Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Goranboy rayonu ictimaiyyəti nümayəndələrinin mitinqində nitqi - 13 sentyabr 2002-ci il


Əziz goranboylular!

Bacılar və qardaşlar!

Əziz dostlar!

Sizi səmimi-qəlbdən salamlayıram və sizə, Goranboy rayonunun bütün sakinlərinə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Goranboy rayonu Azərbaycanın tanınmış guşələrindən biridir.

Məhsuldar torpağı, yaxşı, gözəl təbiəti və qədim zamanlardan çox dəyərli insanları olan bu rayon Azərbaycanın həyatında keçmiş tarixdə də, müasir dövrdə də çox böyük rol oynamışdır.

Mənim bu rayonla əlaqəm sizə məlumdur. Mən 1970-ci illərdə, 1969-cu ildən Azərbaycana rəhbərlik edərkən respublikamızın bütün rayonları ilə, o cümlədən də Goranboy rayonu ilə çox sıx əlaqədə olmuşam.

Xatirimdədir, 1978-ci ildə, 1982-ci ildə mən sizin rayona gəlmişəm, burada geniş müşavirə keçirmişəm. Hətta rayonlararası müşavirələri burada keçirmişəm. Təkcə bu deyil, sizin rayonunuzla mən daim məşğul olmuşam və o illərdə rayonun inkişafı üçün lazım olan tədbirləri görmüşəm.

Xatirinizdə olmalıdır ki, o illər Goranboy rayonunun iqtisadiyyatı yaxşı inkişaf edirdi. Camaatın güzəranı yaxşılaşırdı. Kəndlərdə çox gözəl evlər tikilirdi, hər yer abadlaşırdı. Goranboy rayonunun mərkəzinin abadlaşması, bax, bu binanın tikilməsi və burada başqa böyük binaların tikilməsi də – hamısı o illərin yadigarıdır.

Yeni dövrdə, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra – bilirsiniz ki, mən 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə gəldim – o ağır illərdə çox böyük problemlərlə məşğul olduğum zaman, ermənilərin Azərbaycana hücumunun qarşısını almaq üçün müharibə apardığımız vaxtda, döyüşlər apardığımız zaman mən yenə də daim Goranboy rayonu ilə əlaqədə olmuşam. Demək istəyirəm ki, Ermənistanın Azərbaycana həmin təcavüzü başlayandan goranboylular, həqiqətən qəhrəmanlıq nümunələri göstərmişlər. Burada, Dağlıq Qarabağla sərhəddə bizim ordu hissələri durmuşdu. Ancaq o illər hələ ordu hissələri tam formalaşmamışdı. Bilirəm ki, Goranboy rayonunun əhalisi, hər kəs öz imkanından istifadə edərək, döyüşlərdə iştirak etmiş, torpaqlarımızı qorumuş, qurbanlar verilmişdir. Sizin rayondan xeyli şəhidlər var. Bunların hamısı goranboyluların Vətənə, xalqa, Azərbaycana nə qədər sədaqətli olduqlarını bir daha nümayiş etdirmişdir.

O illərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında döyüşlərdə iştirak etdiyinizə və torpaqlarımızı qoruduğunuza görə, Goranboy rayonu ərazisindən bir parca da torpağın düşmənin əlinə keçməsinə imkan vermədiyinizə görə mən sizə dərin təşəkkürümü bildirirəm.

Ondan sonrakı illərdə, təbiidir ki, biz çox mürəkkəb bir dövr yaşamışıq. Ancaq şükürlər olsun ki, 1993, 1994, 1995-ci illərdə Azərbaycanın daxilində olan bütün mənfi halları biz aradan götürdük. Qanunsuz silahlı dəstələr ləğv olundu, dövlət çevrilişi cəhdlərinin, Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycan böyük təhlükələrdən xilas oldu. Biz artıq 1996-cı ildə ictimai-siyasi sabitliyi təmin etdik. Azərbaycan iqtisadiyyatının inkişafına ciddi fikir verməyə başladıq. Bu sahədə də xeyli nailiyyətlər əldə etmişik.

Bu illərdə Goranboy rayonunun sakinləri, goranboylular da çox işlər görmüşlər. Ancaq bu işlər daha da çox ola bilərdi. Təəssüflər olsun ki, bunun qarşısını alanlar, buna maneçilik törədənlər olubdur. Buna mane olanlar Goranboy rayonuna o vaxt rəhbərlik etmiş bəzi şəxslər olmuşlar. Sizdə icra hakimiyyətinin bir başçısı oldu, o burada işləri yaxşı apara bilmədi. Sonra qısa müddət ikinci icra başçısı oldu, o da işləri apara bilmədi. Bunlar Goranboy rayonunu müəyyən qədər geri saldılar.

Ancaq mən indi sizin rayonun rəhbər işçiləri ilə görüşdüm, onlarla bir xeyli söhbət etdim. Məndə belə təəssürat yarandı ki, rayonunuza təyin etdiyimiz yeni icra hakimiyyəti başçısı Novruzov sizinlə birlikdə bu böyük, ciddi nöqsanları aradan qaldırmağa başlamışdır və aradan qaldırırsınız. Rayonun vəziyyəti gündən-günə yaxşılaşır. Mən bunu məmnuniyyətlə qəbul edirəm. Həqiqətən görürük ki, rayonda indi daha işgüzar, daha sağlam şərait yaranıbdır. Bu gün icra hakimiyyətinin başçısı rayonun iqtisadi inkişafı ilə əlaqədar öz təkliflərini, öz proqramını mənə məruzə etdi. Hesab edirəm ki, bunların hamısı düzgün istiqamətdə qurulubdur. Bunların həyata keçirilməsi üçün hamı səfərbər olunmalıdır. Azərbaycan hökuməti tərəfindən, bizim tərəfimizdən isə sizə lazımi yardımlar göstəriləcəkdir.

Sizin rayonunuzda – Gülüstan bölgəsində, Ağcakənddə 1988-ci ildə Ermənistandan zorla çıxarılmış soydaşlarımızın yerləşdirilməsi üçün yeni qəsəbələr tikilir. Mən indi oraya gedəcəyəm, onlarla tanış olacam. Oradakı insanlarla görüşəcəyəm. Hesab edirəm ki, bu da sizin rayonun həm miqyasını böyüdür, həm də ki, mənzərəsini gözəlləşdirir.

Ümumiyyətlə, oralar təbiətcə gözəl yerlərdir. O yerləri abadlaşdırmaq, oradakı torpaqlardan istifadə etmək, insanların orada məskunlaşmasını təmin etmək bizim üçün çox vacibdir. Hesab edirəm ki, bu, goranboyluların vəzifəsidir. Bu vəzifəni də həyata keçirmək lazımdır.

Bir sözlə, indi sizin rayonunuz, hesab edirəm ki, irəliyə doğru addımlamağa başlayıbdır. İstəyirəm ki, sizin bu addımlarınız uğurlu olsun. Mən görüləcək işlər haqqında danışmaq istəmirəm, orada söhbət etdik. Sonra bunu televiziya ilə verəcəklər, siz də dinləyəcəksiniz. Amma istəyirəm ki, hamınız birləşəsiniz, yenə də deyirəm, irəliyə atdığınız addımlar daha da güclü olsun.

Burada çox iş görmək lazımdır. Xüsusən aqrar sahədə –islahatların, özəlləşdirmənin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sahibkarlara, iş adamlarına şərait yaradılması. İndi bizdə bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi sahibkarlardır, iş adamlarıdır. Ona görə də biz nə qədər yaxşı, sağlam sahibkarlar təbəqəsi yarada bilsək, nə qədər bacarıqlı, iş görə bilən adamlar meydana çıxsa və hamımız onlara kömək edib, onlarla birlikdə iqtisadiyyatın müəyyən sahələrində irəliləyiş əldə edə bilsək, iqtisadiyyat daha da çox inkişaf edəcək, xalqın, əhalinin, o cümlədən Goranboy rayonu sakinlərinin rifah halı o qədər yaxşılaşacaqdır. Mən arzu edərdim ki, hər biriniz bu istiqamətdə öz səylərinizi göstərəsiniz.

