Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Parlamentinin - İslam Şurası Məclisinin nümayəndə heyət ilə görüşü zamanı söhbətindən - 4 noyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən sizi görməkdən çox məmnunam. Siz Azərbaycanda parlamentə, Milli Məclisə keçiriləcək seçkilərdə müşahidəçi olmaq istəyirsiniz. Müşahidə etmək istəyirsiniz ki, Azərbaycanda seçkilər necə - ədalətli, yaxud ədalətsiz keçir.

Hesab edirik ki, seçkilərin ədalətli, doğru-düzgün keçirilməsi üçün seçkiqabağı bir neçə ayda çox iş görmüşük. Bilirsiniz ki, bizdə çoxlu partiyalar vardır. Onların da tam əksəriyyəti müxalifət mövqeyində duran partiyalardır. Həmin partiyaların üzvləri qəzetlərdən, televiziya və radiodan istifadə edir, öz fikirlərini deyirlər. Allah bilir onların fikirləri nədir. Allah onu yaxşı bilir, çünki Allah hər şeyi yaxşı görür. Onların hamısının fikri ondan ibarətdir ki, Heydər Əliyev iqtidarı hakimiyyətdən getməlidir. Bu adamların hər biri deyir ki, biz hakimiyyətə gəlməliyik. Çünki Heydər Əliyev və onun partiyası Azərbaycanı idarə edə bilmir, neçə ildir ki, problemlər həll olunmur. Biz seçkilərə hazırlıq dövrünü, bax, belə bir demokratik, aşkarlıq şəraitində keçirmişik. İndi əsas iş noyabrın 5-dədir.

Ölkəmizdə çoxlu müşahidəçilər - ATƏT-dən 200 nəfər, Avropa Şurası Parlament Assambleyasından 40 nəfər gəlibdir.

Mən bu gün saat on ikidən nümayəndələri qəbul edirəm, hələ bundan sonra da qəbul edəcəyəm. 400-ə qədər müşahidəçi vardır. Çox məmnunam ki, onların içərisində siz varsınız. Güman edirəm ki, müşahidə edib, görüb, öz xoş münasibətinizi bildirəcəksiniz. Sizə bir daha xoş gəlmisiniz deyirəm. Buyurun.

Həsən Əlmasi (nümayəndə heyətinin başçısı, İİR parlamenti - İslam Şurası Məclisinin üzvü): Çox sağ olun. Mən Sizə təşəkkürümü bildirirəm. Seçki ərəfəsində, yəni 5 noyabr parlament seçkisi ərəfəsində vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Bunların hamısı bizim yaxın qonşularımız, dostlarımızdır. Çox gözəl, yaxşı təbrikdir. Təşəkkür edirəm.

Həsən Əlmasi: Bu, seçki ərəfəsində Azərbaycana mənim ikinci səfərimdir. İki il bundan əvvəl prezident seçkilərində mən cənab Qəzayi ilə birlikdə buraya müşahidəçi kimi gəlmişəm. Bir neçə gün Azərbaycanda olduq. Bu gün isə digər bir nümayəndə heyətinin tərkibində parlament seçkilərində iştirak etmək üçün ölkənizə gəlmişik. Çox xoşhalam ki, ikinci dəfə buraya gəlirəm. Azərbaycanın həyatında mühüm hadisə olan bu seçkilərdə iştirak etmək üçün ölkənizə səfərimdən çox məmnunam.

Biz Azərbaycana gələn kimi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdük. O, seçki qanunları ilə əlaqədar bizim suallarımıza cavab verdi. Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Mərkəzi və bu seçkilərdə siyasi partiyaların iştirakı barədə ətraflı məlumat aldıq.

Dünən Milli Məclisin sədri ilə görüşdük. Parlament seçkiləri barədə geniş söhbətimiz oldu. Deməliyəm ki, ötən seçkilərlə müqayisə etdikdə builki parlament seçkilərində böyük inkişaf vardır. Bir sıra qanunlarınızı təkmilləşdirmisiniz. Hesab edirəm ki, bunlar səsvermədə müsbət rol oynayacaqdır. İstədiyimiz budur ki, seçkilər açıq-aydın, aşkarlıq şəraitində keçsin.

Mən İran - Azərbaycan dostluq qrupunun üzvü kimi ölkənizdə baş verən bütün dəyişiklikləri izləyirəm. Arzumuz budur ki, Azərbaycanın heç bir problemi olmasın. Ölkəniz həmişə səadət və xoşbəxtlik içərisində yaşasın, inkişaf etsin.

Azərbaycan xalqı böyük xalqdır. Arzumuz budur ki, o, çətinlik görməsin. Azərbaycan və İran qonşu dövlətlərdir. Biz həm qonşuyuq, bəlkə həm də qohumuq. Əslində biz bir dost və qonşu kimi yaşamışıq. Sağ olun.

Heydər Əliyev: Çox gözəl, yaxşı sözlər dediniz. Mən hamısı ilə razıyam. Mən çox məmnunam ki, siz Azərbaycan dilində, bizim ləhcəmizdə yaxşı danışırsınız. Çünki İranda Azərbaycan ləhcəsi bizim ləhcədən bir az fərqlidir. Amma deyirsiniz ki, cəmi iki dəfə burada olmusunuz. Görürəm ki, doğrudan da İran - Azərbaycan dostluq qrupunda siz Azərbaycanı yaxşı öyrənmisiniz. Seçmək olmur ki, siz iranlısınız, yoxsa azərbaycanlısınız.

Məmnunam ki, siz bu məsələlərlə maraqlanırsız. Mərkəzi Seçki Komissiyasında görüş zamanı bu seçkilərə hazırlığımızın daha yüksək səviyyədə olduğunu görmüsünüz. Ümidvaram ki, bu seçkiləri siz də müşahidə edib öz fikrinizi deyəcək, Azərbaycanda demokratiyanın inkişaf etməsində bizə yardım göstərəcəksiniz.

Biz demokratiya yolu ilə gedirik. Ona görə də ölkəmizdə çoxlu partiyalar, müxalifət qəzetləri, özəl televiziyalar vardır. Bu televiziyalar bütün müxalifətçilərin çıxışlarını verir. Biz hamıya söz, mətbuat, vicdan azadlığı vermişik. Biz bu yolla gedirik və gedəcəyik. Bu yol yeni yoldur. Avropada bəzi ölkələr vardır ki, 200-300 illik demokratiya tarixinə malikdirlər, amma onlarda hələ də tam kamil demokratiya yoxdur. Amma biz gənc dövlətik, hesab edin ki, onların yanında cocuğuq. Amma fərasətli cocuğuq, uşağıq. Biz o səviyyəyə onlardan tez gəlib çatacağıq. İstəyirik ki, bunu seçkilərdə nümayiş etdirək. Ancaq məqsədimiz sadəcə bunu göstərmək deyil. Məqsədimiz parlamentə ən dəyərli adamları seçməkdir. Kimliyindən asılı olmayaraq, - iqtidar partiyasındandır, yaxud müxalifət partiyasındandır, bunun heç bir fərqi yoxdur - dəyərli adamlar, xalqın istədiyi insanlar seçilsin. Xalq kimi istəyir onu seçsin. Çünki xalqın istədiyi adam yəqin parlamentdə ən yaxşı deputat ola bilər. Amma xalqın istədiyi adam olmasa, sadəcə hansı bir yolla seçilsə, o, xalqa yaxşı xidmət edə bilməz.

Ona görə də biz öz işimizi bu prinsiplər əsasında qurmuşuq və quracağıq və siz də bizə kömək edəcəksiniz. Seçkiləri haralarda müşahidə edəcəksiniz?

Həsən Əlmasi: Deyə bilirəm ki, müşahidəçilərimizin bir hissəsi burada, digər hissəsi isə Azərbaycanın şimalında, başqa bir qrup isə cənubunda, iki qrup isə Bakıda seçki məntəqələrinə baş çəkməlidirlər. Cənab prezident, Siz yaxşı fikirlər söylədiniz. İqtidarda olan hər prezidentin, hər hökumətin borcu bütün partiyalara seçkilərdə iştirak etmək imkanı yaratmaqdır. Millətin də borcu parlamentə layiqli deputat seçməkdir. Siz öz borcunuzu yerinə yetirirsiniz, əminik ki, camaat da seçkilər günü yaxşı deputatlar seçəcəklər.

Cənab prezident, mən onu da deməliyəm ki, Azərbaycanda Sizin 1981-ci ildən çəkdiyiniz zəhmət xalqınız tərəfindən heç vaxt unudulmayıbdır.

Heydər Əliyev: 1981-ci ildən yox, 1969-cu ildən.

Həsən Əlmasi: Bəli, 1969-cu ildən.

Heydər Əliyev: 1982-ci ilin sonunda mən buradan Moskvaya getdim.

Mən 1969-cu ildə Azərbaycanın başçısı oldum. 1982-ci ilin sonuna qədər Bakıda oldum. Həmin ilin son ayında - biz dekabr ayı deyirik, bilmirəm, siz nə deyirsiniz, - məni Moskvaya apardılar. Mən Moskvada Kremldə oturdum, Siyasi Büronun üzvü və böyük Sovetlər İttifaqı baş nazirinin birinci müavini idim. Amma beş ildən sonra orada yola getmədik. İstefa verdim, çətin bir dövr yaşadım. Orada, burada məni təqib etdilər. Ona görə də Naxçıvana, doğulduğum yerə getdim, İranla da çox yaxşı əlaqələr yaratdım. İranın Naxçıvana köməyi oldu.

1993-cü ildə burada Azərbaycan ağır vəziyyətə düşəndə xalq əlini mənə uzatdı, dartıb bura gətirdi.

Həsən Əlmasi: Cənab prezident, Azərbaycanda bütün sənayenin inkişafında Sizin əməyiniz görünür. Bunu bütün Azərbaycan xalqı görür. Qurduğunuz, yaratdığınız işləri gələcək nəsillər unutmayacaqdır.

Onu da deməliyəm ki, İranda inqilabdan bu günə qədər 20 dəfədən çox seçki keçirilibdir. İran İslam Respublikası seçki sahəsində böyük təcrübəyə malikdir. Ona görə də biz ikinci dəfədir ki, sizin ölkənizə müşahidəçi kimi gəlmişik. Biz həm Milli Məclisin sədri, həm də Mərkəzi Seçki Komissiyasının sədri ilə söhbət edərkən dedik ki, İran seçki sahəsindəki təcrübəsini Azərbaycanla bölməyə hazırlaşır.

Heydər Əliyev: Çox gözəl. Mən bunu bir neçə dəfə demişəm, sizdə son prezident seçkilərində, ağayi Xatəmi tam demokratik şəraitdə prezident seçilmişdir. Ondan sonra parlament seçkiləri demokratik şəraitdə keçmişdir. Bir neçə namizədlər var idi. Açıq yarış keçdi.

Xalq kimə çox səs verdisə, o da seçildi. Ona görə də mən İranda demokratiyanın son illərdəki inkişafını həmişə qeyd edirəm. Qərbdə bəzən deyirlər ki, İranda, yaxud müsəlman ölkələrində demokratiya yoxdur. Amma böyük səhv edirlər. İranda demokratiya çox yaxşı inkişaf edibdir. sizin təcrübənizdən biz də istifadə etməliyik.

Həsən Əlmasi: Cənab prezident, biz İranda bələdiyyə seçkiləri də apardıq. Kəndlərdə və şəhərlərdə seçki çox dəqiq keçirildi.

Azərbaycanda keçirilən bu seçkilərdə bütün partiyaların iştirakına görə biz Sizi təbrik etmək istərdik. Ümid edirik ki, gələcək seçkilərdə də bütün insanlar, müxtəlif fikirli adamlar sərbəst iştirak edə biləcəklər. Tənqid də, tərif də etmək olar. Hesab edirəm ki, biz Azərbaycanda azad, sərbəst, şəffaf və demokratik şəkildə keçirilən seçkilərin şahidi olacağıq.

Heydər Əliyev: Mən də buna inanıram.

Həsən Əlmasi: Cənab prezident, bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. İnşallah, sizin İrana səfərinizi gözləyirik və ondan sonra cənab Xatəmi Azərbaycana gələcəkdir. Əminik ki, İran-Azərbaycan münasibətləri, ölkələrimizin siyasi və iqtisadi əməkdaşlığı yüksək səviyyəyə qaldırılacaqdır.

Heydər Əliyev: Bunu mütləq bu yaxınlarda edəcəyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 5 noyabr 2000-ci il.