Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın Azərbaycan ictimaiyyəti ilə görüşü və ona "İstiqlal" ordeninin təqdim edilməsi mərasimində söhbətindən - 17 mart 2000-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Cənab prezident, çox hörmətli Leonid Daniloviç Kuçma!

Hörmətli qonaqlar, hörmətli səfirlər, mətbuat nümayəndələri, xanımlar və cənablar!

Ukrayna prezidenti çox hörmətli Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfəri başa çatır. Biz bu səfəri və onun yekunlarını Ukrayna və onun prezidenti Leonid Daniloviç Kuçma tərəfindən Azərbaycana böyük diqqətin təzahürü kimi, ölkələrimiz və dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın getdikcə möhkəmlənməsinin sübutu kimi, bu çətin şəraitdə Azərbaycanın dəstəklənməsinin sübutu kimi qiymətləndiririk.

Leonid Daniloviç, səfərinizə görə Ukrayna ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi naminə sizinlə birlikdə həyata keçirə bildiyimiz böyük və səmərəli işə görə sizə bir daha təşəkkür edirəm.

Biz bu səfərdən və onun nəticələrindən çox məmnunuq, çünki yenidən fikir mübadiləsi apara, ölkələrimiz arasında dostluğun, əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmlənməsinə yönəldilmiş dövlətlərarası münasibətlərimizə aid geniş əhatəli məsələləri müzakirə edə bildik. Biz dünyada baş verən proseslərə aid məsələlərin geniş dairəsini də müzakirə etdik.

Sizinlə birlikdə gördüyümüz işə yekun vuraraq, çox böyük məmnunluqla deyə bilərəm: mən şadam ki, biz yenə də və yenə də eyni mövqelərdəyik, belə deməyə həqiqətən əsasımız var ki, Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq strateji xarakterə malikdir.

Gənc müstəqil dövlət olan Azərbaycan öz xarici siyasətində dünyanın bütün ölkələri ilə, xüsusən qonşularla yaxşı, qarşılıqlı surətdə faydalı münasibətlər qurmağın zəruriliyini əsas tutur. Əlbəttə, bu zaman biz başlıca prinsipləri əsas tuturuq. Dövlətimizin bu başlıca prinsipləri və dostluq münasibətləri yaratdığımız və bu münasibətlərin inkişafına çalışdığımız dövlətin başlıca prinsipləri üst-üstə düşdükdə, şübhəsiz, gözəl nəticələrin şahidi oluruq.

Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var.

Lakin, dediyim kimi, başlıca şərtləri, əlbəttə ki, Ukrayna və Azərbaycanın xarici və daxili siyasətinin əsas prinsipləridir. Əslinə qalsa, dostluğumuzu da bu prinsiplər müəyyənləşdirir.

Mən bu prinsiplərdən danışarkən onu nəzərdə tuturam ki, gənc müstəqil dövlət olan Azərbaycan öz müstəqilliyini, suverenliyini möhkəmlətməyə və inkişaf etdirməyə, özünün ərazi bütövlüyünün, suverenliyinin pozulması ilə bağlı mürəkkəb problemləri həll etməyə Ermənistanla münaqişə problemini -Azərbaycan ərazisinin bir hissəsi olan Dağlıq Qarabağı qoparıb Ermənistana birləşdirmək məqsədi ilə erməni separatçılarının Azərbaycanı zorla cəlb etdikləri problemi həll etməyə çalışır.

Azərbaycanın digər problemləri də çoxdur. Lakin bütün bu problemlərə, çətinliklərə baxmayaraq, biz öz azadlığımızın və dövlət müstəqilliyimizin ardıcıl şəkildə möhkəmləndirilməsini və inkişaf etdirilməsini, ümumbəşəri demokratik dəyərlərə sadiqliyi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı yaradılması və dünya iqtisadiyyatına, Qərb strukturlarına inteqrasiya üçün nəzərdə tutulmuş iqtisadi islahatların aparılmasını öz daxili və xarici siyasətimizin əsası sayırıq.

Biz bütün bu məsələlərdə Ukraynanın və Azərbaycanın siyasi xəttini tam uyğun gəldiyini görürük. Buna görə də, əslinə qalsa, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin yaradılmasının lap əvvəlindən, - bu, xüsusən 1995-ci ilə, Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın Azərbaycana ilk rəsmi səfərə gəldiyi vaxta aiddir, - biz həmin prinsipləri əsas tutaraq, Ukrayna ilə dostluq və əməkdaşlığı möhkəmləndirməyin zəruriliyini, buna ehtiyac olduğunu görmüşük.

Şadam ki, münasibətimiz, rəyimiz, mövqeyimiz Ukrayna tərəfindən və onun prezidenti hörmətli Leonid Daniloviç Kuçma tərəfindən dəstəklənmişdir. Şadam, biz gördük ki, bütün bu prinsipial məsələlərdə Ukrayna da, Azərbaycan da eyni mövqe tutur, eyni siyasi xətt yeridirlər. Bax, bu da onu şərtləndirib ki, ötən beş il ərzində biz əməkdaşlığımız üçün, dostluğumuzun möhkəmlənməsi üçün etibarlıq əsas yaradılması sahəsində böyük yol keçmişik və strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə çıxmışıq.

Biz artıq dünən dedik ki, bu qısa tarixi müddətdə Ukrayna ilə Azərbaycan arasında 60-dək sənəd imzalanmış və onların hamısı son dərəcə böyük əhəmiyyətə malikdir. Təbii ki, hər bir sənəd Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafına dair konkret praktiki məsələlərin həlli ilə bağlı müəyyən əhəmiyyət daşıyır.

Leonid Daniloviç Kuçmanın Azərbaycana indiki səfərinin mühüm yekunu ondan ibarətdir ki? biz dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında çox mühüm sənəd imzaladıq. Bu dövlətlərimizin Leonid Daniloviç Kuçmanın və Azərbaycan prezidentinin birgə səylərinin nəticəsidir. indi münasibətlərimizin, əməkdaşlığımızın perspektivini də məhz bu müəyyən edir.

Dünən və bu gün söhbətlərimiz zamanı biz yəqin etdik, hər halda mən yəqin etdim ki, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin, tərəfdaş əməkdaşlığının Azərbaycan üçün də, Ukrayna üçün də çox böyük əhəmiyyəti var. Hər halda biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, Ermənistanın təcavüzü ilə əlaqədar müxtəlif xarici qüvvələr tərəfindən təzyiqlə bağlı çox çətinliklər çəkən və bir çox digər hallarla qarşılaşan Azərbaycan Ukrayna kimi belə strateji tərəfdaşa, dosta malik olmaqla qarşılaşdığımız mürəkkəb problemlərin həllində, şübhəsiz ki, ona ümid bəsləyə bilər.

Biz bilirik ki, Ukraynada da daxili və xarici xarakterli problemlər az deyildir. Dünən biz bu barədə çox ətraflı danışdıq. Yəni bizi ən əvvəl belə bir möhkəm inam bağlayır ki, biz milli azadlığı, dövlət müstəqilliyini möhkəmləndirmək yolu ilə gedirik. Bu mövqedə olan ölkələr sıramdan dost və tərəfdaşları biz özümüzə həmin prinsipial mövqeləri əsas tutaraq müəyyənləşdiririk.

Biz Ukraynada həyatın gedişini, orada baş verən prosesləri, onun öz dövlət müstəqilliyinin qısa müddəti ərzində dünyada, Avropa Birliyində necə yüksək nüfuz qazandığını böyük diqqətlə izləyirik. Ukrayna bir çox Avropa strukturları ilə, demək olar, inteqrasiyadadır, BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya birliyində özünə layiq yeri tutmaq üçün, görünür, hələ çox işlər görəcəkdir.

Bizi xüsusilə sevindirən odur ki, Ukrayna müstəqillik yolu ilə qətiyyətlə gedir. Ukraynanın tarixi bizə məlumdur. Biz bilirik ki, Ukrayna xalqının bir çox ən yaxşı övladları azadlıq, müstəqillik arzusu ilə yaşamış, bu amal uğrunda mübarizə aparmışdır. Lakin Ukrayna xalqının belə böyük xalq olmasına baxmayaraq, uzun illər və yüzilliklər ərzində o öz istədiyinə, yəni azadlığa qovuşmaq imkanına malik olmamışdır.

Sovetlər İttifaqına daxil olmuş digər respublikalar kimi, Ukrayna da Sovetlər ittifaqının süqutundan sonra dövlət müstəqilliyini qazanmışdır. Ancaq bu, dövlət xarakterli akt idi. Milli müstəqilliyə, dövlət müstəqilliyinə nail olmaq özlüyündə tarixi əhəmiyyətə malikdir. Amma Azərbaycanın timsalında gördüyümüz kimi, ölkənin yeni şəraitdə müstəqillik mövqelərində təşəkkül tapması çətin işdir. Biz müstəqilliyə, açığını deyəcəyəm, asanlıqla nail olduq, ona görə ki, Sovetlər ittifaqı dağıldı və bu, bizim hamımıza öz dövlət müstəqilliyimizi bəyan etməyə şərait yaratdı. Lakin sonrakı illərdə həm daxili, həm də xarici xarakterli mürəkkəb, çətin proseslər getdi. Söz yox ki, tab gətirmək, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək bacarığı xalqın, təbii ki, dövlətin və şübhəsiz, dövlət liderinin öz işidir.

Xüsusən də ona görə ki, Ukrayna kimi çox böyük iqtisadi potensiala və çox böyük mühüm strateji mövqeyə malik dövlət onu öz nüfuz dairəsinə salmaq istəyən müxtəlif ölkələrin diqqətini cəlb etmişdir və edir. Biz bunu çox yüksək qiymətləndiririk ki, ötən illər ərzində Ukrayna xalqı müstəqillik yolu ilə ardıcıl surətdə gedir, Ukrayna müstəqillik mövqelərində möhkəm dayanır, dünya siyasətində də, beynəlxalq təşkilatlarda, regional və beynəlxalq xarakterli müxtəlif məsələlərin həllində qətiyyətli, prinsipial mövqe - Ukrayna xalqının müstəqil Ukraynanın milli mənafelərinə tam uyğun olan mövqe tutur.

Azərbaycanda biz məhz bu cür xətti həyata keçirərək Ukraynada görülən bütün işləri yüksək qiymətləndiririk. Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, bu dostluğumuzu, əməkdaşlığımızı və strateji i tərəfdaşlığımızı müəyyənləşdirən mühüm amildir.

Təbii ki, hər bir ölkədə məsələləri hökumət, dövlət həll edir və mənim fikrimcə, çox şey dövlət liderlərindən asılıdır, xüsusən də belə mürəkkəb keçid dövründə. Mən demişəm və bu gün bir daha demək istəyirəm, şadam ki, qardaş Ukrayna xalqının Leonid Daniloviç Kuçma kimi layiqli lideri - prezidenti vardır.

Əlbəttə, istər daxili, istərsə də xarici siyasət məsələlərini həll etməyin Ukrayna üçün necə mürəkkəb və çətin olduğunu mən bu salonda əyləşənlərdən daha yaxşı bilirəm. Prezident Leonid Daniloviç Kuçma daxili xarakterli məsələləri həll edərkən, beynəlxalq təşkilatlarda çıxış edərkən, müxtəlif beynəlxalq və regional problemlər barəsində öz baxışlarını və mövqelərini açıqlayarkən onun fəaliyyətini izləyirəm. Öz xalqının layiqli lideri, öz xalqının layiqli oğlu olan Leonid Daniloviç Kuçmanın öz xalqının milli mənafelərini necə əzmlə və ardıcıllıqla qoruması məndə həmişə böyük heyranlıq hissi doğurur. Öz xalqının milli mənafeləri Leonid Daniloviç Kuçmanın həyatının və fəaliyyətinin başlıca amalıdır. Bizim dünənki və bugünkü görüşlərimiz, rəsmi çıxışlarımız zamanı hamı yəqin edə bildi ki, Leonid Daniloviç həqiqətən belə bir liderdir.

Lakin bu, göydən düşmür. Belə bir lider olmaq üçün böyük həyat yolu keçmək lazımdır, zəngin biliyə, böyük əməli fəaliyyət təcrübəsinə malik olmaq lazımdır, xarakter, iradə lazımdır. Bütün bunlar olmasa, onda, əlbəttə, xalq onun milli mənafelərini qorumağa qadir liderə malik ola bilərik.

Leonid Daniloviç Kuçma görkəmli alim, görkəmli mühəndis, görkəmli konstruktordur, ən başlıcası isə, bacarıqlı, istedadlı insandır. Bütün bunlar ona keçmişdə mürəkkəb məsələləri həll etməyə, kosmik texnika, raket texnikası sahəsində ümumdünya əhəmiyyətli çox böyük təşkilatlara başçılıq etməyə imkan vermişdir.

Lakin bu, onun keçmiş fəaliyyətidir. Görünür, Ukrayna müstəqil dövlətə çevrildikdən sonra onun geniş siyasi fəaliyyətə qoşulması üçün məhz bu, əsas olmuşdur. Çox zəngin həyat təcrübəsinə, şübhəsiz, böyük elmi potensiala və əməli fəaliyyət təcrübəsinə malik olan Leonid Daniloviç yeni şəraitdə, müstəqillik şəraitində Ukraynanın siyasi həyatına çox asanlıqla və tez daxil olmuş, məşhurlaşmış, baş nazir təyin edilmiş, 1994-cü ildə isə ölkə prezidenti seçilmişdir.

Bütün bu illər ərzində mən onun fəaliyyətini diqqətlə izləmişəm və deyə bilərəm ki, hər şey əla idi. Hərçənd, çətinliklər lap çox olmuşdur. Biz bu çətinliklər barədə dəfələrlə danışmış, söhbət etmiş, fikir mübadiləsi aparmış, bir-birimizlə məsləhətləşmişik. Lakin Leonid Daniloviç bu çətin şəraitdə öz dövlətinin Ukraynanın sükanı arxasında qətiyyətlə dayanmışdır, öz xalqının milli mənafelərini əzmlə qoruyur və məhz buna görə də 1999-cu ildə seçkilərdə prezident vəzifəsi uğrunda mürəkkəb mübarizədə Leonid Daniloviç yenidən inamlı qələbə qazandı və Ukraynanın prezidenti seçildi.

Açığını deyim ki, Leonid Daniloviç dostu kimi, habelə Ukrayna ilə Azərbaycan arasında münasibətləri Azərbaycanın gələcək inkişafının mühüm amilli hesab edən Azərbaycan prezidenti kimi mənim üçün çox mühüm idi ki, Leonid Daniloviç qələbə qazansın. Mən olduqca şadam ki, bu qələbə qazanıldı və Leonid Daniloviç yenidən Ukraynanın prezidenti seçildi.

Leonid Daniloviç yenidən prezident seçildikdən sonra ötən qısa müddətdə əvvəllər çətin həll olunan daxili həyat məsələlərini həll etmək üçün çox tədbirlə görünmüşdur.

Əminəm ki, bundan sonra daha asan olacaq, Leonid Daniloviç öz seçicilərinin etimadını, əlbəttə, öz dostlarının ümidlərini şərəflə doğruladacaq və Ukraynanı onun olmalı olduğu səviyyəyə qaldıracaqdır.

Bu günlərdə biz ən çox Azərbaycan-Ukrayna münasibətlərindən danışdıq. Mən çıxışımın əvvəlində qeyd etdim ki, səfərin nəticələrindən, söhbətlərimizin məzmunundan, fikir mübadiləsindən, mühüm sənədlər imzalamağımızdan məmnunam. Lakin ölkələr arasında dostluğun möhkəmləndirilməsi, şübhəsiz ki, ikitərəfli prosesdir.

Əvvəldə dediyim kimi, dostluq və əməkdaşlıq müəyyən prinsiplər əsasında qurula bilər. Prinsiplər olmadan bu dostluq və əməkdaşlıq sırf formal xarakter daşıyacaqdır. Formal xarakter isə, məncə, heç bir ciddi gərək deyildir.

Azərbaycan-Ukrayna münasibətlərinin bu gün belə yüksək səviyyədə olmasında, bu səfər zamanı bizim münasibətlərimizin gələcək inkişafı üçün yol açmağımızda əziz dostum, çox hörmətli Leonid Daniloviç Kuçmanın olduqca böyük xidməti var.

Onun bu beş ildə həmin istiqamətdə gördüyü işlərin hamısını bu gün sadalamaq çətindir. Təkcə onu deyim ki, hər görüş zamanı mən Leonid Daniloviç Kuçmanın Azərbaycan xalqına, bizim taleyimizə, müstəqil Azərbaycana ən səmimi, ən hörmətli, ən xoş münasibətlər bəslədiyini görmüşəm.

Ukrayna və Azərbaycan böyüklüyünə görə hər halda bərabər ölkələr deyildir. Ukrayna çox böyük, Azərbaycan isə nisbətən kiçik ölkədir. Doğrudur, hər ölkənin öz üstünlükləri var. Ancaq liderlərin şəxsi münasibətlərinin, - dünən Leonid Daniloviç Kuçma bu barədə yaxşı dedi, - müstəsna əhəmiyyəti var.

Şadam ki, bizim aramızda şəxsi etimad, səmimi və yoldaşlıq münasibətləri yaranmışdır. Mən bütün bunlarda yenə də Leonid Daniloviç Kuçmanın xidmətini görürəm. Əvvəla, onun siyasi xəttini, dünyada baş verən proseslərə baxışlarını, demokratik dəyərlərə sadiqliyini, ikincisi, onun şəxsi insani keyfiyyətlərini, valehediciliyini, dostluq etmək və dostluğu qiymətləndirmək bacarığını görürəm. Mən bunların hamısını həmişə görmüşəm, indiki görüşümüz zamanı da bunların hamısını yenidən hiss etdim.

Buna görə də Leonid Daniloviç, siz Azərbaycanda böyük nüfuz və hörmət qazanmısmız.

Azərbaycanda Ukrayna xalqına, Ukraynaya həmişə dostluq münasibəti bəslənilmişdir - əgər bir neçə əsr əvvəli götürsək, keçmiş dövrlərdə də, XX əsrdə də. Lakin Azərbaycanda Ukraynaya dostluq münasibəti biz müstəqil dövlətlər olduqdan sonra, Azərbaycan xalqı Ukraynanın və Ukrayna xalqının hansı yolla getdiyini gördükdən sonra xüsusilə inkişaf etmişdir.

Xalqa hörmət tutumlu ifadədir. Lakin şəxsən sizə hörmət böyükdür. Əvvəla, 1995-ci ildə də, 1998-ci ildə də Azərbaycana səfərləriniz zamanı siz ictimaiyyətimizə çox böyük təəssürat bağışlamısınız. İkincisi, burada adamlar, hər halda, mətbuat vasitəsilə bilirlər ki, müxtəlif beynəlxalq təşkilatlarda bizim aramızda nə qədər görüşlər olubdur. Dövlət başçılarının elə bir görüşü olmayıbdır ki, orada Leonid Daniloviçlə biz ayrıca görüşüb, bizi maraqlandıran məsələləri müzakirə etməyə imkan tapmayaq. Özü də bu görüşlərin keçirilməsi üçün təşəbbüslər eyni dərəcədə həm Leonid Daniloviçə, həm də mənə məxsusdur. Əlbəttə, bu gün mən özüm haqqında danışmaq istəmirəm, bu gün mən dostum Leonid Daniloviç haqqında danışıram. Əgər Leonid Daniloviçin həmin təşəbbüsünü, Azərbaycana, mənə göstərdiyi mehribanlığı hiss etməsəydim, təbii ki, onda mən bəlkə də belə qətiyyətlə təşəbbüs göstərməzdim. Odur ki, bu məsələdə başlıca xidməti Leonid Daniloviç Kuçmaya aid edirəm.

Dövlətlərimiz, xalqlarımız arasında münasibətlərin məzmunu da məhz bütün bunlardan ibarətdir. Bütün bunlar prezidentlər arasında - Leonid Daniloviç Kuçma ilə mənim aramda dostluğu, dövləti əhəmiyyəti olan dostluğu əks etdirir. Bizim heç birimiz, - nə o, nə də mən, - dansısa şəxsi məqsədlər güdmürük. Bunların hamısı dövlətlərimizin naminədir, xalqlarımızın naminədir.

Leonid Daniloviçin müstəqil Azərbaycan Respublikasının ən yüksək mükafatına "İstiqlal" ordeninə layiq görülməsini də, əslinə qalsa, məhz bütün bunlar şərtləndirilmişdir.

Mən Azərbaycanın bu yüksək mükafatını bu gün sizə təqdim etmək şərəfinə malik olduğuma görə çox böyük məmnunluq duyuram. Yeri gəlmişkən, bu orden Azərbaycanın ən yüksək mükafatıdır. Çox simvolik haldır ki, bu orden "İstiqlal" adlanır. Mən Azərbaycanın bu yüksək mükafatını Ukrayna xalqımın istiqlaliyyəti uğrunda böyük mübarizə, Azərbaycanın böyük dostuna, öz prinsiplərində möhkəm dayanan böyük insana təqdim edirəm.

"Azərbaycan" qəzeti, 19 mart 2000-ci il.