Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Şevron" korporasiyasının vitse-prezidenti Riçard Matskenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 28 fevral 2001-ci il


Heydər Əliyev: Çoxdandır ki, sizi görmürəm, Azərbaycana xoş gəlmisiniz.

Riçard Matske: Biz burada olmağımızdan çox şadıq. Buraya tez-tez gələ bilmədiyimizə görə mən üzr istəməliyəm.

Heydər Əliyev: İşləriniz necə gedir?

Riçard Matske:"Abşeron" blokunda qazma işləri davam edir. Ümidvaram ki, hər şey yaxşı olacaqdır.

Heydər Əliyev: Siz onda mənə söz verdiniz ki, çox böyük neft və qaz aşkar edəcəksiniz. Hətta"Şahdəniz"dən də çox.

Riçard Matske: Mən ümid edirəm ki, vədimə əməl edəcəyəm.

Heydər Əliyev: Çox gözəl, mən də bunu istəyirəm. Azərbaycanda bir məsəl var:"Kor nə istər, iki göz, biri əyri, biri düz".

Riçard Matske: Biz ümid edirik ki,"Abşeron" blokunda"gözlərin hər ikisi düz olacaqdır".

Heydər Əliyev: İkisi də düz olacaqdır, çox yaxşı. Başqa sahələrdə işləriniz necədir?

Riçard Matske: Dünyada neftin qiyməti yüksək olduqda, demək olar ki, işlərimiz yaxşı gedir.

Heydər Əliyev: Neftin qiyməti də gah qalxır, gah düşür. O sizə də təsir edir, bizə də.

Riçard Matske: Bir halda ki, nisbətən yüksək səviyyədə dəyişir, biz onunla yaşaya bilərik.

Heydər Əliyev: Yaxşı, mən başa düşürəm ki, gərək mətbuatı azad edək.

Riçard Matske: Mənə elə gəlir ki, yaxşı olardı. Ona görə ki, biz təkcə"Abşeron" bloku haqqında yox, həm də"Şevron"un Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması haqqında danışmaq istəyirik.

Heydər Əliyev: Bunu artıq bütün dünya bilir.

Riçard Matske: Yəqin ki, Siz demisiniz.

Heydər Əliyev: Yaxşı.