Azərbaycan Tarixi Muzeyində "Əsrin müqaviləsi" üzrə Rəhbər Komitənin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 24 yanvar 1995-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bir neçə il müddətində hazırlanmış və artıq imzalanmış neft müqaviləsinin - əsrin böyük müqaviləsinin həyata keçirilməsi üçün bu gün əməli iş başlanır. Bu müqavilənin bağlanması üçün aparılan danışıqlar, görülən hazırlıq işləri və nəhayət, onun imzalanması ərəfəsindəki proseslərin hamısı, bir daha qətiyyətlə deyə bilərik ki, hamar, asan olmamışdır. Bu tarixi hadisə böyük zəhmətin, əməyin və eyni zamanda inadla həyata keçirilən işin nəticəsi olmuşdur.

Azərbaycan neft ölkəsidir. Qədim zamanlarda bizim ölkəmizə, Vətənimizə "Odlar diyarı" deyərdilər və biz bu adla fəxr edirik. Məlumdur ki, XIX əsrin ikinci yarısından başlayaraq bizdə ola bilər ki, dünyada ilk dəfə olaraq neft istehsalına başlanıb. Azərbaycanın neft sənayesi böyük tarixə malikdir. O, bir çox mühüm mərhələlərdən keçibdir. Neft sənaye üsulu ilə çıxarılmağa başlananda Qərb ölkələrinin neft şirkətləri Azərbaycanda fəaliyyət göstərib, burada neft hasilatı və emalı sahəsində müştərək işlər aparıblar. Sonra bu şirkətlərin Azərbaycanda fəaliyyəti dayandırılıb neft sənayesi sovet dövləti tərəfindən milliləşdirilibdir, istehsal edilən neft uzun illər Sovetlər İttifaqının ehtiyaclarını təmin etmək üçün istifadə olunubdur.

Xalqımız üç il bundan əvvəl öz müstəqilliyini, milli azadlığını əldə edib. Azərbaycan xalqı, Azərbaycan dövləti öz sərvətlərinin sahibi olub. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin neft yataqlarından müstəqil, özü istədiyi kimi istifadə etməsi üçün imkanlar yaradıb. Məlumdur ki, Azərbaycan neftçilərinin neftçıxarma sahəsində həm elmi, həm texniki, həm də əməli iş aparılmasında böyük təcrübəsi, potensialı vardır. Azərbaycan alimlərinin, mühəndislərinin, geoloqlarının, neftçilərinin, neft ustalarının gərgin əməyi və böyük fəaliyyəti nəticəsində 45 ildən artıqdır ki, Xəzər dənizində neft hasil olunur.

Bunlar hamısı müstəqil Azərbaycan dövlətinin öz sərvətlərindən, o cümlədən onun zəngin sərvəti olan neft yataqlarından istifadə etməsi üçün çox gözəl əsas yaratmışdır. Ancaq eyni zamanda, indiki mərhələdə biz bu neft yataqlarından səmərəli istifadə etmək üçün dünyanın böyük təcrübəyə, böyük potensiala malik olan neft şirkətləri ilə əməkdaşlıq etməyi də lüzumlu və zəruri hesab edirik. Məhz bunların nəticəsində Xəzər dənizinin Azərbaycan bölməsindəki neft yataqlarından xarici ölkələrin böyük neft şirkətləri ilə müştərək istifadə olunması barədə üç ildən çox müddətdə danışıqlar aparılıb. Böyük məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, bu danışıqlar nə qədər çətin də olsa, müvəffəqiyyətlə başa çatıb və neft yataqlarından birlikdə istifadə olunması üçün böyük neft müqaviləsi imzalanıbdır.

Neft yataqlarından istifadə olunması üçün dünyanın iri neft şirkətləri ilə üç ildən artıq bir dövrdə aparılan danışıqlar Azərbaycan və demək olar ki, dünya ictimaiyyətinin daim diqqət mərkəzində olub. Bu müqavilənin hazırlanmasına və danışıqların aparılmasına çox böyük maraq göstərilibdir. Azərbaycan xalqı, ictimaiyyəti bu danışıqlara, nəhayət, müqavilənin hazırlanıb imzalanmasına böyük ümidlə baxıblar. Bu işə dünya ictimaiyyətinin bəzi dairələrində çox qısqanclıqla yanaşan və mənfi münasibət bəsləyən qüvvələr də olub, bu müqavilənin hazırlanmasına və imzalanmasına cürbəcür istiqamətlərdən maneçilik törədər çox güclü qüvvələr də olubdur. Ancaq müstəqil Azərbaycan Respublikası dövlətinin iradəsi və xarici ölkələrin neft şirkətləri ilə bizim sağlam əsasda olan əməkdaşlarımız bütün bu maneçiliklərin aradan götürülməsinə imkan verib. Nəhayət, 1994-cü il sentyabrın 20-də neft müqaviləsi imzalanıbdır. Müqavilə imzalanan kimi xarici ölkələrin ayrı-ayrı dairələrindən bu sənədi pozmağa cəhdlər də göstərilib, hücumlar da olub. Bunlar artıq məlumdur. Biz bunların hamısının qarşısını almışıq. Müqavilə hazırlanarkən mən əmin idim ki, bütün bu maneələrin, hücumların, təzyiqlərin qarşısını biz öz iradəmizlə alıb, onlara layiqli cavab verə biləcəyik və biz bunu etdik. Müqavilə artıq işləyir, "Əsrin müqaviləsi" kimi dillərə, tarixə düşüb.

İmzalanmış müqavilə Azərbaycan parlamentində müzakirə edilib, Milli Məclis tərəfindən qəbul olunub. 1994-cü il dekabrın 2-də mən bu müqavilənin təsdiq olunması haqqında xüsusi qanun imzalamışam. Beləliklə, müqavilənin əməli surətdə həyata keçirilməsi üçün siyasi, iqtisadi və hüquqi əsaslar yaranıbdır. İndi əməli iş getməlidir. Əvvəllər görülmüş işlərin hamısını yüksək qiymətləndirərək, mən bu gün əmin olduğumu bildirmək istəyirəm ki, artıq bu müqavilə sürətlə həyata keçirilməlidir. Bunun üçün xüsusi işçi qrupları, müqavilənin rəhbər komitəsi yaradılıb, əməli işlər aparılması üçün başqa təşkilati tədbirlər görülüb. Mən bunların hamısını bəyənirəm və əməli işə başlamağınız münasibətilə sizi və bu müqavilədə indən sonra işləyəcək adamların hamısını təbrik edirəm.

Qeyd etmək lazımdır ki, müqavilənin hazırlanması prosesi nə qədər ağır, çətin yollardan keçmiş olsa da, onun həyata keçirilməsi bundan da çətin olacaqdır. Qarşıda çox gərgin, çox mühüm işlər durur. Mən əminəm ki, müqavilədə iştirak edən konsorsiumun, şirkətlərin nümayəndələri və rəhbərləri Azərbaycan Dövlət Neft Şirkəti ilə bərabər bu məsələlərin ardıcıl surətdə davamlı olaraq, gecikmədən həll olunmasını təmin edəcəklər.

Müqavilə 30 il müddətinə nəzərdə tutulmuşdur. Şübhəsiz ki, birinci illər çətin, ağır olacaq. Bizi - Azərbaycan tərəfini, Prezident kimi şəxsən məni ilk illərin işi xüsusi maraqlandırır. Hesab edirəm ki, birinci illər üçün nəzərdə tutulan proqram vaxtından əvvəl yerinə yetirilməlidir. Siz bu gün burada 1995-ci ilin proqramını, büdcəsini müəyyənləşdirəcək, görüləcək işlər haqqında müzakirələr aparıb qərarlar qəbul edəcəksiniz. Mən arzu edərdim ki, birinci il - 1995-ci il üçün nəzərdə tutulan işlər yüksək səviyyədə olsun və onların ardıcıl olaraq günbəgün, aybaay həyata keçirilməsi üçün lazımi tədbirlər görülsün. Bilirsiniz ki, bu müqavilə haqqında, onun ətrafında indi də müxtəlif dairələrdə, mətbuatda, ayrı-ayrı ölkələrdə danışıqlar davam edir. Haradasa belə fikirlər yayırlar ki, müqavilə bağlanıbsa da, ancaq guya Qərb şirkətləri onun həyata keçirilməsinə tələsməyəcəklər. Bəziləri deyirlər ki, müqavilənin həyata keçirilməsi birinci illərdə - 1995-1998-ci illərdə Azərbaycan iqtisadiyyatı üçün o qədər də xeyirli olmayacaqdır. Bu qüvvələr müqavilənin imzalanmasına mane ola bilmədilərsə də, onun həyata keçirilməsinə cürbəcür zərbələr vurmaq istəyirlər. Güman edirəm ki, Qərb neft şirkətləri, konsorsiuma daxil olan neft şirkətlərinin rəhbərləri bütün iftiralara, yalanlara, bu müqavilənin əleyhinə çıxan qüvvələrin hamısına cavab vermək üçün öz səylərini əsirgəməyəcəklər. Bunları nəzərə alaraq, sizdən rica edirəm ki, müqavilənin həyata keçirilməsi sayəsində birinci illərin, 3-4 ilin proqramı çox dəqiq olsun və onun əvvəllər nəzərdə tutulandan da tez yerinə yetirilməsi üçün lazımi tədbirlər görülsün.

Bu müqavilənin həyata keçirilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinin, neftçilərimizin, alimlərimizin üzərinə çox böyük və şərəfli vəzifələr düşür. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan neftçiləri, Dövlət Neft Şirkətində çalışan məsul şəxslər, alimlərimiz, bu sənədin yerinə yetirilməsinə qoşulmuş bütün adamlar Azərbaycanın bu günü və gələcəyi üçün müqavilənin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha dərk edəcək və onun həyata keçirilməsinə çalışacaqlar.

Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, biz bu müqaviləni hazırlayarkən, onu imzalayarkən və mən bir Prezident kimi müqavilənin hüquqi qüvvə alması üçün qanun imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haqqında düşünmüşük. Hamı da bilməlidir ki, biz bu arzularla, niyyətlərlə müqavilənin işə başlamasını istəyirik. Müqavilənin həyata keçirilməsi respublikamızın böhran vəziyyətində olan iqtisadiyyatında qarşıdakı illərdə böyük dəyişikliklər etmək üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilənin həyata keçirilməsi eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivi üçün çox əhəmiyyətlidir. Bu müqaviləni imzalayanda da biz Azərbaycanın gələcək nəsillərinin həyatı barədə düşünürdük. Müqavilənin həyata keçirilməsi üçün aparılan işlər Azərbaycan Respublikası neft sənayesinin başqa sahələrinə də təsir edəcəkdir.

Azərbaycan torpaqlarında yerin təkində hələ istifadə olunmamış çox böyük neft və qaz sərvətlərimiz var. Alimlərimiz, geoloqlarımız tərəfindən Xəzər dənizinin Azərbaycan bölməsində kəşf olunmuş başqa zəngin neft və qaz yataqları da var. Biz bu müqaviləni həyata keçirərək, təcrübə toplayaraq o yataqların da - həm dənizdə, həm də quruda olan neft yataqlarının istifadə edilməsi üçün lazımi tədbirlər görəcəyik. Bu məsələlərin həll olunması üçün xarici ölkələrin neft şirkətləri ilə də əməkdaşlıq etməyə hazırıq. Bu baxımdan, müqavilənin həyata keçirilməsi təcrübəsi gələcək işlərimiz üçün daha əhəmiyyətli olacaqdır. Hesab edirəm ki, konsorsiuma daxil olan neft şirkətləri, Azərbaycan Dövlət Neft Şirkəti bütün bu perspektivləri nəzərə alaraq işlərini yaxşı təşkil edəcəklər.

Konsorsiumun iştirakçısı olan xarici ölkələrin neft şirkətlərinin burada iştirak edən nümayəndələrini bu müqavilənin həyata keçirilməsinə başlanması münasibətilə ürəkdən təbrik edirəm. Onları əmin edirəm ki, dövlət tərəfindən, Azərbaycan Prezidenti kimi mənim tərəfimdən bu müqavilənin həyata keçirilməsi həm daxili nəzarət altında olacaqdır, həm də bu işlərin vaxtlı-vaxtında aparılması üçün lazımi tədbirlərin görülməsi təmin olunacaqdır.

Azərbaycan Dövlət Neft Şirkətini, onun rəhbərliyini, neftçiləri, xalqımızı bu müqavilənin əməli surətdə həyata keçirilməsinə başlanması münasibətilə təbrik edirəm.

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu mühüm işdə sizin hamınıza uğurlar arzulayıram! Xeyirli olsun! Uğurlu olsun!

"Azərbaycan" qəzeti, 25 yanvar 1995-ci il.