Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Xarici İşlər Nazirliyinin kollektivi ilə görüşdə nitqi - 6 mart 1998-ci il


Hörmətli xanımlar və cənablar, diplomatlar!

Mənim bu gün sizinlə görüşümün məqsədi Xarici İşlər Nazirliyinin rəhbərliyində baş vermiş dəyişikliklə əlaqədardır. Ancaq eyni zamanda mən bunu sizinlə görüşüb bəzi fikirlərimi, mülahizələrimi sizə çatdırmaq üçün əlverişli fürsət hesab edirəm.

Hər bir ölkənin xarici işlər nazirliyi dövlət strukturunun vacib hissələrindən biridir və ölkənin, dövlətin müstəqilliyini təzahür etdirən bir orqandır. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Xarici İşlər Nazirliyinin üzərinə çox böyük və məsul vəzifələr düşür. Xarici İşlər Nazirliyi ölkənin suverenliyini, müstəqilliyini, sərbəstliyini öz fəaliyyəti ilə daim ifadə edən və dünyada nümayiş etdirən bir nazirlikdir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra öz dövlətinin, hökumətinin müvafiq orqanlarını yaradıb və bu proses yenə də davam edir. Biz dövlət müstəqilliyini əldə edərkən keçmiş Sovetlər İttifaqının tərkibində respublika olaraq Azərbaycanın hökuməti də, hökumət orqanları da və hökumətin fəaliyyətini təmin edən nazirliklər, komitələr, idarələr də var idi. Ona görə də müstəqilliyi əldə edəndən sonra bu dövlət, hökumət orqanlarının, demək olar ki, əksəriyyəti keçmiş nazirliklər, komitələr, idarələr çərçivəsində öz fəaliyyətlərini davam etdiriblər və dəyişikliklər tədricən olubdur. Biz Sovetlər İttifaqının tərkibində olduğumuz zaman müttəfiq respublika kimi dövlət idik. Özümüzün ali qanunvericilik, icra orqanlarımız, konstitusiyamız da var idi, qanunlar da qəbul edirdik. Bayrağımız, himnimiz var idi. Ancaq biz dövlət kimi xarici siyasəti müstəqil apara bilməzdik. Ona görə xarici siyasətlə əlaqədar bizim funksiyamız, demək olar, çox cüzi xarakter daşıyırdı. Bir də müdafiə məsələləri üzrə ümumittifaq müdafiə nazirliyinin apardığı iş əsasında öz respublikamızın müdafiəsini təmin etməyi nəzərdə tuturduq. Doğrudur, İkinci dünya müharibəsindən sonra Sovetlər İttifaqında müəyyən dəyişikliklər əmələ gəldi. Xatirimdədir, o vaxt qərar qəbul olundu ki, müttəfiq respublikalarda həm müdafiə, həm də xarici işlər nazirlikləri yaransın. Xarici işlər nazirlikləri yarandı. Ancaq müttəfiq respublikalarda müdafiə nazirlikləri yaranmadı, baxmayaraq ki, İkinci dünya müharibəsindən sonra Sovetlər İttifaqının Konstitusiyasında aparılmış dəyişikliklərdə onlar öz əksini tapmışdı. Yaranmış Xarici İşlər Nazirliyi çox dar bir çərçivədə fəaliyyət göstərirdi, on-on beş nəfər işçisi var idi. Bu nazirlik, demək olar, faktiki olaraq formal xarakter daşıyırdı. Çünki biz SSRİ-nin tərkibində müttəfiq respublika olaraq müstəqil xarici siyasət aparmırdıq və bunun üçün səlahiyyətimiz də yox idi. Ancaq Xarici İşlər Nazirliyi kiçik də olsa var idi.

Demək, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra əgər başqa sahələrdə artıq yaranmış və müəyyən qədər təcrübə toplamış nazirliklər və dövlətin, hökumətin başqa strukturları var idisə, xarici işlər sahəsində olan nazirlik faktiki olaraq xarici siyasət aparmağa qadir deyildi və buna imkanı yox idi. Ona görə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra iki nazirliyin - Xarici İşlər Nazirliyinin və onun bütün strukturlarının, Müdafiə Nazirliyinin və onun bütün strukturlarının yaranması dövlətin, hökumətin əsas vəzifələrindən olmuşdur. Bu baxımdan Azərbaycanda da müəyyən işlər görülmüşdü və Xarici İşlər Nazirliyi yaranmağa başlamışdı. Ancaq Azərbaycanda dövlət quruculuğu prosesi ağır və çətin şəraitdə keçdiyinə görə Xarici İşlər Nazirliyinin yaranması da çox çətinliklər içərisində olmuşdur. Xarici İşlər Nazirliyində o illərdən indiyə qədər işləyənlər yəqin ki, bunu daha yaxşı bilirlər və o proseslərin şahididirlər. O illər Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra ölkəmiz üçün çox uğursuz illər olubdursa, - mən hesab edirəm, bu belədir, - demək, Xarici İşlər Nazirliyinin də o illərdə fəaliyyəti çox uğursuz olubdur. Ancaq 1993-cü ildən sonra - Azərbaycanda ciddi dəyişikliklər prosesi başlanandan sonra, hesab edirəm Xarici İşlər Nazirüyinin həyatında yeni bir mərhələ açıldı. Biz çalışdıq ki, Xarici İşlər Nazirliyi bir nazirlik kimi yaxşı təşkil olunsun və onun üzərinə düşən işləri layiqincə həyata keçirə bilsin. Bu gün qeyd etməliyəm ki, 1993-cü ildən sonra ötən illərdə bu sahədə xeyli iş görülübdür. Görülən işləri mən ümumiyyətlə, müsbət qiymətləndirirəm. Bu, birincisi, onunla bağlıdır ki, Azərbaycanın dövləti, prezidenti xarici siyasətə xüsusi əhəmiyyət verərək xarici siyasətin köklü surətdə dəyişdirilməsi, təkmilləşdirilməsi və onun bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün çox səylər göstərmişdir.

Azərbaycanın Konstitusiyasına görə Xarici İşlər Nazirliyi birbaşa Azərbaycan prezidentinə tabe olan və onun bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən nazirlikdir. Azərbaycanın xarici siyasəti də onun dövləti, prezidenti tərəfindən müəyyənləşdirilir və istiqamətləndirilir. Xarici siyasətin strateji istiqamətləri, ayrı-ayrı sahələri daimi olaraq Azərbaycanın prezidenti tərəfindən formalaşdırılır və onun həyata keçirilməsi üçün hər bir tədbir daim nəzarət altında olur. Xarici İşlər Nazirliyinin vəzifəsi bir tərəfdən dövlətin, prezidentin xarici sıyasətini icra etməkdən ibarətdir. Bununla yanaşı, xarici siyasəti uğurla həyata keçirmək üçün vaxtlı-vaxtında lazımi tədbirlər hazırlayıb təqdim etməkdən, təşəbbüskarlıq göstərmək və Azərbaycanın beynəlxalq aləmdə vəziyyətini, xarici siyasət sahəsində apardığı işlərin nəticələrini doğru-düzgün, obyektiv təhlil etməkdən, bunların əsasında təkliflər hazırlayıb dövlətə, prezidentə təqdim etməkdən ibarət olmalıdır. Beləliklə, Xarici İşlər Nazirliyi müəyyən olunmuş siyasi xətti, strateji yolu həyata keçirməkdə icraçı funksiyasını daşıyaraq, eyni zamanda dünyada gedən proseslərlə əlaqədar xarici siyasəti daim təkmilləşdirmək və hər bir mərhələdə lazımi addımların atılması üçün tədbirlər görməkdən ötrü daim təşəbbüskarlıq etməli, təkliflər irəli sürməli və öz işini daim sürətlə aparmalıdır.

Bütün bu tələblər baxımından Xarici İşlər Nazirliyi ötən illərdə xeyli iş görmüşdür. Biz Xarici İşlər Nazirliyinin işi haqqında danışarkən birinci növbədə son illərdə Azərbaycanın xarici siyasətinin əldə etdiyi nailiyyətləri qeyd edirik. Azərbaycanın xarici siyasəti ötən illərdə uğurlu olmuşdur. Hesab edirəm ki, biz xarici siyasətimizi düzgün qurmuşuq, strateji xəttimiz düzgündür, təyin etdiyimiz istiqamətlər doğrudur. Bunların hamısı xarici siyasət sahəsində Azərbaycana uğurlar gətiribdir. Birinci növbədə bunların hamısı Azərbaycan dövlətinin fəaliyyətidir və prezidentin apardığı xarici siyasətin nəticələridir. Bizim ən əsas nailiyyətimiz ondan ibarətdir ki, ötən illər Azərbaycanın dövlət müstəqilliyini təkcə xarici siyasət nəticəsində deyil, bütün fəaliyyətimiz nəticəsində günü-gündən möhkəmləndirmişik, öz suverenliyimizin, müstəqilliyimizin toxunulmaz, sarsılmaz olduğunu nümayiş etdirmişik. Artıq beynəlxalq aləmdə Azərbaycanın tam müstəqil ölkə olduğu, tam müstəqil siyasət apardığı haqqında heç bir şübhə yoxdur. Yenə də deyirəm, bu, təkcə xarici siyasətlə bağlı deyil, bizim bütün sahələrdə gördüyümüz işlərin nəticəsidir. Görülən işlərin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə siması, onun imici müsbət mənada dəyişdirilibdir.

