Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin Bakı şəhərində keçirilən iclasının iştirakçılarına müraciət - 15 may 2002-ci il


Hörmətli iclas iştirakçıları!

Beynəlxalq Prokurorlar Assosiasiyası icraiyyə Komitəsinin növbəti iclasının Bakı şəhərində keçirilməsini təqdir edərək, onun iştirakçılarını salamlayıram.

1996-cı ildən fəaliyyətə başlamış və 80-dən artıq ölkəni əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasının Azərbaycanda keçirilməsi həm bu təşkilatın fəaliyyətində, həm də müstəqilliyini bərpa edərək, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında əlamətdar hadisədir.

Hamımızın üzv olduğu bu mötəbər təşkilatın amalı ədaləti, qərəzsiz, səmərəli cinayət təqibinin və ədalət məhkəməsinin həyata keçirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə problemlərinin həll olunması sahəsində müxtəlif dövlətlərin prokurorluq orqanlarının səylərini əlaqələndirməkdən və əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bu, çox yüksək bir amaldır. Məmnunam ki, Azərbaycan Prokurorluğu da təşkilatınızın məqsədləri uğrunda səmərəli fəaliyyət göstərir.

Bəşər tarixi və müasir dünyada baş verən proseslər göstərir ki, cinayətkarlıq insan cəmiyyətinin mənəvi və əxlaqı dəyərlərinə böyük zərbə vuran, ictimai-siyasi sabitliyi pozan, dövlətin əsas dayaqlarını sarsıdan, cəmiyyətin tərəqqisinə təhlükə törədən sosial bəladır. İctimai-İqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi irsindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, bu gün cinayətkarıq problemləri ilə qarşılaşmasın. Müşahidələr onu deməyə əsas verir ki, törədilmiş cinayətlər getdikcə ağırlaşır, onların törədilmə üsulları qəddarlaşır, cinayətkarların özləri isə amansızlaşır.

Müasir inkişaf dövrü cinayətkarlığın qloballaşması ilə səciyyələnir. Belə ki, dünyada geniş vüsət almış inteqrasiya prosesləri transmilli mütəşəkkil cinayətkarlığın - terrorçuluq, korrupsiya, insan və silah alveri, narkobiznes, çirkli pulların yuyulması və digər bu kimi təhlükəli cinayətlərin yayılması ilə müşayiət olunur.

Bundan əlavə, dünyanın bəzi ölkələrində hələ də davam edən, hərbi münaqişələr və onların nəticəsində formalaşmış işğalçı rejimlər hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə terrorçuluq və digər cinayətkarlıq yuvalarının yaranmasına gətirib çıxarmışdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsində yaradılmış rejim buna əyani sübutdur. İşğalçı rejimlər beynəlxalq hüququn prinsip və normalarını, demokratik dəyərləri və insan hüquqlarını kobudcasına pozaraq, yalnız öz əhalisi üçün deyil, həm də digər ölkələrin əhalisi üçün real təhlükə yaratmaqdadırlar. Nə qədər ki, belə hallar aradan qaldırılmayıb, heç bir dövlət özünü rahat hiss edə bilməz.

Hörmətli iclas iştirakçıları!

Keçən il sentyabrın 11-də Vaşinqton və Nyu-York şəhərlərində baş vermiş dəhşəti terror aktlarının miqyası bir daha göstərdi ki, müasir dövrdə mütəşəkkil cinayətkarlıq bir və ya bir neçə dövlətin deyil, bütün dünyanın qlobal probleminə çevrilmişdir.

Bəşəriyyəti sarsıdan, beynəlxalq sülhə və əmin-amanlığa təhlükə törədən bu hadisələr hamımızı transmilli mütəşəkkil cinayətkarlığın həqiqi mahiyyətini dərk etməyə sövq edir və onunla mübarizədə daha sıx əməkdaşlığı zəruri edir. Əminəm ki, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlığınız cinayətkarlığın qarşısını alınması və qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olmasına dəyərli töhfəsini verəcəkdir. Məqsəd və məramınızın həyata keçməsində sizə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.