Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və İran prezidentləri arasında danışıqların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bəyanatı - 28 oktyabr 1993-cü il


Hörmətli prezident, hörmətli xanımlar və cənablar!

İran İslam Cümhuriyyətinin prezidenti hörmətli ağayi Haşimi-Rəfsəncani və onu müşayiət edən yüksək vəzifəli dövlət nümayəndələri üç gündür ki, Azərbaycanda səfərdədirlər. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası özünü müstəqil dövlət elan etdikdən sonra bu, İran İslam Cümhuriyyətinin bizə gələn yüksək səviyyəli ilk nümayəndə heyətidir. Bu danışıqların nəticəsində Azərbaycan Respublikası ilə İran İslam Cümhuriyyəti arasında imzalanmış sənədlər də müstəqil Azərbaycan dövlətinin İran İslam Cümhuriyyəti ilə yüksək səviyyədə imzaladığı ilk sənədlərdir. Biz bu səfərdən, görüşlərdən, aparılan danışıqlardan çox məmnunuq və güman edirəm ki, bu gün imzalanan sənədlərAzərbaycanla İran İslam Respublikası arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələsinin başlanğıcıdır.

İran İslam Cümhuriyyəti prezidentinin və onu müşayiət edən şəxslərin Azərbaycanda olduğu vaxt Azərbaycan Respublikası üçün yeni bir çətinliyə təsadüf etmişdir. Bu günlərdə erməni silahlı dəstələri Azərbaycan Respublikasının bir neçə məntəqəsinə yeni hücumlar etmişlər. Zəngilan rayonu iki-üç gündür ki, mühasirə şəraitində yaşayır. Biz Azərbaycanın müharibə şəraitində olması və Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə əlaqədar bu danışıqlarımızda çox geniş fikir mübadiləsi apardıq. Cənab Haşimi-Rəfsəncani bu sahədə də müəyyən səylər göstərdi və bölgədə dünəndən atəşin dayandırılması üçün Ermənistan tərəfi ilə bir neçə dəfə danışıqlar apardı. Güman edirik ki, İran İslam Cümhuriyyəti rəhbərliyinin və şəxsən cənab Haşimi-Rəfsəncaninin bu sahədə fəaliyyəti davam edəcək və o öz imkanlarından istifadə edib Azərbaycan Respublikasının təcavüzdən xilas olması üçün lazımi fəaliyyət göstərəcəkdir.

Cənab Haşimi-Rəfsəncani kimi mən də qeyd etmək istəyirəm ki, aparılan danışıqlardan, görüşlərdən və bu gün imzalanmış sənədlərdən biz çox razıyıq. Belə hesab edirik ki, bu səfər çox səmərəli oldu və güman edirəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra sürətlə inkişaf edəcəkdir. Cənab Haşimi-Rəfsəncaninin Azərbaycana təşrif gətirməsi münasibətilə bir daha təşəkkür edirəm və İran İslam Cümhuriyyətindən burada olan bütün qonaqlarımıza işlərində müvəffəqiyyətlər diləyirəm. Təşəkkür edirəm.

Sual: Ağayi Haşimi-Rəfsəncani, Siz üç gündür ki, Azərbaycandasınız, bir sıra görüşlər keçirmisiniz. Mən bilmək istərdim, yalnız İran İslam Cümhuriyyətinin prezidenti kimi yox, həm də İran dövlətinin bir vətəndaşı kimi, burada keçirdiyiniz görüşlərdən hansı uzun müddət yadınızda qalacaqdır?

Ə.Haşimi-Rəfsəncani: Verdiyiniz suala, yəni hansı günlərin daha yaddaqalan olduğuna cavab vermək mənim üçün çətindir. Çünki hamısı mənim üçün yaxşı keçmişdir. Buraya qədəm basdığım andan hörmətli prezident cənab Əliyev və Azərbaycan Respublikasının digər hökumət və dövlət xadimləri tərəfindən çox mehriban və xoş qarşılandım. Elə hiss edirəm ki, öz evimizə gəlmişəm. Olduğumuz bütün yerlər - istər mədəniyyət mərkəzləri, istərsə də müəssisələr bizim üçün çox maraqlı idi. Hərbi qospitalda müalicə olunan yaralı əsgərlərin yanında, istərsə də Şəhidlər xiyabanında olmaq mənim yaddaşımda silinməz izlər buraxmışdır. Mənim üçün ən əhəmiyyətlisi və ən əməli cəhət budur ki, bizim aramızda tam qarşılıqlı anlaşma və mehriban ünsiyyət hökm sürür ki, bu da gələcək əlaqələrimiz üçün ən böyük təminatdır. Ən əhəmiyyətli cəhət budur ki, burada adamlar, azərbaycanlılar bizi çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Bu isə gələcəkdə hər şeyin inkişaf edəcəyinə ümid verir.

Sual: Möhtərəm prezidentlər, gələcəkdə Aralıq dənizinə qədər uzanan neft kəmərinin keçəcəyi təxmini marşrut kimi İran ərazisi müzakirə obyektinə çevrilibmi və əgər Azərbaycan ərazisində gedən müharibə daha geniş miqyas alarsa, Azərbaycan rəhbərliyi hərbi yardım üçün Rusiyaya, İrana yaxud başqa dövlətə müraciət edəcəkmi?

Ə.Haşimi-Rəfsəncani: Sizin sualınızın birinci hissəsini dəqiqləşdirəkmi? Aralıq dənizinə gedən neft kəmərinin İran ərazisindən keçməsini deyirəm. Bu sualı kimə vermisiniz?

Jurnalist: Hər iki prezidentin cavab verməsini xahiş edərdim.

Ə.Haşimi-Rəfsəncani: Neft kəmərinin İran ərazisindən keçməsi məsələsi protokollaşdırma və yaxud qarşılıqlı anlaşma sənədi səviyyəsinə gəlib çatmamışdı. O ki, qaldı Azərbaycandan çəkiləcək neft kəmərinin İran ərazisindən keçib-keçməyəcəyinə, İran öz ərazimizdir, öz vətənimizdir və istənilən vaxt bu barədə danışa bilərik.

H.Əliyev: Mən də bu fikirdəyəm ki, bu neft kəmərlərinin hansının haradan keçməsi hələ heç də məlum deyil, bu məsələləri qabaqlamağa ehtiyac yoxdur. Bu məsələlər bir neçə dövlətin danışıqları və razılığı nəticəsində ola bilər. Bu danışıqlar, bu sazişlər nə nəticə verəcəksə, elə də olacaqdır. Mən cənab prezidentə təşəkkür edirəm ki, İran ərazisindən Azərbaycan üçün hər bir kəmərin, hər bir borunun keçməsinə elə indi razılıq verir. Sualın ikinci hissəsinə gəldikdə isə, mən belə hesab edirəm ki, indi biz çox gərgin şəraitdə, müharibə şəraitindəyik. Şübhəsiz ki, öz torpaqlarımızı özümüz qorumalıyıq, öz gücümüzə güvənməliyik və öz xalqımızın gücü ilə də öz torpaqlarımızı işğalçılardan təmizləməliyik. Bu yolda başqa hansı vasitələrdən istifadə ediləcəyi hələ məlum deyildir.

Sual: Birinci sualım hörmətli İran prezidentinədir. Azərbaycan Respublikasının Zəngilan rayonundakı son hadisələrlə əlaqədar İran sərhədində vəziyyət çox gərginləşmişdir. Bununla əlaqədar İran tərəfi bu yaxınlarda hər hansı tədbir görəcək, ya yox?

Ə.Haşimi-Rəfsəncani: Biz dünən mənim adımdan Ermənistan prezidentinə müraciət göndərmişik. Ona xatırlatdıq ki, bizə vəd etmişdiniz ki, hazırda olduğunuz yerdən bir qarış da olsa irəli getməyəcəksiniz. Ona dedim ki, verdiyiniz vədə əməl etməlisiniz. Hətta ona xatırlatdım ki, yeni həmlələrlə əlaqədar çoxlu qaçqınlar yaranmışdır ki, bu da yeni problemlər törədir. Günortadan sonra mənə xəbər çatdırdılar ki, atəş kəsilmişdir. Cənab Heydər Əliyev də belə bir məlumat aldı ki, Zəngilan rayonunda atəş kəsilmişdir. Bununla belə, əlbəttə, biz heç vaxt öz sərhədlərimizdə təhlükəli vəziyyət yaranmasına dözməyəcəyik. Ümidvaram ki, vəziyyət yaxşılığa doğru dəyişir.

Sual: İkinci sualım Azərbaycan Respublikasının prezidentinədir. Hörmətli Heydər bəy, çoxlu müqavilə imzalandı, lakin onların arasında müdafiə haqqında, yaxud hərbi müqavilə imzalanmadı. Belə müqavilələr nəzərdə tutulubmu?

H.Əliyev:  Əgər nəzərdə tutulmuş olsaydı, imzalanardı.

Sual: Hörmətli Heydər bəy, müşahidəçilərin fikrincə, Zəngilanda yaranmış vəziyyət Rusiyanın təkliflərini Azərbaycanın qəbul etməməsi ilə bağlıdır. Söhbət Rusiya ordusunun Azərbaycana qayıtmasından və Xəzər dənizinin statusu barədə Rusiyanın təklifinin qəbul edilməməsindən gedir. Bu barədə Sizin fikrinizi bilmək istərdim.

H.Əliyev: Ola bilər, bu sizin şəxsi fikrinizdir. Bizdə belə məlumat yoxdur. Çünki rus qoşunlarının Azərbaycana qayıtması haqqında bizə heç bir təklif edilməmişdir. Bu, sizin fikriniz ola bilər.

Sual: Birinci sualım Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarınadır. Cənab prezident, havaların soyuması, iqlimin bir az da sərtləşməsi Azərbaycanda hərbi və siyasi iqlimin kəskinləşməsi ilə üst-üstə düşdüyü bir məqamda Sizin fikrinizi bilmək istəyirəm: cənab Əkbər Haşimi-Rəfsəncani ilə qaçqınların bundan sonrakı axınının yerləşdirilməsi ilə bağlı hər hansı söhbətiniz oldumu və İran tərəfi Sizə söz verdimi ki, belə bir addım atacaq?

H.Əliyev: Bəli, cənab Haşimi-Rəfsəncani ilə bizim aramızda bu barədə çoxlu söhbətlər olmuşdur və biz ümidvarıq ki, İran İslam Cümhuriyyəti və şəxsən cənab Haşimi-Rəfsəncani bizim qaçqınlara köməyi bundan sonra da davam etdirəcəklər.

Ə.Haşimi-Rəfsəncani: Mən müzakirə zamanı cənab Heydər Əliyevə belə bir fikrimi bildirdim ki, sizin qaçqınlarınız bizim üçün, müharibə apardığımız dövrdəki qaçqınlarımız timsalındadır. İstədikləri vaxt İran torpağının sakinləri ola, burada yaşaya bilərlər. Lakin biz belə bir cəhəti üstün tuturuq ki, daha yaxşı olar, öz doğma torpaqlarına, ev-eşiklərinə qayıdıb yaşasınlar. Qaçqın olmaq, əlbəttə, çox pis vəziyyətdir. Və biz istərdik ki, onlar hələlik olduqları yerdə qalsınlar. Biz apardığımız müharibənin təcrübəsindən belə bir yəqinlik hasil etmişik ki, adamlar öz yerlərini tərk etməyəndə istədiklərinə daha tez nail ola bilirlər. Fələstinin təcrübəsinə nəzər salın: öz torpaqlarından getmiş, qoyub qaçmış, tərk etmiş fələstinlilər bir daha öz yerlərinə qayıda bilmirlər. Əksinə, öz torpaqlarında, ev-eşiklərində qalanlar İsrail işğalçılarına qarşı uğurla mübarizə aparırlar. Bosniyada da eyni vəziyyətdir. Biz kömək edirik, lakin camaatı, xalqı qaçqın düşməyə təşviq etmirik. Qadınlar, uşaqlar məcburiyyət üzündən qaçqın vəziyyətinə düşsələr də, cavanlar bunu özlərinə heç cür rəva görməməlidirlər, kişi kimi, mərdliklə vuruşmalıdırlar. Təşəkkür edirəm.

Sual: İranın Azərbaycanda, Əfqanıstanda və Bosniya-Herseqovinada baş verən hadisələrə münasibətindən bütün dünya belə bir nəticəyə gəlmişdir ki, doğrudan da İran sülhpərvər ölkədir. Biz istərdik Tacikistan hadisələrinə də öz prizmamızdan baxaq və deyək ki, Tacikistanda sülhün və əmin-amanlığın bərpa olunması sahəsində İran tərəfindən nə kimi tədbirlər gözlənilir və edilir?

Ə.Haşimi-Rəfsəncani:  Biz Orta Asiya respublikalarında - Tacikistanla qonşu ölkələrdə səfərdə olarkən onların dövlət xadimləri və başçıları ilə belə qərara gəldik ki, müştərək tədbirlər görülsün. İlk tədbir kimi qərara alındı ki, Tacikistanın və İranın xarici işlər nazirləri İranda görüşsünlər və sülhün, əmin-amanlığın bərpası yollarını müzakirə etsinlər. İnşallah, Tehrana qayıdandan sonra görəcəyimiz ilk tədbir bu olacaq.

Sual: Mənim sualım cənab Heydər Əliyevədir. Azərbaycan MDB-yə daxil olduqdan sonra Azərbaycanda baş verən hadisələrə həmin birliyin üzvü olan ölkələrin münasibəti necədir və nə kimi tədbirlər görülmüşdür?

H.Əliyev: Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olarkən qarşıya belə bir məqsəd qoyulmamışdır ki, Azərbaycanın Ermənistanla gedən müharibəsində yeni bir tədbir olacaqdır. Ancaq məlumdur ki, Ermənistan silahlı qüvvələrinin ərazimizə təcavüzü ilə əlaqədar biz son vaxtlar Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə bir sıra danışıqlar aparırıq və Rusiya da bu danışıqlarda iştirak edir. Müstəqil Dövlətlər Birliyinin üzvü olan başqa dövlətlər isə hələlik bu məsələyə qarışmamışlar.

Sual: Sualım İran İslam Respublikasının prezidenti ağayi Haşimi-Rəfsəncaniyədir. Möhtərəm prezident, İranın Dağlıq Qarabağ ətrafında apardığı danışıqlardan, verdiyi bəyanatlardan konkret əməli tədbirlərə keçməsi mümkündürmü? Əgər mümkündürsə, bu, hansı halda baş verə bilər?

Ə.Haşimi-Rəfsəncani: Ümidvaram ki, hələlik əməli işlər görməyə ehtiyac yoxdur. Görürəm ki, siz hərbi köməyi nəzərdə tutursunuz. Əlbəttə, biz çalışacağıq mümkün olan bütün səyləri göstərək ki, iş gəlib bu yerə çatmasın.

Sual: Cənab Haşimi-Rəfsəncani, cənab Heydər Əliyev, bilmək istərdim ki, bu münaqişənin aradan qaldırılmasında beynəlxalq təşkilatların göstərə biləcəyi kömək axıra qədər heç bir nəticə vermədən davam edərsə, onların bu fəaliyyətinə ümid bəsləmək nə dərəcədə doğru olardı?

H.Əliyev: Biz beynəlxalq təşkilatların fəaliyyətinə ümid bəsləmişik və indi də bəsləyirik. Birləşmiş Millətlər Təşkilatına, ATƏM-ə ümid bəsləyirik. Münaqişənin aradan qaldırılması üçün onların fəaliyyətinin indiyədək müsbət nəticə verməməsi göz qabağındadır. Ancaq dünya birliyi tərəfindən tanınmış və dünya birliyini təmsil edən bu nüfuzlu təşkilatlardan biz imtina edə bilmərik. Əksinə, çalışmışıq və bundan sonra da çalışacağıq ki, bu təşkilatların imkanlarından maksimum istifadə etməyə nail olaq. Ermənistan silahlı qüvvələrinin təcavüzü ilə əlaqədar olaraq dünən mən Birləşmiş Millətlər Təşkilatına və onun Təhlükəsizlik Şurasına müraciət etmişəm. Xahiş etmişəm ki, Təhlükəsizlik Şurası təcili olaraq bu məsələni müzakirə etsin.

Ə.Haşimi-Rəfsəncani: Mən də o fikirdəyəm ki, beynəlxalq təşkilatların fəaliyyəti faydalı ola bilər və onları rədd etmək lazım deyil. Əlbəttə, bununla belə, iki tərəf özü öz taleyi haqqında fikirləşməlidir. Çünki yalnız iki tərəf bir-birinə ürək yandıra bilər, başqası onların halına o qədər də can yandıra bilməz.

Sual: Mənim sualım hörmətli Haşimi-Rəfsəncaniyədir. İranın və Türkiyənin Azərbaycana olan tarixi, sosial, mədəni yaxınlığını nəzərə alan xüsusən Qərb mətbuatı belə bir iddia ortaya atır ki, Türkiyə və İran Azərbaycanla münasibətlərini genişləndirmək baxımından son dərəcə böyük bir rəqabət içərisindədirlər. Bu iddiaya münasibətiniz necədir?

Ə.Haşimi-Rəfsəncani: Əlbəttə, imperialist dairələrin mətbuatında həmişə belə şeytani əməllər özünü göstərmişdir. Hətta mən öz mətbuatımızdan da gileylənirəm ki, bəzən belə fikirlər onların da səhifələrində özünə yer tapır. Mən istərdim ki, hər iki dövlət Azərbaycanla əməkdaşlıq sahəsində öz aralarında əməkdaşlıq etsin. Əlbəttə, bəzi əlaqələr, məsələn, iqtisadi əlaqələr yaratmaq sahəsində rəqabət ola bilər. Hətta ölkənin özündə də bəzi sahələrdə müxtəlif təşkilatlar, birliklər bir-biri ilə rəqabətdə olurlar. Bu, təbii haldır. Əlbəttə, bizim Azərbaycanla iqtisadi əlaqələr yaratmağımız o demək deyildir ki, biz buraya nüfuz dalınca gəlirik. Yalnız əməkdaşlıq etmək istəyirik. Ümidvaram ki, Türkiyənin mövqeyi də belə olacaq.

Sual: Cənab Rafsəncani, sualım sizədir. Azərbaycanın cənub-qərbinin Ermənistan tərəfindən işğal olunması, son məlumata görə Azərbaycan-İran sərhədinin 70 kilometrinə Ermənistan silahlı qüvvələrinin nəzarət etməsi İran dövləti üçün, İran İslam Respublikası üçün qaçqınlardan əlavə, daha nə kimi problemlər yaradır?

Ə.Haşimi-Rəfsəncani: Mən bu barədə əvvəlki cavabımda dedim ki, bununla əlaqədar Ermənistan prezidentinə müraciət göndərmişəm və bildirmişəm ki, hazırkı vəziyyətə biz heç cür dözə bilmərik.

"Azərbaycan" qəzeti, 29 oktyabr 1993-cü il.