Siz burada bizim düşmənlərimizlə ön cəbhədəsiniz. Bilirsiniz ki, biz 8 ildir ki, müharibəni dayandırmışıq, atəşkəs rejimində yaşayırıq. O vaxt müharibənin nə cür getdiyi sizə yaxşı məlumdur. 1993-cü ildə mən rəhbərliyə qayıdanda 2-3 gündən bir mənə məlumat gəlirdi: Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə ermənilər hücum etdilər... Bizimkilər getdilər, onları vurub çıxartdılar. Orada elə oldu, burada belə oldu... Nə qədər belə mənasız döyüşlər gedirdi. Təbiidir ki, erməni qəsbkarları istəyirdilər ki, gəlib bu torpaqları da işğal etsinlər. Azərbaycanın ordu hissələri və xüsusən siz burada bunun qarşısını alırdınız. Ancaq məsələ bununla bitmirdi. Bu, böyük, gərgin vəziyyət yaratmışdı. Biz məsələni həll edə bilmirdik. Ona görə də atəşkəs rejiminə razılıq verdik. 8 ildir ki, bu rejim davam edir. Bu bizə böyük imkanlar yaradıbdır. Ən əsası odur ki, indi qan tökülmür, şəhidlər yoxdur. Gənclərimiz böyüyür, təhsil alır, orduya gedirlər. Orduda xidmət edirlər, ali hərbi məktəblərdə oxuyurlar, güclü ordumuz yaranır və artıq yaranıbdır. Bunlar üçün bizə vaxt lazım idi, imkan lazım idi. Bundan sonra da biz sülh siyasətini davam etdirəcəyik. Təbiidir ki, biz Azərbaycanın suverenliyini bərpa edəcəyik. Torpaqlarımızın, ərazimizin bütövlüyünü bərpa edəcəyik. Amma hələlik biz bunu sülh yolu ilə, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun iştirakı ilə, onların köməyi ilə etmək istəyirik. Doğrudur, neçə illərdir ki, bu proses davam edir, danışıqlar gedir. Bu danışıqların əksəriyyəti mənim tərəfimdən aparılır. Mənim ətrafımda bu işlə məşğul olan vəzifəli şəxslər tərəfindən aparılır. Nəticə yoxdur. Amma bu o demək deyildir ki, sülh danışıqlarının potensialı tükənibdir. Yox! Hələ var. Ona görə də biz yenidən müharibəyə başlamaq istəmirik. Biz istəmirik qan tökək. Başa düşürsünüzmü? Əgər bir şeyi sülh yolu ilə etmək olarsa, bir az da dözək, amma sülh yolu ilə həll edək. Ancaq həll edə bilməsək, təbiidir ki, biz torpaqlarımızı erməni işğalçılarının tapdağı altında qoya bilmərik. Biz onları mütləq azad edəcəyik. Nəyin bahasına olursa-olsun, hansı qüvvə ilə olursa-olsun, biz onları azad edəcəyik. Bunun üçün biz xalqımızın, vətəndaşlarımızın vətənpərvərlik hisslərini daha da gücləndirməliyik, artırmalıyıq.

Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, Vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq. Bu işlər görülür. Amma bunları daha da yüksək keyfiyyətdə aparmalıyıq. Hər yerdə, hər rayonda, hər şəhərdə, hər bir qəsəbədə birinci məsələ hər bir vətəndaşımızın vətənpərvərlik hissləri ilə yaşamasıdır. Hər bir vətəndaşımız gərək böyük qürur hissi keçirsinki, Azərbaycan artıq müstəqil dövlətdir, Azərbaycan xalqı azaddır. Azərbaycan xalqı öz dövlətində öz torpağının sahibi olaraq yaşayır və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir.

Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Mən yaxşı bilirəm ki, siz Azərbaycan dövlətinin daxili və xarici siyasətini dəstəkləyirsiniz, bəyənirsiniz və Azərbaycan dövlətinin, prezidentinin siyasətini dəstəkləyirsiniz, mənə daim dəstək vermisiniz, bundan sonra da dəstək verəcəksiniz.

Doqquz ildir ki, sizin, xalqın etimadı ilə mən Azərbaycanın dövlət başçısı, Azərbaycanın prezidentiyəm və bu doqquz ildə əlimdən gələni etmişəm ki, Azərbaycanın müstəqilliyi möhkəmlənsin, iqtisadiyyatı inkişaf etsin, beynəlxalq aləmdə respublikamızın mövqeləri güclənsin, müstəqil dövlət kimi, Azərbaycanın dünyada hörməti daha da yüksəyə qalxsın və xalqımızın rifah halı gündən-günə yaxşılaşsın. Sizin dəstəyinizlə bundan sonra da mən bu siyasəti sizinlə birlikdə aparacağam. Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlər əldə edəcəkdir. Biz sizinlə birlikdə bu nailiyyətlərin təşkilatçısı olacağıq.

Siz mənə etimad göstərdiyiniz kimi, dəstək verdiyiniz kimi, mən də sizə arxalanıram, sizdən güc alıram. Mənim indiyə qədər əldə etdiyim bütün nailiyyətlər və bu 9 ildə Azərbaycanı ağır vəziyyətdən çıxarıb bu günə gətirmək yolunda gördüyüm işlər yalnız və yalnız sizin, Azərbaycan xalqının mənə göstərdiyi dəstək və etimadın nəticəsidir.

Bu görüşə görə çox sağ olun. Mənə göstərdiyiniz bu diqqətə görə sizin hamınıza bir daha çansağlığı, səadət arzu edirəm və goranboylularla gələcəkdə mənim yenə də görüşlərim olacaqdır.

Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış