Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in hazırki sədri, Polşanın Xarici İşlər Naziri Bronislav Geremek ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 25 noyabr 1998-ci il


Heydər Əliyev: Cənab Geremek, mən Sizi səmimiliklə, mehribanlıqla salamlayır, hörmətli qonağın respublikamıza səfərindən çox məmnun qaldığımı bildirirəm, ATƏT-in üzvü olan müstəqil Azərbaycan dövlətinin bu beynəlxalq təşkilatın fəaliyyətinə həmişə böyük əhəmiyyət verdiyini nəzərə çarpdırıram. Biz ATƏT-lə bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetiririk.

Polşa ilə Azərbaycan arasında yaranmış dostluğumuzu və qarşılıqlı surətdə faydalı əməkdaşlığımızı razılıqla qeyd edirəm. 1997-ci ilin avqustunda Polşaya rəsmi səfərimi məmnunluqla xatırlayır və həmin səfər zamanı imzalanmış sənədləri, xüsusilə prezident Heydər Əliyevin və prezident Aleksandr Krasnevskinin imzaladıqları «Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamə»ni yüksək qiymətləndirirəm.

Respublikalarımızın sıx əlaqələrinin böyük perspektivləri olduğunu nəzərə çarpdırmaq istəyirəm, xüsusən iqtisadi əməkdaşlığı inkişaf etdirmək, Azərbaycan neftinin ixracı, gəmi təmiri, neft kimyası, TRASEKA proqramının həyata keçirilməsində Polşanın iştirakı və bir çox digər sahələrdə ölkələrimizin çox səmərəli münasibətlərini daha da genişləndirmək imkanları çox böyükdür.

Tarixi İpək yolunun bərpası üzrə Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramının həyata keçirilməsi üçün 1998-ci il sentyabrın 7-8-də Bakıda təşkil olunmuş beynəlxalq konfransda 32 döylətin nümayəndələri, o cümlədən Polşa böyük nümayəndə heyəti ilə iştirak etmişdir. Bilirsiniz ki Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi bütün dünya ölkələri arasında daha sıx əlaqələr qurulmasında çox böyük əhəmiyyət daşıyır.

Polşa prezidentinin 1999-cu ildə Azərbaycana rəsmi səfərini respublikamızda səbirsizliklə gözlənildiyini vurğulayıram. Cənab Gvasnevski ilə birlikdə cənab Geremekin də ölkəmizə yenidən gəlməsini arzulayıram.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in fəaliyyətinə respublikamızın xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdırır və indiyə qədər bu sahədə görülmüş işləri qiymətləndirirəm. Azərbaycan müstəqil bir dövlətdir və bu müstəqillik əbədi və dönməzdir. Lakin ölkəmiz müstəqilliyə nail olduqdan sonra problemlərlə qarşılaşmışdır. Onlardan ən ağrılısı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək məqsədi ilə Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzdür. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan artıq vətəndaşımız yurd-yuvasından zorla qovulmuşdur və əksəriyyəti ağır vəziyyətdə çadırlarda yaşayır.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Minsk qrupu çərçivəsində, zirvə görüşlərində və xarici işlər nazirlərinin görüşlərində bu beynəlxalq təşkilat çox böyük səylər göstərmiş, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə görüşündə qəbul olunmuş qərardan razı qaldığımı bildirir, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə müəyyən edilmiş prinsipləri yüksək qiymətləndirirəm. Biz bu prinsipləri əsas olaraq qəbul etmişik. Belə hesab edirik ki, Minsk qrupunun həmsədrləri məhz bu prinsiplər əsasında böyük sülh sazişinin hazırlanmasına nail ola bilərlər.

Minsk qrupu həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın bu münaqişənin aradan qaldırılması üçün gördüyü işləri, irəli sürdüyü təklifləri nəzərdən keçirərək bildirirəm. 1997-ci ilin sentyabrında həmsədrlərin münaqişənin iki mərhələdə həll olunması barədə verdikləri təklifləri biz prinsip etibarilə qəbul etdik. Məlumatlar gəldi ki, Ermənistan tərəfi də bunları qəbul edir. Lakin sonradan həmin təklifləri həyata keçirmək mümkün olmadı. Müəyyən səbəblərdən həmsədrlərin işi bir müddət dayandı. Ancaq biz həmin təkliflərin həyata keçirilməsi ilə əlaqədar Minsk qrupunun həmsədrlərinə müraciətlər, xahişlər etdik. Onlar vəd verdilər ki, yeni təkliflər hazırlayıb təqdim edəcəklər.

Biz həmsədrlərin 1998-ci il noyabrın 9-da verdikləri yeni təklifləri çox diqqətlə öyrənmişik, onlara çox məsuliyyətlə yanaşmışıq. Biz noyabrın 9-da axşam Minsk qrupunun həmsədrlərinə bəyanat vermişik ki, bu təkliflər Azərbaycan tərəfindən qəbul edilə bilməz. Onlar söz verdilər ki, bizim fikirlərimizi nəzərə alacaqlar. Gələn məlumatlardan aydın oldu ki, Ermənistan tərəfi həmin təklifləri prinsip etibarilə qəbul edib. Biz bu təkliflər haqqında öz fikrimizi Minsk qrupunun həmsədrlərinə noyabrın 19-da rəsmi olaraq yazılı bildirmişik. Azərbaycanın bu təklifləri nə üçün qəbul etmədiyini bildirərək, qeyd edirəm ki, bir çox dövlətlərin çox yaxından yardımı və dəstəyi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir, bu torpaqlardan didərgin düşmüş bir milyondan çox insan altı ildir ki, çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilibdir. Amma Azərbaycan öz torpaqlarının hansısa bir hissəsini başqa dövlətə heç vaxt verə bilməz. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in prinsipləri ilə qorunur və qorunmalıdır.

Biz kompromisə gedərək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində beynəlxalq praktikada, beynəlxalq hüquq normalarında mövcud olan yüksək özünüidarə statusu verilməsinə razı ola bilərik. Ancaq indi verilən yeni təkliflərin əsas prinsipi «ümumi dövlət» prinsipidir ki, nə beynəlxalq təcrübədə, nə də beynəlxalq hüquq normalarında belə bir dövlət forması yoxdur. Bu təkliflərdən belə məna çıxır ki, Azərbaycan mövcud olmayan və heç kəs tərəfindən tanınmayan «Dağlıq Qarabağ Respublikası» ilə ümumi dövlət yaratmalıdır. Müstəqil Azərbaycan Respublikası öz tərkibində, müəyyən səbəblərdən və Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzün, apardığı işğalçılıq siyasətinin nəticəsində müəyyən sərbəstlik almış Dağlıq Qarabağla ümumi dövlət yarada bilməz. Bu təklif Azərbaycan dövlətinin, xalqının milli mənafelərinə ziddir. Azərbaycana edilən təcavüzü, ölkəmizə vurulan zərbələri, respublikamızın böyük məhrumiyyətlərlə üzləşməsini görənlər Azərbaycana qarşı gərək belə hərəkət etməsinlər.

Yeni təkliflərin Azərbaycanla razılaşdırılmadan irəli sürülməsindən təəssüfləndiyimi bildirirəm. Müharibədə atəşkəs rejimi 1994-cü ildən bəri davam edir. Əmin olduğumu bildirirəm ki, Dünya Birliyinin və ATƏT-in birgə səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerlərinə qayıdacaq, Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində yüksək özünüidarə statusu olaraq normal yaşayacaqdır.

Bronislav Geremek: Respublikanıza səfərimdən və president Heydər Əliyevlə görüşümdən çox məmnum qaldığımı bildirirəm. ATƏT Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, qaçqınların öz daimi yşayış yerlərinə qayıtması, bölgədə sülhün, sabitliyin və ədalətin bərqərar olunması üçün öz dəstəyini verəcəkdir.

Mən Sizin, cənab prezident, fikirlərinizi məmnuniyyətlə qəbul etdiyimi vurğulayıram. Minsk qrupunun işini dəstəklədiyinizə görə təşəkkür edirəm və Azərbaycanın sülh təşəbbüslərini, atəşkəs rejiminin davam etməsini yüksək qiymətləndirirəm. Sizin 1997-ci ildə Polşaya rəsmi səfərinizin çox yüksək nəticələr verdiyini vurğulayır və ümidvar olduğumu bildirirəm ki, prezident Kvasnevskinin Azərbaycana qarşıdakı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrin ardıcıl surətdə inkişafına kömək edəcəkdir.