Azərbaycan Respublikası Milli Məclisinin BMT-nin Baş katibi Butros Butros-Qalinin Azərbaycan səfərinə həsr olunmuş təntənəli iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 31 oktyabr 1994-cü il


Möhtərəm Baş katib, cənab doktor Butros Butros-Qali, hörmətli Məclis üzvləri, mətbuat nümayəndələri.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Butros Butros-Qali Azərbaycan Respublikasında, Azərbaycan torpağında rəsmi səfərdədir. Cənab Butros Butros-Qalinin respublikamıza rəsmi səfəri, buradakı görüşləri, bizimlə apardığı geniş söhbətlər - bütün bunlar BMT Baş katibinin, bu nüfuzlu beynəlxalq təşkilatın, şəxsən cənab Butros Butros-Qalinin müstəqil Azərbaycan Respublikasına, Azərbaycan xalqına göstərdiyi qayğının, hörmətin və mərhəmətin nümayişidir.

İndi Azərbaycan parlamentində, respublika ictimaiyyətinin nümayəndələri qarşısında cənab Butros Butros-Qali çox məzmunlu, dəyərli nitq söylədi, Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti barəsində məlumatlar verdi, həm də bu beynəlxalq təşkilatın Azərbaycan Respublikasının müstəqilliyinə, respublikamızın müstəqil dövlət kimi Dünya Birliyində yerinə əhəmiyyət verdiyini bildirdi.

Hörmətli cənab Butros Butros-Qali, sizin Azərbaycana səfərinizə görə, burada apardığınız çox səmərəli işə görə, bu gün burada söylədiyiniz nitqə və Azərbaycan xalqına göstərdiyiniz diqqətə görə sizə Azərbaycan Respublikası adından, şəxsən öz adımdan dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Cənab doktor Butros Butros-Qali BMT-nin 49 illik fəaliyyətindən danışdı və bu təşkilatın yarandığı dövrdən indiyə qədər dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması üçün apardığı işlərdən, əldə etdiyi nailiyyətlərdən danışdı.

Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası BMT-nin fəaliyyətinə yüksək qiymət verir, cənab Butros Butros-Qalinin bu gün buradakı nitqini çox məmnuniyyətlə qəbul edir və həmin məlumatlardan bir daha dərk edir ki, Birləşmiş Millətlər Təşkilatı 49 illik fəaliyyəti dövründə böyük işlər görübdür, dünyanın indiki şəraitdə olması üçün təminatlar yaradıbdır. Birləşmiş Millətlər Təşkilatı dünya tarixində bu təşkilatın yarandığı dövrə qədər movcud olmuş bütün beynəlxalq təşkilatların hamısından üstün nailiyyətlər əldə edib və yaşadığı dövrdə daha da səmərəli bir təşkilata çevrilibdir, fəaliyyət göstərdiyi 49 ildə bütün dünya ölkələri üçün, dünya xalqları üçün nə qədər gərəkli olduğunu sübut edibdir. Buna görə də bütün dünyada hörmət və ehtiram qazanıbdır. Yarandığı dövrdən indiyə qədər, "soyuq müharibə" dövründə də, onun dəf olunması yolunda da və "soyuq müharibə"dən sonrakı dövrdə də dünya qarşısında, dünya ölkələri və xalqları qarşısında böyük işlər görübdür.

"Soyuq müharibə" dövründən sonrakı vaxtda BMT qarşısında yeni, çox mürəkkəb və mühüm vəzifələr durmuşdur. BMT-nin tərkibi get-gedə artmış, ayrı-ayrı xalqların və ayrı-ayrı ölkələrin müstəqillik əldə etməsində bu təşkilatın böyük fəaliyyəti olmuşdur. Əgər yaranan vaxtda bu təşkilat 50 dövlətdən ibarət idisə, indi BMT 180-dən çox dövləti, ölkəni birləşdirir. Son illərdə dövlətlər arasındakı münaqişələrin dayandırılmasında, millətlər arasındakı ziddiyyətlərin, münaqişələrin aradan götürülməsi sahəsində BMT çox böyük işlər görmüşdür.

Azərbaycan xalqı, Azərbaycan Respublikası BMT-nin fəaliyyətinə, xüsusən də onun son dövrlərdə əldə etdiyi nailiyyətlərə yüksək qiymət verir və bu təşkilatın Baş katibi cənab Butros Butros-Qalinin fəaliyyətini yüksək qiymətləndirir. Üç il bundan əvvəl Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edib, 1992-ci ilin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə daxil olub və bu müddətdə respublikamız, xalqımız daim BMT-nin qayğısını və müsbət münasibətini hiss edibdir. Bunlara görə mən fürsətdən istifadə edib, Birləşmiş Millətlər Təşkilatına və onun Baş katibinə Azərbaycan xalqı adından Azərbaycan Respublikası adından təşəkkürümü bildirirəm.

Azərbaycan xalqının azadlığa nail olması, respublikamızın dövlət müstəqilliyi əldə etməsi bizim üçün tarixi hadisədir. Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunması tarixi hadisədir. Mən bu gün bir daha bəyan etmək istəyirəm ki, Azərbaycan xalqı heç vaxt öz müstəqilliyini əldən verməyəcəkdir. Respublikamız günü-gündən dövlət müstəqilliyini möhkəmləndirəcək və inkişaf etdirəcəkdir. Biz dəfələrlə bildirmişik və bu gün bir daha, BMT Baş katibinin hüzurunda bildirmək, bəyan etmək istəyirəm ki, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratik prinsipləri əsas götürmüşdür, bu cür də fəaliyyət göstərəcək və Dünya Birliyində öz layiqli yerini tutacaqdır. Biz respublikamızda demokratik dövlət qurmaq yolu ilə gedirik. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı cəmiyyət qurmaq yolu ilə gedirik. Azərbaycanda insan, söz, vicdan azadlığını, siyasi plüralizmi bərqərar etmək yolu ilə gedirik. Azərbaycan Respublikasının iqtisadiyyatını sərbəst bazar iqtisadiyyatına yönəltməyə, inkişaf etdirməyə çalışırıq. Mən əminəm ki, bizim tutduğumuz strateji yol Azərbaycan xalqının mənafeyinə uyğundur və xalqımızı, respublikamızı Dünya Birliyinə, dünya iqtisadiyyatına bağlayan yoldur.

Altı ildir ki, Azərbaycan müharibə şəraitində yaşayır. Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalıbdır, böyük itkilər veribdir, böyük çətinliklərlə qarşılaşıbdır. Bu dövrdə respublikamızın daxilində də ictimai-siyasi vəziyyət sabit olmamışdır. Xarici və daxili qüvvələr ölkəmizdə daxili sabitliyi pozmağa, aranı qarışdırmağa çalışmışlar. Bu qüvvələr Azərbaycanın müstəqilliyini pozmağa, ölkəmizi parçalamağa çalışan qüvvələrdir. Ancaq son hadisələr, xüsusən oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən qüvvələrin darmadağın olması və Azərbaycan xalqının milli həmrəyliyi, vətəndaş həmrəyliyi, öz dövlətçiliyini qorumaq əzmi bir daha sübut etdi ki, Azərbaycan xalqının müstəqilliyini heç kim poza bilməz, xalqımız öz müstəqilliyini, öz dövlətçiliyini qorumağa qadirdir. Bundan sonra da xalqımız tutduğu yolla daha böyük əzmlə gedəcəkdir.

Oktyabrın əvvəlində baş vermiş hadisələr zamanı, Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələrin hərəkətləri ilə əlaqədar yaranmış gərgin vəziyyət dövründə Azərbaycan xalqının müdrikliyi müşahidə olundu, eyni zamanda bütün dünyaya nümayiş etdirildi. Dünyanın böyük dövlətləri, habelə BMT də Azərbaycan Respublikasının dövlətçiliyinin qorunmasını dəstəklədilər və Azərbaycanda qanuni dövlətin qorunub saxlanmasına tərəfdar çıxdılar.

Azərbaycan xalqı öz tarixinin çətin bir dövrünü yaşayır. Respublikamızın qarşısında böyük bir problemlər var. Ölkəmiz dərin iqtisadi-sosial böhran içindədir. Azərbaycan Respublikası müharibə vəziyyətində yaşayır. Ermənistan tərəfindən təcavüz nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür.

