Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Madlen Olbrayta - Klivlend şəhəri, 27 sentyabr 2000-ci il


Əziz xanım Olbrayt!

Sentyabrın 7-də Nyu-Yorkda sizinlə yenidən görüşməyimdən məmnun oldum. Hesab edirəm ki, sizinlə çox əhəmiyyətli və səmərəli danışıqlarımız oldu.

Çox şadam ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əlavə səylər göstərilməsinə ehtiyac olduğu barədə sizinlə eyn fikirdəyik.

Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq bundan sonra daha da güclənəcəkdir.

Ölkənizə səfərimin rəsmi hissəsini başa çatdırdıqdan sonra Klivlend klinikasında müayinə olunarkən mənə göstərdiyiniz daimi diqqətə, qayğıya, dostluq münasibətinə və ehtirama görə, zəhmət çəkib mənə telefon ilə zəng etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkənizi tərk edərkən bir daha şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirdiyimi bildrir, sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

 
"Azərbaycan" qəzeti, 28 sentyabr 2000.