Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM Dövlətləri Qadınlarının Birinci Forumunun iştirakçılarına müraciəti - Bakı şəhəri, 17 sentyabr 2001-ci il


Hörmətli forum iştirakçıları!

Sizi - "GUÖAM təşkilatı üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində qadınların rolu" mövzusuna həsr olumuş forumun iştirakçılarını Azərbaycan torpağında səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Siz qadınların IV Ümumdünya konfrasında elan olunmuş sülh, bərabərlik və inkişaf prinsiplərini gerçəkləşdirərək milli, regional və beynəlxalq səviyyələrdə bir çox proqramların yerinə yetirilməsində iştirak edirsiniz. Keçirdiyiniz bu forum da Pekin platformasının gerçəkləşdirilməsi işinə xidmət edir. XX əsrdə ölkələrimizin qadınları mürəkkəb və uzun yol keçərək kişilərlə bərabər hüquqlar əldə etmiş, bir çox sahələrdə layiqincə təmsil olunmuşlar. Yeni əsrin, yeni minilliyin üfüqlərini sözsüz ki, bu qəbildən olan forumlarınız da müəyyən edə bilər.

Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova dövətləri qadınlarının forumunun məhz Bakı şəhərində keçirilməsi təsadüfi deyildir. Ölkəmiz erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində on ildən artıqdır ki, müharibə fəlakətlərinin nə demək olduğunu gündəlik həyatında bütün dəhşətləri ilə hiss edir.

Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız öz yurdundan didərgin düşərək çadır düşərgələrində ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Xeyli müddətdir ki, cəbhə xəttində atəşkəsə nail olunmuş, hərbi əməliyyatlara son qoyulmuşdur, lakin yaranmış "nə sülh, nə hərb" vəziyyəti son dərəcə dözülməzdir. Bəşər tarixində həyat mənbəyi kimi tanınan qadın həmişə sülh tərəfdarı olaraq çıxış etmişdir. Ümidvaram ki, forumunuz Azərbaycan qadınlarının taleyinə sonsuz sayda müsibətlər gətirmiş bu silahlı münaqişənin həlli məsələlərinə də ayrıca diqqət yetirəcək və bu yolda öz köməyini əsirgəməyəcəkdir.

Azərbaycan Respublikasının əsas qanunu cəmiyyətimizdə qadınların bütün hüquqlara malik olmasını təmin edir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikası vətəndaş cəmiyyətinin formalaşdırılması işində qadınların səylərini və rolunu yüksək qiymətləndirir. Ölkələrimizdə qadınların rolunun artırılması, qeyri-hökumət qadın təşkilatlarının fəallığının yüksəldilməsi, habelə silahlı münaqişələrdə uşaq və qadınların hüquqlarının müdafiəsində sıx əməkdaşlıq günün aktual problemlərindəndir. Bu baxımdan toplaşdığınız forum dövlətlərimizin qadınlarının əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi yolunda mühüm bir addımdır.

Hörmətli forum iştirakçıları!

Ümumbəşəri idealların təntənəsi naminə birgə səyləriniz ilk onilliyi dünyada sülh quruculuğu onilliyi elan olunan XXI əsrdə xüsusilə vacibdir. İnanıram ki, təkcə bölgələrimizdə deyil, bütün yer üzündə sülhün bərqərar olması naminə haqq səsinizi yüksəldəcək, xalqlarımızın, dövlətlərimizin birgə səyləri ilə insanlığın sülh və əmin-amanlıq içərisində yaşaması üçün öz töhfələrinizi verəcəksiniz. Bakıya gəlişinizdən məmnun qalacağınıza ümidvar olduğumu bildirir və sizə forumun işində uğurlar diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti