Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tacikistan Prezidenti İmaməli Rəhmanovla görüşdəki söhbətindən - Tehran, 10 dekabr 1997-ci il


İmaməli Rəhmanov: Hörmətli cənab Əliyev, Sizi səmimiyyətlə salamlayıram və bildirirəm ki, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığımı xüsusilə qeyd edirəm. Vurğulayıram ki, hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərirəm.

Heydər Əliyev: Səmimi sözlərə görə minnətdarlıq edirəm, bildirirəm ki, xalqlarımızın dərin köklərə malik əlaqələrini indi daha da inkişaf etdirmək vacibdir. Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafıə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir.

İmaməli Rəhmanov: Cənab Əliyev, dediklərinizlə tamamilə razıyam. Məlumat verirəm ki, Tacikistanda hazırki ictimai-siyasi vəziyyət nisbətən sabitdir və normallaşmaqdadır.

Heydər Əliyev: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazimizin 20 faizinin Ermənistan qoşunları tərəfindən işğal edilməsi, Dağlıq Qarabağdan və ətrafındakı 7 Azərbaycan rayonundan 1 milyondan çox vətəndaşımızın yerindən-yurdundan qovularaq ağır şəraitdə çadırlarda yaşaması bu münaqişəni respublikamız üçün ən ağrılı və çətin problemə çevirmişdir. Azərbaycan dövləti Ermənistan Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq üçün nə lazımdırsa edir, son aylarda bu sahədə görülən işlər güclənmiş, danışıqların aparılması xeyli intensiv xarakter almışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təkliflər münaqişənin aradan qaldırılacağına olan ümidləri artırmışdır. Bir daha bildirirəm ki, Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması xalqımız üçün həyati əhəmiyyət daşıyır və biz buna nail olacağıq. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin VIII zirvə görüşünün Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyən qərarlar qəbul etməsi də bu işdə öz müsbət rolunu oynayacaq və bizə layiqli dəstək olacaqdır. Mənim üçün bildirmək çox xoşdur ki, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə mövcud imkanlardan istifadə etməklə Azərbaycan-Tacikistan əlaqələrini inkişaf etdirməyin vacib olduğu barədə fikirlərimiz tamamilə üst-üstə düşür.