Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna baş nazirinin birinci müavini Yuri Yexanurovun başçılıq etdiyi hökumət nümayəndə heyətini qəbul edərkən söhbətindən - 19 may 2000-ci il


Heydər Əliyev: Hiss edilir ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə komissiya işləyir və fayda gətirir.

Yuri Yexanurov: Bilirsinizmi, bu gün Ukraynada hansısa Azərbaycan dalğasından danışırlar. Çünki bütün son həftə ərzində televiziyamız sizin xarici işlər nazirinin Kiyevə səfərini işıqlandırmışdır. Buraya gəldik və dərhal da çox mehriban qarşılandıq.

Dünən axşam və bu gün biz çox fəal işlədik. Çox vacibdir ki, prezidentimizin bu ilin martında Bakıya səfəri zamanı sizin verdiyiniz impuls əməli təcəssümünü tapsın.

Bakıya yola düşməzdən əvvəl mən prezidentin yanında oldum və Leonid Daniloviç Kuçma sizə salamını və ona ünvanladığınız məktuba görə təşəkkürünü çatdırmağı xahiş etdi. Deyə bilərəm ki, "strateji tərəfdaş" anlayışını müxtəlif cür başa düşmək olar. Lakin prezident Azərbaycanla bağlı qarşıya konkret vəzifələr qoyduqda, ölkənizə də, şəxsən sizə də xüsusi münasibət bəsləndiyini duydum. Prezidentimiz bunu tam dəqiq və inandırıcı şəkildə nümayiş etdirdi.

Başa düşürəm ki, bizim vəzifəmiz sizin imzaladığınız müqaviləni real işlərə çevirməkdən ibarətdir. Odur ki, bütün bu günlər ərzində biz bu görüşü çox səylə hazırladıq və bu gün səmərəli işlədik. Deməliyəm ki, Ukrayna nümayəndə heyətinin başçısı olaraq mən görüşün nə dərəcədə yaxşı hazırlandığını, materialların nə dərəcədə yaxşı işləndiyini çox yüksək qiymətləndirirəm. Hələ dünən bizim məsələlərimiz vardı, lakin bu səhər biz onları razılaşdıra bildik.

Bu gün biz bir neçə saziş imzaladıq və noyabradək qarşımıza vəzifələr qoyduq. Noyabrda görüş Kiyevdə olacaqdır. Zənnimcə, onda biz qarşımıza qoyduğunuz vəzifələrin yerinə yetirilməsinin növbəti mərhələsindən danışa bilərik.

Demək istəyirəm ki, əməkdaşlıq məsələləri var və onlar bununla bağlıdır ki, son il bizdə böhranla əlaqədar əmtəə dövriyyəsinin həcmi bir qədər azalmışdır. Buna görə də komissiyamızın başlıca vəzifəsi bunun səbəblərini araşdırmaqdan, yeni səviyyəyə çıxmaq üçün iş görməkdən ibarətdir. Bununla əlaqədar bizim prezident qarşımızda dəqiq və geniş vəzifələr qoyur. Bizim siyasi münasibətlərimizin səviyyəsi çox yüksəkdir. İqtisadi münasibətlərdə də belə səviyyəyə çıxmalıyıq.

Deməliyəm ki, prezidentlərimiz - siz və Leonid Daniloviç - münasibətlərimizin səviyyəsini çox yüksəyə qaldırmısınız. Odur ki, bu səviyyəyə çatmaq üçün bir çox işlər görməliyik.

Demək istəyirəm ki, bu gün məsələləri sadə vətəndaşlar üçün həll etməyimiz çox vacibdir. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Diasporun rəhbərləri bizimlə birlikdə gəliblər. Biz nə kimi işlər görülməsi barədə onlarla fikir mübadiləsi aparmışıq. Diasporun xahişi ilə biz vətəndaşların sərbəst gedib-gələ bilməsi üçün vizasız rejimin mümkünlüyünü nazirlər səviyyəsində payızadək işləyib hazırlamağı qarşımıza vəzifə qoyuruq.

İkincisi, təsərrüfatçılıq işi üçün şərait yaratmağımız bu gün çox vacibdir. Nümayəndə heyətimizə müəssisələrin direktorları və ticarət şirkətlərinin təmsilçiləri daxildirlər.

Deməliyəm ki, bizim yeni hökumətimiz, baş nazir, - Leonid Daniloviç mənə söhbəti məhz bundan başlamağı tapşırdı, - səpin kampaniyası zamanı yanacaq sarıdan kömək göstərdiyinizə görə sizə çox minnətdardırlar. İndi bu kömək payız üçün də nəzərdə tutulmuşdur. Bu kömək bizim yeni hökümətimiz üçün çox vaxtında edilmişdi. Çox mühümdür ki, işimiz üçün xüsusi rejim yaradılıb, indi yanacaq göndərilir.

Daha bir mühüm məsələ barəsində, hazırda MDB çərçivəsində azad ticarətlə bağlı problemləri həll etmək lazımdır. Qarşıdakı yüksək səviyyədə görüş zamanı ölkələrimizin birgə mövqe tutması çox vacibdir. Azad ticarət zonası haqqında qərarlar artıq qəbul edilmişdir, amma istisnalarsız. Bilirəm ki, Azərbaycan bu barədə Rusiya ilə danışıqlar aparıbdır. Təsəvvür edin ki, bizdə 320 istisna var. Belə də azad ticarət zonası olar? Sizdən xahiş edirdik ki, MDB-nin zirvə görüşündə bu məsələdə birgə mövqe tutaq.

Bununla yanaşı, biz GUÖAM daxilində xüsusi münasibətlər məsələsinə baxılmasını təklif etmişik. Düşünürəm ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin nümunəsi maraqlıdır - mən Polşa, Slovakiya, Macarıstan və Çexiyanı nəzərdə tuturam. Onlar qarşılıqlı münasibətlərin xüsusi rejimini, xüsusi ticarət rejimi qəbul etmişlər. Bu, onlara Avropa Birliyinin tələblərinə hazırlaşmağa, habelə öz təşkilatının daxilində daha yaxşı işləməyə imkan vermişdir. Biz bu barədə komissiya çərçivəsində də, Azərbaycanın baş naziri ilə görüşdə də danışdıq. Zənnimcə, bu işi inkişaf etdirməli, sınaqdan çıxarmalıyıq ki, necə edə bilərik ki, bütün ticarət-iqtisadi münasibətlərimiz işləsin.

Daha bir məsələ barəsində. Torpağınızda əmin-amanlığın nə demək olduğunu başa düşürük. Leonid Daniloviç deyirdi ki, Bakıya səfəri zamanı o, qaçqınların yaşadığı evlərin birində oldu və bu, ona çox ağır təsir bağışladı. O, hökumətə yaxın vaxtlarda buraya 40 konteyner göndərmək barədə tapşırıq vermişdir.

Demək istəyirəm ki, mart ayında televiziyamızda Azərbaycan haqqında, Ukrayna ilə Azərbaycan arasında münasibətlərdə sizin rolunuz haqqında çox ciddi materiallar göstərildi. Bilirsinizmi, bu, komissiyamızın işinə təsir göstərir, işgüzar adamlar komissiyamıza müraciət edirlər.

Əlbəttə, bizi buraya nə kimi malların gətirilməsi, Ukraynaya nə kimi malların göndərilməsi maraqlandırırdı. Bilirsinizmi, nədənsə, mağazalarınızda Ukrayna arağının olmaması bizə toxundu.

Heydər Əliyev: Bəli, ona burada tələbat olardı.

Yuri Yexanurov: Ona görə də biz buraya arağımızın bir neçə nümunəsini gətirmişik ki, camaat görsün. Danışacağıq ki, onu burada hər halda satmaq lazımdır. Yəni bir çox elə mallar var ki, onların əsasında ağrısız-acısız, arxayın işləmək olar. Firmalarımız işləməlidir. Bunlar yeni reallıqlardır.

Başa düşürük ki, bu gün dövlət öz hökmünü yeridə bilməz. Lakin gərək qarşılıqlı surətdə faydalı münasibətlər olsun. Elə bu gün imzalanmış sənədlər də göstərir ki, ticarət-iqtisadi münasibətlərdə mövqelərimizi yaxınlaşdırmaq üçün real addımlar atılmışdır.

Mən çox ümid edirəm ki, sizinlə görüşümüz, komissiyamızın işi münasibətlərimizə yeni təkan verməyə imkan yaradacaqdır.

Heydər Əliyev: Hər şeydən əvvəl, dostum Leonid Daniloviç Kuçmanın mənə yetirdiyiniz salamına görə çox minnətdaram. Xahiş edirəm, mənim də salamımı və ən xoş arzularımı ona yetirəsiniz. Mart ayında onun Azərbaycana rəsmi səfər etməsi bizim üçün mühüm və əlamətdar hadisə oldu. Xüsusən, o baxımdan ki, biz burada dövlətlərimiz arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında çox mühüm sazişlər, iqtisadi münasibətlərimizin inkişafı üçün bir sıra əhəmiyyətli sənədlər imzaladıq. Bundan əlavə, biz ikitərəfli münasibətlərimizin bir çox məsələləri barəsində, Ukraynanı və Azərbaycanı maraqlandıran digər məsələlər barəsində bir daha fikir mübadiləsi apardıq.

