Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cyoti Svarup Pandenin etimadnaməsini qəbul edərkən söhbətindən - 2 iyul 2003-cü il


Cyoti Svapur Pande: Zati-aliləri, cənab prezident!

Mən öz ölkəmin prezidentinin etimadnamə məktubunu Sizə təqdim etməkdən böyük şərəf duyuram. Bizim xalqlarımız müasir dünyada bir sıra çətinliklərdən keçərək beynəlxalq aləmdə özlərinə layiqli yer tapmışdır. Xalqlarımız arasında illərdən bəri həm mədəniyyət, həm də ticarət sahəsində geniş əlaqələr olmuşdur. Hindistan hökumətinin nümayəndəsi kimi, səlahiyyətimdə olan bütün mümkün yollarla bu əlaqələri daha da möhkəmləndirməyə çalışacağam.

Cənab prezident, bütün dünyada bilirlər ki, Siz öz xalqınızı dəfələrlə çətin sınaqlardan məharətlə çıxarmısınız və indi də müstəqil dövləti müdrikliklə idarə edirsiniz. Xalqım, hökumətim adından və öz adımdan Sizə möhkəm cansağlığı arzu edirəm. Sağ olun.

Heydər Əliyev: Hörmətli cənab səfir!

Mən sizi Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm, sizə işlərinizdə uğurlar arzulayıram.

Hindistan ilə Azərbaycan arasında əlaqələr çox qədim tarixə malikdir. Biz keçmişdə də əməkdaşlıq etmişik, ticarət və digər əlaqələr saxlamışıq, onları bu gün də həyata keçirmək niyyətindəyik. Həmişə ölkənizə xoş münasibət göstərmişik və sizdən də xoş münasibət görmüşük. Bizim xalqlarımızın həyatında, adət-ənənəsində həm Hindistana, həm də Azərbaycana məxsus olan ümumi xüsusiyyətlər var. Biz bunları qoruyub saxlayırıq.

Sizə Azərbaycanda səfirlik işinizdə uğurlar arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycanda sizin səfirlik fəaliyyətinizi həyata keçirmək üçün bütün imkanlar yaradılıbdır. Sizi bir daha təbrik edirəm, uğurlar arzulayıram.


"Azərbaycan" qəzeti, 3 iyul 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya