Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Respublika Ali Sovetinin sədri Heydər Əliyevin mətbuat konfransında bəyanatı - 10 sentyabr 1993-cü il


Hörmətli qonaqlar! Xanımlar və cənablar!

Bu mətbuat konfransının keçirilməsinə ilk növbədə Avroviziya, habelə respublika kütləvi informasiya vasitələri nümayəndələrinin xahişi ilə razılaşmışam.

Buraya gəlmiş xarici müxbirləri konkret olaraq nə maraqlandırması barədə məlumatım yoxdur, lakin təxminən güman edirəm ki, onlarda əsasən respublikanın özündəki və onun ətrafındakı vəziyyət, habelə son vaxtlar Azərbaycanda baş verən proseslər maraq doğurur.

Bu proseslər artıq hamıya kifayət qədər geniş şəkildə məlumdur. Son aylar Azərbaycan dünyanın, xüsusən də qonşu ölkələrin informasiya orqanlarının diqqət mərkəzindədir, hər halda, biz belə hiss edirik. Lakin mən Avroviziya nümayəndələrinin və başqa jurnalistlərin indiyədək əldə edə bilmədikləri informasiyanı ilk mənbədən almaq istəmələrini başa düşürəm. Ola bilsin indi deyəcəklərim əvvəllər deyilənlərin təkrarı olacaq, lakin bununla belə, həm respublikadakı vəziyyət, həm də onun ətrafında baş verən hadisələr haqqında qısaca məlumat verməliyəm.

Respublikadakı vəziyyət barədə qısaca onu demək olar ki, son dövrdə bir tərəfdən müxtəlif siyasi, ictimai qüvvələrin, qrupların fəaliyyəti nəticəsində, digər tərəfdən respublika rəhbərliyinin buraxdığı ciddi nöqsanlar və səhvlər nəticəsində, üçüncü tərəfdən isə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı beş ildən artıq davam edən hərbi təcavüzü üzündən Azərbaycanda coşqun proseslər baş vermişdir və indi də baş verir. Lakin bu ilin təxminən may-iyun aylarında həmin proseslər xüsusilə kəskin xarakter almış və bəlkə də hətta özünün ən yüksək nöqtəsinə çatmışdı. Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxaran hadisələr baş vermişdi və bu, müəyyən dərəcədə özünü əməli şəkildə göstərirdi. Bilirsiniz ki, iyunun 4-də Gəncə şəhərində faciəli hadisələr baş vermiş, sonra bunun davamı olmuş, hökumət qüvvələri ilə hakimiyyətə qarşı çıxan qüvvələr arasında təkcə Gəncədə deyil, Bakı yaxınlığında da toqquşmalar baş vermişdi. Bütün bunlar Azərbaycanda dövlət böhranına, siyasi böhrana gətirib çıxarmışdır.

Əslində, respublika artıq çoxdandır ki, dərin iqtisadi, sosial-siyasi böhran keçirir. Bu böhran ilk növbədə Azərbaycanın ərazilərini işğal etmək məqsədi ilə Ermənistan silahlı birləşmələrinin apardığı müharibə ilə bağlıdır. Digər tərəfdən isə bu böhran artıq bir neçə il ərzində Azərbaycanda mövcud olan siyasi qeyri-sabitliklə bağlıdır. Hakimiyyət dəyişirdi, lakin nə əvvəlki, nə də sonrakı hakimiyyət ölkəni idarə edə bilmirdi. Bu böhran həm də iqtisadiyyat və sosial həyat sahəsində yol verilmiş səhvlərlə, nöqsanlarla bağlıdır.

İqtisadi, sosial böhrandan danışarkən deyə bilərik ki, görünür, bu, vaxtilə Azərbaycanın da daxil olduğu keçmiş Sovet İttifaqının başqa regionları üçün də müəyyən dərəcədə xarakterikdir. Lakin respublikada gedən, Azərbaycanın həyatını səciyyələndirən daxili ziddiyyətlər, siyasi, sosial və ictimai proseslər bu böhranı dərinləşdirir.

Azərbaycan müstəqil dövlətdir və öz müstəqil daxili və xarici siyasətini yeridir. Bu müstəqillik nisbətən yaxınlarda qazanılmışdır və əlbəttə, həmin dövr ərzində Azərbaycanın dövlət istiqlaliyyətinin atributlarını lazımi səviyyədə yaratmaq mümkün olmamışdır. Bu da hazırda respublikanın keçirdiyi çətinliklərin səbəblərindən biridir. Buna baxmayaraq, Azərbaycan müstəqil bir dövlət kimi dünya birliyi tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatına qəbul olunmuş, bir çox beynəlxalq təşkilatlarda təmsil edilmiş və şübhə yoxdur ki, Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlaliyyəti artıq dönməz haldır. Görünür, söhbət yalnız ondan gedir ki, respublika öz dövlət siyasətini yeritmək və çox mürəkkəb daxili problemlərini beynəlxalq miqyasda həll etmək üçün öz dövlət və iqtisadi strukturlarını, təsisatlarını nə dərəcədə tezliklə yarada biləcəkdir.

Müharibə Azərbaycan üçün ən çətin problemdir. Qeyd etdiyim kimi, bu müharibə respublikamıza qarşı qonşu Ermənistan tərəfindən beş ildən çoxdur aparılır. Məlumdur ki, artıq müharibəyə çevrilən bu hərbi münaqişənin baisi Azərbaycan tərəfi deyildir. Əgər qarşıdurma əvvəlcə millətlərarası münaqişə səciyyəsi daşıyırdısa, sonra silahlı münaqişəyə çevrilmiş, indi isə, bayaq dediyim kimi, genişlənib qanlı müharibə halını almışdır. Təəssüf ki, bu müharibədə Ermənistan silahlı birləşmələri son iki-üç ildə Azərbaycan Respublikasına həm mənəvi, həm də maddi cəhətdən olduqca böyük ziyan vura bilmişlər.

Bu gün üçün vəziyyət belədir ki, Ermənistan silahlı birləşmələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini tamamilə ələ keçirmiş, onun hüdudlarından xeyli kənara çıxaraq bir neçə rayonu, o cümlədən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarını işğal etmişlər. Hərbi müdaxilə, fəal, hətta deyərdim, amansız hərbi əməliyyatlar nəticəsində bu rayonların milliyyətcə tamamilə azərbaycanlılardan ibarət olan əhalisi daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmışdır və indi qaçqınların sayı təxminən bir milyon nəfərdir. Minlərlə dinc sakin qurban getmişdir. İstər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, istərsə də sadaladığım işğal edilmiş rayonlarda adamlar öz ev-eşiyindən, əmlakından məhrum olmuşlar, hər bir ailədə öldürülənlər, yaralılar, şikəst edilənlər var, yəni fəlakət əslində, bütün Azərbaycan Respublikasını, onun bütün əhalisini əhatə etmişdir.

Bu illər ərzində, hərbi münaqişənin təkcə Azərbaycan, Ermənistan və bütün bölgə üçün deyil, həm də zənnimcə, bütün dünya birliyi üçün, mərhələ-mərhələ təhlükəli surətdə inkişaf etdiyi dövrdə onun aradan qaldırılması məqsədilə məqbul qərar tapmaq üçün ümumən müəyyən tədbirlər görülmüşdür. Amma bu tədbirlər heç bir nəticə verməmişdir. Üstəlik, müharibənin miqyasları zaman-zaman genişlənmişdir.

Bu məsələ ilə məşğul olmağa başladığımız son aylar ərzində onun həllinin ağıllı yolunu tapmaq üçün fəal tədbirlər görürük. Sülh danışıqları və məsələnin daha düzgün həlli üçün, əlbəttə, Azərbaycanın tam ərazi bütövlüyü, dövlət suverenliyi və dövlət müstəqilliyi prinsiplərinə əməl edilməklə, şərait yaratmaqdan ötrü biz atəşin dayandırılması, barışıq əldə olunması mövqeyində dururuq. Lakin bu da bir nəticə vermir. Atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq üçün göstərdiyimiz sülhsevər xarakterli cəhdlər hələlik nəticəsiz qalır, təəssüf ki, beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası, ATƏM və xüsusi olaraq Dağlıq Qarabağ probleminə dair ATƏM çərçivəsində yaradılmış Minsk qrupu mühüm nəticələrə nail ola bilməmişlər. Əslində, bu məsələnin həllində ümumiyyətlə, heç bir nəticə əldə edilməmişdir. Halbuki ümumən vəziyyət kifayət qədər aydındır, hamıya aydındır ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı hərbi təcavüzündən söhbət gedir və nə isə xüsusi dəlil-sübutlar axtarmağa ehtiyac yoxdur. Bu fikri təsdiq edən ən inandırıcı sübut odur ki, Azərbaycan ərazisinin xeyli hissəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur, bu rayonların sakinləri - bir neçə yüz min nəfər adam qaçqına çevrilmişdir və faciəli vəziyyətdədir. Lakin, bununla belə, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi problemin həlli yollarını tapa, cərəyan edən proseslərə təsir göstərə, qan tökülməsini dayandıra bilməmişlər, atəşin kəsilməsinə və bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə həllinə nail ola bilməmişlər.

Yalnız bir şey edilmişdir: Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iki qətnaməsi - Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu işğal etdikdən sonra, bu il aprelin 30-da 822 nömrəli qətnamə, Azərbaycanın böyük rayonu olan Ağdam rayonunun işğalından azacıq sonra, bu ilin iyulun 30-da 853 nömrəli qətnamə qəbul olunmuşdur. Lakin bu qətnamələr kağız üzərində qalmışdır, təəssüf ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilat, onun Təhlükəsizlik Şurası, hətta ATƏM-in imkanlarından istifadə etməklə, həmin qətnamələrin yerinə yetirilməsinə nail ola bilmirlər.

Bu qətnamələrdə isə Ermənistan silahlı birləşmələrinin Kəlbəcər və Ağdam rayonlarından qeyd-şərtsiz, dərhal çıxarılması nəzərdə tutulur. Lakin ATƏM həmin qətnamələr əsasında və Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyə təşəbbüsünə uyğun olaraq Minsk Konfransı çərçivəsində münaqişənin sülh yolu ilə aradan qaldırılması məsələsi ilə məşğul olan müddətdə Ermənistan silahlı birləşmələri heç bir beynəlxalq təşkilata, heç bir beynəlxalq hüquq normalarına tabe olmayaraq öz işini görməkdədir. Füzuli, Cəbrayıl və Qubadlı rayonları məhz həmin dövrdə işğal olunmuşdur.

Son vaxtlar Azərbaycan Respublikasının müvafiq orqanlarının Dağlıq Qarabağda hakim qüvvələrlə bilavasitə görüşləri olmuşdur. Atəşin dayandırılması haqqında bu görüşlər əsasında saziş əldə edilmişdir. Bu, avqustun 31-də olmuşdur. Sazişi Ermənistan Respublikasının rəhbərliyi də bəyənmişdir. Mən belə düşünürəm ki, saziş nəinki bəyənilmişdir, ümumiyyətlə, onların iştirakı ilə qəbul edilmişdir. Ona görə ki, belə fikirləşmək sadəlövhlük olardı: kiçik, özü də Azərbaycan ərazisində yerləşən bir vilayət - Dağlıq Qarabağ Muxtar Vilayəti bu cür genişmiqyaslı hərbi əməliyyatları, guya müstəqil surətdə apara bilər. Buna baxmayaraq, biz Ermənistan Respublikasının prezidenti cənab Levon Ter-Petrosyanın sentyabrın 1-də verdiyi bəyanatı razılıq hissi ilə qarşıladıq. O bildirmişdir ki, atəş dayandırılır və Ermənistan silahlı birləşmələri Azərbaycanın işğal edilmiş rayonlarından çıxarılacaqdır. Amma bundan sonra Azərbaycanın Qubadlı rayonu Ermənistan silahlı birləşmələri tərəfindən tutulmuş və tamamilə işğal edilmişdir.

Buna baxmayaraq, biz sülh mövqelərində möhkəm dayanmışıq. Azərbaycan tərəfi heç bir hücum əməliyyatı keçirmir. Əksinə, yalnız müdafiə, öz ərazilərini qorumaq prinsiplərinə əməl edir. Buna görə də biz bu məsələnin dincliklə həllinə, sülh danışıqlarına daha çox diqqət yetiririk. Son vaxtlar bu danışıqlar beynəlxalq təşkilatların səyləri ilə yanaşı, Rusiya Federasiyasının və Rusiya Federasiyası prezidentinin nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Vladimir Kazimirovun vasitəçiliyi ilə aparılır. O, bölgəmizdə, Azərbaycanda, Ermənistanda, Dağlıq Qarabağda dəfələrlə olmuşdur. Həmin məsələ son vaxtlarda da, mən Moskvada Rusiya rəhbərləri ilə görüşəndə də danışıqlar və söhbətlərimizin diqqət mərkəzində olmuşdur. Atəşin tamamilə dayandırılmasına nail olmaq və sülh danışıqlarından ötrü imkan yaratmaq üçün sentyabrın 11-də Moskvada Azərbaycan nümayəndələri və Dağlıq Qarabağ erməniləri görüşəcəklər.

Dünən sentyabrın 9-da Moskvada ATƏM-in Minsk konfransının növbəti iclası işinə başlamışdır. Lakin hələlik, təəssüf ki, konkret əməli nəticələr yoxdur. Əlbəttə, biz beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in Minsk konfransının fəaliyyətinin nəticələrindən razı qala bilmərik. Lakin, buna baxmayaraq, biz Birləşmiş Millətlər Təşkilatı kimi çox mötəbər beynəlxalq təşkilatın və BMT Təhlükəsizlik Şurasının şübhəsiz, ATƏM-in və ATƏM çərçivəsində işləyən Minsk Konfransının da fəaliyyətinə böyük hörmət və böyük ümidlə yanaşırıq. Hərçənd narazılıq bildirmək üçün bizdə əsaslar var ki, onların qərarları əslində həyata keçirilmir. Bununla belə, biz beynəlxalq təşkilatların və adlarını çəkdiyim təşkilatların qüvvə və inamlarına inanır və ümid edirik ki, onların köməyi ilə bölgəmizdə sülhə nail olacağıq.