Siz haqlısınız ki, Ukrayna ilə Azərbaycan arasında siyasi münasibətlər indi çox yüksək səviyyədədir. Biz həqiqətən strateji tərəfdaşlarıq, beynəlxalq həyatın bir çox məsələləri, ətrafımızda baş verən proseslər barəsində baxışlarımızın çoxu uyğun gəlir. Ona görə də biz Ukrayna ilə münasibətlərimizi yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha yüksəyə qaldırmaq üçün, iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə qalxması üçün hər şey edəcəyik.

Sizdə məhsul yığılarkən və sizi ağır vəziyyətə saldıqları zaman Leonid Daniloviç mənə müraciət etdi və mən Ukraynaya kömək göstərilməsi üçün hər şeyi səfərbər etdim. Şadam ki, biz sizə kömək göstərə, ölkənizi bu ağır vəziyyətdən çıxara bildik.

Lakin məsələ heç də bir bu işdə deyildir. Biz Leonid Daniloviçlə daim əməkdaşlıq və dostluq edirik. Mən bunu çox yüksək qiymətləndirirəm.

Birgə komissiyamızın uğurla işləməsi yaxşıdır. Sizin məlumatınız məni razı salır. Ancaq, görünür, bu, əsla kifayət deyildir. Bizim daha fəal iqtisadi əlaqələrimiz ola bilər. Yeri gəlmişkən, təkcə araq deyil, digər başqa məhsullar da göndərmək olar.

Sizin ölkəniz də, bizim ölkəmiz də islahatların həyata keçirilməsi mərhələsindədir, bunun öz çətinlikləri olması ilə yanaşı, böyük üstünlüyü də var. Biz çətinlikləri aradan qaldıracaq və daha yaxşı iqtisadi və sosial vəziyyətdə olcağıq.

Əməkdaşlığımızın inkişafı üçün Azərbaycan hər şey edəcəkdir. Bu yaxınlarda bizim xarici işlər naziri Ukraynada olmuşdur, mən burada ölkənizin xarici işlər nazirini qəbul etdim. Ukraynada - Yaltada, Kiyevdə neçə dəfə olduğum artıq yadımda deyildir. Kiyevdə axırıncı dəfə mən Leonid Daniloviç Kuçmanın andiçmə mərasimi ilə əlaqədar oldum. Leonid Daniloviç burada olubdur. Bir sözlə, şəxsi ünsiyyətlərimiz tez-tez olur və dövlətlərarası münasibətlərimiz üçün bunların böyük əhəmiyyəti var.

Mən birgə komissiyanın işini tamamilə dəstəkləyirəm. Şadam ki, siz irəliləyirsiniz. Ümidvaram ki, razılaşdırdığınız işləri noyabradək yerinə yetirə biləcəksiniz və yeni, daha yüksək səviyyəyə çıxacaqsınız.

Mən problemləri, o cümlədən azad ticarət zonasına aid problemləri bilirəm. Ukrayna və Azərbaycan MDB-nin iclasında imzalanmış protokolu ratifikasiya etmişlər. Bu günlərdə mən Rusiyanın MDB işləri üzrə naziri Leonid Draçevski ilə görüşdüm, onunla söhbətimiz oldu. Dünən mən MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etdim. Biz gündəliyi müzakirə etdik, azad ticarət zonası məsələsi orada birinci yerdə durur. Demə, Rusiyadan başqa, qalan hamı razıdır. Dediyiniz kimi, Rusiya çox istisnalar edir.

Biz də bu fikridəyik ki, müəyyən istisnalar etmək olar. Lakin bu qədər istisna edilərsə, onda azad ticarət zonası haqqında sənədin özünü boşa çıxarar. Adı olacaq, amma real nəticələr olmayacaqdır. Buna görə də əmin ola bilərsiniz və Leonid Daniloviçə də çatdırın ki, MDB dövlətləri başçılarının qarşıdakı iclasında biz bu sənədin qəti şəkildə təsdiqlənməsi üçün mövqeyimizi möhkəm müdafiə edəcək və çoxsaylı istisnalara mane olmağa çalışacağıq.

Digər təklifləriniz barədə. Ukraynada təxminən yarım milyon azərbaycanlı yaşayır. Mən Kiyevdə olarkən onların nümayəndələri ilə görüşdüm. Leonid Daniloviç buraya gələndə o da Ukrayna diasporunun nümayəndələri ilə görüşdü. Bu, çox müsbət amildir.

Mənə bəlli olduğuna görə, Ukraynada azərbaycanlılar ictimai-siyasi həyatda fəal iştirak edirlər və prezident seçkiləri zamanı onların hamısı Leonid Daniloviç Kuçmanın namizədliyinə səs veriblər. Bir sözlə, orada bizim dəstəyimiz çox konkret, aydın və dəqiqdir. Bilirəm ki, onlar prezident seçkilərində Leonid Daniloviç Kuçmanın namizədliyini fəal dəstəklədiklərinə görə ondan təşəkkür məktubu almışlar. Buna görə də sizə təşəkkür edirik ki, Ukraynada onlara bərabər hüquqlu vətəndaşlıq və normal həyat üçün şərait yaradılmışdır.

