Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin təkbətək görüşdən əvvəl jurnalistlərin suallarına cavabları - Tehran, 18 may 2002-ci il


Sual: Cənab Xatəmi, İran fələstinliləri müdafiə etməyə, İsrail ilə əlaqələri kəsməyə çağırır. Bəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə İrandan belə bir mövqe gözləmək olarmı?

Cavab: Mənə sual verdiyinizə görə təşəkkür edirəm. Amma mən gözləyirdim ki, jurnalistlər əvvəlcə hörmətli qonağımıza, sonra mənə sual verəcəklər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə İranın mövqeyi məlumdur. Biz Ermənistanın Azərbaycana təcavüzünü pisləmişik və bunu müxtəlif beynəlxalq təşkilatlarda, yüksək səviyyələrdə elan etmişik. Biz belə fikirdəyik ki, bu münaqişə danışıqlar və sülh yolu ilə həll olunmalıdır.

Sözsüz ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən narahatıq, amma Fələstində baş verən hadisələr tayı-bərabəri olmayan qeyri-insani fəlakətdir. Bunu digər hadisələrlə müqayisə etmək mümkün deyildir. Torpağın qəsb edilməsi, işğal olunması bir məsələdir, həmin torpaq üzərində yaşayan insanların - qadınların, uşaqların vəhşicəsinə öldürülməsi isə çox ağır məsələdir. İctimaiyyət bu hadisəyə xüsusi diqqət yetirir, belə görünür ki, bu faciəyə dözmək olmaz.

Sual: Hörmətli cənab prezident Heydər Əliyev, Sizin İrana səfərinizin məqsədi nədən ibarətdir?

Cavab: Sizə təşəkkür edirəm. Mənim İrana rəsmi səfərimin məqsədi Azərbaycan-İran dostluğunu və əməkdaşlığını daha da inkişaf etdirməkdən ibarətdir. Biz qonşu ölkələrik, qədim müştərək tariximiz vardır, milli-mənəvi dəyərlərimiz bir-birinə bənzərdir, bunlar hamısı xalqlarımızın tarixən dostluğunu təmin edibdir.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra çox ölkələrlə dostluq, əməkdaşlıq əlaqələri qurub və bunu inkişaf etdirir. Azərbaycan ilə İran arasındakı əlaqələr də on il bundan əvvəl qurulub və ötən müddət ərzində böyük yol keçibdir. Ancaq biz hesab edirik ki, bu əlaqələr daha da genişlənməli, inkişaf etməlidir. Bax, bu məqsədə nail olmaq üçün mən İrana rəsmi səfərə gəlmişəm.

Sual: Cənab prezident Heydər Əliyev, Sizin İrana rəsmi səfəriniz bir neçə dəfə təxirə salınmışdır. Tehrana indi rəsmi səfərə gəlməyiniz hansı amillərlə bağlıdır?

İkinci sualım cənab Xatəmiyədir. Cənab Xatəmi, Xəzəryanı ölkələr qarşıya çıxan problemləri dərhal həll etmək üçün bir birlik yaratsalar, daha yaxşı olmazmı?

Heydər Əliyev: Bəli, biz bir-iki dəfə İrana rəsmi səfərə hazırlaşmışıq, lakin bu, tarixə salınıbdır. Bunun obyektiv səbəbləri olubdur. Amma ötən müddətdə mən İranda səfərdə olmuşam. Məsələn, 2000-ci ildə mən İranda EKO təşkilatının zirvə görüşündə iştirak etmişəm. Mən o vaxt burada olarkən, hörmətli prezident cənab Xatəmi ilə çox əhəmiyyətli görüşlər keçirmişik, danışıqlar aparmışıq. O zaman İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamnei ilə də görüşmüşəm, danışıqlar aparmışam. Yəni bizim əlaqələrimiz davam edibdir. Amma mən bu gün İrana rəsmi səfərə gəlmişəm. Bu, mənim İrana əvvəlki səfərlərimdən çox fərqlidir. Bu rəsmi səfər zamanı biz bir çox məsələləri müzakirə edəcək, dövlətlərimiz arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalayacağıq ki, bunun da böyük əhəmiyyəti var.

Məhəmməd Xatəmi: Xəzər dənizi qapalı göl sayılır və Xəzəryanı beş ölkəyə aiddir. Xəzərdən istifadə bu ölkələr arasındakı razılıq əsasında həyata keçirilməlidir. Biz hamımız, yəni beş ölkə belə hesab edirik ki, Xəzər dənizi bu beş ölkəyə aiddir. Digər məsələlər - ekologiya, gəmiçilik, balıqçılıq və sair məsələlər sahəsində qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq olmalıdır. Sözsüz ki, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin istifadəsinə dair üsullar dəyişibdir. Ona görə də bu sahədə əməkdaşlığa yeni bir baxış meydana gəlibdir. Odur ki, bu məsələ qarşılıqlı anlaşma və sülh yolu ilə həll olunmalıdır.

Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.

Heydər Əliyev: Mən başa düşmədim. Mazandaran gölü nə deməkdir?

Məhəmməd Xatəmi: Siz tərəfdə Xəzərə Qəzvin gölü, İranda isə Mazandaran gölü deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq.

Heydər Əliyev: Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz.

Məhəmməd Xatəmi: Bəli, onun adı ingiliscə Kaspian sidir.

Heydər Əliyev: Bəli, Kaspian si - Xəzər dənizi.

Məhəmməd Xatəmi: Dəryayi-Kaspi.

Heydər Əliyev: Dəryayi-Kaspi sözünü mən birinci dəfədir eşidirəm.

Məhəmməd Xatəmi: Kaspian-Qəzvin deməkdir. İcazə verin, suala cavab verim. Xəzər dənizi beş ölkəyə aiddir. Ümidvarıq ki, Xəzəryanı ölkələr bütün sahələrdə dostcasına, qardaşcasına əməkdaşlıq edib, bu məsələləri həll edəcəklər. Aşqabad zirvə görüşü çox əhəmiyyətli bir toplantı idi.

Xəzərin həddindən artıq zəngin ehtiyatlarından sahilyanı bütün ölkələr istifadə etməlidir.

"Azərbaycan" qəzeti, 22 may 2002-ci il