinə keçiririk. Oradan isə "İpək yolu" sizin ölkəyə qədər gəlib çatır. Qara dənizdəki limandan bir neçə istiqamətə getmək mümkündür: Dunay çayı vasitəsilə Rumıniyadan gedə bilər, Bolqarıstan, Ukrayna vasitəsilə də gedə bilər. Bu xəttin üstündə yerləşən ölkələr belə bir zirvə görüşünün, konfransın keçirilməsinə razılıq veriblər və sentyabr ayının 7-8-də biz onu keçirəcəyik. Son iki ilin təcrübəsi göstərir ki, bu, iqtisadi cəhətdən çox səmərəlidir. Məsələn, əgər 1996-cı ildə, biz - dörd ölkə müqaviləni imzalayandan sonra Asiyadan Avropaya və Avropadan Asiyaya gedən yüklərin miqdarı 1 milyon ton idisə, keçən il 4 milyon ton olubdur. Bu il isə ondan bir neçə dəfə artıq olacaqdır. Hesab edirəm ki, bu, həm bu ölkələrin əməkdaşlığını təmin edəcək, həm də Qafqaz regionunda sülhün, əmin-amanlığın təmin olunmasına kömək göstərəcəkdir.

Qeyd etdim, ümumiyyətlə Xəzər dənizi böyük maraq dairəsinə çevrilibdir. Cürbəcür fikirlər deyilir, məqalələr yazılır. Hərə öz fikrini bildirir. Ancaq mən bəyan edirəm ki, Xəzər dənizində zəngin neft yataqları var. Azərbaycan sektorunda bu yataqlar çox zəngindir. Amma təkcə Azərbaycan sektorunda yox, Xəzəryanı başqa ölkələrin sektorlarında da var. Biz 15 böyük yatağın istifadə olunması üçün müqavilələr imzalamışıq. Ancaq hələ bir çox yataqlar var ki, biz onların üzərində də işləyirik və müştərək işlər görəcəyik. Bilirsiniz ki, biz ilkin nefti almışıq və keçən ilin noyabrından Bakı-Novorossiysk boru kəməri ilə Qara dənizə çıxarıb dünya bazarına ixrac edirik. Xəzər dənizindən hasil olunan neftin, ümumiyyətlə, Xəzərin şərq tərəfindən olan Qazaxıstan və Türkmənistandan ixrac ediləcək neftin Avropa istiqamətinə çıxarılması da aktual məsələlərdən biridir. Biz Azərbaycan neftinin ixrac olunması üçün bir neçə boru kəməri çəkilməsini nəzərdə tutmuşuq. Dediyim kimi, biri Bakı-Novorossiysk kəməridir, onunla ildə 5 milyon ton neft nəql etmək olar. İkinci neft kəmərini Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına çəkirik və o, gələn ilin birinci yarısında hazır olacaqdır. Bu kəmər ildə 5-7 milyon ton neft ixrac etməyə imkan verəcəkdir. Ancaq böyük neft kəmərinin tikilməsi də çox vacibdir və bu barədə danışıqlar gedir. Xəzər dənizinin neft ehtiyatlarının, habelə təkcə Xəzərdə deyil, Qazaxıstanda, Türkmənistanda neft yataqlarının zəngin olması onu göstərir ki, bir neçə kəmər tikilməlidir. Demək, buradan Novorossiyskə gedən xətt var, Supsaya gedən xətt barədə dedim. Nəhayət, biz hesab edirik ki, böyük neft kəməri buradan Türkiyə ərazisi ilə Ceyhan limanına getməlidir (xəritədə göstərir). Bu məsələ indi müzakirə olunur. Biz Azərbaycanın böyük neftinin məhz bu yolla ixrac olunmasının tərəfdarıyıq. Amma bu da son hədd deyildir. Çünki bir çox başqa boru xətləri də tikilə bilər. Məsələn, Qazaxıstanla Azərbaycan arasında saziş imzalanıb ki, Qazaxıstanın Aktau limanından Xəzər dənizinin dibi ilə neft kəməri tikilsin. Yaxud, Türkmənistanda böyük qaz yataqları var. Türkmənistan öz qazını dünya bazarlarına ixrac etmək istəyir. Bir çox Qərb ölkələri, o cümlədən Türkiyə də Türkmənistanla danışıqlar apararaq, Xəzər dənizinin dibi ilə boru xətti çəkilib Türkmənistan qazının Gürcüstan ərazisinə və oradan Türkiyəyə keçirilməsi layihəsini irəli sürüblər. Biz bunu da, başqalarını da dəstəkləyirik. "Şevron" şirkətinin Qazaxıstanda hasil etdiyi nefti biz boru ilə deyil, tankerlərlə Bakıya daşıyırıq, - keçən il 1 milyon tondan artıq daşınıb, bu il 2 milyon tondan çox daşınacaqdır, - buradan isə həmin neft dəmir yolu vasitəsilə Batumi limanına aparılır.

Beləliklə, bizim regionumuz, Xəzər dənizi iqtisadi cəhətdən çox böyük aktuallıq kəsb edib, böyük maraq dairəsinə çevrilibdir. Ona görə də bizim regionumuzda - Qafqazda, ümumiyyətlə, dünyanın hər yerində sülh olmalıdır. Biz sülhün tərəfdarıyıq, həm öz ölkəmiz, həm də qonşularımız üçün sülh əldə etmək istəyirik.

Mən yenə danışa bilərdim, amma görürəm ki, vaxt çatıb və sizin suallarınıza cavab verməyə hazıram. Sağ olun.

Sual: Qazaxıstan və Türkmənistandan Xəzər vasitəsilə sualtı boru kəmərləri haqqında sual vernıək istəyirəm. Azərbaycan və Türkmənistan arasında sərhəd suları müəyyən olunana qədər bu, mümkündürmü? Ümumiyyətlə, belə bir problem özünü nə dərəcədə göstərir?

Cavab: Türkmənistanla Azərbaycan arasında bir az mübahisəni də biz yaratmamışıq. Biz 1994-cü ilin sentyabr ayından, ilk müqavilə imzalanandan sonra Xəzər dənizində işləməyə başlamışıq. Türkmənistan isə 1996-cı ilin axırında bizim sektorda olan yataqlara müəyyən bir iddia ilə çıxış edibdir. Birincisi, bu, əslində, əsassızdır. İkincisi də, biz Türkmənistana bildirmişik ki, əgər onlarda belə bir iddia vardısa, 1994-cü ildə biz müqavilə imzalayan kimi bunu deməli idilər. Ancaq buna baxmayaraq, hesab edirəm ki, Türkmənistanla Azərbaycan arasında mübahisə həll olunacaqdır. Mən istəməzdim ki, kimsə bundan sui-istifadə etsin. Qazaxıstandan və Türkmənistandan Bakıya neft və qaz boru xətlərinin çəkilməsi bizim arzumuz deyil, bu ölkələrin özlərinin fikridir. Biz buna, sadəcə, razılıq vermişik. Çünki bizim öz sektorumuzda yetərincə, hələ XXI əsrin axırına qədər neft çıxarmaq imkanlarımız var. Mən sizə bildirdim ki, artıq biz iki boru kəmərini yaratdıq, üçüncüsünü də Bakı-Ceyhan xətti üzrə yaratmaq istəyirik. Əgər Qazaxıstan və Türkmənistan özlərinin neftini, qazını qərb istiqamətində ixrac etmək istəyirlərsə, bunun Azərbaycandan, Qafqazdan keçməsi ən əlverişli və iqtisadi cəhətdən ən ucuz yoldur. Bu, bizim təşəbbüsümüz deyildir. Təşəkkür edirəm.

Sual: Hörmətli cənab prezident, siz son dövrdə Azərbaycanda hakimiyyətdə olduğunuz müddətdə insan hüquqlarının qorunması sahəsində bir sıra mühüm addımlar atmısınız. Azərbaycanda ölüm hökmünün ləğv edilməsi barədə qərar vermisiniz, eyni zamanda, bu ilin fevralında insan hüquqlarının qorunması haqqında xüsusi sərəncamınız olmuşdur. Siz həmin sərəncamda insan hüquqları ilə məşğul olan təşkilatlarla Azərbaycanın sıx əməkdaşlığının vacibliyini vurğulamısınız. Çox məmnunuq ki, həmin sərəncamda təşkilatımızın adı çəkilmiş və onunla əməkdaşlığın vacibliyi göstərilmişdir. Təəssüf ki, biz Azərbaycanda insan haqları sahəsində hələ də bir sıra çatışmazlıqların olduğunu görürük. Bu barədə Azərbaycanın hakimiyyət dairələrinə dəfələrlə yazdı surətdə məlumat vermişik. Bilmək istərdik ki, siz hakimiyyət dairələrinə lazımi tapşırıqlar verəcəksinizmi ki, bu məsələləri müzakirə etmək üçün bizimlə konstruktiv danışığa başlasınlar və əməkdaşlıq üçün fikir mübadiləsi aparılsın?

Cavab: Sağ olun, təşəkkür edirəm. Sual çox uzundur, mən isə gərək iki dəfə uzun cavab verəm. Birincisi, həqiqətən mənim təşəbbüsümlə Azərbaycanda ölüm hökmü ləğv olunubdur. Azərbaycan Şərq aləmində, müsəlman dünyasında ilk ölkədir ki, ölüm hökmünü ləğv edib. Bilirsiniz ki, MDB ölkələrinin bir çoxunda da ölüm hökmü hələ ləğv olunmayıbdır. Mən son iki-üç il içərisində bir neçə amnistiya aktları verilməsinin təşəbbüskarı olmuşam və prezident kimi yüzlərlə, minlərlə adamı bağışlamışam, cəza yerlərindən azad etmişəm. Sizə təşəkkür edirəm ki, bizim bu işlərimizi izləyir, qiymətləndirirsiniz və burada bu məsələni qaldırdınız. BMT-nin insan haqları barədə qəbul etdiyi qərarın bu il 50 illiyi tamam olur. Bu münasibətlə biz Azərbaycanda çoxsaylı tədbirlər keçiririk və 50 illiyi Azərbaycanda insan haqlarının daha da qorunması istiqamətində qeyd etmək istəyirik.

Şübhəsiz ki, çatışmazlıqlar da var, mən bunu heç vaxt inkar etməmişəm. Xahiş edirəm, ona da diqqət yetirəsiniz ki, biz gənc ölkəyik, atdığımız bu addımlar çox cəsarətli addımlardır, on illərlə, yüz illərlə yaranmış ənənələrə, psixologiyaya tamamilə zidd addımlardır. Şübhəsiz ki, bunların həyata keçirilməsində qüsurlar, nöqsanlar da var. Ancaq əsas odur ki, bizim bu barədə siyasətimiz düzgün qurulubdur. Siz mənim sərəncamımı xatırlatdınız. Mən çox məmnunam ki, siz onunla tanışsınız. O, sadəcə sərəncam deyil, bu məsələlərdə Azərbaycanın irəli getməsi üçün böyük bir proqramdır. Şübhəsiz ki, mən onun həyata keçiril-məsinə çalışacağam və bundan sonra sizinlə də daha sıx əmək-daşlıq edəcəyik. Sağ olun.

Sual: Cənab prezident, mənim sualım neftin qiyməti ilə əlaqədarlır. Bildiyiniz kimi, son dövrdə dünya bazarında neftin qiyməti aşağı düşüb və neft çıxaran ölkələrin bir çoxu hasilatı azaldıbdır. Bilmək istərdik ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq Azərbaycanın bu sahədəki siyasəti necədir?

Cavab: Şübhəsiz ki, bu, neft hasil edən bütün ölkələrə, o cümlədən bizə də zərər gətiribdir, bu ilin büdcəsinin yerinə yetirilməsində bizə çox problemlər yaradıbdır. Biz bu il üçün çox normal büdcə təsdiq etmişdik, büdcə kəsiri cəmi 2-3 faiz idi. Amma neftin qiymətinin birdən-birə 100 faiz aşağı düşməsi, əlbəttə ki, bizi çox incidibdir. Ancaq biz neft hasil edirik, edəcəyik, satırıq və satacağıq. Hansı qiymətə sata bilsək, o qiymətə də satacağıq. Bu vəziyyəti dəyişdirməyə imkanımız yoxdur. Sadəcə, arzu edərdik ki, neftin qiyməti yenidən qalxsın və güman edirəm ki, qalxacaqdır. Sağ olun. Mən sizə bir daha öz hörmət-ehtiramımı bildirirəm. Sizinlə görüşümü Böyük Britaniyaya səfərimin ən mühüm bir hissəsi hesab edirəm. Sizə cansağlığı, ölkənizə sülh, əmin-amanlıq arzulayıram. Bütün işlərinizdə uğurlar arzu edirəm. Sağ olun.

Görüşdən sonra jurnalistlərin bir neçə sualına cavab

Sual: Siz Rusiyanı Ermənistana hərbi yardım etməkdə təqsirləndirirsiniz. Bəs Rusiya ilə bağlı yaxşı nə isə varmı?

Cavab: Əlbəttə ki, var. Dünən Baş nazirin iqamətgahında müqaviləni imzalayan tərəflərdən biri Yuri Şafrannikin rəhbərlik etdiyi Rusiya şirkəti idi. Mən Şafranniki buraya dəvət etdim, Baş nazirin iqamətgahına gətirdim və o, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları şirkətlərinin rəhbərləri ilə birlikdə müqaviləni imzaladı. Mən dedim ki, cənab Toni Bleyr, mən burada internasional təşkil etmişəm.

Sual: Lütfən, GUAM təşkilatının perspektivləri barədə bir-iki kəlmə deyin. Nədənsə, o yaranandan sonra onun haqqında çox az söhbət getmişdir.

Cavab: Kimlərsə onun inkişafına mane olurlar. Hesab edirəm ki, bu təşkilat özünə yol açacaqdır.

Sual: Hansı istiqamətdə yol açmalıdır, siz onun gələcəyini necə görürsünüz?

Cavab: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova arasında əməkdaşlıq istiqamətində.

Sual: Zəhmət olmasa, Supsa-Odessa, Odessa-Brodı və digər marşrutların perspektivi və bunlardan istifadə edilməsi barədə danışın.

Cavab: Bunlar realdır. Çünki indi Ukrayna Supsadan Odessaya İliçovsk limanına bərə keçidi yaradır. Bərə ilə hələlik yük avtomobilləri daşınacaq, ancaq tezliklə elə edəcəklər ki, dəmir yolu vaqonları da daşımaq mümkün olacaqdır. Bu, real olacaqdır.

Sual: Tezmi olacaqdır?

Cavab: Bu, Ukraynadan asılı olacaqdır, onlar buna çox maraq göstərirlər və mən də bunu dəstəkləyirəm.