Mən belə başa düşdüm ki, onlar öz vəziyyətindən, öz işindən və həyatından əsasən razıdırlar. Bu, məni sevindirir. Şadam ki, biz Ukraynada belə diaspora malikik. Bu da Ukrayna ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirən amildir.

Ola bilsin ki, burada, bizdə ukraynalılar o qədər də çox deyildir. Səfir bilir - o, Azərbaycanda ən qocaman ukraynalıdır. Əvvəllər bizə elə gəlirdi ki, onlar çoxdur. Axı, o vaxtlar Azərbaycanda rusları, ukraynalıları və belarusları çox da fərqləndirmirdilər. O vaxtlar sən (Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenkoya müraciətlə) MK-da işləyərkən, mən bilmirdim ki, sən ukraynalısan. Onda hamı - ukraynalılar, ruslar, belaruslar eyni qəbul edilirdi. Artıq indi fərqləndirməyə başlamışıq. Buna görə də o vaxtlar mənə elə gəlirdi ki, bizdə çoxlu ukraynalı var. Onlar bu gün də kifayət qədərdir.

Boris Aleksenko: 32 min nəfərdir.

Heydər Əliyev: O vaxtlar isə elə gəlirdi ki, onlar 100 mindən artıqdır. Onlar yaxşı, normal yaşayırlar, heç bir problemləri yoxdur. Əgər siz buraya yenə ukraynalı köçürmək istəyirsinizsə, buyura bilərsiniz. Burada onların sayının artırılmasına etirazımız yoxdur. Açığını deyim ki, xalqınız yaxşı xalqdır. Bizdə, bütövlükdə Azərbaycanda və şəxsən məndə əvvəllər də, indi - müstəqillik illərində də Ukraynaya, Ukrayna xalqına xüsusi rəğbət hissi olmuşdur və var.

Ona görə də biz MDB çərçivəsində başqa məsələlərdə də belə fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik, əlbəttə, nəinki öz ölkələrimizin, həm də bütövlükdə MDB-nin mənafeləri naminə eyni mövqelərdən çıxış etməyə çalışırıq. Çünki bəzən orada da çox da uğurlu olmayan təkliflər, cəhdlər və sair olur. Odur ki, artıq neçə illərdir bu mənada biz Leonid Daniloviçlə əməkdaşlıq edirik, nümayəndə heyətlərimiz əməkdaşlıq edirlər.

GUÖAM çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməyin mümkünlüyü barədə rəyiniz çox ağıllı və düzgün rəydir. Axı, əslinə baxsan, biz bu təşkilatı daha fəal iqtisadi əməkdaşlıq üçün yaratmışıq. Hərçənd bəziləri bunu başqa cür başa düşür və bəzi yerlərdə bunu hətta az qala hərbi ittifaq kimi qələmə verməyə çalışırlar və s. Əlbəttə, biz bütün bunlardan uzağıq. Düşünürəm ki, biz GUÖAM çərçivəsində yaxşı əməkdaşlıq edirik, əməkdaşlığımızın perspektivi var.

GUÖAM ölkələri arasında öz xüsusiyyətləri olan iqtisadi əməkdaşlıq, şübhəsiz, bütün GUÖAM ölkələri üçün faydalı olacaq, bu təşkilatı möhkəmləndirəcəkdir. Çünki onun əsasını iqtisadi sahə təşkil edir.

Məhz bu istiqamətin daha da fəallaşdırılmasını sənə (baş nazirin birinci müavini Abbas Abbasova müraciət edir) və Azərbaycanın xarici işlər nazirinə tapşırıram. Bunu iqtisadiyyat xətti üzrə də tapşıracağam ki, məhz bu istiqamət daha da fəallaşsın.

Bir sözlə sağ olun.

Yuri Yexanurov: Köməniyizə görə çox sağ olun. Leonid Daniloviçin dəstəklənməsi üçün sizin - tanınmış liderin, bütün dünyada məşhur olan insanın söylədiyi sözlər onun üçün çox vacib idi.

Heydər Əliyev: Mən sizin televiziya ilə böyük bir çıxış etdim.

Yuri Yexanurov: Bəli, çox böyük çıxış idi. Bu çıxış prezident seçkiləri zamanı ukraynalıların rəyinə təsir göstərdi. Seçkilər belə deməyə imkan verdi ki, Ukraynada cəmiyyət sıx birləşmişdir, biz yeni prezidentə və yeni xəttə malikik.

"Azərbaycan" qəzeti, 20 may 2000-ci il.