O ki qaldı daxili siyasi vəziyyətə, artıq qeyd etdiyim kimi, bu vəziyyət Azərbaycanda son illər, o cümlədən də Azərbaycan rəhbərliyində dəyişikliklərlə başa çatan ildə heç vaxt sabit olmamışdır. Elə bu gün də biz hələlik tam sabitlikdən danışa bilmərik, çünki, bəzi qüvvələr suveren və müstəqil Azərbaycan Respublikasının ümumdövlət, ümumxalq mənafelərini o qədər də dəqiq və aydın təsəvvür etmir, öz şəxsi mənafelərini, siyasi iddialarını, tamahkarlıq məqsədlərini daha üstün tuturlar. Azərbaycanda qanunsuz silahlı dəstələr yaranmışdır. Bu dəstələr respublikada bir ildən artıq hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinə də mənsubdur. Belə silahlı dəstələr bəzi qeyri-leqal, lakin daha çox mafioz qruplarda da var. Şübhəsiz, bütün bunlar Azərbaycanda daxili siyasi vəziyyəti tamamilə sabitləşdirməyə imkan vermir, lakin biz əminik: son aylarda həyata keçirdiyimiz konkret tədbirləri xalqın müdafiə etməsi, cəmiyyətin, Azərbaycan əhalisinin böyük əksəriyyətinin ümumən bəyənməsi təminat verir ki, biz respublikada daxili siyasi vəziyyətin sabitləşməsinə, milli həmrəyliyə və hazırda bütün respublikanın, bütün əhalinin həyatını çətinləşdirən problemləri mərhələ-mərhələ həll etməyə müvəffəq olacağıq.

Azərbaycanda elə Azərbaycanın öz sakinlərindən qaçqınlar olması vəziyyəti mürəkkəbləşdirən amildir. Biz qaçqınların vəziyyəti ilə, onların həyatı ilə bağlı problemlərlə fəal məşğul oluruq və inanırıq ki, bu çətinlikləri də aradan qaldıra biləcəyik. Lakin bütün bunlar Azərbaycanın dövlət orqanlarının fəaliyyətini, əlbəttə, qat-qat çətinləşdirmişdir.

Sizə bütün bunlar barəsində məlumat verərək demək istəyirəm: biz əminik ki, Azərbaycanın dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər müsbət dəyişiklərə gətirib çıxaracaq, suveren dövlət kimi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili-siyasi vəziyyətin sabitləşməsinə və əlbəttə, respublikanın ərazi bütövlüyünün təmin olunmasına xidmət edəcəkdir. Şübhə yoxdur ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qaytarılmalıdır. Biz onların işğalı ilə heç vaxt razılaşa bilmərik. Zənnimcə, dünya birliyi və beynəlxalq təşkilatlar heç vaxt imkan verməzlər ki, indi, biz XXI əsrin astanasında olduğumuz bir vaxtda, dünya sivilizasiya və demokratiya yolu ilə getdiyi bir vaxtda zor gücünə dövlətdə dəyişiklər və ya bir dövlətin bütövlüyündə dəyişikliklər edilməsi mümkün olsun. Əlbəttə, biz buna yol verməyəcəyik və öz sərhədləri daxilində vahid, bütöv dövlət kimi Azərbaycan öz ərazisinin və öz müqəddəratının tam sahibi olacaqdır. Biz bu məsələləri tamamilə həll etmək əzmindəyik. Sizə vermək istədiyim məlumat bundan ibarətdir. İndi suallarınıza cavab verməyə hazıram.

Sual: Cənab Əliyev, Rusiya qoşunları Azərbaycana qayıdarsa Qarabağ probleminin həllində onların rolu necə ola bilər? Siz Türkiyənin belə bir bəyanatını necə qiymətləndirirsiniz ki, bu ölkə təkcə Naxçıvanın deyil, həm də bütövlükdə Azərbaycanın ərazi bütövlüyü üçün təminatçı olmağa hazırdır?

Cavab: Rusiya qoşunlarının Azərbaycana qayıtması məsələsi gündəlikdə yoxdur və bu məsələ mən Moskvada olarkən müzakirə edilmədi. Biz Rusiya rəhbərliyinə belə bir müraciətlə xahiş etdik ki, atəşin dayandırılması probleminin həllində, münaqişənin dincliklə aradan qaldırılmasında vasitəçilik köməyi göstərsin. Biz bunu əsas tuturduq ki, Rusiya həm Azərbaycanın, həm də Ermənistanın şimal qonşusudur, bizi onilliklərdən bəri sıx əməkdaşlıq telləri bağlayır. Rusiya Qafqaz bölgəsində, o cümlədən Zaqafqaziyada - Ermənistanda, Azərbaycanda da kifayət qədər nüfuza malikdir. Buna görə də biz bu mürəkkəb problemin həllində Rusiyanın yaxından iştirakını, bu ölkənin obyektiv mövqeyini mühüm amil sayırıq. Razılıq hissi ilə deyə bilərəm ki, Rusiya rəhbərliyi xahişimizə müsbət cavab verdi.

O ki qaldı Türkiyənin baş naziri Tansu Çillərin belə bir bəyanatına ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyü üçün təminatçı ola bilər, deyə bilərəm ki, biz Azərbaycana hər hansı köməyi, kimin tərəfindən təklif edilməsindən asılı olmayaraq, razılıq hissi ilə qarşılayırıq. Ona görə ki, Azərbaycan təcavüzə məruz qalan ölkədir. Onun ərazisinin xeyli hissəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Biz bu münaqişənin aradan qaldırılması naminə bütün ölkələrlə, o cümlədən də Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq.

Sual: Münaqişənin aradan qaldırılmasında beynəlxalq təşkilatların, xüsusən BMT-nin rolu, sizcə, nədən ibarətdir? Daha bir sual, bu, bir növ şəxsi sualdır. Siz "siyasətdə uzunömürlülər"dən birisiniz və hazırda onlar keçmiş SSRİ respublikalarında az deyildir. Fikrinizcə, Şevardnadze, Kravçuk, Nazarbayev sizin kimi xadimlərin müvəffəqiyyətini necə izah etmək olar?

Cavab: Mən mövqeyimizi qədərincə aydın izah etdim. Mövqeyimiz bundan ibarətdir ki, biz Qarabağ münaqişəsinin həllində Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurasının və ATƏM-in daha yaxından iştirak etməsini istəyirik. Bu münaqişə kifayət qədər sanballı tarixə malikdir və obrazlı desək, "uzun saqqallı" münaqişədir. Ciddi qətnamələr qəbul edilmişdir. Azərbaycan ictimaiyyəti onları hər dəfə də böyük sevinclə və böyük ümidlə qarşılamışdır. Bundan əlavə, son vaxtlar ABŞ dövlət departamenti, Türkiyə rəhbərliyi, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bəyanatlar vermişlər. Bir halda ki, konkret nəticələr əldə edilməmişdir, deməli, dünya birliyində çox sanballı nüfuzu olan bu təşkilatlar və ölkələr daha təsirli tədbirlərə keçməyin labüdlüyü barədə düşünməlidirlər. O ki qaldı münaqişə zonasında BMT qüvvələrinin yerləşdirilməsinə, mən belə düşünürəm ki, əvvəlcə bu məsələni necə həll etməyi müəyyənləşdirmək, sonra isə xırda məsələlər və mexanizm barəsində fikirləşmək lazımdır. Hər hansı qüvvələrin yerləşdirilməsi məsələnin bəlli mexanizmidir. Əvvəlcə gərək onun həyata keçirilməsi üçün siyasi şərait yaradılmasına nail olasan.

Sizin ikinci sualınız barəsində: sizin dediyiniz o "uzunömürlülük" barəsində təəccüb və şübhənizi başa düşmədim. Son vaxtlar siyasi meydanda peyda olmuş xadimlərdən onların nəyi pisdir? Məsələn, mən hesab edirəm ki, sadaladığınız adamlar kifayət qədər böyük əməli fəaliyyət təcrübəsinə, çox böyük bilik ehtiyatına malikdirlər. Onlar istiqlaliyyət qazanmış öz xalqlarına, öz ölkələrinə nə üçün faydalı ola bilməzlər? Axı hər hansı əlamətə görə məhdudiyyət qoymaq olmaz. Siyasi plüralizm, demokratik prinsiplər siyasi əqidəsindən, milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, hər bir adama ictimai-siyasi həyatda fəal iştirak etməyə imkan verir. Əgər həmin xadimlər - mən belə başa düşdüm ki, siz məni də onların sırasına aid edirsiniz - bu gün öz ölkələrinin ictimai-siyasi həyatına fəal təsir göstərmək imkanına malikdirsə və əgər onları öz xalqları çağırmışlarsa, buna kim etiraz edə bilər?

Sual: İran barəsində - müharibə ilə əlaqədar nə kimi danışıqlar aparılmışdır? Siz İrandan hərbi kömək tələb etmisinizmi?

Cavab: İran rəhbərliyi ilə danışıqlarımıza səbəb Azərbaycanın bu ölkə ilə yaxın və ya həmsərhəd olan rayonlarında hərbi əməliyyatların güclənməsi ilə əlaqədar indiki halda ən əvvəl İran tərəfinin fəallığı olmuşdur. Danışıqlar bununla bağlı idi ki, hərbi əməliyyatlar artıq İranla həmsərhəd ərazidə, az qala onun ərazisində gedirdi. Yaşayış məntəqələrinə yağdırılan mərmilər İran ərazisinə düşürdü. Siz bilirsiniz ki, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız İranla həmsərhəddir, özü də ərazimizi Araz çayı ayırır. Son vaxtlar adamlar öz aralarında ünsiyyət üçün imkana malikdirlər, çünki Araz çayının hər iki tərəfində azərbaycanlılar yaşayırlar. Onları qohumluq telləri, eyni millətə ümumi mənsubiyyət, tarixi əlaqələr və digər əlaqələr bağlayır. Buna görə də tamamilə qanunauyğundur ki, İran, xüsusən onun sərhədyanı vilayətləri Ermənistan silahlı birləşmələrinin apardıqları fəal hərbi əməliyyatlardan narahat idilər.

Bizə məlum olduğuna görə, bu, orada yerli əhali arasında hiddət, təşviş, narahatlıq doğurmuşdur. Çoxları ərazimizə keçib öz qardaşlarına kömək etmək istəyirdi. Bu, tamamilə qanunauyğun haldır: lap yaxınlıqda xalq məhv edildikdə, başqaları buna etinasız və ya biganə qala bilməzlər. Odur ki, bu qədər böyük miqdarda qaçqın görən İran hökuməti təşəbbüs irəli sürərək bildirmişdir ki, onlar işğal edilmiş həmin rayonlardan olan təxminən 100 min qaçqını öz öhdələrinə götürə bilərlər. Əgər indi sizin burada təmsil etdiyiniz Avropa ölkələri belə təşəbbüs irəli sürərlərsə, biz onu yalnız minnətdarlıq hissi ilə qəbul edərik. Fərqi yoxdur, istər Amerika, İngiltərə olsun, istərsə də Fransa və ya Almaniya.

İran bizdən xahiş etdi ki, yüz min qaçqın üçün müvəqqəti çadır şəhərciyi salınmasına yer ayıraq. Biz onlara yer ayırdıq. Buyurun, indi siz də öz ölkələrinizə müraciət edin, qoy onlar bizə kömək göstərsinlər. Biz İrana ayrılmış sahənin yaxınlığında digər hər hansı ölkəyə də yer ayırarıq, təki bizə kömək etsinlər. Bu məsələnin mahiyyəti əslində bundan ibarətdir. O ki qaldı İran hökumətinin planlarına, mən dəfələrlə demişəm ki, Ermənistan silahlı birləşmələrinin bu cür son dərəcə təhlükəli, avantürist, təcavüzkar hərəkətləri münaqişəni beynəlmiləlləşdirməyə doğru aparır. Buna nə İran, nə də Türkiyə biganə qala bilməz.

Sual: Elçibəyin vaxtında Qərbin aparıcı firmaları ilə bağlanmış neft sazişlərinin taleyi necədir? Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdırmı?

Cavab: Görünür, sizin düzgün məlumatınız yoxdur. Əbülfəz Elçibəyin vaxtında heç bir saziş imzalanmamışdır. ABŞ-ın, İngiltərənin və başqa ölkələrin neft şirkətləri ilə danışıqların özü də uzun müddət, bir ildən çox və hətta iki il davam etmişdir. Əlimizdə olan yeganə sənəd Azərbaycan tərəfdən bir şəxsin - Azərbaycan Neft Şirkəti prezidentinin imzaladığı bəyannamədir. Həmin bəyannamədə Qərbin neft şirkətləri ilə heç bir konkret razılaşma nəzərdə tutulmamışdır. Lakin, bununla belə, biz neft yataqlarının birlikdə işlənməsi haqqında sazişlərin layihələrində ciddi səhvlər və çatışmazlıqlar aşkar etmişik. Bunlara bir tərəfdən, ola bilsin, işi bilmədiklərinə görə, yaxud qəsdən, Azərbaycan tərəfi, o biri tərəfdən isə Qərbin neft şirkətləri yol vermişlər. Həmin şirkətlər danışıqları daha sivilizasiyalı şəkildə, hər iki tərəfin mənafeyini nəzərə almaqla aparmalı idilər. Buna görə də biz sadəcə olaraq həmin sazişlərin layihələrinin hazırlanmasına dair işi dayandıraraq müstəqil ekspertlər dəvət etmişik. Yeri gəlmişkən, onların arasında İngiltərənin, ABŞ-ın nümayəndələri də var. Hazırlanmış bütün layihələri onların iştirakı ilə təhlil etmişik.

Zənnimcə, sazişlərin dayandırılması haqqında söhbətlər bilərəkdən, Azərbaycanın yeni rəhbərliyi haqqında rəy yaratmaq, atdığımız düzgün addımı gözdən salmaq məqsədi ilə aparılırdı. İndi hamıya aydındır ki, biz heç bir sazişi dayandırmamışıq, çünki belə sazişlər, ümumiyyətlə, olmamışdır.

Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur. Dövlət adamları kimi bizim vəzifəmiz milli sərvətimizə son dərəcə qənaətlə və qayğı ilə yanaşmaqdır. Elə bilirəm ki, öz xalqının, öz dövlətinin mənafeyini müdafiə edən bütün ölkələrin rəhbərləri də belə hərəkət edərdilər. Bu proses indi davam edir, əminəm ki, həmin məsələnin ən düzgün həllini tapacağıq. Hər halda demək istəyirəm ki, ilkin hesablamalara görə, əvvəllər nəzərdə tutulanlarla müqayisədə indiki layihələrdə xarici neft şirkətləri ilə birgə fəaliyyət nəticəsində Azərbaycanın əldə edəcəyi mənfəət təqribən 17 milyard dollar artacaqdır. İndi siz özünüz üçün nəticə çıxara bilərsiniz.

Sual: Bu gün atəşkəsin son günüdür. Azərbaycanın bölgədəki son rayonu da ermənilərin əlinə keçərsə və İran Azərbaycan torpaqlarına daxil olarsa, onda nə olacaq? İkinci sualım belədir: Beyləqan və İmişli şəhərlərində 200 mindən çox qaçqın var. Oktyabrın 3-də isə seçkilər keçiriləcək. Bu adamlar necə səs verəcəklər? Artıq qış yaxınlaşır, çadırlardan başqa onların heç nəyi yoxdur. Qışı necə keçirəcəklər?

Cavab: Bu gün atəşkəsin son günüdür, ancaq biz danışmışıq, atəşkəs davam edəcəkdir. Mən sizə məlumat verdim ki, sabah, yəni sentyabrın 11-də Moskvada bizim nümayəndələr görüşəcəklər və atəşkəsin müddətini davam etdirə biləcəyik. Ona görə də narahat olmaq lazım deyil. Əgər atəşkəs dayansa, yəni atəş yenidən başlansa, sərhədləri qoruyan İran əsgərlərinin nə edəcəklərinə gəldikdə isə, narahatlığa ehtiyac yoxdur. O ki qaldı qaçqınlara, onlar təkcə Beyləqanda deyildirlər. Mən sizə dedim ki, bir milyona yaxın qaçqın var. Ancaq onların yerləri, yurdları var, yəni onlar bir yerdə yaşayırlar, bir yerdə otururlar və onlara qayğı göstəririk. Avqustun 29-da keçmiş prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında referendum keçirilərkən həmin qaçqınlar səs verdilər. Buna tam əmin ola bilərsiniz. Ona görə də oktyabrın 3-dəki prezident seçkilərində də onlar səs verəcəklər. Mən sizə məsləhət görürəm ki, o gün həmin yerlərdə də olun, öz gözünüzlə görün ki, necə olacaq. İranlıların oraya gəlib qaçqınlara qayğı göstərməsi haqqında isə dedim, lakin rus dilində olduğundan bəlkə də yaxşı tərcümə edilmədiyi üçün siz yaxşı başa düşmədiniz. Biz hər bir dövlətin Azərbaycan torpağında qaçqınlara qayğı göstərməsini, kömək etməsini çox minnətdarlıqla qəbul edərik. O cümlədən də Türkiyənin köməyini. Buyurun, gəlin.

Sual: Hörmətli sədr, Moskva danışıqlarının yekunları Azərbaycan-Ermənistan münaqişəsinin uğurla aradan qaldırılması üçün ümidverici perspektivlər açır. Mümkünsə deyin, ölkə daxilində sabitliyə nail olmaqdan ötrü hansı tədbirlər nəzərdə tutulur? Sağ olun.

Cavab: Bilirsiniz, ölkə daxilində sabitliyi təmin etməkdən ötrü tədbirlərimiz çoxdur. Ancaq çox yaxşı olardı ki, sabitliyi pozmağa çalışan qüvvələr anlasınlar ki, öz şəxsi mənafelərini, məqsədlərini, bəzən millətin, xalqın, dövlətin, ölkənin mənafeyinə zidd olan məqsədlərini kənara qoymalıdırlar. Əgər buna nail ola bilsələr, mənə belə gəlir ki, sabitliyi təmin etmək üçün xüsusi tədbirlərin görülməsinə ehtiyac olmayacaq. Siz Azərbaycanda yaşayırsınız, yaxşı bilirsiniz ki, sərhəd bölgələrində nə qədər təxribatçı qruplar işləyir, onların təxribatı nəticəsində biz nə qədər böyük zərər çəkirik. Yəqin eşitmisiniz, son vaxtlarda Qubadlı rayonunda, ondan sonra Sumqayıtda, Bakıda onların bir hissəsi həbs olunmuşdur. Bu cinayətkar qrupun üzvləri həbs olunarkən bəziləri özlərini öldürmüşlər. Belə quldur dəstələrini, belə qrupları ayrı-ayrı adamlar öz şəxsi məqsədlərini keçirmək üçün yaratmışlar. Təəssüf ki, bəzən adamlar adını siyasətçi qoyub hakimiyyət uğrunda mübarizə apararkən siyasi, yaxud ictimai imkanlarının məhdud olduğunu bilərək, məqsədlərinə ancaq bir yolla - silahla, təxribatla nail olmağa çalışırlar. Deməli, vəzifə tutmaq istəyirdilər. Lakin gərək biləydilər ki, bacarığına, səriştəsinə görə, vəzifə tutmaq, yaxud iş başına gəlmək olar. Ancaq özünə silahlı dəstə, quldur dəstəsi düzəldən, onun vasitəsilə terrorçuluqla məşğul olan, xalqı əzib-incidən, beləliklə də vəzifə tutaraq öz şəxsi, çirkin mənafelərini həyata keçirmək istəyənlər, şübhəsiz, Azərbaycanın daxili sabitliyini pozan adamlardır. Biz onlara qarşı ciddi mübarizə aparacağıq. Azərbaycanda qayda-qanunun möhkəmlənməsini təmin edəcəyik və belə adamlara Azərbaycanda yer olmayacaq.

Sual: Cənab sədr, Moskvada Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Aleksandr Şoxin və Abbas Abbasovun imzaladıqları müqavilədən Azərbaycan nə qazanır və nə itirir? Bu müqavilə hansı tərəfin xeyrinədir? Çox sağ olun.

Cavab: Bu müqavilə həm Azərbaycanın, həm də Rusiyanın xeyrinədir. Birinci növbədə Azərbaycanın xeyrinədir.

Sual: Yoldaş Əliyev, indi belə bir fikir var ki, regionun gələcək taleyi slavyan və türk amilindən asılıdır. Sizin fikrinizcə, həmrəylik hansı ideologiyada mümkündür və tarixi keçmişə əsaslanaraq sizə elə gəlmirmi ki, indiki reallıq slavyan-türk alyansının yaranmasına imkan verəcək? Çox sağ olun.

Cavab: Ola bilsin ki, bu sual sizin öz fikrinizdir, lakin əgər bizim region haqqında danışırsınızsa, şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşı olması Azərbaycan ilə Ermənistan arasındakı hərbi münaqişənin həllinə çox kömək edəcəkdir. Ancaq bu regiondakı bütün məsələləri bu iki ölkənin alyansı ilə bağlamaq o qədər də doğru olmazdı. Ola bilər, bu sizin şəxsi fikrinizdir, mən buna etiraz etmirəm. Amma yenə də deyirəm, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması ümumən Qafqazda mövcud olan problemlərin, xüsusilə hərbi münaqişələrin aradan qaldırılmasına kömək edəcəkdir.

Sual: Cənab Heydər Əliyev, sizin Moskvaya səfəriniz təsadüfənmi, yaxud nədənsə Türkiyə baş nazirinin oraya səfəri ilə üst-üstə düşmüşdür. Bu səfərləri Rusiya - Azərbaycan münasibətlərinin nizama salınmasında Azərbaycan və Türkiyənin birgə səyləri kimi qiymətləndirmək olarmı? Çox sağ olun.

Cavab: Bu səfərlər təsadüfən eyni vaxta düşmüşdür. Bunlar əvvəlcədən, yəni danışıqlar əsasında planlaşdırılmış səfərlər deyil. Ancaq, şübhəsiz ki, bu imkandan istifadə edərək Türkiyənin baş naziri Tansu Çillərlə orada, Moskvada görüşdüm və biz lazımi çərçivədə fikir mübadiləsi apardıq. Mənə belə gəlir ki, bu, həm Rusiya-Türkiyə münasibətləri üçün, həm də Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətləri üçün faydalıdır.

Sual: Sizcə Avropa dövlətlərinin, Avropa Birliyinin qaçqınlara göstərdiyi yardım nə dərəcədə hiss edilir? Sizin fikrinizcə, belə yardıma ehtiyac varmı?

Cavab: Mən dedim ki, həmin dövlətlər tərəfindən belə yardım, belə təşəbbüs yoxdur. Hər halda biz başqa ölkələrdən hələ belə yardım almamışıq. Lakin əgər belə təşəbbüs olarsa, biz onu məmnuniyyətlə qəbul edirik.

Diqqətinizə görə sağ olun.

"Azərbaycan" qəzeti, 11 sentyabr 1993-cü il.