Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Dövlət Departamentinin regional münaqişələr üzrə xüsusi nümayəndəsi səfir Keri Kavanonu və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - Prezident sarayı, 9 may 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Kavano!

Hörmətli səfir!

Hörmətli qonaqlar!

Sizinlə yenidən görüşməyimdən məmnunam. Azərbaycana xoş gəlmisiniz! Ümidvaram ki, sizinlə bu görüşümüzdə bizim üçün çox mühüm olan məsələləri müzakirə edə biləcəyik.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr çoxsahəlidir. Bu əlaqələrin həm iqtisadi, həm siyasi, həm ictimai, başqa sahələri də var. Amma sizinlə, cənab Kavano, bizim bir sahəmiz var ki, bu, bütün sahələrdən vacibdir. O da Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, sülh prosesinin davam etdirilməsidir. Güman edirəm ki, bu barədə biz sizinlə ətraflı danışa biləcəyik. Buyurun.

Keri Kavano: Siz doğru qeyd edirsiniz, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr çox zəngin və çoxtərəflidir. Mən sülh prosesinin inkişaf etdirilməsi ilə əlaqədar buraya növbəti səfərimdən və dialoqu davam etdirməyimdən çox məmnunam.

Biz bu gün Sizinlə sülh barədə danışırıq. Sabah Amerika Birləşmiş Ştatlarından gələcək növbəti nümayəndə heyəti isə Sizinlə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq mövzusunda söhbət aparacaqdır.

Mən hesab edirəm ki, bu gün sülh haqqında danışmaq üçün uğurlu gündür. Bu gün biz Qələbə bayramını qeyd edərkən müharibənin nəyin hesabına başa gəldiyini, sülhün hansı qiymətə olduğunu, necə dəyər kəsb etdiyini bir daha xatırlayırıq.

Mən bilirəm ki, Azərbaycan xalqı da müharibənin vurduğu itkini, zərəri və sülhün dəyərini çox gözəl anlayır. Biz inanırıq ki, qarşıdakı aylar ərzində sülh prosesini inkişaf etdirmək üçün imkanlar vardır. Regiona bu həftə etdiyim səfər də məhz o məqsədi daşıyır. Bu səfərim zamanı həm Yerevanda və həm də Azərbaycanda olmuşam. İcazə verin, onu da əlavə edim ki, prezident Klinton və dövlət katibi xanım Olbrayt da bu məsələ ilə çox yaxından məşğuldurlar və bu işlə çox maraqlanırlar.

Biz prezident Klintonun gələn ay Moskvaya səfərini hazırlayırıq. O, bu səfər ərəfəsində bizim münasibətlərimizi bir daha nəzərdən keçirmək və qeyd etdiyim məqsədlərə Moskvada nail olmaq üçün bundan istifadə etmək istəyir.

İcazə verin, onu da Sizə çatdırım ki, bir həftədən sonra mən Minsk qrupunda olan digər həmsədr həmkarlarımla birlikdə Cenevrədə görüş keçirəcəyəm. Biz həmin görüş zamanı sülh prosesini irəli aparmaq məqsədi ilə yeni təkliflər barədə fikir mübadiləsi edəcəyik.

Həmsədrlərin görüşündən sonra, növbəti gün hər üçümüz birlikdə beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirəcəyik. Bu görüşün də əsas məqsədi bərpa işlərinin aparılması üçün zəruri ehtiyacların müəyyənləşdirilməsi və qiymətləndirilməsinin təşkil olunmasıdır. Cenevrədə keçiriləcək həmin görüşdə 12-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər və biz işğaldan azad olunacaq torpaqlarda qaçqınların məskunlaşdırılmasına yardım göstərmək planları barədə danışacağıq. Bu görüş zamanı həmçinin azad olunacaq ərazilərdə dəmir yollarının, elektrik stansiyalarının, kəndlərin, şəhərlərin bərpa edilməsi barədə geniş fikir mübadiləsi aparılacaqdır. Onlar anlayırlar ki, bu, çox böyük bir vəzifədir.

Onu da dərk edirlər ki, tam sülh əldə olunmayıbdır. Amma hesab edirik ki, sülhün əldə olunmasına hazırlaşmaq üçün əlverişli vaxt çatmışdır. Sülh əldə olunarsa, insanların öz yurdlarına qayıtması dərhal təmin edilməlidir.

İnsanların həyatını yenidən normallaşdırmağın, bu işi təmin etməyin vaxtı gəlib çatmışdır. Həm Azərbaycanda, həm də Ermənistanda. Biz bu aylar ərzində həmin məsələlərlə də ciddi məşğul olacağıq.

Heydər Əliyev: Həqiqətən, bu gün çox əlamətdar bir gündür. 55 il bundan öncə böyük koalisiya - Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, təbiidir ki, Avropanın vətənpərvər qüvvələri ilə bərabər, alman faşizmi üzərində son qələbə əldə etdi. Mən bu gün veteranlarla görüşəndə və Azərbaycanın həlak olmuş vətəndaşlarının xatirəsini qeyd edəndə dediyim sözlərdə də məhz qələbənin nə qədər əhəmiyyətli olduğunu və o müharibənin təkcə XX əsrdə yox, bəlkə də bəşər tarixində nə qədər dəhşətli olduğunu bir daha yada saldım. Sevindirici haldır ki, İkinci dünya müharibəsi qurtarandan sonra 55 il keçibdir, yenidən dünya müharibəsi başlanmayıbdır. Amma Birinci dünya müharibəsindən heç 20 il keçməmiş bizim əsrdə İkinci dünya müharibəsi başlandı. Bu, onu göstərir ki, insan cəmiyyəti, bəşəriyyət sülhə daha çox meyl edir, sülhə doğru gedir.

İkinci dünya müharibəsindən sonra "soyuq müharibə" başlandı. O da xeyli bir zaman çəkdi. Ancaq ona da son qoyuldu. Sovet İttifaqı dağıldı, Varşava paktı dağıldı. Bizim ölkələr, o cümlədən Azərbaycan müstəqilliyini əldə etdi. Bunların hamısı bu sülh prosesinin nəticəsidir. Biz bunları çox yüksək qiymətləndiririk. Amma eyni zamanda lokal müharibələr hələ də ləğv olunmayıbdır. Dünya müharibəsinin olmaması bizi sevindirdiyi qədər, eyni zamanda, lokal müharibələrin, münaqişələrin olması bizi həddindən artıq narahat edir. Xüsusən Azərbaycanı. Çünki ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsindən çox böyük zərər çəkmişdir. Bütün bunlara görə də biz Azərbaycanda sülhü bəlkə də dünyanın digər ölkələrindən, insanların hamısından çox istəyirik.

Artıq altı ildir, mayın 14-də altı il tamam olacaqdır ki, biz atəşkəs rejimində yaşayırıq. Bu, Azərbaycanın nə qədər sülhsevər siyasət apardığını və sülhə nə qədər bağlı olduğunu göstərir.

Bilirsiniz ki, sizin Minsk qrupunun, onun həmsədrlərinin - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın iştirakı ilə son illər biz sülhə nail olmaq üçün çox addımlar atdıq. Nəhayət, bilirsiniz ki, keçən il Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında bilavasitə bir neçə görüş keçirilibdir. Bu gün mən deyə bilərəm ki, bu görüşlər bizi sülhə doğru aparırdı. Siz bunu yaxşı bilirsiniz. Ancaq bu sülh prosesinin dayanmasında yenə də Azərbaycanın günahı yoxdur. Keçən ilin oktyabr ayında Ermənistanda sizə məlum olan hadisələrin baş verməsi ilə əlaqədar sülh prosesi dayandı. Mən bir neçə dəfə bunu sizə bildirmişəm, Davosda görüşümüz zamanı, fevral ayında Vaşinqtonda prezident Bill Klinton ilə, xanım Olbraytla, başqa şəxslərlə, - orada siz də iştirak edirdiniz, - dövlətinizin başqa rəhbərləri ilə görüşlərimin hamısında mən Azərbaycanın mövqeyini bildirmişəm. Bu da ondan ibarətdir ki, biz sülh prosesini davam etdirmək istəyirik.

