Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Məsud Yilmazın Binə Hava Limanında qarşılanma mərasimində bəyanatı - 14 aprel 1996-cı il


Hörmətli baş nazir! Hörmətli qonaqlar!

Bu gün Türkiyə Cümhuriyyətinin baş naziri hörmətli dostumuz Məsud Yılmaz mənim dəvətimlə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Bu səfər Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin yeni parlaq təzahürüdür. Bu, təbii bir haldır. Bizim ölkələrimiz arasında çox dərin, sıx dostluq, qardaşlıq əlaqələri var. Ona görə də bizim bir-birimizlə görüşməyimiz, bir-birimizin ölkələrinə səfərlərimiz bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün çox lazımdır.

Hörmətli baş nazir! Mən sizə təşəkkür edirəm ki, siz mənim dəvətimi qəbul edib, Azərbaycana rəsmi səfərə gəlmisiniz. Əminəm ki, burada olduğunuz zaman Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının sizə olan hörmət və ehtiramını hiss edəcəksiniz. Özünüzü öz evinizdə hiss edəcək, Azərbaycanın qonaqpərvərliyini duyacaqsınız. Sizin buraya gəlməyiniz, danışıqlarımız, söhbətlərimiz, Azərbaycanla tanışlığınız əlaqələrimizin inkişafını daha da yüksəklərə qaldıracaqdır.

Bildiyimə görə siz birinci dəfədir ki, Azərbaycana səfər edirsiniz. Bakı - Azərbaycanın paytaxtı sizi bir əziz qonaq kimi qəbul edir və əminəm ki, siz də Bakıda olmağınızdan məmnun qalaçaqsınız. Bir daha xoş gəlmisiniz, səfa gətirmisiniz, Azərbaycanın bütun evləri, bütün ailələri sizi səmimiyyətlə qarşılayır və sizin üzünüzə açıqdır.