Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin ostandarı Yəhya Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 2 avqust 1999-cu il


Heydər Əliyev: Hörmətli dostlar, qonaqlar!

İranın Şərqi Azərbaycan ostandarı hörmətli cənab Məhəmmədzadə!

Hörmətli nümayəndə heyətinin üzvləri!

Hörmətli səfir!

Mən sizin hamınızı Azərbaycanda səmimi qəlbdən salamlayıram və sizin ölkəmizə bu ziyarətinizi çox yüksək qiymətləndirirəm.

Qonşu, dost, qardaş İran İslam Cümhuriyyətindən Azərbaycana gələn hər bir nümayəndə heyəti bizim üçün əhəmiyyətlidir. Çünki bunlar - həm İrandan Azərbaycana, həm də Azərbaycandan İrana belə ziyarətlər bizim əlaqələrimizi inkişaf etdirir, genişləndirir. Amma İranın Şərqi Azərbaycan əyalətinin, Təbrizin belə yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə gəlməsi və Azərbaycanda bir neçə gün işgüzar görüşlər keçirməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Mən bunu bir daha deyirəm ki, sizin Azərbaycana səfərinizi çox yüksək qiymətləndirirəm.

Şərqi Azərbaycan, Təbriz İranın ayrılmaz bir hissəsidir. Ancaq Azərbaycan ilə İranın sərhədinin böyük bir hissəsini təşkil edir. Bir də ki, Təbriz həm İran üçün, həm də Azərbaycan, yəni bizim Azərbaycan üçün çox əziz, qiymətli və müqəddəs bir şəhərdir.

Siz Təbrizdə daimi yaşayırsınız, Təbriz sizin üçün adi bir şəhərə dönübdür. Amma mən bilirəm ki, Azərbaycanda, xüsusən ötən 70 illik ayrılıq illərində insanlar Təbrizin nə qədər həsrəti ilə yaşayırdılar. Bunu dəfələrlə demişəm, mən Bakıya gəlməmişdən əvvəl, 1991-ci ildən Naxçıvanda olduğum zaman keçirdiyim görüşlərdə də demişəm və bu gün də deyirəm. Bu nümayəndə heyəti həm Şərqi Azərbaycanı, həm Təbrizi, həm də cümleyi İranı təmsil edir. Ona görə də sizin bu səfəriniz çox gözəl bir ziyarətdir.

Mənə məlumat verdilər ki, siz burada çox səmərəli görüşlər keçirmisiniz. Mən bundan çox məmnunam və güman edirəm ki, sizin bu görüşləriniz İran ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsinə yardım göstərəcəkdir.

Şübhəsiz ki, biz ölkəmizdə Azərbaycan-İran əlaqələrinin günbəgün genişlənməsini və inkişaf etməsini istəyirik. Bu, təbiidir. Çünki biz qonşuyuq, bir dinə, məsləkə mənsubuq. İndi İranda azərbaycanlılar çoxdur. İranda azərbaycanlılar İran vətəndaşlarıdırlar, ancaq ölkəmizdə azərbaycanlılar müstəqil Azərbaycanın vətəndaşlarıdır.

Ona görə də bu əlaqələrimiz nə qədər genişlənsə, bir o qədər gözəl olar. Bu əlaqələri insanlar bizsiz də yaradırlar. Buna heç hökumət də, dövlət də lazım deyildir. Çünki insanlar bir-biri ilə o qədər sıx tellərlə bağlıdırlar ki, bu əlaqələri özləri yaradırlar. Vaxtilə sərhədlər bağlı olmayanda qohumun, qardaşın biri o tayda, biri bu tayda idi. Belə ailələr həddindən çoxdur. Ancaq ötən 70 ildə bizi bir-birimizdən ayırdılar. Əlbəttə, bu, bizim üçün, yəni Azərbaycanda yaşayan, qohum-əqrəbası İranda olanlar üçün, güman edirəm ki, İranda yaşayıb qohum-əqrəbası Azərbaycanda olanlar üçün də çox çətin illər oldu.

Bilmirəm, o illər sizdə necə idi, amma bizdə - Azərbaycanda, xüsusən Stalinin dövründə sovet hakimiyyətinin qanunları ilə axtarırdılar ki, kimin İranda qohumu var. Onu ya nəzarət altına alırdılar, yaxud, bir günahı vardısa, həmin adamı həbs edirdilər. Ona görə də insanların əksəriyyəti o dövrdə İranda qohumları olduğunu tamamilə gizlədirdilər.

Mən bunların həmişə şahidi olmuşam, hamısını yaxşı bilirəm. Əksəriyyət İranda qohumu olduğunu gizlədirdi. Ancaq sərhədlər açılan kimi saysız-hesabsız qohumlar çıxdı. Əgər Stalin qayıtsaydı, deyərdi ki, "bəs siz o vaxt deyirdiniz İranda qohumunuz yoxdur, indi məlum olur ki, var". Şübhəsiz ki, mən zarafat edirəm. Stalin dövrü qayıda bilməz. Yenə deyirəm, sərhədlər açılandan sonra o qədər qohumlar çıxdı ki, demək, insanlar bunu qəlblərində saxladılar və imkan olan kimi tez gedib bir-birilərini gördülər.

Səkkiz ildir ki, Azərbaycan müstəqil bir dövlətdir. Ölkələrimiz arasında sərhədlər təxminən 1991-ci ildən açılıbdır. İnsanlar gəlirlər. Ancaq nə qədər də olsa, bu, yenə də çatmır. Yenə də deyirəm, insanlar onsuz da bizsiz bu əlaqələri yaradırlar - gedirlər, gəlirlər. Lakin dövlət, hökumət bu əlaqələrdən daha da səmərəli istifadə etsə, şübhəsiz, bu, həm insanlar üçün, həm də dövlət, hökumət üçün faydalı olar. Ona görə də biz çalışırıq və bundan sonra da çalışacağıq ki, əlaqələrimiz daha da genişlənsin, inkişaf etsin.

Şübhəsiz ki, İran ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsində Şərqi Azərbaycan çox böyük iş görə, xüsusi yer tuta bilər. Bu baxımdan məhz Şərqi Azərbaycan nümayəndə heyətinin müstəqil olaraq Azərbaycan Respublikasını ziyarət etməsi, güman edirəm ki, cümleyi İran üçün də, ölkəmiz üçün də və şübhəsiz, Şərqi Azərbaycan üçün də əhəmiyyətlidir. Mən sizi bir daha salamlayıram.

Yəhya Məhəmmədzadə: Bismillahir-rəhmanir-rəhim.

Cənab prezident, mənim söyləmək istədiklərimin hamısını Siz dediniz.

Heydər Əliyev: Yox, sizin üçün də çox şey qalıbdır.

Yəhya Məhəmmədzadə: Sizin söylədiklərinizin çoxunu mən yazmışdım, amma onların hamısından Siz bəhs etdiniz.

Heydər Əliyev: Eybi yoxdur, mən onları sənin də dilindən eşitmək istəyirəm.

Yəhya Məhəmmədzadə: Cənab prezident, bizi buraya dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Yadımdadır ki, biz İslam Konfransı Təşkilatının Tehran zirvə toplantısında görüşmüşdük.

Cənab prezident, bizi buraya əvvəlcə Siz, sonra isə İranda səfərdə olmuş Azərbaycan Milli Məclisinin sədri və xarici işlər naziri dəvət etmisiniz. Ona görə də biz Azərbaycan Respublikasına səfərə gəldik.

Heydər Əliyev: Amma hamısından əsas mənim dəvətimdir.

Yəhya Məhəmmədzadə: Bəli, bəli, doğrudur. Əlbəttə, bu işlərin hamısı, necə deyərlər, padşahın sayəsindədir.

Cənab prezident, biz Sizin məhəbbətinizi və lütfkarlığınızı yüksək qiymətləndiririk. İstəyirəm ki, bizə göstərilən səmimi qonaqpərvərliyə və məhəbbətə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirim. Bu gün hava çox istidir, amma bizə bəslənilən məhəbbətin istisi ondan da çoxdur.

Cənab prezident, biz çox xoşbəxtik ki, Sizin səhhətiniz çox yaxşıdır. Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz tədbirləri, xidmətlərinizi, zəhmətlərinizi yaddan çıxarmayacaqdır. Bütün Azərbaycan xalqı kimi, biz də Sizin səhhətinizi çox yaxşı görməkdən çox xoşhal olduq.

İran prezidenti cənab Xatəmi mənim buraya gələcəyimi bilirdi. Cənab Xatəmi də, dövlətimizin digər yüksək vəzifəli şəxsləri də Sizin səhhətinizin belə çox yaxşı olmasından çox məmnundurlar və biz buna görə özümüzü xoşbəxt hesab edirik. Allaha şükürlər olsun ki, müalicədən sonra səhhətiniz daha da yaxşılaşıb, sanki cavanlaşmısınız. İnşallah, bundan sonra da illər boyu Azərbaycan Respublikasına xidmət edəsiniz ki, dövlətiniz və millətiniz gündən-günə daha firavan olsun.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.

Yəhya Məhəmmədzadə: Möhtərəm prezident, mən Sizin söylədiyiniz fikirlərlə tam şərikəm. O illərdə o taydan, bu taydan camaat Arazın qırağına toplaşıb ağlayırdılar, özlərini suya vururdular. Həmin dövrdə mən Ənzəlidə Balıqçılıq İdarəsinin müdiri idim. Mən 1989-cu ildə İranın qərbində yerləşən Gilanın ostandarı oldum. Həm Ənzəlidə, həm də Gilanda işləyəndə televiziyaya baxıb o taylı-bu taylı azərbaycanlıların bir-birinə qovuşmaq istəyini görəndə ağlayırdım.

İslam inqilabından əvvəl İranda da vəziyyət sovet hökumətinin, Stalinin hakimiyyəti illərində olduğu kimi idi. O dövrdə İranda da əksəriyyət Azərbaycan Respublikasında qohumu, tanışı olduğunu gizlədirdi. Heç kim deməzdi ki, mənim, məsələn, Naxçıvanda bir adamım var. Amma onlar həmişə həsrət çəkərdilər, arzu edərdilər ki, elə bir gün gəlsin, öz qohumları, yaxınları ilə görüşsünlər, danışsınlar. Bunlar hamısı Şəhriyarın şerlərində öz əksini tapıbdır.

İran İslam inqilabından sonra bizim gözəl, fərəhli günlərimizdən biri də o oldu ki, Azərbaycanın müstəqillik qazandığı barədə xəbəri eşitdik. Bu o günlər idi ki, millətimiz bir-birinə qovuşdu, camaat bir-birini qucaqlayıb ağladı. İndi ən böyük arzumuzdur ki, gün o gün olsun, biz qaçqınlarla birgə gedib Cəbrayılda, Zəngilanda, işğal edilmiş digər rayonlarda oturub çay içək, çörək yeyək, orada olanların şadlığının şahidi olaq. Biz özümüz müharibə görmüşük, onun çətinliklərini dərk etmişik. Biz bütün bunları görmüşük və qaçqınların, evlərindən didərgin düşmüş insanların necə çətin günlər keçirdiyini yaxşı bilirik. Allahdan arzumuz budur ki, işğal olunmuş torpaqlar Sizin həyata keçirdiyiniz tədbirlər və millətin hümməti ilə azad edilsin, ölkənizin ərazi bütövlüyü təmin olunsun, biz Azərbaycanın müstəqillik qazandığı günlərdəki kimi sevinək və yenə də şadlıq keçirək.

Cənab prezident, mən cənab Xatəminin salamını Sizə gətirmişəm. İranda hamı Sizin Tehrana səfərinizi səbirsizliklə gözləyir. Mən ümidvaram ki, bu, çox yüksək nəticəli, yaxşı bir səfər olacaqdır. Eyni zamanda, cənab Həbibi Azərbaycan Respublikasının baş nazirinin səfərini gözləyir. İran dövlətinin bir sıra yüksək vəzifəli şəxsləri mənə bildiriblər söyləyim ki, onlar Sizin səfərinizi çox səbirsizliklə gözləyirlər və bu ziyarətinizin gözəl proqramlarla həyata keçiriləcəyinə müntəzirdirlər.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsinin çox böyük əhəmiyyəti vardır. Azərbaycan və İran xalqlarının tarix boyu böyük əlaqələri vardır. Mənə elə gəlir ki, hər iki ölkənin heç bir digər dövlətlə bu qədər yaxın tarixi əlaqələri yoxdur. Ona görə də İran və Şərqi Azərbaycan Ostandarlığı Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasına xüsusi diqqət yetirir.

Cənab Xatəmi, cənab Həbibi, cənab Xərrazi buyurublar ki, necə olursa-olsun, gərək Təbrizlə Azərbaycan Respublikası arasında əlaqələr daha da möhkəmləndirilsin və biz bu sahədə öz səylərimizi daha da artıraq.

Cənab prezident, mən çox təşəkkür edirəm ki, Azərbaycanda səfərdə olduğumuz bu günlərdə biz yaxşı görüşlər keçirdik, səmərəli danışıqlar apardıq. Bilirsiniz ki, Şərqi Azərbaycan İranın ən mühüm ostandarlarından biridir. Bilirsiniz ki, bizim ostandarlığımızda sənətkarlıq, əkinçilik, ticarət çox zəngin tarixə malikdir və bu gün də sürətlə inkişaf edir. Bilirsiniz ki, Təbriz tarixən İranın ticarət darvazası hesab olunubdur. Yəni o vaxt bizim tacirlər ticarətdə çox güclü idilər.

Heydər Əliyev: Təbriz tacirləri kimi dünyada tacir ola bilməz.

Yəhya Məhəmmədzadə: Bəli, çox düzgün buyurursunuz, dünyanın heç bir yerində Təbriz tacirləri kimi tacir ola bilməzdi. İranda bütün ostandarlıqlara xarici ticarət üçün səhmlər veriblər. Amma bizim ostandarlığa hamıdan çox veriblər. Biz xarici ticarət sahəsində qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetiririk. Cənab Xatəmi Təbrizə gələndə bizim gördüyümüz bu işləri yüksək qiymətləndirdi.

Biz Azərbaycan Respublikası ilə, Naxçıvanla bütün sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetiririk. Doğrudur, bizim əlaqələrimizin gündən-günə inkişaf etməsində müəyyən çətinliklər də vardır. Naxçıvanın Bakı ilə yolları bağlandığına görə müəyyən problemlər yaranır.

O taylı-bu taylı azərbaycanlı tacirlər bir-biri ilə görüşəndə xalqlarımızın tarixi əlaqələri barədə xatirələri həvəslə yada salırlar, əvvəlki get-gəlləri şirin-şirin tərifləyirlər. Bizim də əsas vəzifəmiz ondan ibarətdir ki, xalqlarımızın tarixi əlaqələrinin daha da möhkəmləndirilməsinə nail olaq. Biz istəyirik ki, Naxçıvanla daha sıx əlaqələr quraq. Cənab Xatəmi də mənə tapşırıbdır ki, biz ticarətin daha da genişləndirilməsi, get-gəlin artırılması, Muxtar respublikanın ərzaqla təmin olunması sahəsində əlimizdən gələni əsirgəməyək. Ona görə də biz Naxçıvana qazanc əldə etmək gözü ilə baxmırıq.

Şərqi Azərbaycanın ostandarı işlədiyim ötən bu iki il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir dəfə Təbrizə gəlib, biz bir protokol da imzalamışıq və həmin protokolda nəzərdə tutulanların hamısını yerinə yetirmişik. Bundan sonra mən Naxçıvana getmişəm, biz təzə bir protokol imzalamışıq. Həmin müddətdə biz gömrük xidmətini gün ərzində 12 saatdan 24 saata qaldırmışıq. Yəni biz elə etmişik ki, camaat gömrük xidmətindən gecə-gündüz istifadə etsin, rahat keçib getsin, gəlsin. Sərhəddə bazarlar həftədə beş gün işləyir. Çalışırıq ki, orada çörək, makaron, bütün ərzaq məhsulları olsun. Təbrizdə xüsusi bir çörəkxana açılıb, orada çörək bişirilir, qutulara yığılıb bağlanır və avtomaşınlarla sərhəddəki bazara aparırlar ki, çörək əllərdə ovulub tökülməsin. Biz həm də çalışırıq ki, həmin çörək çox ucuz qiymətə satılsın.

Biz Naxçıvanla sərhəddəki körpünü təmir etməyi qərara almışıq. Bildiyiniz kimi, həmin körpü taxtadandır. Qərara almışıq ki, yeni bir körpü tikək. Çalışırıq ki, Sərhəng ilə Naxçıvan arasında bir sıra sahələrdə əlaqələr daha da yaxşılaşsın. Biz Mərzdən Ordubada gedən yola asfalt çəkməyi qərara almışıq və istəyirik ki, bu Naxçıvan camaatına bizim yeni bir hədiyyəmiz olsun.

Abbasəli Həsənov (Azərbaycanın İrandakı səfiri): Cənab prezident, bu yol üç yolayrıcına qədər olan yoldur. Bilirsiniz ki, Culfadan gələndə üç yolayrıcı var. Həmin yolun biri Ordubada gedir. Sərhəddən həmin üç yola qədər olan hissəni Şərqi Azərbaycan Ostandarlığı öz hesabına asfaltlaşdıracaqdır.

Heydər Əliyev: Orada yolun biri Ordubada, digəri Naxçıvana gedir.

Abbasəli Həsənov: Bəli, həmin əraziyə qədər yolu Şərqi Azərbaycan Ostandarlığı öz hesabına çəkəcəkdir.

Yəhya Məhəmmədzadə: Biz həftədə beş dəfə Naxçıvan camaatının Məşhədə gəlməsinə şərait yaratmışıq. Əvvəllər Məşhədə ziyarətə gəlmək xərci bir qədər çox idi. Biz fikirləşdik ki, həmin adamlar İmam Rzanın zəvvarlarıdır, ona görə də bu ziyarət xərcini yarıya qədər azaltdıq. Məsələn, əvvəllər bu ziyarətin xərci 60 dollar edirdi, indi biz onu 32 dollara endirmişik. Naxçıvanla səhiyyə sahəsində əlaqələrimizin də yaxşılaşdırılmasına ciddi diqqət yetiririk.

Biz Azərbaycan-İran Müştərək Komissiyasının həmsədri, Azərbaycanın Milli Məclisi sədrinin müavini Yaşar Əliyevlə görüşmüşük, onunla yaxşı söhbətlər etmişik. Nümayəndə heyətimiz baş nazir Artur Rasizadə ilə, Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşlər keçirmişdir.

Biz Sumqayıtda olmuşuq. Nümayəndə heyətimizin üzvləri respublikanın səhiyyə naziri ilə görüşüblər. Ticarət-Sənaye Palatasında olublar. Biz Təbrizdəki bir sıra şirkətlərin nümayəndələrini də buraya gətirmişik ki, onlar Azərbaycanda müxtəlif tenderlərdə iştirak etsinlər, bir sıra sahələrdə əlaqələr qursunlar.

Bilirsiniz ki, Təbrizin bir çox tacirləri Bakıda işləyirlər. Ancaq onların adı heç kimə məlum deyil. Biz həmin iş adamları ilə görüşmüşük və söhbət etmişik ki, təbrizli tacir gərək Təbriz adı ilə işləsin. Biz Təbrizdəki şirkətlərin rəhbərlərinə demişik ki, gərək onlar Bakıda fəaliyyət göstərən təbrizli iş adamları ilə sıx əlaqələr saxlasınlar, onlara himayədarlıq etsinlər, azərbaycanlı tacirlərlə də yaxşı əlaqələr qursunlar.

Yenə də deyirəm, bizim Bakıda çox yaxşı görüşlərimiz olubdur. Qərara almışıq ki, Təbriz Tibb Universiteti Bakıda bir elmi konfrans keçirsin. istəyirik ki, təbrizli həkimlər gəlib burada öz həmkarlarına bir çox sahələrdə kömək göstərsinlər.

Biz ustad Şəhriyarın yubileyini keçirdik. Bu yubileydə azərbaycanlılar da yaxından iştirak etdilər. Mədəniyyət naziri Polad Bülbüloğlu həmin tədbirdə çıxış etdi. Yubiley tədbirində deyildi ki, Azərbaycan prezidenti Heydər Əliyev Şəhriyarın yubileyinin böyük təntənə ilə qeyd edilməsi barədə fərman imzalayıbdır. Biz bu xəbəri çox böyük sevinclə qarşıladıq. Gözləyirik ki, siz Azərbaycanda Şəhriyarın yubileyinin keçirilməsi vaxtını müəyyən edəsiniz, bizim də alimlərimiz gəlib həmin tədbirdə iştirak etsinlər. Biz çox istəyirik ki, böyük, müasir şair Şəhriyarın adı xatırlansın, əziz tutulsun.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab Məhəmmədzadə. Siz çox gözəl məlumat verdiniz. Əvvəlcə istəyirəm deyəm ki, sizin burada apardığınız görüşlər, danışıqlar haqqında mənə Yaşar Əliyev məlumat veribdir və sizin bu görüşlər haqqında fikirləriniz və buna münasibətiniz mənim üçün çox əhəmiyyətlidir. Biz indiyə qədər İranın ostandarlıqlarının nümayəndələri ilə burada görüşmüşük, onları qəbul etmişik. Məsələn, Gilan ostandarlığının nümayəndələri bir neçə dəfə gəliblər. Sonra Ərdəbil ostanından gəliblər. Şərqi Azərbaycandan da nümayəndələr gəliblər, burada görüşmüşük. Məndə belə bir təəssürat yaranır - indiyə qədər olan ziyarətlərin hamısı əhəmiyyətli, faydalı olubdur. Amma mənə belə gəlir ki, sizin bu ziyarətiniz onu göstərir ki, siz, yəni Şərqi Azərbaycan bu Azərbaycanla əməkdaşlıqda çox irəliyə gedirsiniz. Sizin bütün bu təşəbbüslərinizi mən tamamilə qəbul edirəm və əmin ola bilərsiniz ki, nə qədər belə təşəbbüsləriniz olsa mən bəyənirəm. Əvvəlcədən də deyəcəyəm, bəyənəcəyəm. Çünki mən bunu görüşümüzün əvvəlində dedim.

İran böyük ölkədir. Azərbaycan kiçik ölkədir. Şübhəsiz ki, müstəqil dövlətlər kimi, Azərbaycan Respublikası və İran İslam Respublikası bərabər hüquqlu dövlətlərdir və bərabər hüquqlu əməkdaşlıq edirlər. Ancaq eyni zamanda İranın - bu böyük ölkənin hamısını Azərbaycan əhatə edə bilməz. Təbiidir ki, İranın o hissəsi ilə ki, Azərbaycan, biz daha da sıx əməkdaşlıq edə bilərik, bu da ümumiyyətlə Azərbaycan-İran əlaqələrini inkişaf etdirə bilər, bunu etmək lazımdır. Bax, sizin bu təşəbbüsləriniz, mən hesab edirəm, təxminən bu səpkidə gedir. Ona görə mən bunların hamısını bəyənirəm və əmin olun ki, bunların hamısını etməyə burada, Azərbaycanda imkanlar yaradacağam və yaranacaqdır.

O dövlətlərinizin hamısını qəbul edirəm. Yaşar Əliyev gəlsin, orada Azərbaycan-İran Müştərək İqtisadi-Ticarət Komissiyasının bir iclasını, toplantısını keçirin. Azərbaycanın baş nazirini dəvət etmisiniz, - o da gələcəkdir. İndi, Allah qoysa, şübhəsiz ki, vaxt olacaq, mən də gələcəyəm. Ondan sonra cənab Xatəmi söz verib ki, o da gəlsin. Mən onu əvvəl dəvət etdim. O, Tehranda, İslam konfransında mənim dəvətimi qəbul etdi. Mən də onu gözlədim. Amma sonra sizin səfir mənə məlumat verdi ki, cənab Xatəmi hesab edir ki, əvvəl qoy Heydər Əliyev gəlsin, sonra. Eybi yoxdur, mən bunu qəbul edirəm. Mən gələcəyəm. Bundan sonra da cənab Xatəminin Azərbaycana ziyarətini gözləyəcəyik.

Cənab Xatəminin mənə çatdırdığınız salamlarına görə təşəkkür edirəm. Xahiş edirəm cənab Xatamiyə mənim hörmət və ehtiramımı, salamlarımı çatdırasınız. Çox arzu edirəm ki, cənab Xatəmi İranda demokratik şəkildə keçmiş seçkilər nəticəsində səslərin çoxunu alaraq, xalqın səlahiyyətini alaraq İran İslam Cümhuriyyətində xalqın rifahını artırmaq üçün və İran islam Cümhuriyyətini inkişaf etdirmək üçün bundan sonra daha da çox işlər görəcəkdir. Mən bu işlərdə həm İran hökumətinə, həm İran xalqına, həm də hörmətli rəisi - cümhur, prezident cənab Xatəmiyə uğurlar arzulayıram.

İranla Azərbaycan arasında əlaqələr haqqında danışanda çox söz demək olar. Amma sən bir mövzuya toxundun ki, gün o gün olsun, Azərbaycanın işğal edilmiş torpaqları azad olsun, biz gedək orada da oturaq, görüşək, çay içək, çörək yeyək. Bu, olacaqdır, mütləq olacaqdır. Siz bilirsiniz ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının böyük bir qismi Azərbaycanla İranın sərhədini təşkil edir. Biz o işğala görə İranla təxminən 120 kilometr sərhədimizi itirmişik. Bu, Füzuli rayonunun bir hissəsidir, ondan sonra Cəbrayıl rayonudur, ondan sonra Zəngilan rayonudur. Bizim bu üç rayon Arazın qırağında olan rayonlardır. Şübhəsiz ki, işğal olunmuş o biri rayonlar, məsələn, Qubadlı rayonu da elə Zəngilandan keçib gəlir Arazın qırağına, dəmir yoluna. Yaxud, o birilər də. Bütün bu işğal edilmiş torpaqlar azad olmalıdır və güman edirəm ki, azad olacaqlar. Ancaq bu rayonlar, hansılar ki, bizim İranla sərhədimizi təşkil edir və orada dəmir yolu vardır, o dəmir yolu ilə də - indi həmin o Culfa körpüsü haqqında deyirsiniz, - İran bütün Şimal ilə, Avropa ilə dəmir yolu vasitəsilə bağlıdır. Yüklər daşınırdı, çox böyük işlər görülürdü. İndi Azərbaycanın torpaqları işğal olunduğuna görə şübhəsiz ki, bunlardan böyük bir məhrumiyyətdəyik. Ancaq eyni zamanda bundan İran da itiribdir.

Mənim xatirimdədir. Hələ sovet hökuməti vaxtında, sovet dövründə, məsələn, Rusiyadan, Avropadan dəmir yolu Bakıdan Culfaya, İrana gəlirdi. Bu da İranın ticarəti üçün çox böyük əhəmiyyətli idi. Mən Naxçıvana son dəfə 1990-cı ildə gəldim, 1992-ci ildə isə bu dəmir yolu bağlandı. 1992-ci ilə qədər bu xətdə qatarlar işləyirdi. İran tacirləri dəmir yolu ilə Culfadan gəlib keçirdilər. Mən Naxçıvanda Ali Məclisin sədri olduğum zaman Rusiyaya, yaxud da Avropa ölkələrinə mal aparırdılar, gətirirdilər.

İndi bu işğal edilmiş torpaqların azad olunması bizim üçün əsas vəzifədir, bizim ən böyük dərdimizdir. Ancaq eyni zamanda bu torpaqlar azad olanda İran-Azərbaycan əlaqələri də daha da güclənəcək, daha da genişlənəcəkdir. Birincisi, yol açılacaqdır. Bu, böyük bir hadisədir, çox böyük bir hadisədir, çox böyük bir şeydir. İkincisi, bizim orada, Xudafərində böyük bir su hövzəsi, bənd tikmək layihəmiz vardır. İşi başlamışdıq, yarımçıq qalıbdır. Onu yerinə yetirəcəyik. Başqa da çox işlər görəcəyik. Bunları biz edəcəyik.

Mən bu gün sizə deyirəm ki, əlbəttə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqil Azərbaycanın həyatını ağırlaşdıran, çətinləşdirən bir vəziyyətdir. Torpaqlarımızın 20 faizi işğal olunubdur. Bir milyondan artıq insanlarımız yerindən-yurdundan didərgin düşüb çadırlarda yaşayır, ağır vəziyyətdə yaşayırlar. Biz bu torpaqların azad edilməsinə nail olmalıyıq və nail olacağıq. Yollar da açılacaqdır. Hamısı açılacaqdır. Mən buna tam inanıram və güman edirəm ki, biz buna nail olacağıq. Onda bizim əməkdaşlığımız daha da genişlənəcəkdir.

Mən bu barədə danışanda qeyd etmək istəyirəm ki, beynəlxalq aləmdə çətin problem olan Ermənistan-Azərbaycan münaqişəsində İran həmişə Azərbaycanın haqq işini müdafiə edibdir. İran hökuməti daim Ermənistanı bir təcavüzkar kimi məhkum edibdir, təcavüzkar kimi tanıyıbdır, Azərbaycan torpaqlarına təcavüz edən kimi tanıyıbdır. Beynəlxalq təşkilatlarda, o cümlədən son dəfə səninlə görüşdüyümüz toplantıda - Tehranda İslam Konfransı Təşkilatının görüşündə Ermənistanın Azərbaycana təcavüzü haqqında üç qətnamə qəbul olundu. Bütün islam ölkələri bizi müdafiə ediblər. O cümlədən, şübhəsiz ki, İran İslam Cümhuriyyəti də müdafiə edibdir. Buna görə bir daha təşəkkür edirəm.

Eyni zamanda bizim qaçqınlara neçə illərdir ki, İrandan yardımlar gəlir, insanlar bu yardımdan istifadə edirlər. Buna görə də biz minnətdarıq. Ancaq yenə də deyirəm, bizim əlaqələrimiz elə idi ki, bu mövcud şəraitdə daha da geniş ola bilər, daha da yaxşı ola bilər. Bunu etmək lazımdır.

Siz, cənab Məhəmmədzadə, Naxçıvan haqqında danışdınız. Həqiqətən, İranla Azərbaycanın əməkdaşlığında Naxçıvan xüsusi yer tutur. Bu da birinci ona görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın əsas hissəsindən, Bakıdan, paytaxtdan Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana gedən yollar hamısı kəsilibdir. Dəmir yolu kəsilib, avtomobil yolu kəsilibdir. Bir təyyarələr gedir-gəlir. Təyyarələrlə də çox iş görmək olmaz. Ona görə bu müddətdə, birincisi, İrandan, İran ərazisindən Azərbaycanın Naxçıvanla əlaqə saxlamasında İranın gördüyü işlər bizim üçün çox əhəmiyyətlidir. Bu işlər mən Naxçıvanda işlədiyim zaman da var idi. Çünki, yenə də deyirəm, 1992-ci ilə qədər yollar açıq idi. Düzdür, vəziyyət çox gərgin idi, amma yollar açıq idi. 1992-ci ilin yay aylarında bu yollar bağlandı. Ondan sonra nə edək? Bundan sonra biz İrana müraciət etdik. Şübhəsiz ki, Azərbaycan dövləti də müraciət etdi, amma Naxçıvan burada xüsusi fəallıq göstərdi ki, bizə yol açsınlar və yol da açıldı. İndi bu yoldan da istifadə olunur. Bəzən mənə deyirdilər ki, maneçilik var, filan var və sair var. Görünür ki, bu, ayrı-ayrı məmurların, bürokratların işidir. Mən bilirəm ki, İran hökumətinin bu barədə siyasəti dönməzdir, dəyişməzdir və biz bundan istifadə edirik, bundan sonra da istifadə edəcəyik.

Bu, Naxçıvan üçün böyük şeydir. Mən o illər - 1990-cı ildən 1993-cü ilə qədər Naxçıvanda yaşadım. Naxçıvanın nə qədər ağır vəziyyətdə olduğunu ancaq naxçıvanlılar bilir. Ola bilər, burada az adam bilir. Çünki o vaxt Naxçıvana Bakıdan, yaxud başqa yerlərdən gedib-gələn yox idi. Biz orada bir təcrid olunmuş ada kimi yaşayırdıq. Çox ağır vəziyyətdə yaşayırdıq. Bir tərəfdən Ermənistanla müharibə gedirdi, Ermənistan-Azərbaycan sərhədlərində atışma gedirdi, orada müharibənin qarşısını almaq lazım idi. Bir tərəfdən də insanları yaşatmaq lazım idi. Mən heç vaxt unutmaram ki, İran o zaman bizə çox kömək etdi.

Mən cənab Haşimi Rəfsəncaninin dəvəti ilə İranı iki dəfə ziyarət etdim. O, bizi Tehrana dəvət etdi, orada müqavilələr imzaladıq, sənədlər imzaladıq və Azərbaycana kömək gəldi. Biz elektrik enerjisindən tamamilə məhrum olmuşduq. Biz elektrik xəttini çəkdik gətirdik. O elektrik xəttinin açılışı mənim xatirimdədir. Naxçıvan indiyə qədər ondan istifadə edir. Biz eyni zamanda Türkiyədən xətt çəkdik. Türkiyədən körpü açdıq, çəkdik. Amma İrandan da çəkdik. Düzdür, nə İrandan gələn elektrik enerjisi, nə də Türkiyədən gələn elektrik enerjisi Naxçıvanın tələbatının hamısını təmin etmir. Amma o vaxta qədər biz ancaq Arazdan götürürdük. Özü də biz oradan cəmi 20 meqavatt götürdük, bir o qədər də İran götürdü. Bununla Naxçıvanı təmin etmək mümkün deyildi. Şübhəsiz, amma bir müddət onunla yaşadıq.

Sonra yadımdadır, bu körpü məsələsi - o tay Culfada, bu tay Culfada bazar açıldı. Sonra Şahtaxtı, Poldeşt - bu artıq Qərbi Azərbaycanla bizim əlaqələrimiz oldu. Onlar edilibdir. Şübhəsiz ki, bu, birinci növbədə İran İslam Cümhuriyyətinin Azərbaycana, Naxçıvana olan doğru, düzgün, ədalətli və qardaş münasibəti idi. Eyni zamanda Şərqi Azərbaycan burada çox böyük işlər görürdü. Mən o vaxt Təbrizə ziyarətlərimi çox məmnuniyyətlə xatırlayıram. Təbrizdən Naxçıvana nə qədər insanlar gəlirdi, görüşürdük, bir-birimizə kömək edirdik.

Ancaq mən bilirəm və indi Naxçıvanın başçısı Vasif Talıbov vaxtaşırı məni məlumatlandırır ki, son vaxtlar İran hökuməti Naxçıvanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün əvvələ nisbətən bir çox yeni tədbirlər görübdür. İndi onların hamısını siz dediniz. Mən bunların hamısını bilirəm və bunlar Naxçıvan üçün çox əhəmiyyətlidir. Bunlara görə də mən çox təşəkkür edirəm. Güman edirəm ki, Azərbaycanın da Şərqi Azərbaycanla, Təbrizlə ən yaxın yeri Naxçıvandır. Naxçıvandan Təbrizə avtomobillə iki saata getmək olur. Elədir, yoxsa yox? Yəqin ki, sən də elə getmisən. Ona görə də bu təbiidir.

Bilirsiniz, mən Naxçıvanda doğulmuşam. Mənim gəncliyim orada keçibdir. Doğrudur, o vaxtlar yolları bağlamışdılar. Amma yenə də bizim üçün Təbriz, Təbriz, Təbriz! Elə bil ki, əlini uzat, Təbrizə çatacaqsan. Amma o məftillər bizi qoymurdu. Ona görə Naxçıvanın problemlərinin həlli üçün sizin indiyə qədər etdiyinizə görə təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürümü cənab Xatəmiyə çatdırasınız.

Bilirəm, orada dəmir yolu işləyir. Oradan Məşhədə dəmir yolu işləyir, onu da bilirəm. Hamısını bilirəm. Bunlar çox gözəldir və ümidvaram ki, siz bundan sonra da yardımınızı əsirgəməyəcəksiniz, davam etdirəcəksiniz. Beləliklə, Şərqi Azərbaycan, demək olar, İran-Azərbaycan əlaqələrində mərkəz yeri tutmalıdır və sizin bax, bu təşəbbüsləriniz göstərir ki, siz mərkəz yeri tutursunuz.

Bəli, Təbriz ticarəti ilə dünyada çox məşhurdur. Mənə belə gəlir ki, elə İranda tacirlərin əksəriyyətini təbrizlilər təşkil edir. Ona görə də siz doğru buyurdunuz, Təbriz adı ilə, Təbriz tacirləri adı ilə tacirlər burada da fəaliyyət göstərməlidirlər.

Bilirsiniz, indi bizim xarici sərmayəyə çox ehtiyacımız vardır. Biz qapılarımızı açmışıq. Kim bizə xarici sərmayə gətirirsə, o, bizim üçün nəinki qəbuldur, biz bunu məmnuniyyətlə qəbul edirik. Doğrudur, mən indi bəzi nöqsanları da deməliyəm. Bizim bu dövlət orqanlarında, bizim bu məmurlarda, bürokratlarda sərmayənin Azərbaycana gəlməsinə mane olanlar da vardır. Bəlkə bizim qanunlarda da bəzi çatışmazlıqlar vardır. Mən bunları son vaxtlar çox dərindən təhlil edirəm və güman edirəm ki, müəyyən tədbirlər görəcəyik. Ancaq mən bilirəm ki, bizim Azərbaycanda ayrı-ayrı məmurlar, bürokratlar, məsələn, xaricdən gələn bir iş adamının, o cümlədən İrandan gələn bir iş adamının iş görməsi üçün maneçilik törədirlər. Bunu da öz şəxsi mənafeyinə görə edirlər. Bu şəxsi mənafeyinə görə o hərəkətləri edərək Azərbaycanın ölkə kimi, dövlət kimi mənafeyinə zərbə vurur, zərər vururlar. Bunlar da bəzən xarici sərmayəçiləri soyudurlar. Düzdür, çoxları gəlir, sərmayə qoyur, yollar tapırlar.

Məsələn, neft sahəsində bizim bütün müqavilələr elə təşkil olunubdur ki, heç bir bürokrat bunun içinə girə bilməz, heç bir məmur burada mane ola bilməz. Bunlar hamısı yüksək nəzarət altındadır. Onlar yaxşı gedir. Ancaq bizim başqa sahələrə də çox ehtiyacımız vardır.

Mən bilirəm, burada xarici sərmayəçilər üçün, ola bilər, elə İrandan gələn sərmayəçilər üçün də bəzi problemlər vardır. Biz bu problemləri həll edəcəyik. Güman edirəm ki, bu problemlər indi bizdə var, amma bu, Müstəqil Dövlətlər Birliyi ki var, sovetlər ittifaqından müstəqillik almış ölkələr ki var, orada bizdən də çoxdur - elə Rusiyada, yaxud başqa yerlərdə bizdən də çoxdur. Amma bu o demək deyil ki, bu olmalıdır. Bu, olmamalıdır. Bizim də hökumət kimi, dövlət kimi borcumuz bütün bu nöqsanları aradan qaldırmaqdır. Bu nöqsanlar müvəqqəti xarakter daşıyır - bu gün var, sabah olmayacaqdır. Ancaq bizim bu əlaqələrimiz və xüsusən, Azərbaycana sərmayə gətirmək arzumuz daimi xarakter daşıyır. Ona görə də siz baxın, bir ticarət yox, - şübhəsiz ki, ticarət yaxşıdır, - buraya sərmayə gətirib qoymaq, iş düzəltmək, müəssisə yaratmaq lazımdır.

Biz indi özəlləşdirmə aparırıq. Bizim çoxlu fabriklərimiz, zavodlarımız vardır. Bunları özəlləşdirmək lazımdır. Biz onları qanunlarla xarici sərmayəçilərə verməyə hazırıq və verməliyik. Bütün bunlardan istifadə etmək lazımdır. Hər halda Şərqi Azərbaycanda, Təbrizdə bilirəm ki, bu barədə zəngin adamlar çoxdur. Onlar öz kapitalını harasa qoyub xeyir götürməlidirlər. Yoxsa o nədir, kapitalı bankda yatırdır. Harasa qoyub, işlədib xeyir götürməlidir. Azərbaycan bu sahədə çox münasib yerdir. Güman edirəm, siz bu sahəyə də fikir verəcəksiniz.

Mədəniyyət, elm sahəsindəki əlaqələri genişləndirmək lazımdır. Siz bilirsiniz ki, Azərbaycanda mədəniyyət çox yüksək səviyyədədir, inkişaf edibdir. Bəlkə XX əsrdə Azərbaycanın ən böyük nailiyyətlərindən biri Azərbaycan xalqının yüksək təhsil alması, yüksək elm yaratması və yüksək mədəniyyətə malik olmasıdır. Bizim teatrlarımız, musiqimiz, bəstəkarlarımız, yazıçılarımız, şairlərimiz çox məşhurdur. Ancaq İran da qədimdən böyük şairlər ölkəsidir - Firdovsidən başlamış bütün başqa şairlər.

Məsələn, Nizami Azərbaycan şairidir, amma farsca yazıbdır. Biz etiraz etmirik. Nizami elə bir şairdir ki, o, bütün dünyanın şairidir. Hansı ölkədə desələr o, bizim şairimizdir, əgər onu doğrudan da qiymətləndirib öz şairləri hesab etmək istəyirlərsə, etiraz yoxdur.

Şəhriyar isə bizim müasir şairimizdir, bizim üçün çox əzizdir. Bilmirəm, bəlkə bizim Azərbaycanda Şəhriyarı sizdən çox sevirlər. Bunu da bilməlisiniz. Şəhriyarın məzarını, orada sizin yaratdığınız o abidəni çox böyük sevinc hissi ilə, böyük minnətdarlıq hissi ilə ziyarət etdim. Bilirsiniz ki, Azərbaycandan Təbrizə gedən adamlar hamısı birinci növbədə Şəhriyarın məzarını ziyarətə gedirlər.

Şəhriyarın yubileyi haqqında mən böyük bir fərman verdim. Mən hər şeyi açıq danışıram, - hətta mənə dedilər ki, İranda kimsə inciyir, - bu İran şairidir. Bu həm İran şairidir, həm Azərbaycan şairidir. Bunu bir-birindən ayırmaq olmaz. Biz demirik ki, Şəhriyar İran şairi deyil. İran şairidir. Amma biz deyirik o, eyni zamanda Azərbaycan şairidir. Bu, bizim doğma şairimizdir və Azərbaycan haqqında onun yazdığı şerlər, onun yazdığı əsərlər insanlara nə qədər mənəvi qida veribdir, nə qədər böyük ruh veribdir.

Ancaq bizdə yubiley təkcə zirvə görüşündən ibarət deyildir. Yubiley belədir ki, bir konfrans keçirilir, kitablar nəşr olunur, başqa tədbirlər keçirilir, axırda zirvə tədbiri olur. O müddətdən ki, mən fərman vermişəm, Azərbaycanda Şəhriyar haqqında, yəni onun xatirəsi, onun yubileyi ilə bağlı çox işlər görülübdür. Əmin ola bilərsiniz ki, biz o zirvə tədbirini də keçirəcəyik. Amma mən arzu edirəm ki, siz oradan hamınız bura gələsiniz, bir yerdə keçirək. O vaxt sizin keçirdiyiniz yubileyə bizdən ancaq mədəniyyət naziri gəldi. Bəlkə siz başqasını dəvət etmisiniz. Amma məni dəvət etsəydiniz mən də gələrdim. Siz məni dəvət etmədiniz. Amma mən sizi, hamınızı dəvət edirəm. O cümlədən, cənab Xatəmini də dəvət edirəm.

Yəhya Məhəmmədzadə: Cənab prezident, biz qüsur etmişik.

Heydər Əliyev: İndi mən bu qüsuru düzəldəcəyəm. Bunlar hamısı bizim münasibətlərimizin yaxşı tərəfidir və bunları inkişaf etdirməliyik. Biz çalışmalıyıq ki, İran-Azərbaycan əlaqələrində heç bir ləkə olmasın.

Bizim bir ümumi narazılığımız vardır. Uzun illərdir deyirik ki, məsələn, İranla Ermənistan arasında çox sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzularımız yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr keçiririk, filan edirik. Ancaq iş də burasındadır ki, məsələn, Ermənistanın prezidenti var idi - Levon Ter-Petrosyan. O, il yarım bundan qabaq istefa verdi. O, bir neçə dəfə demişdi ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə Yerevan boğular. Bax, bunu o özü demişdi. Yəni bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən, bizim ölkəmizə təcavüz edən bir ölkə ilə iqtisadi sahədə bu qədər əməkdaşlıq etmək, - mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin, - bu, bizi incidir.

Mən bunu dəfələrlə demişəm. Cənab Haşimi Rəfsəncaniyə demişəm, ali rəhbər cənab Xamneiyə demişəm. Son dəfə İslam konfransı olanda ali rəhbər Ayətullah Xamnei ilə görüşdüm, orada ona da dedim. Cənab Xatəmiyə də demişəm. Ancaq vəziyyət dəyişmir. Mən bilirəm ki, siz burada vəziyyət dəyişdirən deyilsiniz. Ancaq sadəcə deyirəm ki, bizim aramızda gərək hər şey düz olsun.

Məsələn, Şərqi Azərbaycandan oraya körpü açmısınız. Bilmirəm, o körpü gündə o tərəf - bu tərəfə nə qədər maşın keçirir. Bu, sizin öz işinizdir. Ancaq mən bunu deməliyəm.

İkinci məsələ də ondan ibarətdir ki, İran böyük, qüdrətli bir dövlətdir. Qüdrətli dövlət olaraq da yaşayacaqdır. Dünya birliyində özünün böyük yeri vardır, İran İslam inqilabının bu il 20 ili tamam olubdur. Uzun illər şahənşah üsul-idarəsi olubdur. Amma İran xalqı öz seçimini edibdir, inqilab edibdir. İran İslam inqilabı xalqı hakimiyyətə gətiribdir və İran İslam Cümhuriyyəti elan olunubdur. Bu xalqın rəyi nədir, xalqın seçimi nədir - o da çox gözəldir. Biz İrana bir İran İslam Cümhuriyyəti kimi böyük hörmət edirik. Çünki dünyada çox islam dövlətləri vardır. Amma bizim üçün ən yaxın qonşu və bütün sahələrdə yaxın olan İran İslam Cümhuriyyətidir, islam dövlətidir. Biz qonşuyuq, bir-birimizə çox yaxınıq.

Amma Azərbaycanda bu gün deyil, on illərlə, yüz illərlə dövlət dünyəvi xarakter daşıyır. Bu da Azərbaycanın ənənəsidir. Ona görə də biz müstəqil olanda elan etdik ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Azərbaycanda din 70 il qadağan olunmuşdu. Amma mən dəfələrlə demişəm ki, xalq dindən ayrılmadı, dini qəlbində yaşatdı. Başa düşürsünüz, o vaxt ki, dinin üzərindən qadağa götürüldü, qısa müddətdə bir də gördün ki, din hər yerdə öz yerini aldı. Biz müsəlmanıq, bizim kökümüz müsəlmandır. Nə təhər deyərlər, biz islam dininin törəmələriyik. Ona görə də öz köklərini tanımayan, öz köklərini qiymətləndirməyən insan, yaxud millət heç vaxt millət ola bilməz.

O vaxt mən Naxçıvanda da olanda İrandan din xadimlərini dəvət edirdim ki, gəlsinlər. O vaxt hələ bizim lazımi qədər din xadimlərimiz yox idi. Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Ancaq dinin öz yerini tutması üçün biz son illər çox böyük işlər görmüşük.

Sizə məlumdur, burada bir müqəddəs yer var, ziyarətgah, pir - "Bibiheybət" piri. İmam Rzanın qızı, həzrəti Museyi-Kazımın da bacısı həzrəti Hökumə xanım orada dəfn olunubdur. Orada vaxtilə böyük bir məscid tikilmişdi və o məscid ikinci dəfə Şirvanşahlar dövründə tikilibdir. Amma 1932-ci ildə o məscid dağıdılıbdır. Ancaq insanlar o müqəddəs yeri heç vaxt unutmayıblar, həmişə ora gediblər, oranı ziyarət ediblər. Xəstəsi gedib orada Allahdan şəfa diləyib, bir ağır işi olan gedib orada Allahdan imdad diləyibdir. İnsanlar inanıblar.

Məsələn, mənim təşəbbüsümlə indi orada gözəl bir məscid tikilibdir. Bilmirəm, gördünüz, yoxsa yox?

Yəhya Məhəmmədzadə: Bəli, cənab prezident, gördük. Sizin orada fotoşəkillərinizi də gördük.

Heydər Əliyev: Allaha şükürlər olsun ki, gördünüz. Mənim təşəbbüsümlə tikilibdir. Yəni mən bir dünyəvi dövlətin başçısıyam. Amma öz xalqımın mənəvi dəyərlərini, dinini, şübhəsiz ki, yaşatmaq istəyirəm. Oranı kim dağıtdısa, ancaq indi orada əvvəlki məscidlərdən daha da əzəmətli bir məscid tikildi. İndi insanlar yenə də oraya ziyarətə gedirlər. Siz gördünüz, o qəbirləri də birləşdirdik. Amma vaxtilə o qəbirləri tamamilə itirmişdilər. Ancaq xalq bilirdi ki, o qəbirlər haradadır. Biz qaldırdıq, yerləşdirdik, hamısını etdik.

Məsələn, mən Naxçıvanda olanda Tehrana gəlmişdim. Danışdıq, mən xahiş etdim, o vaxtlar "Rəfiqdust" Təşkilatı var idi. Şübhəsiz ki, hökumətin göstərişi ilə o təşkilatla birlikdə gəldik. Naxçıvanda böyük bir məscidin əsasını qoyduq. Siz onu gedib görmüsünüzmü?

Yəhya Məhəmmədzadə: Bəli, cənab prezident, o artıq tamamlanıbdır.

Heydər Əliyev: Bilirəm, tamamlanıbdır. Bu ilin oktyabr ayında gedib oranı bir yerdə açacağıq. Ora siz də gələcəksiniz, mən də gələcəyəm. Çox gözəl bir məsciddir. Mən onu tikiləndən sonra görmədim, amma onun bütün layihəsinin hamısını görmüşəm, baxmışam. Bunları bir yerdə etmişik. Əsasmı da bir yerdə qoymuşuq. Amma tikən, yaradan İran tərəfi olubdur. Bu da bizə köməkdir. Bu, yeganə bir hal deyildir. Bunlar çoxdur və bunları biz edirik, edəcəyik.

Amma Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycanda islam dövləti yoxdur, dünyəvi dövlət vardır. Buna görə də indi bəzi hallarda İrandan bəzi din xadimlərinin gəlib burada müəyyən təbliğat aparması bizə zərər gətirir. Bunlar lazım deyil.

Məsələn, o vaxtlar mən özüm Naxçıvanda olanda deyirdim gəlsinlər. Çünki niyə? Onda bizim yetərli qədər din xadimlərimiz yox idi. Amma indi din xadimlərimiz var, şeyx var, şeyxülislam var.

Sovet hakimiyyəti vaxtı din qadağan idi. Amma Qafqaz Müsəlmanlarının İdarəsi Bakıda yerləşirdi və şeyxülislam var idi. Bu şeyxülislamdan qabaq, sovet hakimiyyəti vaxtı da şeyxülislam var idi. Mən onu da tanıyırdım - Əlizadə, adı yadımdan çıxıbdır - şeyxülislam idi. Uzun müddət Azərbaycanda şeyxlik edib və bütün Qafqazın şeyxülislamı idi.

Ona görə dini əlaqələr, şübhəsiz ki, olmalıdır, inkişaf etməlidir. Bu, təbiidir və biz bunu etməliyik. Ancaq bir-birinin daxili işinə qarışmaq, - mən hesab edirəm ki, bu, olmamalıdır. Biz bir dövlət olaraq, dost, qardaş olaraq heç vaxt İran İslam Cümhuriyyətinin daxili işlərinin heç birinə qarışmırıq və qarışmarıq. Müxalifətdən kimsə burada qəzetdə nə yazırsa, onlara fikir verməyin. Mən səfirə bir-iki dəfə demişəm: bir var dövlətin siyasəti, bir də var ki, - indi bizdə mətbuat azadlığıdır, - müxalifətin, yaxud da ayrı-ayrı qəzetlərin fikri. Onlar dövlətin siyasətini ifadə etmir. Dövlətin siyasəti isə odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır və bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız daimidir və bunu inkişaf etdirəcəyik. Biz İranın daxili işlərinə qarışmırıq ki, İranda, nə bilim, niyə çadra örtürlər? Biz buna qarışmırıq. Yaxud da ki, bu yaxınlarda orada, nə bilim, nəsə olmuşdur. Bu, daxili işdir, hər yerdə ola bilər. Bu, harada yoxdur ki! Burada da, bizim bu müxalifət bir dəfə yürüş etdi, şəhərdə 4 kilometr ora-bura getdilər. Mənim əleyhimə sözlər deyirdilər, yazırdılar, edirdilər. Nə bilim, gah orada, gah burada bir mitinq etmək istəyirdilər.

Məsələn, o gün televiziyada gördüm ki, bir qrup gənc İran səfirliyinin qarşısında nəsə danışıbdır. Sonra mən bizim daxili işlər nazirinə telefon etdim. Dedim, buna niyə yol vermisiniz? İranın daxili işi ilə bizim nə işimiz var? Bizim işimiz yoxdur. Mən daxili işlər nazirinə çox ciddi irad tutdum ki, sən belə şeylərə yol verməməlisən. O da kimlərinsə təşəbbüsü olmuşdu.

Bax, mən bu sözləri bir dost kimi, qardaş kimi niyə deyirəm? Bilirsən, dostluqda gərək hər şey açıq olsun. Hər şey açıq olanda hər şey də düz olur. Bunları deyirəm ona görə ki, xüsusən, bəzi hallarda bizi narahat edən ayrı-ayrı din adamlarının gəlib burada dini öz istədiyi kimi təbliğ etməsidir. Buna ehtiyac yoxdur. Artıq bizdə Quran da Azərbaycan dilinə tərcümə olunubdur. İnsanların burada Qurana da etiqadı var, məscidlərə də etiqadı var, istədikləri qədər məscid tikirlər.

O vaxt mən istəmişdim siz Naxçıvanda məscid tikəsiniz. Çünki bizim gücümüz yox idi. Amma indi istəmirəm. Çünki Azərbaycanda indi o qədər məscid tikiblər ki, buna ehtiyac yoxdur. Hər dövrün bir hökmü var. O vaxt bu lazım idi, amma indi buna ehtiyac yoxdur, hər şey var. Mən bunları sizə bir qardaş kimi deyirəm. Xahiş edirəm, bu sözləri qardaş sözü kimi qəbul edəsiniz. Ona görə deyirəm ki, bizim münasibətlərimizdə həmişə təmizlik olsun, həmişə paklıq olsun.

Bir sözlə, bu gün mən sizinlə görüşümdən çox məmnunam. Bu gün çox sevinirəm. İndi mən də Təbrizə gəlmək arzusundayam. Mən Naxçıvanda olanda Təbrizə gəldim.

Yəhya Məhəmmədzadə: Bəli, cənab prezident, iki dəfə təşrif gətirdiniz. İndi gözləyirik ki, yaxın vaxtlarda Sizi Təbrizdə yenidən görək.

Heydər Əliyev: Bəli, iki dəfə oldum. Amma burada Azərbaycanın prezidenti olandan sonra bu mənə müyəssər olmayıbdır. Çox arzusundayam. İranın hər bir şəhərini görmək istəyirəm. Məsələn, keçən səfərim zamanı İsfahanı gördüm. Çox gözəldir. Kiş şəhərini gördüm. Naxçıvanda olanda Məşhədə getmişdim. Sonra Məşhəd-Sərəxs dəmir yolunun açılışında gedib Məşhədi bir daha gördük. Çox gözəl bir yerdir.

Yəhya Məhəmmədzadə: Heç biri Təbrizin yerini vermir.

Heydər Əliyev: Əlbəttə, verə bilməz. Doğrudur, məşhədlilər deyirlər ki, Məşhəd Təbrizdən yaxşıdır.

Yəhya Məhəmmədzadə: Məşhəddə İmam Rza yaxşıdır. Ancaq Təbriz Məşhəddən yaxşıdır.

Heydər Əliyev: Bəli, Məşhəddə İmam Rza bizim hamımız üçün ən yüksək zirvədir. Mən sizə deyim ki, İmam Rzanın qəbrini, məbədini ziyarət edəndə heyran olmuşdum. Heyran olmuşdum ki, İran xalqı, milləti nə qədər əsrlər boyu bunu belə qoruyub saxlayıb, abadlaşdırıb, gözəlləşdirib. Doğrudan da, bu ziyarət insanlarda böyük təmizlik əmələ gətirir.

Mən Naxçıvanda olanda gəldim, İmam Rzanın qəbrini ziyarət etdim. Burada olanda isə getdim Məkkəni, Mədinəni ziyarət etdim. Siz bunları da bilirsiniz. Getdim, oranı da ziyarət etdim. Bunlar hamısı hər bir müsəlman üçün, şübhəsiz ki, müqəddəs yerlərdir. Ancaq düz deyirsiniz, Təbrizin yerini heç nə vermir. Ona görə də mən Təbrizə gəlmək arzusundayam. İndi sən dəvət edirsən, amma cənab Xatəmi də məni Təbrizə dəvət edir.

Yəhya Məhəmmədzadə: Cənab prezident, mən çox məhəbbətli və gözəl sözlərinizə görə Sizə təşəkkür edirəm. İstəyirəm ki, bir kəlmə əlavə edim. Bu da İranda Ermənistan arasındakı ticarət əlaqələri barədədir. Bunun amalı bizim əlimizdədir. Çünki Ermənistan İrandan hər nə aparmaq istəsə bizin ostanımızdan keçir və bizim xəbərimiz olur. Söz yoxdur ki, Ermənistanın İranla diplomatik və s. əlaqələri vardır. İki müstəqil ölkədirlər. Amma Ermənistan ilə nə ticarətdə, nə iqtisadiyyatda, nə də ayrı sahələrdəki əlaqələri İranla Naxçıvan arasında olan əlaqələrlə müqayisə etmək olmaz.

Heydər Əliyev: Yox, Naxçıvan xüsusi yer tutur. Cənab Məhəmmədzadə, mən istəmirəm bunları müqayisə edəsiniz. Qətiyyən müqayisə olunası deyildir.

Yəhya Məhəmmədzadə: Fərqi budur ki, İran Cümhuriyyətində hamı, - prezidentdən tutmuş aşağılara qədər insanlar Azərbaycanla, Naxçıvanla işləməyi, kömək etməyi özlərinə vəzifə bilirlər. Amma tacirlərimiz özləri gedib Ermənistanla işləyirlər. Əlimizdən gələni edəcəyik və könlümüz istəyir ki, həmin adamlar gəlsin Azərbaycanda, Naxçıvanda işləsinlər. Mən qəti deyirəm ki, strateji məhsullar - düyüdür, yağdır, taxıldır, benzindir, neftdir - bunlar Ermənistana getmir. Bəzən biz eşidirik, haradasa yazılır - təəssüf edirik. Deyirik ki, əgər getsə bizim ostanımızdan keçəcəkdir.

Mən iki ilə yaxındır ki, burada işləyirəm. Oraya hətta bir tanker də yanacaq və s. getməyibdir. Amma düzdür, heç bir şübhə yoxdur ki, bizim tacirlərimiz gedib Ermənistanda işləyirlər. İnşallah, bizim siyasətimiz bu olar ki, o tacirlərimiz də gəlsinlər, Azərbaycanla işləsinlər.

Mən bir daha lütfünüzə, məhəbbətinizə, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm və biz Sizi Təbrizdə gözləyəcəyik.

Heydər Əliyev: Bunu səndən çox mən istəyirəm.

Yəhya Məhəmmədzadə: Cənab prezident, Təbrizi hamı istəyir. Mən dedim ki, hər bir azərbaycanlı heç olmasa gərək bir dəfə Təbrizi görə.

Heydər Əliyev: Bir dəfə azdır. Mən iki dəfə görmüşəm, amma azdır.

Yəhya Məhəmmədzadə: Burada görüşdüyüm adamlar dedilər ki, Təbrizi görməmişik. Dedim ki, biz xidmətinizdə hazırıq. İndi Təbrizin havası da xoşdur.

Heydər Əliyev: Yox, indi istidir, payızda gələcəyəm.

Yəhya Məhəmmədzadə: Təbrizin gündüzləri sərindir, gecələri soyuqdur.

Heydər Əliyev: Naxçıvanda da elədir.

Yəhya Məhəmmədzadə: Mən bir daha öz minnətdarlığımı bildirirəm. Bizə yüksək məhəbbət göstərdiniz. Əlbəttə, biz Sizin görüşünüzdən və ziyarətinizdən doymuruq.

Heydər Əliyev: Mən də sizdən doymuram.

Yəhya Məhəmmədzadə: İnşallah, bu söhbətləri Təbrizdə davam etdirərik.

Heydər Əliyev: Yaxşı, davam etdirərik. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 avqust 1999-cu il.