Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Azərbaycan-Fransa danişıqlarından sonra Fransanın Xarici İşlər Naziri Erve De Şarett ilə birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 11 oktyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Azərbaycana gələn Fransanın xarici işlər naziri cənab Erve de Şarettlə bizim uzunmüddətli söhbətimiz, danışıqlarımız oldu. Biz ən əvvəl iqtisadiyyat, mədəniyyət, elm sahəsində dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsi məsələlərini və təbii olaraq, ölkələrimiz arasında siyasət sahəsində münasibətlərin inkişafı məsələlərini müzakirə etdik. Biz iqtisadi əməkdaşlığımızın bir neçə konkret məsələsini, o cümlədən də Fransanın "Elf-akiten" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə, digər şirkətlərlə əməkdaşlığı daha da genişləndirmək imkanlarını, məsələn, Bakı sement zavodunun yenidən qurulması və inkişaf etdirilməsi, Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq layihəsində Fransa firmasının iştirakı imkanlarını və bəzi digər layihələri nəzərdən keçirdik.

Ermənistan - Azərbaycan münaqişəsi məsələsi və ümumiyyətlə, Qafqazda gedən münaqişələrin dincliklə həlli məsələsi danışıqlarımızda xüsusi yer tutmuşdur. Biz Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması barəsində öz mövqeyimizi cənab nazirə şərh etdik. Mən bildirdim ki, biz Ermənistan ilə Azərbaycan arasında tam sülh haqqında saziş imzalanan vaxtadək atəşkəs rejiminə əməl edəcəyik. Mən Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına dair bizim dəqiq və aydın mövqeyimizi cənab nazirə şərh etdim. Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğal edilmiş ərazilərdəki yaşayış yerlərindən didərgin salınmış Azərbaycan qaçqınları öz doğma ocaqlarına qayıtmalı, bütün işğalçı qoşunlar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu zaman Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək muxtariyyət statusu veriləcəkdir. Mən məmnunam ki, cənab nazirin bildirdiyi kimi, Fransa Oafqazda sülhün bərqərar edilməsi, Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması mövqelərində möhkəm dayanmışdır. Mən cənab nazirin belə bir bəyanatından məmnunam ki, Fransa beynəlxalq aləmdə tanınmıs prinsiplərə hər bir ölkənin ərazi bütövlüyü haqqında, qaçqınların öz yaşayış yerlərinə qayıtmaq hüququ haqqında ATƏT-in prinsiplərinə sadiq olaraq qalır.

Mən məmnunam ki, hazırda Fransa - Azərbaycan münasibətləri yaxşı səviyyədədir. Lakin bununla bərabər bizim qonağımız kimi, mən də hesab edirəm ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi və genişləndirilməsi zəruridir və bundan ötrü böyük imkanlar mövcuddur. Mən cənab nazirin belə bir məlumatını məmnunluqla qarşıladım ki, Fransa Prezidenti cənab Jak Şirak 1997-ci il yanvarın əvvəlində Fransaya rəsmi səfər etmək haqqında Azərbaycan Prezidentinə öz dəvətini təsdiqləyir.

Mən apardığımız danışıqlardan, söhbətdən razıyam. Buna çoxlu vaxt sərf etdiyimizə görə hətta qrafikdən çıxdıq. Lakin mən bunu istər Azərbaycan üçün, istərsə də Fransa üçün faydalı sayıram. Bu gün söhbətlərimiz və danışıqlarımız hələ davam etdiriləcəkdir. Diqqətinizə görə sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa