Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Baş katibi Butros Butros-Qalinin Azərbaycana rəsmi səfəri zamanı Bakıda Binə hava limanında qarşılanması mərasimində çıxışı - 29 oktyabr 1994-cü il


Birləşmiş Millətlər Təşkilatının Baş katibi doktor Butros Butros-Qali cənablarını Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram. Bir neçə gün bundan öncə Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin üçüncü ildönümünü qeyd etdi. Üç il ərzində Azərbaycan Respublikası Dünya Birliyinə daxil olmuşdur, Birləşmiş Millətlər Təşkilatının üzvüdür və BMT-nin Baş katibi cənab Butros Butros-Qali ilk dəfədir Azərbaycan torpağına səfər edir. Biz cənab Butros Butros-Qalinin Azərbaycana səfərini yüksək qiymətləndiririk və bu səfərə çox ümidlər bəsləyirik.

Azərbaycan Respublikasının indiki ağır vəziyyəti, müharibə şəraitində olması, respublikada bir milyondan çox qaçqının olması, başqa problemlər dünyanın nəzər-diqqətini Azərbaycana cəlb edir. Biz Birləşmiş Millətlər Təşkilatının və onun Baş katibi Butros Butros-Qalinin bu məsələlərə diqqət yetirdiklərini həmişə hiss edirik. Ümidvaram ki, burada keçiriləcək görüşlərdə və aparılacaq danışıqlarda Azərbaycanın müstəqilliyini möhkəmlətmək, onun qarşısında duran məsələlər barəsində ətraflı söhbətlər gedəcəkdir və Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Butros Butros-Qali bu məsələlərə böyük diqqət yetirəcəkdir.

Hörmətli dostumuz cənab Butros Butros-Qali, Azərbaycan torpağına, Azərbaycan Respublikasına xoş gəlmisiniz. Bura sizin üçün doğma torpaq, doğma bir yerdir və burada hər bir vətəndaş, hər bir ailə sizin bu gəlişinizi alqışlayır, sizə mehribanlıq və qonaqpərvərlik hissləri göstərməyə hazırdır.

"Azərbaycan" qəzeti, 30 oktyabr 1994-cü il.

Tarixi arayış