Məlumdur ki, Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu zaman dünyanın əksər ölkələrində o qədər də tanınmırdı. Bu, təbii idi. Çünki o vaxt başqa ölkələrdə Sovetlər İttifaqına vahid dövlət kimi baxırdılar. Amma Sovetlər İttifaqının daxilində hansı müttəfiq respublika var, yoxdur, - ona, ola bilər ki, tədqiqatçılar, xüsusən sovetoloqlar çox fikir verirdilər. Dünya ictimaiyyəti, yaxud da geniş kütlələr isə bununla o qədər də maraqlanmırdılar. Amma eyni zamanda Sovetlər İttifaqının tərkibində bəzi respublikalar var idi ki, onların xarici ölkələrlə əlaqələri mövcud idi. Məsələn, Ukrayna həm böyük respublika idi, həm də bir çox xarici ölkələrdə, o cümlədən ABŞ-da, Kanadada, Avropa ölkələrində diasporu var idi. Yəni orada Ukraynadan mühacirətə getmiş və uzun illər orada yaşamış, çox güclü mövqeyi olan böyük diasporu yar idi. Ona görə də belə bir müttəfiq respublika Sovetlər İttifaqının tərkibində bərabərhüquqlu respublika kimi başqa ölkələrdə Azərbaycana nisbətən daha çox tanınırdı. Yaxud Zaqafqaziya respublikalarını götürsək, Ermənistan bizə nisbətən daha çox tanınırdı. Çünki ermənilərin dünyanın bir neçə ölkəsində, xüsusən Avropa, Qərb ölkələrində, Amerika qitəsində böyük diasporları, əlaqələri var idi. Ona görə də onlar daha çox tanınırdılar. Azərbaycan isə az tanınırdı, Azərbaycan öz neftinə görə, bir neft məkanı kimi, eləcə də bəzi başqa xüsusiyyətlərinə görə tanınırdı, amma bir ölkə, xalq kimi dünyada az tanınırdı.

On il bundan öncə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi başlayandan sonra təəssüflər olsun ki, Azərbaycan hərbi təcavüzə məruz qaldığı halda, ölkəmizə qarşı ədalətsizlik edildiyi halda, bu münaqişə ilə əlaqədar Azərbaycan günahlandırılmışdır. Azərbaycan belə tanınmışdı ki, guya burada erməniləri sıxıb-dağıdıbdır, qırğınlar edibdir. Dağlıq Qarabağda ermənilərə pis münasibət göstəribdir və sonralar Ermənistanı blokadaya alıbdır. Bax, Azərbaycan belə tanınmışdı.

Sonrakı dövrlərdə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik olmadığına görə, burada cürbəcür silahlı dəstələr, bandalar mövcud olduğuna və hakimiyyət dəyişiklikləri olduğuna görə Azərbaycanın imici beynəlxalq aləmdə, xüsusən Qərb ölkələrində xeyli aşağı düşmüşdü. Təsadüfi deyil ki, 1992-ci ilin payızında Amerika Konqresində Azərbaycana qarşı sizə məlum olan, ayrıseçkilik xarakteri daşıyan 907-ci maddə qəbul olunmuşdur. Biz 1993-cü ildə burada işə başlayarkən Azərbaycanın beynəlxalq aləmdə vəziyyəti bu cür idi. Ancaq bizim, ardıcıl və çox məqsədyönlü, düşünülmüş, milli mənafelərimizə uyğun, milli mənafelərimizi müdafiə etmək sahəsində səriştəli hərəkətlərimizin, tədbirlərimizin nəticəsində beynəlxalq aləmdə Azərbaycanın siması, imici müsbət istiqamətdə get-gedə, tədricən dəyişilmişdir. Bu həqiqətdir və bizim apardığımız siyasətin, gördüyümüz işlərin, o cümlədən Azərbaycan dövlətinin xarici siyasətinin əməli, praktiki nəticəsidir. Bizim böyük dövlətlərlə bilavasitə əlaqələrimiz, xarici ölkələrə səfərlərimiz, bir çox dövlət, hökumət başçılarının Azərbaycana ziyarəti, dünyanın böyük, aparıcı dövlətləri ilə imzaladığımız müqavilələr, sazişlər, sənədlər, beynəlxalq təşkilatlarda bizim fəal iştirakımız, ölkəmizin mənafelərini qorumağa qadir olmağımız və əldə etdiyimiz müsbət nəticələr - bunların hamısı birlikdə bir tərəfdən Azərbaycanı olduğu kimi tanıda bilibdir, ikinci tərəfdən isə Azərbaycan haqqında o illər, xüsusən 1988-ci ildən yaranmış mənfi fikirlərin dağılmasına gətirib çıxarıbdır.

Deyə bilmərəm ki, biz bunları tamamilə dağıda bilmişik. Ancaq bu sahədə xeyli tərəqqi göz qabağındadır. Bu sahədə ABŞ-la Azərbaycan arasındakı əlaqələr çox səciyyəvidir. Çünki ABŞ-da erməni diasporu çox güclüdür. Siz bunu yaxşı bilirsiniz. Orada birmənalı belə fikir yaranmışdı ki, guya Azərbaycan geridə qalmış bir ölkədir, islam təməlçiliyinə qatılmış bir ölkədir və guya Ermənistana qarşı ədalətsizlik, vəhşilik edibdir, blokada yaradıbdır və s. Amma indi vəziyyət tamamilə dəyişilir. Mən dünən Amerika Konqresindən gəlmiş bir nümayəndə ilə görüşürdüm. Təsəvvür edin, mənə deyir ki, Amerika Konqesində 62 nəfərdən ibarət konqresmen Ermənistan qrupu yaradıbdır və onun başında da sizə və bizə məlum olan konqresmen Porter durur. Amma Amerika Konqresində belə bir qrup yaratmağa bizim hələ imkanımız yoxdur. Doğrudur, orada konqresmenlər - Nümayəndələr Palatasının üzvləri, senatorların bir qismi, Azərbaycanı ziyarət etmiş, bizimlə əlaqədə olmuş adamlar Azərbaycana çox müsbət münasibət göstərirlər. Amma görürsünüz ABŞ-da olan erməni diasporu nə kimi işlər görür. Bəlkə də Ermənistanın özünün xarici siyasəti bunlara qadir deyil, onlar heç bu işlərlə məşğul olmurlar, nə qədər ki, erməni diasporu ayrı-ayrı ölkələrdə, o cümlədən ABŞ-da Ermənistanın xeyrinə işlər görür. Şübhəsiz, belə bir vəziyyətdə bizim siyasətimiz o qədər güclü olmalıdır və xarici ölkələrlə işlərimiz o qədər təsirli, müvəffəqiyyətli olmalıdır ki, bizə qarşı olan ədalətsiz hərəkətlərin qarşısını ala bilək, qeyri-obyektiv münasibətləri aradan götürə bilək. Bax, bu baxımdan bu gün mən tam qətiyyətlə deyirəm ki, bizim son illərdə gördüyümüz işlər xeyli müsbət nəticələr veribdir. Bunu artıq ayrı-ayrı ölkələrin nümayəndələri də, siyasətçiləri də, yaxud siyasət sahəsində tədqiqat aparan şəxslər də etiraf və təsdiq edirlər. Hətta bizə məlumat verirlər ki, siz narahat olmayın, vəziyyət əvvəlki kimi deyildir, xeyli dəyişibdir. Amma bu dəyişiklik də bizim gördüyümüz böyük işlərin nəticəsində olubdur. Bu, asanlıqla həll olan bir iş deyildir. Bunlar bizim xarici siyasətimizin uğurlarıdır. Məsələn, bizim xarici siyasətimizdə əsas yer tutan Ermənistan-Azərbaycan münaqişəsi məsələsidir. Çünki hansı ölkə ilə əlaqəyə giririksə, - lap bizim bölgədən uzaq olan ölkə ilə, - həmin ölkənin bu münaqişəyə münasibətinin doğru-düzgün olmasını istəyirik. Mən bu son günlərdə bizim regiondan, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsindən xeyli uzaqda olan Yaponiyada olarkən orada keçirdiyim hər bir görüşdə, aparılan danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana təcavüz etməsi, torpaqlarımızın işğal edilməsi, bir milyondan artıq qaçqının olması və bizə qarşı ədalətsiz qərarların qəbul olunması haqqında məlumatlar vermişəm. Danışıqlarda həmişə bu məsələni diqqət mərkəzinə gətirmişəm. Ona görə ki, hər bir dövlətdə ölkəmizin vəziyyəti haqqında doğru-düzgün təsəvvür yaratmalıyıq və bunlar da öz nəticəsini verir. Çünki bir çox hallarda görürsən ki, danışılan bu şeylərin hamısını bilmirlər, xəbərləri yoxdur. Bilsələr də, tərsinə, yəni ermənilərin təbliğatı əsasında bilirlər. Ona görə də bu məsələ bizim xarici siyasətimizdə əsas yer tutur. Bu baxımdan 1994-cü ildə Budapeştdə ATƏT-in zirvə görüşündə əldə etdiyimiz nailiyyət çox uğurludur. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi baş verəndən indiyə qədər ilk dəfə belə bir uğurlu nailiyyət əldə edə bildik ki, münaqişənin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edildi və indi o prinsiplər aparılan bütün danışıqların əsasını təşkil edir. Bilirsiniz ki, Minsk qrupu da öz işlərini bu prinsiplərin əsasında qurur və keçən ilin sentyabr ayında Minsk qrupu həmsədrlərinin bizə verdiyi son təkliflər də bu prinsiplərin əsasındadır. 1993-94-cü illərdəki vəziyyətdən 1996-cı ilin dekabrına, Lissabon zirvə görüşünə qədər gələn yol çox ağır və çətin olmuşdur. Amma görürsünüz ki, biz bu müddətdə hansı səviyyədən hansı səviyyəyə gəlib çata bilmişik. Bir Lissabon zirvə görüşü deyil, bütün beynəlxalq təşkilatlarda öz mövqelərimizi açıq, aydın, cəsarətli, çox arqumentli, əsaslı olaraq bildiririk. Hesab edirəm ki, bütün bunlar özünün müsbət təsirini göstərir.

Biz Müstəqil Dövlətlər Birliyinin tərkibindəyik. Bu gün qeyd etmək istəyirəm ki, 1993-cü ilin sentyabrında biz doğru qərar qəbul etdik və Azərbaycan MDB-yə daxil oldu. Mən bunu müsbət hesab edirəm. O vaxta qədər biz bu birliyə daxil deyildik. MDB-də bizim olmağımız müsbət haldır. Amma eyni zamanda biz MDB-də öz müstəqilliyimizi daim təsdiq edirik, prinsipial olaraq mövqeyimizi qoruyuruq, ölkəmizin mənafeyinə aid məsələləri irəli sürürük və onların həll olunmasına çalışırıq. Hesab edirəm, MDB-də bizim fəaliyyətimiz dövlət müstəqilliyimizi, suverenliyimizi daha da möhkəmləndirən amillərdən biridir. Xarici siyasətimizin uğurları barədə çox danışmaq olar. Ancaq onu nəzərə almalıyıq ki, hələ qarşımızda duran vəzifələr böyükdür və ölkəmizin beynəlxalq aləmdə bütün mövqelərini daha da gücləndirmək, möhkəmləndirmək üçün çox işlər görməliyik.

Təbiidir ki, xarici siyasət sahəsində aparılan işlərdə Xarici İşlər Nazirliyinin rolu qiymətləndirilir və mən bunu qiymətləndirmişəm və bu gün də bildirirəm. Burada hər bir diplomatın, məmurun, hər bir işçinin özünəməxsus rolu, payı vardır. Mən bunu da qeyd edirəm. Ancaq hesab edirəm ki,

Xarici İşlər Nazirliyi üçün yaradılmış çox əlverişli şəraitdən Xarici İşlər Nazirliyi öz işini qurmaq üçün, daha da təkmilləşdirmək üçün səmərəli istifadə edə bilməyibdir. Çünki mən bir prezident kimi Xarici İşlər Nazirliyinə bilavasitə rəhbərlik edərək nazirliyin bütün məsələlərinin vaxtlı-vaxtında, lazımi səviyyədə həll olunmasını təmin etmişəm və bundan sonra da təmin edəcəyəm. Amma təəssüflər olsun ki, bu imkandan nazirliyin rəhbərliyi səmərəli istifadə edə bilməyibdir. Məni narahat edən odur ki, Xarici İşlər Nazirliyinin daxili potensialından, kadr potensialından nazirliyin rəhbərliyi lazımi səviyyədə istifadə edə bilməyibdir. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyinin işçiləri, kadr potensialı daha da yaxşı çalışmağa qadirdir.

İndiyə qədər görülən işləri qiymətləndirərək qeyd edirəm ki, nazirliyin işində ciddi nöqsanlar, çatışmazlıqlar vardır və səhvlər də buraxılıbdır. Bunların sırasında ən bağışlanılmaz səhv xarici işlər naziri Həsən Həsənovun bəzi hərəkətləri olmuşdur. Ümumiyyətlə bu, bizim ölkəmizə, dövlətimizə zərər gətiribdir. Bunu anlamaq, dərk etmək lazımdır. Bu, təkcə nazirliyin hörmətinə, yaxud nazir işləmiş Həsən Həsənovun şəxsi hörmətinə zərər verməyibdir. Onun hərəkətləri həm Xarici İşlər Nazirliyinə böyük zərbə vurubdur, həm də bizim ölkəmizin beynəlxalq aləmdə hörmətinə zərbə vurubdur. Onu da dərk etmək lazımdır ki, əgər belə bir hal başqa nazirlikdə baş verirsə, bu, ola bilsin, beynəlxalq aləmdə o qədər də əks-səda doğurmur, bizim daxili işimiz kimi qiymətləndirilir. Bizim işlədiyimiz son dörd ildə bir neçə nazir cürbəcür mənfi hərəkətlərinə görə işdən kənarlaşdırılıbdır. Bunu cəmiyyət düzgün qəbul edibdir, cəmiyyətdə müzakirə olunubdur. Onların heç biri dünyada, beynəlxalq aləmdə xarici işlər nazirinin bu cür hərəkəti kimi bu qədər əks-səda verməyibdir. Ona görə də bu hadisə böyük narahatlıq hissi doğurur. Çox təəccüb edirəm ki, Xarici İşlər Nazirliyində və xüsusən keçmiş nazir Həsən Həsənov tərəfindən belə hərəkətlərə yol verilə bilərmiş.

Həsən Həsənovun işdən nədən ötrü çıxarılması artıq məlumdur. Onun vəzifəsindən sui-istifadə etməsi, qanun pozuntularına yol verməsi və bunların nəticəsində başqa cinayət hallarının baş verməsi artıq aşkara çıxarılıbdır. Bu barədə böyük bir komissiya təşkil edilibdir. Komissiya bu məsələləri araşdırdı və fevral ayının 12-də komissiyanın arayışı təqdim edildi, mətbuatda dərc olundu. Siz bunların hamısını bilirsiniz. Ancaq bu gün mən sizinlə görüşərkən, üz-üzə danışarkən bir daha hiddətimi və narahatlığımı bildirmək istəyirəm. Dövlət işində çalışan şəxslər, xüsusən yüksək vəzifəli şəxslər bilməlidirlər ki, vəzifəsindən sui-istifadə edən adam həm öz işinə, həm də dövlətin işinə böyük zərbə vurur. Şəxsi mənafelərini güdərək dövlətin işini pozan adam ölkəmizə daha da çox zərbə vurur. Doğrusu, mən indiyə qədər anlaya bilmirəm ki, Həsən Həsənov kimi təcrübəli bir adam və uzun illər cürbəcür rəhbər vəzifələrdə işləmiş, qanun-qaydanı bilən bir adam nə üçün belə çirkin yola getməli idi ki, bu da gətirib bunu cinayətkarlıq vəziyyətinə çıxarsın. Mən bunu yanvarın 27-də Təhlükəsizlik Şurasının iclasında demişdim. Sonra komissiya araşdıraraq bunları dəqiq müəyyən etdi. Görünür ki, Həsən Həsənov əvvəldən bu işə sağlam məramla başlamamışdır. Yəni əgər 1992-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi arasında Azərbaycanın Xarici İşlər Nazirliyinin təşkil olunması üçün yardım məqsədilə kredit ayrılmışdısa, o kreditin istiqaməti müəyyən edilmişdisə, xarici ölkələrdə Azərbaycanın səfirliklərinin yaradılmasına kömək etmək üçün kredit ayrılmışdısa, deməli, kreditdən bu istiqamətdə istifadə etmək lazım idi. Həsən Həsənov bunu daha çox dərk etməli idi. Çünki Həsən Həsənov Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Nyu-Yorkda Azərbaycanın nümayəndəsi olmuşdur. Mənə danışırdı ki, onda respublikamız gənc müstəqil dövlət idi, valyuta vəsaiti yox idi. O, oradan gəlib bir neçə ay Türkiyə səfirliyinin otaqlarının birində oturub işləmişdi. Deməli, bu, xarici işlər naziri vəzifəsinə gələndən sonra başqalarına nisbətən daha da çox dərk etməli idi ki, gənc müstəqil Azərbaycanın xarici ölkələrdə səfirliklərinin işləməsi üçün şərait yaradılması nə qədər zəruri bir haldır. Belə bir zərurət olduğu halda, belə bir zərurəti Nyu-Yorkda işlədiyi zaman öz həyatında hiss etdiyi halda və özü bu çətinliklərdən keçdiyi halda, demək, xarici işlər naziri vəzifəsinə gəlib bu kreditdən istifadə etməyə başladığı zaman şübhəsiz ki, o, kreditin istiqamətini dəyişməli idi.

Bilirsiniz, mən bu məsələnin başqa cəhətlərini kənara qoyuram, sonra nə qədər qanunsuz işlər görülüb və bu, gətirib cinayətkarlığa çıxarıbdır - bunları kənara qoyuram. Yalnız və yalnız 1992-ci ildə Türkiyə tərəfindən ayrılmış kreditdən istifadə olunmasının məqsədini, istiqamətini dəyişdirməklə, hesab edirəm ki, Həsən Həsənov Xarici İşlər Nazirliyinə xəyanət edibdir. Çünki Həsən Həsənov xarici işlər naziri təyin olunanda ölçüb-biçməli idi: 10 və yaxud 15 milyon dollar kredit ayrılıbdır. Bu da müəyyən olunubdur ki, səfirliklər yaratmaq lazımdır. Xarici İşlər Nazirliyi üçün birinci növbədə xarici ölkələrdə səfirliklər yaratmaq lazımdır, nəinki Bakıda lazım olmayan bir qonaq evi tikmək. Şübhəsiz ki, ümumdövlət nöqteyi-nəzərindən, dövlətçilik mövqeyindən, əlbəttə, səfirliklərin yaradılması lazım idi. Məsələn, indi Türkiyədə bizim səfirliyin binasının tikilməsi üçün yer ayırıblar. 1997-ci ilin may ayında mən Türkiyədə olarkən hörmətli prezident cənab Süleyman Dəmirəllə bərabər gedib həmin yerə külüng də vurdum. Amma indiyə qədər tikinti işlərinə başlanmayıbdır. Çünki vəsait ayıra bilməmişik. Oraya milyon yarım, ya iki milyon dollar, bəlkə ondan da az vəsait lazımdır. Ancaq əgər bu 10 milyon dollar kredit elə o vaxt bölünsəydi, heç olmasa beş ölkədə ya səfirlik binası almağa, yaxud səfirlik binası tikməyə yönəldilsəydi, bu, həm xarici siyasətimizin həyata keçirilməsi üçün çox uğurlu addım olardı, həm də göstərərdi ki, doğrudan da xarici işlər naziri Həsən Həsənov xarici siyasətin həyata keçirilməsi üçün onun madditexniki bazasının yaradılması ilə məşğuldur və buna qayğı göstərir. Amma bunun əvəzinə krediti burada qonaq evi tikməyə yönəldibdir. Demək, bu işin əvvəlindən o, düz yolda olmayıbdır, əyri yolla gedibdir və ilk əyri addımı, qeyri-sağlam addımı sonra onu aparıb bax, bu cür uçuruma çıxarıbdır. Onun bu sahədə gördüyü sonrakı işlər məlumdur - əvvəlcə qonaq evi, sonra adını "diplomatik korpus" qoyublar, ondan sonra otel, sonra isə kazino. İndi iş o yerə gəlib çıxıbdır ki, Xarici İşlər Nazirliyi xarici siyasətlə məşğul olmaq əvəzinə gəlib burada hansısa bir şirkətlə birgə müəssisə yaradıbdır ki, bu oteli istismar etsin.

Belə bir hal hansı ölkənin tarixində görünübdür? Dünyada bir ölkə də tapa bilməzsən ki, onun keçmiş tarixində, ya müasir tarixində belə bir hadisə ilə rastlaşasan. Əgər Həsən Həsənov təcrübəsiz bir adam olsaydı, yaxud kənardan bu işə qoşulmuş adam olsaydı, keçmişdə elə bu fırıldaqla, alverlə, bizneslə məşğul olmuş bir adam olsaydı, deyərdim ki, bu elə bunun köhnə xasiyyətidir, gəlib yenidən bu işlərlə məşğul olur. Ancaq, yenə də deyirəm, Həsən Həsənov uzun bir məktəb, təcrübə keçmiş adamdır. Mən bunu xüsusi qeyd edirəm, ona görə ki, burada hər şeydən əvvəl mənəviyyat, dövlətçilik, yüksək məsuliyyət məsələsi vardır. İndi biz müstəqil dövlətimizi qururuq və quruculuq prosesi hələ xeyli vaxt aparacaqdır. Biz burada hansısa şəxsi mənafeyimizi dövlətçilik mənafeyindən üstün tutsaq, yaxud dövlətçilik mənafeyini, mənəviyyatı şəxsi tamahımıza, mənafeyimizə qurban versək, böyük xətalar edə bilərik. Bunlara yol vermək olmaz. Mən bunu bir daha ona görə deyirəm ki, siz də və bütün Azərbaycan ictimaiyyəti də bilsin ki, bu işin kriminal cəhəti öz yerində, şübhəsiz, məni bunun mənəvi cəhəti çox narahat edir. Adətən belə də olur. İnsan bir əyri yolla gedirsə, o əyri yoldan çəkinmək çətin olur.

Bəzən deyirlər ki, insan nəyə görə alkoqolik olur? Hər bir alkoqolik anadangəlmə belə olmur ki! O, bir dəfə bir az içir, sonra yavaş-yavaş içkini artırır, nəhayət, onun orqanizmi tələb edir və içkidən əl çəkə bilmir. İnsanlar mənəviyyatca belə pozulurlar. Biri pozulub alkoqolik olur, biri narkoman olur, biri rüşvətxor olur, ondan əl çəkə bilmir, biri pozulur və hesab edir ki, əgər onu dövlət işinə qoyublarsa, o, mütləq bundan öz şəxsi mənafeyi üçün istifadə etməlidir, sonra da nəzarətini itirir.

Həsən Həsənov başa düşmürdü ki, şəhərin mərkəzində qonaq evi əvəzinə böyük bir otel tikib, onun yanında bir kazino açıb, hələ ora xaricdən mənfi imicə malik olan bir şirkət də gətirəndə bunların sonu bu gün də olmasa, sabah, sabah da olmasa, o birisi gün gəlib çıxacaqdır. Amma bəzi insanlarda pozulma prosesi o qədər güclü gedir ki, onun qarşısını nə qədər alırsansa, o, artıq dayana bilmir. Həsən Həsənov da belə oldu. Tutaq ki, bu adam bir, iki, üç dəfə səhv etdi, bunu görən olmadı, başa salan olmadı. Baxmayaraq mən ona bir neçə dəfə xəbərdarlıq etdim ki, bunları etmə. Əgər Həsən Həsənov təmiz iş görürdüsə, nə üçün məndən gizli 1994-cü ilin may ayında gedib Surət Hüseynovla həmin diplomatik korpusun tikilməsi üçün xüsusi bir qərar çıxarırdı və Türkiyənin "Eksimbank"ına hökumət təminatı verirdi? Mən bunu demişəm, sizin qarşınızda bir daha deyirəm, - mən burada dövlət başçısı işlədiyim zamandan indiyə qədər yeganə haldır ki, Yaponiyada olarkən bu ölkənin ixrac-idxal bankından bizim "Azərikimya" şirkətinə 75 milyon dollar kredit almaq üçün hökumət təminatı verilməsinə razılıq verdim. Amma onun razılığını vermək üçün mən oraya getməmişdən qabaq bir neçə dəfə təhlil etmişdim. Ekspertlər baxdılar, ölçdük-biçdik və gördük ki, burada bizə heç vaxt zərər gəlməyəcəkdir və biz bu krediti götürməklə böyük bir istehsal sahəsi yaradacağıq, yeni məhsul istehsal edəcəyik və iqtisadiyyatımız inkişaf edəcəkdir. Bunu televiziyada göstərirdilər, yəqin baxırdınız. Mən "Niçimen" şirkətinin başçısı ilə görüşəndə ona dedim ki, öz üzərimə böyük məsuliyyət götürmüşəm.

Həsən Həsənov bilirdi ki, mən belə şeyə getmərəm. Ona görə gedib Surət Hüseynovla birlikdə belə bir qərar çıxarmışdılar. Məndən xəlvət və gizlin. Bu cür işləmək olmazdı. Bilirsiniz, bizim münasibətlərimiz səmimiyyət, inam əsasında qurulmalıdır. Mən nazir təyin edərkən ona inanıram. Çox vaxt gəlib deyirlər ki, bu nazir belə etdi, elə etdi. Deyirəm, ola bilməz, çünki ona inanıram, o mənim etimadımı pozmamalıdır. Ancaq görürsünüz, ən inandığım adam da bu əyri yola gedibdir. Komissiya aşkar elədi, - Azərbaycanın banklarından səkkiz milyard manat kredit götürülüb və kredit indiyədək qaytarılmayıb. Siz bilin, təsəvvür edin, - mənə nə qədər müraciətlər edirlər, mən belə kreditlərin verilməsinə qətiyyən imkan vermirəm. Amma yenə də məndən xəlvət bunu götürüb, Fuad Quliyevi, Artur Rasizadəni istifadə edibdir. Mən Artur Rasizadədən tələb edirəm və ona böyük töhmət etdim ki, bunu nə üçün etmisən? O deyir ki, mən nə edə bilərdim, Həsən Həsənov gəldi ki, hər şey razılaşdırılıbdır, burada vaxtilə Nazirlər Kabinetinin qərarı var və mən bunların əsasında etmişəm. Bilirsiniz etimada qarşı bu cür hərəkətlər qətiyyən bağışlanılmazdır.

Ən nəhayət, kazino. Bu, bir felyeton, film üçün böyük bir mövzudur. Təsəvvür edin, Xarici İşlər Nazirliyi kazino tikintisi ilə məşğuldur! Xarici İşlər Nazirliyində nazir, onun müavini Albert Salamov, həmin o birgə müəssisədən tərəf müqabili olan Musa Məmmədov, işlər idarəsi rəisinin müavini Fəxrəddin Şükürov - məgər bunlar başa düşmürdülərmi ki, xarici işlər naziri kazino açmamalıdır? Həsən Həsənovun başı xarab olmuşdu, bəs onların da başı xarab olmuşdu? Necə deyərlər, adam yolunu azanda, əyri yola düşəndə lap quyunun dibinə gedir. Kazino tikməyi bəs deyil, sonra də gəlib Nazirlər Kabinetinə, maliyyə nazirinə, ona-buna təsir edib ki, bu kazinonu vergidən azad edin. Nə üçün? Tutaq ki, sən lap kazino tikmisən. Burada başqa kazinolar da vardır. Nə üçün onlar vergi verməlidir, amma Xarici İşlər Nazirliyinin kazinosu verməməlidir? Deməli, sən dövlətə zərər vurursan. Orada bir zərər vermisən, burada bir zərər vermisən, öz şəxsi mənafeyini təmin etmək üçün dövlətə nə qədər zərər vurmaq olar?

Bilirsiniz, mən həyatımda çox qəribə hallarla rastlaşmışam. Ağlasığmaz hallarla rastlaşmışam. Təcrübədə, tarixdə olmayan hallarla rastlaşmışam. Amma belə vəziyyətlə rastlaşmamışam. Nazir özü bu işlə məşğul olubdur, Xarici İşlər Nazirliyinin işçilərini bu işə, cinayətə qoşubdur, öz qohumunu - qızının ərini bu işə qoşubdur. Ya onun özü bura qoşulubdur, ya bu onu qoşubdur, bunu özləri bilərlər. Şübhəsiz ki, insan özü-özünü ləkələyəndə özünə zərər vurur. Mən Azərbaycanın dövlət başçısı kimi hər bir Azərbaycan vətəndaşının mənəviyyatı haqqında düşünürəm və istəməzdim ki, hansısa bir vətəndaş özü-özünü ləkələsin, cinayət, xəyanət etsin, pis yola getsin. Amma xarici işlər naziri Həsən Həsənov özünü ləkələyib, nazirliyi ləkələyib və ölkəmizə, hökumətimizə nə qədər ləkə vurubdur. İndi də güzəşt istəyir, göz yaşı tökür. Bəs sən əvvəl bilmirdinmi ki, bu şeyləri etmək olmaz?! Mən çox təəssüf edirəm ki, ümumiyyətlə, bizim xarici siyasət sahəsində əldə etdiyimiz böyük uğurlarla yanaşı, Xarici İşlər Nazirliyinin fəaliyyətində belə yaramaz bir hal da mövcud olubdur. Arzu edərdim ki, bu, yeganə olsun və biz bundan sonra belə hallarla rastlaşmayaq. Xarici İşlər Nazirliyi sistemində işləyənlər və Azərbaycanın bütün dövlət, hökumət orqanlarında çalışanlar bu hadisədən ciddi nəticələr çıxarmalıdırlar. Onu bilmək lazımdır ki, qanunu pozan, vəzifəsindən sui-istifadə edən, cinayət yoluna düşən, mənəviyyatımıza zərbə vuran hər kəs keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq cəzalanacaqdır.

Ancaq bizim məqsədimiz insanları cəzalandırmaq deyildir. Bizim məqsədimiz, dövlət başçısı kimi şəxsən mənim məqsədim insanları bu bəd əməllərdən qorumaqdır, mənəviyyatımızı qorumaqdır və mənəviyyatsızlığa qarşı mübarizə aparmaq, qanun pozuntusunun qarşısını almaqdır.

Çox təəssüf edirəm ki, 1994-cü ildən indiyə qədər mənə bu barədə ciddi bir siqnal verməmişdilər. Əgər olsaydı, bəlkə də bunun qarşısını ala bilərdim. Mən son vaxta qədər bilmirdim ki, Həsən Həsənov bu qədər qanunsuz işlər görübdür. 1997-ci ilin əvvəlində Amerika Birləşmiş Ştatlarının səfiri cənab Kozlariç "İmperial" şirkətinin buraya gəlməsi ilə əlaqədar öz etirazını bildirərkən mən Həsən Həsənova bir neçə dəfə ciddi göstərişlər vermişdim. Amma o, bundan nəticə çıxarmaq əvəzinə, - yaxud gərək bu siqnal, səfir Kozlariçin etirazı onu ayıldaydı, heç olmasa bu ziyanın yarısından qayıdaydı, - bütün cəhdləri səfərbər etdi sübut etsin ki, "İmperial" təmiz şirkətdir, onun heç yerdə heç bir günahı yoxdur və Kozlariçin verdiyi məlumatlar, yaxud da fikirləri əsassızdır.

Görürsünüz, insan çirkli işə girəndə oradan çıxmaq onun üçün çətin olur, əksinə, sübut etmək istəyir ki, o doğrudur. Amma axırda belə olur. Şübhəsiz ki, o vaxt Həsən Həsənov artıq kazino da tikmişdi, başqa şeylər də etmişdi. Ancaq heç olmasa "İmperial" şirkətini buraya gətirməyəydi, yaxud gətirmişdisə, onu buradan çıxaraydı. Bəlkə bu ziyanın yarısından qayıtmış olardı. Amma bunu da etmədi. İndi mən fikirləşirəm ki, nə üçün etmədi? Nə üçün? Ona çətin idi ki, bir şirkəti buradan çıxarsın, başqa şirkət gətirsin? Görünür, o şirkətlə o qədər bağlı idi ki, ondan əl çəkə bilmirdi. Yəqin, o şirkətdən əl çəkmək mümkün deyildi. Bu da, əlbəttə ki, qeyri-sağlam əsaslarla olan bağlılıqdır. Bunlardan ciddi nəticə çıxarmaq lazımdır. Siz də, Azərbaycanın bütün dövlət, hökumət orqanlarında işləyən insanlar da ciddi nəticə çıxarmalıdırlar. Belə hallar məni çox narahat edir. Amma eyni zamanda mənim bütün həyatım boyu belə olubdur ki, buraxılan səhv, günah hansı dərəcədə olursa-olsun, onu gizlətməyin, onun üstünü örtməyin tərəfdarı olmamışam. Hər şey açıq olmalıdır və cəmiyyət də, insanlar da hər şeyi açıq-aydın bilməlidirlər. Mənim həyat təcrübəm göstərir ki, belə yol həmişə insanları bu cür çirkin əməllərdən qorumağa kömək edir. Əgər bu gün belə bir hadisə ümumiyyətlə ölkəmizə, Xarici İşlər Nazirliyinə ləkə gətirirsə, eyni zamanda bundan çıxarılan nəticələr hər bir vəzifəli şəxsə ciddi xəbərdarlıq olmalıdır. Hamı bilməlidir ki, respublika qarşısında xidmətləri olmuş və böyük təcrübə keçmiş Həsən Həsənov kimi adam bu işlərə görə işdən xaric olunub və indi bu hadisəyə görə cinayət işi başlanıbdır. Demək, başqaları üçün də belə və bundan da ağır vəziyyət yarana bilər. Ona görə insanlar özlərini, dövlətimizi, mənəviyyatımızı qorumalıdırlar. Biz gərək təmizlik, mənəvi saflıq uğrunda mübarizə aparaq. Yalnız və yalnız bu yolla cəmiyyətimizi günü-gündən sağlamlaşdıra, inkişaf etdirə və müstəqil dövlətimizi irəliyə apara bilərik.

Ancaq sizinlə görüşümün məqsədi təkcə bu barədə öz fikirlərimi deməkdən ibarət deyildir. Mən xarici siyasətimiz sahəsində əldə olunan nailiyyətlər haqqında dedim. Eyni zamanda qeyd etdim ki, bilavasitə Xarici İşlər Nazirliyinin işində çox ciddi nöqsanlar var. Bunlar təkcə "Avropa" oteli ilə əlaqədar olan nöqsanlar deyildir. Başqa sahələrdə də nöqsanlar var. Ona görə indi sizin vəzifəniz bu nöqsanları aradan qaldırmaqdan ibarətdir. Siz artıq bilirsiniz ki, mən dünən fərman vermişəm və Tofiq Zülfüqarov xarici işlər naziri təyin olunubdur. Tofiq Zülfüqarovu tanıyırsınız, sizin kollektivdə işləmiş, yetişmiş gənc mütəxəssis, gənc diplomatdır. Birincisi, güman edirəm, sizin kollektiv bunu nəzərə almalıdır ki, nazir öz kollektivinizdən təyin olunubdur. İkincisi, peşəkar, işi bilən mütəxəssisdir. Üçüncüsü də gəncdir. Bunlar hamısı mənim tərəfimdən sizin kollektivin hamısına göstərilən etimad, inamdır. Ola bilər, başqa, təcrübəli adamlardan da təyin edə bilərdim. Belə namizədlər də vardı. Ancaq mən bu məsələni özüm çox dərindən təhlil edəndən sonra bu qərarı qəbul etdim. Qəbul etdim ona görə ki, sizin kollektivə öz hörmətimi, etimadımı bildirim. Ona görə ki, Xarici İşlər Nazirliyində professionallıq ön sıraya çəkilsin. Hər bir sahənin mütəxəssisi olmalıdır. Hər bir sahənin mütəxəssisi professional təcrübəsi olan adam olmalıdır. Sizin kollektiv gəncdir. Siz gənc diplomatlarsınız. Doğrudur, içərinizdə yaşlı nəslin nümayəndələri də var, keçmişdə - Sovetlər İttifaqı zamanı Xarici İşlər Nazirliyinin cürbəcür orqanlarında işləmiş təcrübəli adamlar da var. Hesab edirəm ki, həmin o təcrübə ilə gənclərin professionallığını birləşdirib işinizi daha da yaxşı qura bilərsiniz. Güman edirəm ki, belə bir təyinat sizin tərəfinizdən müsbət qiymətləndirilməlidir.

Yenə deyirəm, bu, bütün kollektivə göstərilən etimaddır və siz burada özünüzə inamı daha da artıraraq işinizi daha yaxşı qurmalısınız. Ancaq işinizi yaxşı qurmaq üçün çox işlər görmək lazımdır. Çünki Xarici İşlər Nazirliyinin üzdə görünən fəaliyyəti ilə aşağı təbəqədəki vəziyyət arasında çox böyük fərq var. Qeyd etdim ki, üzdə görünən fəaliyyət dövlətimizin xarici siyasətinin strateji istiqaməti və xarici siyasətlə dövlətin bilavasitə məşğul olması ilə əlaqədardır. Eyni zamanda, şübhəsiz ki, bütün kollektivin bu problemlərin icrasında iştirakı ilə əlaqədardır. Amma altdakı vəziyyət üstdəki vəziyyətdən çox fərqlidir. Fərqi nədə görürəm? Ötən illərdə sizdə kadr hazırlığı işi çox zəif səviyyədədir. Bu iş ümumiyyətlə qurulmayıbdır, xaotik vəziyyətdədir. Hər bir sahənin özünəməxsus kadr hazırlama sahəsi olmalıdır. Məsələn, bizim Müdafiə Nazirliyinin ali, orta məktəbi, kursları var, orada kadrlar hazırlayırlar. Amma sizdə indiyə qədər diplomat kadrları hazırlamaq üçün mütəşəkkil iş görülməyibdir. Bəzən mən öz iradlarımı deyərkən Həsən Həsənov mənə kadr qıtlığı haqqında məlumat verirdi. Kadr çatışmır, çünki Xarici İşlər Nazirliyində və onun səfirliklərində işləyən məmurlarımızın, şübhəsiz ki, gərək birincisi, bu sahədə professional hazırlığı, biliyi, təhsili olsun. İkincisi də xarici dil bilsinlər. O mənə bildirirdi ki, Azərbaycanda indi çox firmalar var, xarici dil bilənlərin çoxu gedib fırmalarda işə düzəlir, orada maaş bizdən çoxdur, ona görə də yaxşı bilikli adamlar bizdə qalmırlar. Bilmirəm bu flkir nə dərəcədə düzdür, bəlkə də burada həqiqət var. Ancaq güman edirəm ki, bu, Xarici İşlər Nazirliyi sistemində kadrların hazırlanması və inkişaf etməsi üçün heç də maneçilik törədə bilməz.

Bu mövzuya toxunduğuma görə öz fikrimi demək istəyirəm. Dövri-qədimdən bütün dövlətlərin tarixində diplomat peşəsi ən hörmətli, ən şərəfli peşədir. Keçmiş tarixə baxsaq, hansı ölkənin tarixini götürsək, diplomatik işlərə hər bir ölkədə ən yuxarı təbəqədən, ən hazırlıqlı, bilikli, savadlı, ən zəkalı adamları təyin edirdilər. Ümumiyyətlə, elə bizim özümüzdə də belə bir fikir yaranmışdı. "Diplomat" deyəndə adamın gözünün qabağına nə gəlir? Ən yüksək savadlı, ən yüksək mədəniyyətli, ən gözəl görünüşlü, yaxşı geyimli, yaxşı tərbiyəsi ilə, cəmiyyətdə özünü aparmağı ilə fərqlənən insanlar. Təsadüfi deyil ki, vaxtilə deyirdilər insanları öyrətmək lazımdır ki, yeyəndə çəngəli, bıçağı necə tutmaq lazımdır, stol arxasında nə cür oturmaq lazımdır, boşqabı necə götürmək lazımdır. Bunlar hamısı diplomatiyadan meydana gələn məsələlərdir. İnsanlar adi həyatda belə şeylərə çox fikir vermirlər. Bunlar diplomatiyanın, yəni diplomatik işçilərin həyatına məxsus olan adət-ənənələr, yaxud qanun-qaydalardır. Ona görə də "diplomat" deyəndə hər birimizin təsəvvüründə, tək bizim deyil, hər bir insanın təsəvvüründə ən seçilmiş adam canlanırdı.

Hesab edirəm ki, bizim gənc, müstəqil Azərbaycanımızda da gərək çox dəyərli, yüksək hörmətə malik olan diplomatlar korpusu yaransın. Şübhəsiz ki, bu da xüsusi daxili meyli olan adamlar olmalıdır. Təkcə daxili meyli yox, - ola bilər, meyli, istəyi olsun, amma bunun üçün istedadı olmasın, başqa xüsusiyyətləri çatmasın. Elə adamlar olmalıdır ki, hər bir diplomatımızla fəxr edək ki, bizim diplomatımız dünyada, nə təhər deyərlər, üzə çıxarıla bilən, - xalq arasında belə bir söz var, - qabağa çıxa bilən bir diplomat olsun. Belə olmalıdır. Məsələn, Əlimərdan Topçubaşov vaxtilə bizim Azərbaycanın ilk Demokratik Respublikasının parlamentinin sədri olubdur və bir diplomat kimi də bizim tariximizdə öz yerini tutubdur. Onun haqqında indi yazılar da, xatirələr də var. Deyirlər ki, nə qədər mədəni, ziyalı, görkəmli bir adam olubdur. Xalqımızın tarixində belə bir adamla fəxr edirik. Biz indi müasir həyatımızda da belə adamlar, diplomatlar yetişdirməliyik. Yenə də deyirəm, bizim görkəmli diplomatlarımız, diplomat korpusumuz olmalıdır. Ona görə bizim gənclər, hansılar ki, istedadı var, diplomatiya işinə həvəsi var, onlar ölçüb-biçməlidir: bu gün pul dalınca gedib, hansısa firmada tərcüməçi işləsin, yaxud da gəlib dövlət işində işləsin, burada böyüsün, diplomat olsun. Mənə belə gəlir ki, ağıllı gənclər diplomat olmaq istiqamətini seçəcəklər, gedib biznesdə kiməsə tərcüməçilik etməyəcəklər. O iş də yaxşı işdir, mən o işi pisləmirəm. İnkişaf etmiş ölkələrdə adətən böyük diplomatik işdə olan adamlar istefaya gedəndən sonra öz diplomatik təcrübəsindən, siyasi əlaqələrindən istifadə edərək gedib səviyyəli bizneslə məşğul olurlar. İnkişaf etmiş ölkələrdə belə təcrübə də var. Bu da pis yol deyildir. Ancaq gəncləri diplomatik işə cəlb etmək və bu işə həvəsləndirmək üçün onlar üçün stimul da yaradılmalıdır.

Mənə belə gəlir ki, əgər bəzi gənclər - bizim Xarici İşlər Nazirliyinin tərkibində işləməyə qadir olan gənclər bu işi buraxıb başqasına gedirlərsə, səbəb onda deyil ki, orada buradakından daha çox maaş alırlar. Səbəb yəqin ondadır ki, - mən belə düşünürəm, - onlar öz gələcəyinin stimullarını görmürlər. Bu da Xarici İşlər Nazirliyinin ən böyük nöqsanlarından biridir. Məsələn, mən indiyə qədər burada Azərbaycanın dövlət başçısı işlədiyim zaman sizin işçiləriniz içərisindən bir nəfəri - Vaqif Sadıqovu Vyanaya səfir təyin elədik. Qalan səfirlərin heç biri diplomatların arasından təyin olunmayıbdır. Nə üçün? Elə bilirsiniz ki, mən istəməmişəm? Yox. Mən hər dəfə əvvəlcədən nazirə müraciət edirəm ki, təklif verin, səfir təyin edək. Təklif yoxdur, kadr yoxdur. Mənim xatirimdədir, biz Vyanaya səfir axtarırdıq. Vəfa Quluzadə, bu, sənin xatirindədir, bu tarixi xatırlayırsanmı? Vyanada bizim səfirimiz yox idi. Orada səfir bizə çox lazım idi. Çünki Minsk qrupu orada yerləşir, toplaşıblar, başqa ölkələrin, xüsusən Ermənistanın səfiri var idi, amma bizim səfirimiz yox idi. Bu, bizə zərər gətirirdi. Mən neçə dəfə dedim ki, Vyanaya səfir təyin etmək lazımdır. Bir dəfə dedim, iki dəfə dedim, üç dəfə dedim, Həsənov təklif vermirdi. Sonra mənə dedi ki, - hər şeyi açıq demək istəyirəm, - gəlin səfir təyin etməyək, oraya müvəqqəti adam göndərim, başlasın işləməyə, görək nə təhər işləyir, ondan sonra baxarıq, görək onu səfir təyin etmək olar, yoxsa yox. Kimisə göndərmişdi, bilmirəm. Sonra mən dedim ki, bu olmaz! Mən Vəfa Quluzadəni çağırdım, dedim ki, Xarici İşlər Nazirliyində bir adam yoxdurmu biz oraya səfir göndərək? Nəhayət, Vaqif Sadıqovun namizədliyi meydana çıxdı. Göndərdik, işləyir və mənə elə gəlir ki, pis işləmir.

Belə adamlar burada lazımdırmı? Nə üçün belə adamları göndərmirik, nə üçün belələrini irəli çəkmirik? Bax, mən bu vəziyyəti təhlil edərək özüm üçün belə nəticəyə gəldim ki, əgər bəzi işçilər Xarici İşlər Nazirliyindən çıxıb gedib ayrı-ayrı başqa işlərdə çalışarlarsa, o işi bundan üstün tutarlarsa, yəqin onlar öz gələcəyini, perspektivi görmürlər. Bunun üçün də Xarici İşlər Nazirliyində bir sistem yaratmaq lazımdır. Kadr hazırlamaq, hər bir təbəqə üçün müəyyən kadrlar hazırlamaq, kadr ehtiyatı yaratmaq lazımdır. Mən indi sizdən soruşuram - sizdə kadr ehtiyatı varmı? Məsələn, səfir vəzifəsinə ehtiyatda neçə nəfər var? Bu, adi bir prinsipdir. Hər bir yerdə kadr ehtiyatı yaranır. Məsələn, müəyyən qədər münasib adamlar var ki, gələcəkdə onları təyin etmək olar? Yoxdur! Bəzən deyirlər ki, sizdə dil bilməyən və xarici siyasət sahəsində savadı olmayan adamları işə götürürlər. Hətta o ölkəyə göndərirlər ki, onun dilini bilmir. Məsələn, mən hesab edirəm hansı ölkəyə ki, biz səfir göndəririk, gərək ya o ölkənin dilini bilsin, ya da dünyada məşhur olan dillərdən birini bilsin. Amma səfirdən savayı başqa işçilər mütləq o ölkənin dilini bilməlidirlər. Yaxud da o ölkənin dilini bilmirsə, orada işlənən başqa dili, - məsələn, ingilis dili çox ölkələrdə işlənir, - bilməlidir. Əgər o ölkənin dilini və yaxud ingilis, ya fransız dilini bilmirsə, gedib o ölkədə necə işləyəcək? Ola bilər, prezident kimi, mən dili bilməyən adam olum, tərcüməçidən istifadə edim. Hər bir işçinin yanına tərcüməçi qoşmayacağıq ki!

Sizdə belə hallar da var, mənə belə siqnallar gəlir. Yaxud, təkcə dil məsələsi deyil. Lazımi keyfiyyətləri olmadan, himayədarlıq vasitəsilə - kiminsə qohumudur, dostudur, oğludur, tanışıdır, kimsə xahiş edib, ona görə təyin ediblər. Bilirsiniz, şübhəsiz ki, burada işləyən adam kiminsə qohumu, dostu ola bilər, mən buna etiraz etmirəm. Ancaq o öz şəxsi keyfiyyətlərinə, bacarığına görə bu işə layiqdirsə. Əgər bu varsa, o biri xüsusiyyətlər ikinci xarakter daşıyır. Amma bu yoxdursa, ikinci xüsusiyyətlərə görə bu işə təyin olunubsa, bu yaramaz, buna imkan vermək olmaz. Ona görə Xarici İşlər Nazirliyinin işini yaxşı qurmaq üçün birinci növbədə kadr hazırlanması, kadrların təhsillənməsi, dil öyrənməsi sistemi, bir işlək sistem yaranmalıdır. Xarici İşlər Nazirliyində çalışan işçilərə stimul yaradılmalı, onlar həvəsləndirilməlidir. Maaş məsələsinə qalanda, ola bilər mən bəlkə də baxım, - sizə söz verə bilmirəm, - ancaq ola bilər, xüsusi olaraq baxım, Xarici İşlər Nazirliyi işçilərinin maaşını müəyyən qədər artırım. Bu haqda bizim orqanlara göstəriş verəcəyəm, mənə təkliflər versinlər ki, hansı imkanlar var. Güman edirəm ki, mən bunu edə biləcəyəm. Amma bu artım da o qədər böyük olmayacaq ki, siz deyəsiniz, maaşım birdən-birə beş dəfə artsın. Bu, mümkün deyildir. Ancaq bir neçə amillər var ki, əgər bunlar nazirlikdə tətbiq edilsə, onda şübhəsiz ki, burada yaxşı kadrlar hazırlamaq olar, yaxşı diplomatlarımız ola bilər və biz xarici siyasətimizi yaxşı apara bilərik.

Səfirlərlə iş yaxşı getmir. Mən bir neçə dəfə özüm təşəbbüs göstərmişdim və demişdim ki, səfirlərin müşavirəsini keçirmək istəyirəm. Dörd il keçibdir, amma bir dəfə də olsun səfirlərin müşavirəsini keçirə bilməmişik. Mən Xarici İşlər Nazirliyindən belə təşəbbüs almamışam. Ancaq özümün belə fikrim olubdur və bir neçə dəfə demişəm ki, vaxt tapıb gün təyin etmək, səfirləri dəvət edib dinləmək, onların dərdlərini bilmək lazımdır. Mən bilavasitə səfirlərlə görüşüb müzakirə etməliyəm. Xarici İşlər Nazirliyinin tərkibi nədən ibarətdir? Bir mərkəzi aparatda olan işçilər, bir də ayrı-ayrı ölkələrdə olan nümayəndəliklər, səfirliklər. Başqa bir şey yoxdur. Əgər Xarici İşlər Nazirliyi işçilərinin bir hissəsi Bakıdadırsa, qalan hissəsi başqa ölkələrdədir. Hər ölkədə kollektivə səfir rəhbərlik edir. Birincisi, səfirlərin hörmətini qaldırmaq lazımdır. İkincisi, səfirlərin fikirlərini bilmək lazımdır, səfirlərlə məsləhətləşmək lazımdır. Çünki səfir başqa ölkədə işləyir. Ona görə də səfirlərlə vaxtaşırı görüşlər keçirmək lazımdır. Tutaq ki, mən belə bir müşavirə keçirə bilməmişəm. Baxmayaraq ki, mən bunun arzusunda olmuşam və bir neçə dəfə təklif vermişəm. Amma mən soruşuram - nə üçün indiyədək xarici işlər naziri səfirlərlə müşavirə keçirməyibdir? Onları çağırıb bir yerə yığmayıb ki, gəlin oturaq, görək fikriniz, təklifiniz nədir, nə deyirsiniz, işimizdə nə nöqsanlar var, kimin hansı müsbət təcrübəsi var, gəlin bu təcrübəni yayaq. Bir seminar keçirilsin, onlara mühazirələr oxunsun. Mən bəzən belə düşünürəm ki, səfirlərimiz respublikadan ayrılır və sonra onların buradan xəbərləri olmur. Onların hərəsi bir yerdə özbaşına necə, nə cür işləyirlər - özləri bilirlər. Düzdür, telefon əlaqələri vardır. Həsən Həsənov mənə məlumat verirdi ki, o səfirlə, bu səfirlə danışdım. Bu əlaqələr var. Onlar sizə nəsə yazırlar, siz də yəqin onlara hansısa yazılı göstərişlər verirsiniz. Ancaq bunlar yetərli deyildir, azdır.

Nazirliyin işinin quruluşunda da çox çatışmazlıqlar vardır. Mən indiyə qədər bilmirəm ki, bu nazirliyin strukturu nədən ibarətdir. Baxmayaraq ki, nazirliyin strukturu müəyyən olunmalı idi və bunu prezident təsdiq etməlidir. Bunu nazir özbaşına edə bilməz. Hələ də mən strukturun nədən ibarət olduğunu bilmirəm. Siz deyə bilərsiniz ki, mən niyə bilmirəm. Doğrudur, bəlkə mən nazirdən tələb etməmişəm. Amma nazir özü bilməlidir ki, struktur nədən ibarətdir. Bu struktur razılaşdırılmalıdır. Sizin nazirlikdə kollegiya da yoxdur. Hesab edirəm ki, hər bir nazirlikdə kollegiya olmalıdır. Prinsipial işlər burada müzakirə edilməlidir, kollegial həyata keçirilməlidir. Sizdə bir müddət tək nazir idi, bir də Albert Salamov müavin idi. Mən belə başa düşürəm ki, o, təsərrüfat işləri ilə məşğuldur, xarici məsələlərlə o qədər də məşğul deyildir. Mən bundan çox narazı idim və Həsən Həsənova bir neçə dəfə dedim ki, Xarici İşlər Nazirliyində bir, iki, üç, bəlkə dörd müavin olmalıdır. Çünki bu gün o müavin ora getdi, digəri başqa işlə məşğul oldu. Bunlar olmalıdır.

Nəhayət, 1994-cü ilin may ayında biz Araz Əzimovu və Tofiq Zülfüqarovu müavin təyin etdik. Son vaxtlarda isə Xələf Xələfovu da müavin təyin etdik. Amma bunları daha da əvvəl təyin etmək olardı və müavinlərdən səmərəli istifadə etmək lazımdır. Məndə belə bir təsəvvür var ki, müavinlər nazirliyin bütün işində iştirak edə bilmirlər, hərəsi bir idarənin rəisidir. Tofiq Zülfüqarov hansı idarənin rəisidir?

Tofiq Zülfüqarov: Münaqişəli problemlər üzrə.

Heydər Əliyev: Bundan başqa bir işlə məşğulsan?

Tofiq Zülfüqarov: Ayrı-ayrı tapşırıqlar veriləndə məşğul olurdum.

Heydər Əliyev: Araz Əzimov hansı idarənin rəisidir?

Araz Əzimov: Beynəlxalq əlaqələr üzrə. Bir də ayrı-ayrı tapşırıqlarla məşğul oluram.

Heydər Əliyev: Mənə belə gəlir ki, müavin tək bir idarənin rəisi ola bilməz. Şübhəsiz ki, nazir yerdə qalanların hamısına özü rəhbərlik edir. Yenə deyirəm, məndə belə təsəvvür var ki, müavinlər də nazirliyin işini əhatə etmək üçün işə lazımi dərəcədə cəlb olunmayıbdır. Ona görə də nazirliyin işinin yaxşı təşkil olunması üçün ciddi, əməli tədbirlər görülməlidir. Bu tədbirlər hazırlanıb prezidentə təqdim edilməlidir. Mənə məlumatlar gəlir ki, təkcə "Avropa" oteli deyil, başqa yerlərdə, nazirliyin bəzi strukturlarında ayrı-ayrı adamlar vəzifələrindən sui-istifadə edirlər. Məsələn, nazirliyin konsulluq idarəsi var. Xarici pasportları, vizaları onlar verir. Deyirlər ki, bəzən statusu olmayan adamlara diplomatik pasportlar verilir. Sizdə diplomatik pasportların kimə verilməsi barədə siyahı varmı? Konsulluq idarəsinin rəisi.

Sabir Ağabəyov: Qanunla təsdiq olunmuş siyahı var.

Heydər Əliyev: Hansı qanunla?

Sabir Ağabəyov: Dövlət qanunu ilə, Milli Məclis tərəfindən təsdiq olunmuşdur.

Heydər Əliyev: Ondan əlavə verilmir?

Sabir Ağabəyov: Xeyr.

Heydər Əliyev: Əyləş. Amma mənə deyirlər ki, belə hallara yol verilir. Ümumiyyətlə, bu konsulluq işində də çox ciddi nöqsanlar vardır. Mənə belə məlumatlar gəlib çatır. Bəzi adamlar öz işi ilə məşğul olmur, xarici ölkəyə nəyə görə getdiyi məlum deyil. Hər bir xarici ölkəyə ezamiyyət konkret məqsəd daşımalıdır. Müəyyən olunmalıdır ki, ezamiyyətə gedən hər bir şəxs nədən ötrü və nə üçün gedir. Məsələn, mənə bir dəfə dedilər ki, Albert Salamovla Musa Məmmədov ABŞ-ın Kanzas-Siti şəhərinə gediblər. Albert Salamovun orada nə işi var idi, nəyə görə getmişdi?

Albert Salamov: Amerikaya ezamiyyətə getmişdik.

Heydər Əliyev: Bəs Kanzas-Sitidə nə işiniz var idi? Bilirsiniz ki, düzünü demək lazımdır. "Avropa" otelindən ötrü getmişdin. Əyləş. Axı bu olmaz. Siz nazirliyin hesabına "Avropa" otelinin işlərini həll etmək üçün o ölkəyə gedirsiniz, bu ölkəyə gedirsiniz. Ağlınız yoxdur? Bilmirsiniz ki, belə şey etmək olmaz? Nazirliyin işində başqa nöqsanlar da çoxdur. Eşitdiyimə görə, bəzi adamlar işlərinə çox səthi yanaşırlar. Lazımi tələbkarlıq yoxdur və cürbəcür başqa neqativ hallar mövcuddur. Buna görə də bugünkü görüş və yeni nazirin təyin edilməsi Azərbaycanın Xarici İşlər Nazirliyinin işində bir dönüş nöqtəsi olmalıdır. Mən tələb edirəm ki, yeni nazir müavinlərlə, başqa rəhbər işçilərlə birlikdə mənim bu fikirlərimi, eyni zamanda - şübhəsiz ki, bu gün mən bütün məsələlərin hamısını əhatə etmək məqsədi daşımıram - Xarici İşlər Nazirliyinin işini gücləndirmək, səmərəliliyi artırmaq üçün lazım olan bütün tədbirləri hazırlayıb, Prezidentin İcra Aparatının şöbəsi ilə məsləhətləşib mənə təqdim etsin. Sonra bir neçə əməli iş proqramları, tədbirləri tərtib olunmalıdır və onlar həyata keçirilməlidir. Bir məsələni də qeyd etmək istəyirəm.

Dediyim kimi, prezident nazirliyə bilavasitə, birbaşa rəhbərlik edir. Amma Prezidentin İcra Aparatı var. Təəssüflər olsun, mən belə bir halla da rastlaşıram ki, indiyə qədər Prezidentin İcra Aparatı ilə nazirliyin arasında sıx əlaqə olmayıbdır. Vəfa Quluzadə prezidentin xarici əlaqələr üzrə müşaviridir, təcrübəli bir diplomatdır. Mən ondan bəzən bir çox şeyləri tələb edərkən cavab verirdi ki, nazirlikdə adətən şöbəni və mənim bu sahədə aparatda çalışan işçilərimi saya salmırlar. Bunlara da son qoymaq lazımdır. Yenə deyirəm, mən özüm bilavasitə nazirliklə daim əlaqədəyəm. Ancaq eyni zamanda nazirlik də öz əməli işində Prezident Aparatı ilə əlaqədə olmalıdır. Prinsipial məsələləri bir yerdə məsləhətləşmək, bir-birinə kömək etmək lazımdır. Mehriban, işgüzar əlaqələr olmalıdır. Qısqanclığı aradan götürmək lazımdır. Kim bunu dedi, kim bunu etdi və s. - fərqi yoxdur. Mən onsuz da hər adamın işini görürəm. Kimsə kimin işinin üstünə bir balaca pərdə salmaq istəyirsə, o da mümkün deyildir. Hamısını görürəm. Tələb edirəm ki, Nazirlik Prezident Aparatı ilə də sıx işləsin.

Bir sözlə, çox təəssüf edirəm ki, bizim üçün çox vacib olan dövlət strukturunun - Xarici İşlər Nazirliyinin həyatında belə ağlasığılmaz və bizi narahat edən hadisə baş verdi. Bunun nəticəsində xarici işlər nazirini işdən azad etmək məcburiyyətində oldum. Ancaq eyni zamanda hesab edirəm ki, siz bütün bu səhvlərdən, nöqsanlardan, yol verilmiş qanun pozuntularından, qanuna zidd olan başqa hərəkətlərdən nəticə çıxarıb işinizi daha yaxşı apara bilərsiniz. Mən uzun illər respublikada olan kadr potensialını yaxşı tanıdığıma görə qətiyyətlə demək istəyirəm ki, Azərbaycanda bütün sahələrdə çox istedadlı insanlar vardır. O cümlədən, xarici siyasət işinə meyl, həvəs göstərən istedadlı gənclərimiz keçmişdə də olubdur, indi də vardır. Xüsusən bu istedadlı gənclərdən Xarici İşlər Nazirliyinin orqanlarında səmərəli istifadə etmək lazımdır. Tam əminəm ki, bu işləri düzgün qurduğumuz halda qısa bir müddətdə Azərbaycanın Xarici İşlər Nazirliyinin çoxsaylı istedadlı diplomatları, kadrları olacaqdır, onlar həm nazirliyin cürbəcür idarələrində, şöbələrində və rəhbərliyində işləyəcəklər, həm də Azərbaycanın səfirliklərində çalışacaqlar. Bunun üçün dəyərli insanlara kömək etmək lazımdır, onları irəli çəkmək lazımdır, onlara inkişaf etmək üçün şərait yaratmaq lazımdır. Bilirsiniz, sizin bu sistemdə olan təsadüfi adamları, bu işə yaramayan adamları uzaqlaşdırmaq, nazirliyi belə adamlardan təmizləmək lazımdır. Gələcəkdə burada proteksionizmə yol vermək olmaz, cürbəcür vasitələrlə Xarici İşlər Nazirliyi sistemində işləməyə gələn, keyfiyyətləri olmayan adamları buraya buraxmaq olmaz. Ona görə də təkrar edirəm, istedadlı, bacarıqlı, dəyərli kadrları qorumaq lazımdır, onlara kömək etmək lazımdır, onları irəli çəkmək lazımdır. Bacarıqsız, perspektivi olmayan, yaxud buraya təsadüfi düşmüş adamları bu işdən kənar etmək lazımdır və güclü kadr ehtiyatı yaratmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanın bugünkü intellektual səviyyəsi, xüsusən Azərbaycan gənclərinin intellektual səviyyəsi bu işləri uğurla aparmaq üçün çox gözəl imkanlar yaradır. Mən sizin hamınıza işlərinizdə uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz müstəqil Azərbaycanın xarici siyasətinin gələcəkdə də uğurla aparılması üçün öz səylərinizi qoyacaqsınız. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış