Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 27 oktyabr 2000-ci il


Heydər Əliyev: Necəsiniz? Azərbaycan şəraitində uyğunlaşa bilirsiniz, yoxsa yox?

Ross Uilson: Çox yaxşıyam və hədsiz məmnunam ki, bu gün axşam da olsa məni qəbul etməyə imkan tapdınız.

Üç həftədir ki, çox gərgin iş şəraitində çalışıram. Azərbaycan hökumətinin üzvləri, xalqınızın təmsilçiləri ilə çoxsaylı görüşlər keçirmişəm. Görüşlərim hamısında mənə çox mehriban münasibət göstərilibdir. Buna görə də özümü çox yaxşı hiss edirəm və Sizə təşəkkürlərimi bildirirəm.

Heydər Əliyev: Çox yaxşı.

Ross Uilson: İddia etməzdim ki, ölkənizdə hər şeyi tam, axıra qədər anlayıram, amma çox yaxşı start götürmüşəm və ümidvaram ki, əla başlanğıc müvəffəqiyyətli işimə gətirib çıxaracaqdır.

Heydər Əliyev: Əlbəttə, gətirib çıxaracaqdır.

Ross Uilson: Cənab prezident, qarşıdakı bir neçə həftə ərzində Amerika-Azərbaycan münasibətlərinin işgüzar xarakteri artacaqdır. O mənada ki, bizim ölkəmizdən çoxsaylı ziyarətçilər Azərbaycana gələcəklər. Bu səfər zamanı biz Amerika Birləşmiş Ştatlarının Xəzərə yönəlmiş enerji strategiyası barədə müzakirələrimizi və məsləhətləşmələrimizi davam etdirəcəyik. Bizim hərbçilərlə Azərbaycan hərbçiləri arasında başlanmış dialoq davam etdiriləcəkdir. Eyni zamanda biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqları davam etdirəcəyik.

Keçən həftə Sizinlə birlikdə Azərbaycanın enerji ehtiyatlarının birgə istismar olunması və onların dünya bazarlarına ixracı işində böyük mərhələ olan bir hadisənin şahidləri olduq. Bu da bizim Azərbaycana və Xəzərə yönəlmiş enerji strategiyamızın tərkib hissəsidir. Prezident Bill Klinton da bu hadisəni eşidəndə son dərəcə məmnun oldu. O, öz məmnunluğunu ifadə etmək üçün Sizə məktub göndərmişdir. Mən bu gün həmin məktubu Sizə təqdim etmək üçün gəlmişəm.

Prezident Klinton Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə əlaqədar son sazişlərin imzalanması münasibətilə həm Sizi, həm də Azərbaycan xalqını təbrik edir. Cənab Bill Klinton bu məktubunda keçən il İstanbulda hamının keçirdiyi o sevinc hisslərini yaxşı xatırladığını və Bakı-Tbilisi-Ceyhan kəmərinin gələcəyinə böyük ümidlər bəslədiyini bildirir. Prezident öz məktubunda yazır: "Tranzit ərazisinə malik ölkələrin hökumətləri ilə sazişlərin imzalanması Azərbaycan, Gürcüstan və Türkiyənin, eləcə də dünyanın bir neçə aparıcı neft şirkətlərinin ruhlandırıcı bir ideyanı reallığa çevirməyə sadiq olduqlarını əks etdirən mühüm bir mərhələdir". Prezident Klinton bu məktubunda Sizin liderliyinizi xüsusilə vurğulayır.

O, yazır: "Gürcüstanın da bu layihədə iştirakını təmin etmək üçün bu ilin yazında şəxsən atdığınız addımlar da daxil olmaqla, dəfələrlə göstərdiyiniz liderliyinizə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm". Sizə ünvanladığı məktubunda prezident onu da bildirir ki, bizim hələ qarşıda görəcəyimiz çox böyük işlərimiz vardır. Xüsusilə Qazaxıstanın bu layihəyə qoşulmasına onu ruhlandırmaq, həvəcləndirmək üçün birgə səylər göstərməyimizə ehtiyac vardır.

Prezident öz məktubunda bəyan edir ki, Amerika Birləşmiş Ştatları Bakı-Tbilisi-Ceyhan kəmərinə tamamilə sadiq olaraq qalır və Sizinlə birlikdə üstünlük verdiyimiz sahələr və digər məsələlər üzrə Sizinlə birgə tərəfdaşlığı bundan sonra da davam etdirmək əzmindədir.

Cənab prezident, icazə verin, prezident Bill Klintonun təbriklərinə mən də öz təbriklərimi əlavə edim və Sizə bildirim ki, bu layihə üzərində bilavasitə çalışmış insanlarla burada görüşümdən məmnun oldum. Biz bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün birgə səylərimizi davam etdirmək əzmindəyik.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Məktub səndə qalacaq, yoxsa məndə?

Ross Uilson: Xeyr, Sizə çatacaq.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəla, hörmətli cənab Bill Klintonun gördüyümüz işlərə yüksək qiymət verməsini mən çox böyük hadisə hesab edirəm.

