Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Məsud Yilmazın şərəfinə rəsmi ziyafətdə nitqi - 14 aprel 1996-cı il


Cənab baş nazir, əziz dostumuz, qardaşımız Məsud Yılmaz!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yeni bir parlaq səhifəsi yazılır, xalqlarımızın əsrlər boyu yazdıqları tarixə yeni bir fəsil əlavə olunur. Bu isə bizim xalqların tarix boyu qurduqları, yaratdıqları dostluq və qardaşlıq əlaqələrinin məntiqi davamıdır, yeni bir pillədir. Son illər xalqlarımız bir-birinə öz məhəbbətini, sevgisini, dostluğumuzu, qardaşlığımızı bildirmək üçün imkanlar alıblar. Ona görə də bu dostluq əlaqələri gündən-günə yüksəklərə qalxacaqdır.

Mən bunu bir pillə kimi dedim. Bu pillələr bizim vaxtımızda da, bizdən sonra gələn nəsillər tərəfindən də artırılacaq, səmanın ən yüksək qatlarına çatacaqdır. Bu, təbiidir. Çünki bizim köklərimiz, bizim doğmalığımız, bizi bir-birimizə bağlayan tellər biz yaranan gündən о qədər möhkəm qurulub, möhkəm sarınıbdır ki, bu dostluğu bundan sonra heç vaxt pozmaq mümkün olmayacaqdır.

Azərbaycan 70 il kommunizm-sosializm hakimiyyəti altında olduğu zaman Türkiyə kimi dost, qardaş ölkə ilə əlaqə saxlamağa imkan tapa bilmirdi. 70 il keçdi, ancaq bu 70 il də bizim əsrlər boyu bir-birimizə olan hisslərimizi, duyğularımızı sarsıda bilmədi, sındıra bilmədi, poza bilmədi. Kiçik bir fürsət əldə edən kimi biz bir-birimizə qovuşduq, bir-birimizə yaxınlaşdıq.

Türkiyə böyük dövlətdir, müstəqil dövlətdir və öz dövlətçiliyini gündən-günə inkişaf etdirir. Azərbaycan müstəqil bir dövlət kimi gənc dövlətdir, ancaq bu müstəqillik yolunda dönməzdir, yenilməzdir. Bizim dostluğumuzun, qardaşlığımızın gələcəyi var. Biz Türkiyəni özümüzə dayaq hesab edirik. Türkiyədə gedən prösesləri və 70 il müddətində dövlət quruculuğunda əldə olunmuş nailiyyətləri özümüz üçün örnək

hesab edirik. Bu təcrübədən, əldə olunan bu nailiyyətlərdən Azərbaycanın xüsusiyyətlərinə uyğun istifadə etməyə çalışırıq. Bu təcrübə də demokratiya təcrübəsidir, insan azadlığı təcrübəsidir, sərbəst iqtisadiyyat təcrübəsidir, söz azadlığı təcrübəsidir. Bunların hamısı Azərbaycanda bərqərar olmaqdadır.

Dünya demokratiyasının əldə etdiyi nailiyyətlərdən istifadə edərək bu prinsipləri daha da möhkəmləndiririk, daha da inkişaf etdiririk. Bizim üçün tarixi, milli ənənələrimizə görə çox yaxın olan Türkiyənin təcrübəsindən səmərəli istifadə etməyə çalışırıq. Biz istəyirik ki, Türkiyə gündən-günə möhkəmlənsin, artsın, inkişaf etsin, Türkiyə dünya miqyasında öz nüfuzunu nə qədər qaldıracaqsa, Azərbaycan üçün, bütün türk dünyasına mənsub olan ölkələr üçün о qədər gərəkli olacaqdır. Ona görə də Türkiyənin nailiyyətlərini biz özümüzün doğma nailiyyətlərimiz hesab edirik və hər bir nailiyyətə, irəliləyişə hər bir türk vətəndaşı kimi sevinirik. Mən bizim qonaqları əmin edə bilərəm ki, bu dostluğa, əməkdaşlığa, qardaşlığa sadiq olacağıq.

Ümidvar olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı özünə dost, qardaş olan Azərbaycan xalqının, Azərbaycan Respublikasının qayğıları ilə daim yaşayacaq, bu qayğılan daim öz qayğıları hesab edəcək, Azərbaycanın gələcəyə olan ümidini öz ümidi hesab edəcəkdir.

Bu gün apardığımız danışıqlar, görüşlər və imzaladığımız bəyanat Bakının küçələrində, hava limanından şəhərin mərkəzinə qədər sadə insanların Türkiyənin baş nazirinə göstərdikləri hüsn-rəğbət, məhəbbət hissləri, onların çox səmimi salamları - bunlar hamısı bir daha onu nümayiş etdirir ki, bizim dostluğumuz səmimidir, əbədidir, sarsılmazdır.

Mən rica edirəm, qədəhlərimizi Türkiyə Cümhuriyyətinin, qardaş Türkiyə xalqının, əbədi və sarsılmaz Türkiyə-Azərbaycan dostluğunun, Türkiyə xalqının xoşbəxt gələcəyinin, Azərbaycan xalqının xoşbəxt gələcəyinin, Türkiyənin baş naziri, əziz dostumuz, qardaşımız Məsud Yılmazın, onun xanımının, Türkiyədən gəlmiş bütün qonaqların, Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin şərəfinə qaldıraq! Sizin şərəfinizə!