Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının baş katibi Daniel Tarşis ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il


Daniel Tarşis: Hörmətli cənab prezident Heydər Əliyev! Sizi Fransa torpağında səmimi salamladığıma və prezident Jak Şirakın dəvətini qəbul edərək zirvə toplantısına gəlməyinizə çox şadam. Bildirirəm ki, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburq şəhərində - Avropa sarayında keçirilən ikinci zirvə görüşündə 46 dövlətin ali nümayəndələri, o cümlədən 26 prezident və 20 baş nazir iştirak edəcəkdir.

Biz Azərbaycanı Avropa strukturlarında görməyimizə şadıq. Siz Avropa Şurasının iki konvensiyasına qoşulmusunuz. Biz bir-birimizi getdikcə daha yaxşı tanıyırıq. Mən Azərbaycan Respublikasının Avropa Şurasına daxil olmasına hərtərəfli kömək göstərməyə hazıram.

Heydər Əliyev: Hörmətli cənab Tarşis! Bizi səmimiyyətlə salamladığınıza görə təşəkkür edirəm və bildirirəm ki, Azərbaycanın bu toplantıda iştirakına imkan yaranmasına çox şadam. Biz Avropa Şurasının bütün strukturlarında iştirak etmək istəyirik. Azərbaycan demokratik dövlət qurur. Bu, çətin işdir. Demokratik prinsipləri bəyan etmək və onları işdə həyata keçirmək başqa-başqa şeylərdir. Biz demokratik konstitusiya qəbul etmişik, çoxpartiyalılıq əsasında parlament seçmişik. Amma Avropa demokratiyasının səviyyəsinə çatmaq üçün vaxt lazımdır.

Mən Avropa Şurası ilə mövqeyimizin üst-üstə düşməsindən məmnun qaldığımı vurğulayaraq deyirəm ki, öz çıxışınızda Siz bizim Avropa Şurasının prinsiplərinə sadiq olmağımızı düzgün qiymətləndirdiniz. Mən respublikamızda müstəqil dövlət quruculuğunda, islahatların, o cümlədən demokratik islahatların aparılmasında qarşılaşdığımız çətinliklərdən söhbət açaraq qeyd etmək istəyirəm ki, bir neçə il əvvəl ölkədəki qeyri-sabitlik, dövlət çevrilişi cəhdləri həmin prosesləri ləngidirdi. İndi isə vəziyyət kökündən yaxşılaşmışdır. İctimai-siyasi sabitliyin bərqərar olması demokratik islahatlar yolunda uğurlu addımlar atmağa şərait yaratmışdır. Lakin ən başlıca çətinlik Ermənistan -Azərbaycan münaqişəsi ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı bu münaqişə nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovulub çıxarılmışdır və indi əksəriyyəti çadırlarda ağır şəraitdə yaşayır. Ölkəmizə çox böyük maddi və mənəvi zərər vurulmuşdur. Amma buna baxmayaraq, 1994-cü ilin mayında atəşkəs barədə saziş imzalamışıq və ona əməl edirik. Bir daha bildirirəm ki, respublikamızda ilk demokratik konstitusiya qəbul olunmuşdur, demokratik yolla seçilmiş parlament fəaliyyət göstərir. Daxili sabitliyin yaranması, atəşkəsə əməl olunması ölkədə islahatlara başlamağa imkan vermişdir. Biz bu işlərə MDB-nin üzvü olan digər dövlətlərdən gec başlasaq da, bir çox sahələrdə onlardan irəlidəyik. İslahatların həyata keçirilməsi, iqtisadiyyatın yenidən qurulması sahəsində əldə edilmiş nailiyyətlərimiz kifayət qədərdir. Biz dünya iqtisadiyyatına qovuşmaq yolunu tutmuşuq. Bizim prinsiplərimiz aydındır və Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafı dönməzdir.

Biz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzündən 1988-ci ildən bəri davam edən, ərazimizin 20 faizinin erməni birləşmələri tərəfindən işğalına, milyon nəfərdən çox Azərbaycan vətəndaşının ağır qaçqın vəziyyətində çadırlarda yaşamasına səbəb olmuş Ermənistan-Azərbaycan münaqişəsinə yalnız sülh yolu ilə, ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilmiş prinsiplər əsasında son qoyulmasını istəyirik. Biz inanırıq ki, məhz münaqişəni sülh yolu ilə nizama salmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu üzvlərinin köməyilə bu münaqişəyə tez bir zamanda son qoyacağıq. Bu baxımdan Minsk qrupu həmsədrlərinin son təklifi bizdə böyük ümidlər yaratmışdır.

Daniel Tarşis: Ümidvaram ki, münaqişə sülh yolu ilə həll olunacaqdır. Avropada böyük maraq var və Dağlıq Qarabağ probleminin tezliklə aradan qaldırılacağına ümid bəsləyirəm.

"Müstəqilliyimiz əbədidir", XII cild, Azərnəşr, Bakı-2004, səh 283.