Biz əminik ki, Azərbaycan xalqı, Azərbaycan dövləti bütün bu çətinliklərin öhdəsindən gələcək, biz bu çətinlikləri ötüb keçəcəyik və müstəqil respublikamız öz fəaliyyətini gələcəkdə daha sürətlə davam etdirəcəkdir.

Bizim həyatımızda ən ağır, ən çətin məsələ Azərbaycanı hərbi vəziyyətdən, müharibədən çıxarmaqdan, respublikamıza qarşı yönəldilmiş təcavüzün qarşısını almaqdan ibarətdir. Bu məsələlər BMT-nin Baş katibi cənab Butros Butros-Qali ilə bu günlərdə çox ətraflı müzakirə olundu. Mən bu müzakirələrdən razıyam və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu görüşlər və müzakirələrdən sonra Azərbaycan Respublikasının Ermənistan təcavüzündən xilas olması, Azərbaycanın sülh və əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşaması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün müəyyən addımlar atılacaqdır. Bu məsələlərin həll edilməsi üçün Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası və şəxsən Baş katib cənab Butros Butros-Qali çox işlər görürlər.

Bildiyiniz kimi, Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibdir. Bu qətnamələrdə işğalçı silahlı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpağından çıxması tələb olunur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi bir daha təsdiq edilir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bu qətnamələri və təşkilatın Baş katibi cənab Butros Butros-Qalinin verdiyi bir neçə bəyanat da Ermənistan tərəfindən yerinə yetirilməyibdir.

Ancaq bunlara baxmayaraq, BMT və xüsusən cənab Butros Butros-Qali bu istiqamətdə öz işlərini davam etdirirlər. Mən cənab Butros Butros-Qali ilə sentyabrın əvvəlində Qahirədəki, sonra isə Nyu-Yorkdakı görüşlərimdə və onun Azərbaycana rəsmi səfəri zamanı Bakıda keçirdiyimiz görüşlərdə də tam əmin oldum ki, BMT və onun Baş katibi cənab Butros Butros-Qali respublikamıza Ermənistan tərəfindən edilən hərbi təcavüzün aradan qaldırılması ilə əlaqədar və bölgədə sülhün, təhlükəsizliyin bərqərar olunması yolunda öz fəaliyyətlərini göstərəcəklər.

Aparılan danışıqlarda cənab Butros-Qali dəfələrlə bəyan edibdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş prinsiplər dəyişməzdir və bu beynəlxalq təşkilat həmin prinsiplər əsasında bundan sonra da fəaliyyətini davam etdirəcəkdir. Bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı, Azərbaycan Respublikasının suverenliyinin saxlanılmasının təmin olunması, bir dövlətin başqa bir dövlətin sərhədini pozmasına, ərazisini zorla ələ keçirməsinə yol verilməməsi, Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin qeyd-şərtsiz bu torpaqlardan çıxarılmasıdır.

Cənab Butros-Qali dəfələrlə bəyan etmişdir ki, bu prinsiplər dəyişməzdir və həmin prinsiplər əsasında BMT bundan sonra da fəaliyyətini davam etdirəcəkdir.

Azərbaycan daim sülhsevər siyasət aparmışdır. Bu siyasəti axıra çatdırmaq, müharibəyə son qoymaq üçün, bölgədə sülh və əmin-amanlıq, təhlükəsizlik şəraiti yaratmaq üçün biz bütün addımları atmışıq və bundan sonra da atacağıq. Bunun üçün biz bütün vasitələrdən istifadə edirik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM təşkilatının imkanlarından, ATƏM çərçivəsindəki Minsk qrupunun fəaliyyətindən, ayrı-ayrı ölkələrin, o cümlədən ABŞ-ın, Rusiyanın, Türkiyənin təşəbbüslərindən və xüsusən son zamanlar Rusiyanın vasitəçilik səylərindən səmərəli istifadə edirik və bundan sonra da istifadə etməyə çalışacağıq. Bunların nəticəsində Ermənistanla Azərbaycan arasında müharibə dayandırılıb, yəni atəşkəs rejimi yaranıbdır. Biz bu atəşkəs rejiminin saxlanması üçün fəaliyyət göstəririk və verdiyimiz bəyanatlara sadiq qalacaq, atəşkəs rejiminin davam etdirilməsinə çalışacağıq. Eyni zamanda atəşkəs rejimi dövründə Böyük Sülh Müqaviləsinin əldə olunmasını zəruri hesab edirik və bu barədə bütün beynəlxalq təşkilatlara müraciət edirik. Müharibəyə son qoymaq üçün, etibarlı sülh yaratmaq üçün bizim şərtlərimiz çox sadədir. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz tərk etməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalı, işğal edilən ərazilərdən qovulmuş azərbaycanlılar öz doğma ocaqlarına qaytarılmalıdır. Erməni silahlı qüvvələri bütün rayonlarımızdan, xüsusən də Laçın və Şuşadan çıxarılmalıdır. Bu məsələlər həll olunduqda Dağlıq Qarabağın statusu müzakirə oluna bilər və burada yaşayan erməni əhalisinin təhlükəsizlik məsəsləsi də müzakirə edilməlidir. Bütün bu məsələlərin hamısı birlikdə həll olunmalıdır. Əgər bu məsələlər birlikdə həll olunsa, biz bölgədə uzunmüddətli sülh əldə etmiş olarıq.

Bir daha qeyd edirəm ki, bizim əsas şərtimiz işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması və bir milyondan artıq Azərbaycan vətəndaşının, qaçqının öz yaşayış yerlərinə qayıtmasıdır.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, BMT və onun Baş katibi cənab Butros Qali bizim burada apardığımız danışıqlar əsasında bu sahədə Azərbaycan Respublikasına əlindən gələn köməyi edəcəkdir.

Birləşmiş Millətlər Təşkilatının humanitar sahədə fəaliyyətinə mən yüksək qiymət verirəm və humanitar məsələlər üzrə BMT Ali Komissarlığının Azərbaycandakı fəaliyyətini qiymətləndirirəm. BMT-nin Azərbaycandakı nümayəndəliyinin də fəaliyyətini yüksək qiymətləndiririk.

Mən Baş katib Butros Qalidən bir daha xahiş edirəm ki, Azərbaycanın ağır sosial-iqtisadi vəziyyətində - bunu Baş katibin özü qaçqınlarla görüşündə də gördü. O, özü bir daha yəqin etdi ki, qaçqınlar necə ağır vəziyyətdə yaşayır - Azərbaycana humanitar yardım edilməsi sahəsində tədbirlər görsün.

Beləliklə, mən qısaca olaraq respublikamızın bugünkü vəziyyəti haqqında hörmətli qonağımız cənab Butros Qaliyə bir daha məlumat verərək əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması, ölkəmizin müharibə şəraitindən çıxarılması, əmin-amanlığın yaranması üçün, ümumiyyətlə, bölgədə sülhün bərqərar olması üçün Birləşmiş Millətlər Təşkilatı və şəxsən onun Baş katibi cənab Butros Qali bundan sonra da öz köməyini əsirgəməyəcəkdir.

Azərbaycan Respublikası vətəndaşları adından BMT-nin bütün orqanlarına və bu təşkilatın Baş katibi cənab Butros Qaliyə bir daha dərin hörmət və ehtiramımı bildirirəm. Cənab Butros Qali dünyada tanınmış məşhur ictimai-siyasi xadim, böyük alimdir, BMT-nin Baş katibi vəzifəsində dünyada böyük hörmət qazanıbdır. Onun respublikamıza səfərini yüksək qiymətləndirirəm və əmin olduğumuzu bildirmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsində cənab Butros Qali bundan sonra da uzun illər səmərəli fəaliyyət göstərəcəkdir, dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün öz səylərini göstərəcək və Azərbaycan xalqının dostu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyinin təmin olunması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Cənab Butros Qali!

Sizə böyük vəzifənizdə və dünya üçün əhəmiyyətli fəaliyyətinizdə uğurlar diləyirəm, şəxsi həyatınızda səadət və xoşbəxtlik arzulayıram.

Siz bizim ölkəmizə xoş gəlmisiniz. Sizi dostluq və səmimiyyət arzuları ilə yola salırıq. Sağ olun!

"Azərbaycan" qəzeti, 1 noyabr 1994-cü il.