Bilirsiniz ki, Azərbaycan 1994-cü ilin sentyabrında ilk müqaviləni imzalayarkən, o vaxt hasil olunan neftin dünya bazarlarına çıxarılması haqqında düşünürdük və müqavilədə Bakı-Ceyhan, - indi buna Bakı-Tbilisi-Ceyhan kəməri deyirlər, - kəmərinin çəkilməsi nəzərdə tutulmuşdur. Biz o vaxt bu müqaviləni imzaladıqdan sonra prezident Bill Klinton mənə təbrik məktubu göndərmişdi. O, ilk məktubunda bu müqaviləni "Əsrin müqaviləsi" adlandırmışdı. Beləliklə, bu müqaviləyə "Əsrin müqaviləsi" adının verilməsinin müəllifi prezident cənab Bill Klintondur. O vaxtdan indiyə qədər biz Amerika Birləşmiş Ştatları ilə bu barədə çox sıx əməkdaşlıq etmişik və bərabər çalışırıq. Xatirimdədir, Bakı-Novorossiysk boru xətti bərpa olunandan sonra prezident Bill Klintonla biz başqa bir marşrutun - Bakı-Supsa neft boru xəttinin tikilməsi haqqında çox geniş fikir mübadiləsi apardıq. Bakı-Supsa boru xəttini də çəkdik. Biz 1997-ci ildə nefti iki xətt üzrə ixrac etməyə başladıq.

Beləliklə, Azərbaycan dövlətinin yeni neft strategiyası meydana çıxdı və onun həyata keçirilməsi ardıcıl təmin olundu. Prezident Klinton məktubunda, - Siz oxudunuz, mən də belə anlayıram, - deyir ki, məhz Azərbaycan tərəfindən Xəzər hövzəsinin neft və qaz yataqlarının işlənməyə başlanması Amerika Birləşmiş Ştatlarının dünya neft strategiyasına böyük bir töhfəsi olmuşdur. Ancaq 1994-cü ildən Bakı-Ceyhan neft kəmərinin tikilməsi, demək olar, böyük bir problemə dönmüşdü. Buna mane olanlar, buna inanmayanlar çox idi. Təbiidir ki, bizim üçün müxtəlif çətinliklər yaradırdılar. Ancaq biz - Azərbaycan bu işə daim sadiq olduq. Öz sadiqliyimizi keçən ilin noyabrında İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında sazişin imzalanmasında nümayiş etdirdik.

Siz deyirsiniz ki, keçən ilin noyabrından indiyə qədər bu layihənin reallaşması üçün çox ağır və çətin işlər görülmüşdür.

Mən məmnunam ki, prezident Bill Klinton öz məktubunda bunu da göstərməyi unutmayıbdır ki, Gürcüstan bizim müttəfiqimiz olduğu halda, eyni zamanda çox real olmayan tariflər istəyirdi və bu da layihənin həyata keçirilməsinə mane olurdu. Mən layihənin reallaşması naminə Azərbaycanın tariflərini Gürcüstana, demək olar ki, hədiyyə etdim. Biz öz sadiqliyimizi axıra qədər göstərdik və Bakıda, Azərbaycanda saziş imzalandı. Bundan sonra saziş Tbilisidə, Ankarada da imzalandı. İndi isə biz əməli işə başlayırıq.

Mən bu gün çox iftixar hissi keçirirəm ki, bu böyük, tarixi hadisənin müəlifi məhz Azərbaycandır. Eyni zamanda Türkiyə Cümhuriyyəti ilə bu barədə əməkdaşlığımız və Türkiyə hökuməti, xüsusən, bu ölkənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin bu barədə ardıcıl siyasəti də bizə çox kömək etdi.

Gürcüstan bizimlə dost, qonşu və bu xətt üçün tranzit ölkədir onların da səyləri, prezident Şevardnadzenin bu barədə göstərdiyi xidmətlər də mənim tərəfimdən yüksək qiymətləndirilir.

Xatirinizdədirsə, bu barədə müqavilə imzalanarkən mən dedim ki, əgər Amerika Birləşmiş Ştatlarının, şəxsən prezident Bill Klintonun bu işə daim diqqəti, qayğısı və dəstəyi olmasaydı bunu həyata keçirmək bizim üçün çox çətin olardı. Buna görə də mən Amerika Birləşmiş Ştatlarına və xüsusən prezident cənab Bill Klintona bir daha təşəkkür edirəm. Mən onu da təbrik edirəm. Bu məktubdan sonra mən də cənab Bill Klintona təbrik məktubu göndərəcəyəm.

Qazaxıstan İstanbulda bizim müqaviləmizi imzalayıbdır. Ancaq prezident Bill Klintonun məktubunda göstərildiyi kimi, Qazaxıstanın bu işə əməli surətdə cəlb edilməsi çox lazımdır. Bu barədə biz Amerika Birləşmiş Ştatlarına, prezident Bill Klintona daha çox ümidlər bağlayırıq. Biz də öz tərəfimizdən müəyyən işlər görürük və görəcəyik.

Beləliklə, bizim 6 ildə gördüyümüz işlər yaxşı nəticələr verir. Bu, bugünkü reallıqdır. Bu, Azərbaycanla Amerika Birləşmiş Ştatlarının dostluğunun və əməkdaşlığının gözəl nümunəsidir. Mən bir daha təşəkkür edirəm.

Ross Uilson: Biz bu layihəni dəstəkləyirik və şübhəsiz, öncə ona görə dəstəkləyirik ki, bu, Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğundur, onun mənafelərinə xidmət edir. ABŞ-ın da marağı, mənafeyi ondadır ki, Azərbaycan çiçəklənən və güclü dövlətə çevrilsin. Ölkənizin beynəlxalq bazarlara çıxışlarının genişləndirilməsi Azərbaycanın güclü dövlət olmasına, çiçəklənən dövlətə çevrilməsinə çox böyük kömək edəcəkdir. Biz bundan sonra da bu layihə üzərində işimizi davam etdirəcəyik.

Cənab prezident, mən Sizinlə bu sahədə davamlı çalışmalarımızı gözləməkdəyəm. Sizi bir daha təbrik edirəm.

Heydər Əliyev: Çox sağ olun. Mən də sizi təbrik edirəm.

"Azərbaycan" qəzeti, 28 oktyabr 2000-ci il.