Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Corc Buşa - Bakı şəhəri, 29 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Amerika xalqını ürəkdən təbrik edirəm.

Biz ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Beynəlxalq terrorizmə qarşı mübarizədə dövlətinizin siyasətini, həyata keçirilən əməliyyatları tam dəstəkləyirik və bu işə öz töhfəmizi verməyə həmişə hazırıq.

Başçılıq etdiyiniz hökumətin və şəxsən Sizin ölkəmizə göstərdiyiniz diqqətə, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ardıcıl səylərinizə görə Sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 iyun 2002-ci il.