Bu münasibətlə mən çox məmnunam ki, siz bu prosesə yeni bir impuls vermək fikrindəsiniz. Sizin həm Ermənistana, həm Azərbaycana səfəriniz bunu nümayiş etdirir. Mən bunu alqışlayıram. Sizin bildirdiyiniz kimi, Cenevrədə həmsədrlərin nümayəndələrinin görüşü və ondan sonra həmsədrlərin birlikdə beynəlxalq maliyyə təşkilatları ilə görüşü də, təbiidir ki, artıq sizin bu barədə çox ciddi fikirlərinizin olmasını göstərir. Sizin bu planlarınıza mən çox ümidlə baxıram.

Siz buyurdunuz ki, prezident Bill Klintonun Moskvaya səfərini hazırlayırsınız. Bu səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsi də gündəlikdədir. Mən arzu edərdim ki, həmin məsələ gündəlikdə birinci yerdə dursun. Xahiş edirəm, prezident Bill Klintona çatdırasınız ki, fevral ayında onunla danışığımızı bir daha yadına salsın. Söhbət zamanı o, mənə bir daha dedi ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün əlindən gələni edəcəkdir. Sizin bu barədə fəaliyyətinizin nəticələrini bilməyə biz hazırıq. Şübhə etmirəm ki, sizin indi yenidən fəaliyyətə başlamağınız meydana elə təkliflər çıxaracaqdır ki, onlar məsələnin uzadılmasını yox, qısa müddətdə həllini təmin edəcəkdir.

Biz sizinlə oktyabr ayında da görüşərkən sülhün artıq mümkün olmasını görərək, - bu, sizin təklifinizdir, -bərpa məsələlərini gündəliyə gətirdik.

Noyabr ayında İstanbulda prezident cənab Bill Klintonla görüşərkən - siz də bu görüşdə iştirak edirdiniz - bu məsələlər yenidən gündəlikdə idi. Orada mən Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın prezidenti Jak Şirakla da görüşəndə o, mütləq bu maliyyə ehtiyatlarını, Avropa Birliyini səfərbər edib, bərpa işləri ilə məşğul olunması haqqında çox ciddi fikirlər söyləyirdi. Bunlar belə bir təəssürat yaradır ki, demək, yəqin ki, yaxın vaxtlarda biz sülh əldə edə biləcəyik. Ona görə də indi biz bərpa məsələləri haqqında müzakirə aparırıq. Keçmiş illərdə bərpa məsələləri heç vaxt gündəlikdə durmamışdı. Çünki indi belə demək olar ki, o vaxtlar sülhün əldə olunmasının reallığı hələ yaxında deyildi. İndi isə, güman edirəm ki, bu, yaxınlaşır. Hər şey sizdən asılıdır. Bizdən nə asılıdırsa, bilirsiniz ki, biz bunların hamısını edəcəyik. Ona görə mən sizin bu məlumatlarınızdan çox məmnunam.

Keri Kavano: Mən Sizin ümidlərinizi və inamınızı bölüşürəm ki, biz bu gün sülhə daha çox yaxınlaşmışıq. Amma bu da məhz Sizin liderliyinizdən asılı olmuşdur. Sizin səbrliliyinizdən çox asılı olmuşdur.

Oktyabr ayından ötən müddət Ermənistan üçün çətin bir dövr olmuşdur. Amma mən inanıram və deyərdim ki, Ermənistana, Yerevana bu həftə etdiyim səfər bunu bir daha təsdiqlədi ki, orada vəziyyət sabitləşibdir. Mən Yerevanda rəhbərlikdən də sülhə eyni sadiqliyi eşitdim və bu prosesi irəli aparmaq arzularını duydum.

Bu fürsətdən istifadə edib, Sizin veteranlar barədə də bir neçə kəlmə demək istəyirəm. Alman ordusu tərəfindən istehsal olunmuş bir filmdən aldığım təəssüratları heç vaxt unuda bilmirəm. Həmin film Hitlerin ad günündə çəkilmişdi. Filmdə həmin gün Hitlerə hədiyyə olaraq gətirilmiş tort göstərilir. Xəritəyə oxşadılmış tortdan Hitlerə çatacaq pay məhz tortun Bakını əks etdirən hissəsi idi. Hitlerin müharibəni udması üçün alman ordusu Bakıya "brilyant" kimi baxırdı. Amma o, heç vaxt Xəzər dənizini gəlib görə bilmədi. Onun buraya uzanan yollarının qarşısını sizin xalqınızın mərdliyi, cəsurluğu kəsdi. Biz hesab edirik ki, onun "brilyantı" ələ keçirə bilməməsi məhz müharibənin müddətini azaltdı.

Biz amerikalılar almanlarla ilk dəfə Belçikada rastlaşdıq, qarşılaşdıq. Həmin müharibədə, döyüşlərdə biz ona görə qalib gəldik ki, praktiki olaraq onların benzini qurtarmışdı. Biz o müharibədə ona görə qalib gəldik ki, hamımız bir idik. Siz Amerika Birləşmiş Ştatlarının Sovetlər İttifaqı, Böyük Britaniya və digər ölkələrlə alyansına toxundunuz. Bu baxımdan, müəyyən mənada desək, bu gün Minsk qrupunda da həmin alyans mövcuddur. Rusiya, ABŞ, Avropa Birliyi - hamı eyni məqsədə xidmət üçün səylər göstərməkdədir. Allahın köməyi ilə indi təhlükə də əvvəlkindən fərqlidir. Amma sülhün dəyəri və qiyməti əvvəlki kimi önəmlidir.

Ümidvaram ki, birgə səylərimiz nəticəsində əvvəllər olduğu kimi, bu dəfə də biz sülh əldə edilməsinə nail olacağıq. Anlayırıq ki, sülhün əldə edilməsi uzun çəkibdir. Bunu Sizin bir daha dərk etməyinizi, Sizin səbrinizi yüksək qiymətləndiririk. Anlayırıq ki, bu məsələnin uzanması Sizin xalqınız üçün çətindir.

Bilirsiniz ki, keçən ilin dekabrında mən Minsk qrupundan olan həmkarlarımla bərabər qaçqın düşərgələrində olmuşam. Biz qaçqınların ehtiyaclarını anlayırıq. Həmin o qaçqınlarla düşərgələrdə görüşlərimiz, onların ehtiyaclarını öz gözlərimizlə görməyimiz sanki bizim daha fəal çalışmağımız üçün "yanacaq", "benzin" rolunu oynayıbdır. Başqa sözlə desək, sülhün əldə olunması, qaçqınların öz yurd-yuvalarına dönməsi üçün enerjimizin və səylərimizin artırılmasında bizə güc veribdir.

Sizin və Ermənistanın yardımı olmadan biz bu prosesi irəli apara bilmərik. İndi biz münaqişədə olan ölkələr tərəfindən sülh əldə olunmasının mümkünlüyünə sadiqliyi görərək daha da ruhlanmışıq.

İcazə verin, prezident Bill Klintonla bağlı bir məsələyə də toxunum. Sizinlə fevral ayında görüşən zaman cənab Klintonun Sizə söylədiklərini mənim yenidən ona xatırlatmağıma heç ehtiyac yoxdur. Çünki Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında yaranmış vəziyyət mütəmadi olaraq onun diqqətindədir, yaddaşındadır. O, hər zaman istəmişdir ki, burada - Qafqazda münaqişələrin həlli təmin olunsun.

Amma Sizə onu da demək istəyirəm ki, İstanbulda Sizinlə və prezident Koçaryanla keçirdiyi görüşlərdən sonra cənab Bill Klinton bu məsələyə xüsusi enerji ilə qoşulubdur. Siz də bilirsiniz, o da əlindən gələn hər şeyi etməyə hazırdır ki, bu məsələnin həllində yardımçı olsun.

Son olaraq, icazə verin, səfərimin başqa məsələyə də aid olmasına toxunum. Bu gün - bu Qələbə bayramı günü Sizin ölkənizdə olsaq da, amma bilirik ki, sabah Sizin üçün xüsusi bir gündür, - Sizin ad gününüzdür. Biz düşünürdük ki, Sizə xüsusi bir hədiyyə gətirək. Sizə layiq hədiyyəni seçmək bizim üçün çətin oldu. Sülh prosesinə Sizin verdiyiniz böyük töhfənin müqabilində bizim gətirəcəyimiz hədiyyənin ölçüsü də çox böyük olmalı idi, amma təyyarə balacadır. Sonra düşündük ki, hədiyyə kiçik ölçüdə olsa da, onun mənası və dəyəri olduqca böyük olmalıdır. Ona görə də mən Sizə balaca bir hədiyyə gətirmişəm.

Heydər Əliyev: Bu nədir?

Keri Kavano: Bu, Ağdam məscidinin kiçik bir parçasıdır, balaca bir hissəsidir. Amma bu, balaca olsa da, Sizin bərpa etmək arzusunda olduğunuz torpağın bir hissəsidir. Biz ümid edirik ki, bir gün gələcək, o böyük məscidin özü tamamilə geri qayıdacaqdır. Biz də onun bərpa olunmasında yardımçı olub insanların orada dua etməsi üçün şərait yaradılmasına nail olacağıq.

Heydər Əliyev: Çox sağ olun. Sizə təşəkkür edirəm. Siz məni çox mütəəssir etdiniz. Düzü, bu qədər orijinallığı mən təsəvvür edə bilməzdim.

Mən bilirəm ki, Siz Ağdamda dekabr ayında olmusunuz. Əgər oradan, o məsciddən bir parça qoparıb özünüzdə saxlamısınızsa və bunu da bu gün, doğum günüm ərəfəsində mənə verirsinizsə, siz doğrudan da qəlbən sülhə bağlı insansınız və Azərbaycanın sülhə çatmasına qəlbən çalışırsınız. Bu, o qədər gözlənilməz şeydir ki, bilirsiniz, məni çox təsirləndirdi. Mən sizə çox-çox təşəkkür edirəm. Arzu edirəm ki, sizin köməyinizlə, bizim ümumi işlərimizin nəticəsində biz Ağdama gedək, o məscidi bərpa edək, bütün işğal olunmuş yerləri bərpa edək.

Mən bu hədiyyəni saxlayacağam. Ağdam işğaldan azad olunandan sonra xahiş edəcəyəm ki, sizinlə bir yerdə oraya gedək və bunu dəyərli bir muzey eksponatı kimi məscidə verəcəyəm ki, orada saxlasınlar. Bu, mənə daha da çox ümid verir ki, tezliklə sülhə nail olacağıq.

Siz bizim veteranlar və 1945-ci ildə əldə etdiyimiz ümumi qələbə haqqında çox dəyərli sözlər dediniz. Hitlerə ad günündə təqdim olunmuş tort bizə də məlumdur, onu filmlərdə görmüşük. Həqiqətən, həmin tortda Bakı xüsusi göstərilmişdi və onlar da Bakını, Azərbaycanı ələ keçirmək istəyirdilər.

Mən bu gün veteranlar qarşısında çıxış edərkən onu da xatırlatdım ki, o vaxt Azərbaycan Sovetlər İttifaqının istehsal etdiyi neft və neft məhsullarının 70 faizini verirdi. Əgər Bakı, Azərbaycan nefti olmasaydı, qələbəni əldə etmək çox çətin olardı.

Belçika kiçik bir yerdir. Orada almanların benzini qurtardığına görə siz qələbəni əldə etdiniz. Hesab edin ki, Sovetlər İttifaqı kimi böyük ərazidə əgər doğrudan da benzin qurtarsaydı, alman faşizmi üçün qələbə əldə etmək çətin olmayacaqdı. Bəli, o vaxt biz Qafqazı, Azərbaycanı qoruyub saxladıq, nefti qoruyub saxladıq, Xəzər dənizini qoruyub saxladıq.

İndi Azərbaycanın böyük neft sərvətlərini sülh naminə, demokratiya naminə, Azərbaycanın müstəqilliyi naminə, sizinlə - Amerika Birləşmiş Ştatları ilə və Qərb ölkələri ilə birlikdə hasil etməyə çalışırıq. Bu sahədə biz yaxşı nailiyyətlər əldə etmişik.

İndi bizim üçün ən əsas məqsəd sülh əldə etməkdir. Sübuta ehtiyac yoxdur ki, sülh əldə ediləndən sonra burada hər şey tamamilə başqa cür olacaqdır. Ona görə də mən budəfəki səfərinizə görə, sülh prosesinin inkişaf etdirilməsi üçün bizə verdiyiniz məlumatlara görə sizə bir daha təşəkkür edirəm. Bir də deyirəm ki, sizinlə bu yolda əməkdaşlıq etməyə və məqsədimizə nail olmağa biz hazırıq. Sağ olun.