Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam inqilabının ildönümünə həsr olunmuş mərasimdə çıxışı - "Gülüstan" Sarayı, 10 fevral 1997-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi İran İslam inqilabının ildönümü münasibətilə ürəkdən təbrik edirəm, mən xoş arzularımı, ürəkdən gələn təbriklərimi sizə və bütün İran xalqına çatdırıram.

İran Azərbaycanın qonşusudur, dostudur, dost ölkədir və qonşuluğumuz əsrlər boyu bizi bir yerdə edibdir. Adət-ənənələrimizin, mənəvi, dini ənənələrimizin eyni olması, bir-birinə bənzərliyi bizi bir-birimizə bağlayıb və doğma edibdir.

Azərbaycan xalqı İran xalqına, respublikasına, onun həyatına daim maraq göstərmişdir və İran xalqının nailiyyətləri ilə həmişə sevinmişdir, fəxr etmişdir. Bu gün İran inqilabının ildönümünlə bayram kimi qeyd edərək, biz İran xalqının imam Xomeyninin rəhbərliyi altında etdiyi inqilabdan sonrakı dövrdə əldə etdiyi nailiyyətlərə sevinirik və bu nailiyyətlər münasibətilə sizi, bütün İran xalqını təbrik edirik.

Həqiqətən, İran İslam inqilabından sonra İranda böyük dəyişikliklər baş vermişdir. İran müstəqil dövlət kimi Dünya Birliyində öz mövqelərini daim bildirərək, özünəməxsus olan siyasəti aparmışdır. Ən əsası ondan ibarətdir ki, İran xalqının rifah halı, güzəranı yaxşılaşmışdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra İran ilə dərhal dövlətlərarası əlaqələr qurmuşdur. Bu gün bir daha məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, İran Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən beş il ərzində İran ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr sürətlə inkişaf etməkdədir. Həqiqətən, ötən 1996-cı il İran-Azərbaycan əlaqələri sahəsində çox məhsuldar olmuşdur. Mənim Prezident cənab Haşimi-Rəfsəncani ilə və İran İslam Respublikası prezidentinin birinci müavini cənab Həbibi ilə İranda və Azərbaycanda, Türkmənistanda keçirdiyim görüşlərimiz və danışıqlarımız, bu ölkənin digər dövlət nümayəndələrinin respublikamıza etdiyi ziyarətlər və Azərbaycanın dövlət nümayəndələrinin İrana etdiyi səfərlər nəticəsində əlaqələrimizin sürətlə inkişaf etməsi üçün ciddi addımlar atılmışdır.

İranın və Azərbaycanın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir və hesab edirəm ki, belə əməkdaşlıq etmək üçün çox geniş imkanlar vardır. İqtisadi əməkdaşlığı daha da sürətləndirmək üçün İran-Azərbaycan müştərək iqtisadi əməkdaşlıq komissiyası xeyli iş görübdür. Ancaq hesab edirəm ki, onların qarşısında daha da böyük vəzifələr durur. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar bu vəzifələri yerinə yetirəcəklər. Azərbaycanın prezidenti kimi mən bu komissiyanın gələcəkdə də fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəyəm, lazımi tədbirləri görəcəyəm.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" neft-qaz yatağının birgə işlənməsi üçün xarici ölkələrin şirkətləri ilə keçən ilin iyununda imzalanmış müqavilədə İran İslam Respublikasının neft şirkətinin də iştirak etməsi əməkdaşlığımızın parlaq nümunələrindən biridir. İran-Azərbaycan əlaqələrinin indiyədək keçdiyi yol onu göstərir ki, bizim bütün sahələrdə – iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanlarımız vardır. Biz bu imkanlardan səmərəli istifadə etməyə çalışırıq və bundan sonra da çalışacağıq.

İran-Azərbaycan dostluğunun parlaq nümunələrindən biri də ondan ibarətdir ki, İran dövləti, hökuməti Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzü daim pisləmişdir. İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə ölkəmizin təkliflərini dəstəkləyir.

Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin bir qisminin işğal olunması ilə əlaqədar o rayonların, torpaqların, sakinlərinin qaçqın, didərgin düşməsi İranda da çox böyük narahatlıq hissi doğurur. İran İslam Respublikası Azərbaycanda olan məcburi köçkünlərin və qaçqınların maddi vəziyyətini yaxşılaşdırmaq üçün indiyədək xeyli kömək etmişdir. Bu fürsətdən istifadə edərək mən həmin köməyə görə İran hökumətinə və xalqına təşəkkürümü bildirirəm.

Çoxəsrlik tariximizdə ilk dəfədir ki, İran ilə Azərbaycanın çox gözəl, sağlam dövlətlərarası əlaqələri yaranıbdır. Mən bunu tarixi nailiyyət hesab edirəm. Hesab edirəm ki, biz bu nailiyyəti qoruyub saxlamalıyıq və ondan səmərəli istifadə etməliyik. Bir sözlə, İran-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Bizim vəzifəmiz xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdan, dostluq əlaqələrimizi möhkəmləndirməkdən, əməkdaşlığımızı inkişaf etdirməkdən və üzərimizə düşən tarixi vəzifələri layiqincə yerinə yetirməkdən ibarətdir.

Ötən bir ayda bütün müsəlman aləmi, o cümlədən Azərbaycan orucluq ayını keçirdi. Mən çox məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, xalqımız öz mənəvi dəyərlərinə, dininə qayıdıb, öz dini-mənəvi adət-ənənələrini bərpa edibdir. Azərbaycanda da Ramazan ayı hər yerdə, hər bir vətəndaşın, müsəlmanın vicdanına görə layiqincə keçirilibdir. Nəhayət, dünən biz Orucluq bayramını qeyd etdik. Mən bu bayram münasibətilə sizi təbrik edirəm və sizin hamınıza cansağlığı, səadət arzulayıram.

Hörmətli dostlar, İran İslam inqilabı bayramı münasibətilə sizi bir daha təbrik edirəm, hamınıza, bütün İran xalqına səadət və xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun. Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya