Boris Qrızlov, Rusiya Federasiyasının daxili işlər naziri (2001-2003), Dövlət dumasının sədri (2003-2011)


Elə insanlar var ki, onların irəlidə, göz qabağında olması, başqalarından fərqlənməsi sanki öncədən alınlarına yazılmışdır. Onlarla ayaqlaşmağa çalışırlar, onları nümunə göstərirlər, məsuliyyətin əsas yükünü də onlar daşıyırlar, tarixin gedişinə məhz onlar təsir göstərirlər. 

Haqlı olaraq, Heydər Əliyev də belə insanlar sırasındadır. Siz bütün ömrünüzü vətənə fədakarcasına xidmətə həsr etmisiniz. Siz mənim təsəvvürümdə vətənpərvər, dövlətin ali mənafeləri uğrunda güzəştsiz mübariz obrazının təcəssümüsünüz. 

Azərbaycan xalqı Sizə daim yüksək etimad göstərir, sizi iki dəfə respublikanın Prezidenti seçmişdir. 

Dövlət idarəçiliyinin ən çətin məsələlərini vaxtında həll etmək bacarığınız və mürəkkəb dünya siyasi prosesində yarım addım öndə olmaq istedadınız Sizi müasir dövrün aparıcı dövlət xadimləri ilə bir sıraya çıxarır. Sizin adınız təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda da çox məşhurdur. Siz Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlətlərarası münasibətlərinin təşəkkülü, inkişafı və möhkəmlənməsi işinə misilsiz töhfə vermisiniz. 

Mübaliğəsiz demək olar ki, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə işində güzəştsiz mövqeyiniz, habelə hüquq mühafizə orqanlarının antiterror və anti kriminal fəaliyyətini MDB-nin üzvü olan dövlətlərin Daxili işlər Nazirləri Şurası çərçivəsində əlaqələndirmək sahəsində apardığınız böyük iş ümumən Birliyin bütün ərazisində, o cümlədən Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə kömək edir. 

Biz uzun illər ərzində Azərbaycanı və Rusiyanı bir-birilərinə bağlayan dostluq və əməkdaşlıq ənənələrini çox əziz tuturuq və Azərbaycan DİN ilə Rusiya DİN arasında çoxsəpkili qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və daha da inkişaf etməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk. 

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.162.