Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 16 mart 2000 - ci il


Azərbaycan prezidenti Heydər Əliyevin bəyanatı

Hörmətli Leonid Daniloviç Kuçma!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Azərbaycanda əlamətdar gündür  - Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfəri başlanmışdır.

Xalqlarımız dövlət müstəqilliyi əldə etdikdən sonra Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər sıx dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və ən xoş münasibətlərlə səciyyələnir. Son illər biz münasibətlərimizin inkişafında böyük yol keçmişik. Prezidentlərin, müxtəlif səviyyəli nümayəndə heyətlərinin çoxlu görüşləri olmuş, bu görüşlər zamanı bir sıra məsələlər müzakirə edilmiş, 60-dək dövlətlərarası, hökumətlərarası sənəd imzalanmışdır. Bu, ölkələrimiz arasında, dövlətlərimiz arasında daha uğurlu əməkdaşlığın təmin edilməsi üçün yaxşı normativ-hüquqi bazadır.

Ukrayna prezidenti çox hörmətli Leonid Daniloviçin indiki səfəri münasibətlərimizi daha yüksək səviyyəyə qaldırır. Mən onu nəzərdə tuturam ki, biz həm kifayət qədər sanballı inkişaf yolu keçmişik və həm də bu gün mühüm sənədlər, xüsusən dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzaladıq. Bu müqaviləyə böyük əhəmiyyət verirəm, çünki bu, sadəcə olaraq dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında sənəd deyildir, o həm də çox dərin məzmuna malikdir, beynəlxalq həyat, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, dövlətlərimizdə müxtəlif islahatlar aparılması məsələlərində müstəqil Ukraynanın və müstəqil Azərbaycanın prinsipial xəttini bir daha və yenidən təsdiqləyir.

Mən şadam ki, Leonid Daniloviç dəvətimi qəbul etmiş və Azərbaycana səfərə gəlmişdir. Bu gün biz təkbətək kifayət qədər səmərəli söhbət etdik, bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə biz baxışlarımızın uyğun gəldiyini gördük. Bu, şəxsən məni çox sevindirir, çünki biz Ukraynaya elə bir ölkə kimi baxırıq ki, onunla strateji xarakterli uzunmüddətli, uzunsürən və daimi əməkdaşlıq edəcəyik və etməliyik.

Bu gün nümayəndə heyətləri vasitəsilə apardığımız danışıqlar da, imzaladığımız sənədlər də indiyədək etdiyimiz əməkdaşlığın nəticəsidir. Demək istəyirəm ki, bizim müvafiq nazirliklər və baş idarələr, Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri, nazirlər kabinetləri bu görüşümüzün və imzaladığımız sənədlərin hazırlanması üçün böyük, səmərəli iş görmüşlər.

Mən söhbətlərdən də, fikir mübadiləsindən də, bu gün mühüm sənədlər imzalamağımızdan da çox məmnunam.

Leonid Daniloviç, Sizi bir daha salamlayır və sözü Sizə verirəm.

* * *

Sual ("Azadlıq" radiosu, "Obşaya qazeta"): Sualım hər iki prezidentədir. Siz Şimali Qafqazdakı vəziyyəti müzakirə etdinizmi və əgər müzakirə etdinizsə, hazırda Çeçenistanda baş verən hadisələr barəsində prinsipial mövqeyiniz necədir? Siz Çeçenistan probleminin güc metodları əsasında həlli ilə razısınızmı? Siz Rusiyada Azərbaycanın və bəzən hətta Ukraynanın çeçen separatçılarını dəstəkləməkdə və onlara kömək etməkdə təqsirləndirilməsinə necə baxırsınız?

Heydər Əliyev: Bayaq dediyim kimi, biz müasir beynəlxalq həyatın, demək olar, bütün məsələlərini müzakirə etdik. Şübhəsiz ki, biz Şimali Qafqazda, ümumən Qafqazda, o cümlədən Çeçenistanda vəziyyət barəsində də fikir mübadiləsi apardıq. Əlbəttə, mən və Leonid Daniloviç böyük təəssüflə dedik ki, Çeçenistanda artıq neçə aydır müharibə gedir, özü də bu, hərbi əməliyyatların, necə deyərlər, ikinci dövrəsidir. Şübhəsiz ki, günahsız insanların həlak olması bizi narahat edir. Bununla yanaşı, biz terrorizm, separatizm və ekstremizmlə barışa bilmərik.

O ki qaldı Azərbaycanın mövqeyinə, ölkəmiz artıq 12 ildir, bəlkə bundan da çoxdur ki, separatizmdən əziyyət çəkir. Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqının ərazisindəki bütün münaqişələrdən əvvəl, Dağlıq Qarabağdakı və Ermənistandakı bir qrup adamın məhz separatçı hərəkətləri nəticəsində yaranmışdır. Bu separatizm Ermənistanla Azərbaycan arasında müharibəyə gətirib çıxarmışdır. Ona görə də biz separatizmi dəstəkləyə bilmərik. Biz hər hansı ölkənin ərazi bütövlüyünün pozulmasının əleyhinəyik. Hər hansı ölkənin ərazi bütövlüyünün pozulmazlığı haqqında beynəlxalq hüquqi prinsip, təbii ki, hamıya aiddir. Amma nədənsə belə hesab etmişlər ki, bu, Azərbaycan barəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü artıq çoxdan, səkkiz ildən də əvvəl pozulmuşdur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Lakin bu gün ürək ağrısı ilə deyirəm ki, MDB-yə daxil olan ölkələr, elə Rusiyanın özü də və ya başqa Avropa ölkələri erməni separatizmini, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını nədənsə pisləmir, onlara qarşı sanksiyalar tətbiq etmirlər. Əksinə, bir sıra hallarda biz beynəlxalq sənədləri imzaladıqda və Ermənistan tərəfi bu və ya digər ölkənin ərazi bütövlüyü haqqında tezislə razılaşmadıqda, onlar konsensusdan istifadə edərək buna nail olurlar. Buna görə də, təəssüf ki, dünyada, o cümlədən keçmiş Sovetlər İttifaqı məkanında mövcud olan ikili standart hamı üçün böyük faciədir. Lakin bu faciəyə bəziləri bir qədər əvvəl, digərləri bir qədər sonra məruz qalırlar.

Əgər erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına çalışanda Sovet İttifaqı tərəfindən, sonra isə Rusiya, digər MDB ölkələri tərəfindən təsirli tədbirlər görülsəydi, onda sonralar Çeçenistanda, Abxaziyada, Dnestryanı bölgədə, keçmiş Sovetlər İttifaqının başqa regionlarında meydana gəlmiş münaqişələr bəlkə də olmazdı.

Bir halda separatizm bağışlanır, ölkənin ərazi bütövlüyünün pozulması görməməzliyə vurulur, digər halda isə separatizmə qarşı müharibə aparılır və o, ölkənin ərazi bütövlüyü uğrunda aparılır. Bununla mən əsla ölkənin ərazi bütövlüyünün qorunmasına qarşı, separatizm əleyhinə mübarizə aparılmasına qarşı çıxış etmək istəmirəm. Biz separatizmin əleyhinəyik, hər hansı ölkənin ərazi bütövlüyünün pozulmasının əleyhinəyik, beynəlxalq hüququn prinsiplərinə əməl olunmasına tərəfdarıq. Bu, hər bir dövlətin sərhədlərinin toxunulmazlığı, onun ərazisinin bütövlüyü deməkdir.

Görürsünüzmü, bu baxımdan bizdə necə də təzadlı hisslər var. Mən bu baxışları və bu əhval-ruhiyyəni əvvəllər də bildirmişdim, bu gün Leonid Daniloviç Kuçmaya da bildirdim.

Leonid Kuçma: Bu problemin Heydər Əliyeviçin şərhində qoyuluşu ilə razılaşmaya bilmərəm. Həqiqətən, bu gün dünyada ikili standartlar siyasəti mövcuddur. Əlbəttə, bu, Heydər Əliyeviçin dediyi separatizmi heç vaxt dayandırmayacaqdır və onda bu, əsrin ən başlıca xəstəliyinə çevriləcəkdir. Bu isə indi dünyada hamının pislədiyi terrorizmin törətdiyi xəstəlikdir, lakin biz ona qarşı konkret ciddi tədbirlər görülməsinin şahidi deyilik.

Əlbəttə, bu gün hamı və həmişə ərazi bütövlüyü prinsipini əsas tutmalıdır, xüsusən də ona görə ki, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təsisatlar var. Düşünürəm ki, bu, pozulmaz qayda olmalıdır. Əgər belə olmasa, onda biz bir-birimizə suallar verəcək, bir-birimizi qınayacaq və bu vəziyyətdən çıxış yolunu heç zaman tapmayacağıq.

Ona görə də biz Çeçenistan problemini ancaq Rusiya Federasiyasının ərazi bütövlüyü kontekstində nəzərdən keçirə bilərik. Çünki bu məsələdə zəncirvari reaksiyanın nə demək olduğunu, o cümlədən də Rusiya üçün nə demək olduğunu gözəl başa düşürük.

Məgər Moskva hadisələri, digər hadisələr Dağıstandan -Rusiya ərazisindən başlanmışdır? Hansı normal adam bununla razılaşa bilər və ya bunu qəbul edə bilər? Bu, bütün dünyada çox sürətlə yayılan xəstəlikdir. Lakin bu zaman dinc əhalinin, əsasən qocaların, uşaqların əzab-əziyyət çəkməsinə də, əlbəttə, heç kim haqq qazandıra bilməz. Buna görə də biz ən əvvəl istəyirik ki, Çeçenistan problemi mümkün qədər tezliklə həll edilsin, Ceçenistanda çoxdan gözlənilən sülh, nəhayət, bərqərar olsun.

Sual (Azərbaycan Dövlət Televiziyası): Mənim sualım hörmətli Leonid Daniloviçədir. Səkkiz milyonluq Azərbaycan xalqı Sizi Heydər Əliyeviçin səmimi dostu kimi tanıyır. Bilmək istərdik, Sizi hansı səciyyəvi cəhətlər və xüsusiyyətlər yaxınlaşdırır?

Leonid Kuçma: Bizim aramızda bir-birimizə son dərəcə böyük etimad var. Heydər Əliyeviç, bağışlayın, mən öz fikrimi deyirəm.

Heydər Əliyev: Doğrudur.

Leonid Kuçma: Siyasətdə qarşılıqlı etimad isə çox böyük şeydir. Hesab edirəm ki, ölkələr və xalqlar arasında münasibətlər bu ölkələrin liderlərinin bir-birini nə dərəcədə başa düşməsindən çox asılıdır. Buna bir çox misallar, hətta müharibədən sonrakı tarixdən misallar gətirmək olar ki, gərgin dövlətlərarası münasibətlər sonralar dostluq, qarşılıqlı yardım və tərəfdaşlıq haqqında müqavilələrə çevrilmişdir. Helmut Kolun vaxtilə mənə çəkdiyi bir misalı deməyə bilmərəm. O demişdi ki, İkinci dünya müharibəsindən sonra Almaniya ilə Fransa arasında münasibətlər çox gərgin idi. Helmut Kolun söylədiyinə görə, Almaniya kansleri seçildikdən sonra o və Fransa prezidenti Fransua Mitteran hər ay Fransa və ya Almaniyada, yaxud da üçüncü ölkənin ərazisində görüşmək barədə razılığa gəlmişdilər. Hətta lüzum olmadıqda da bu görüşləri keçirirdilər və bunun sayəsində də Almaniyanın və Fransanın yüksək siyasi dairələri, bu ölkələrin sakinləri öz dövlətlərinin gələcəyinə tamam başqa cür baxmağa başlamışdılar.

Burada da belədir. Əlbəttə, mən Heydər Əliyeviçin Ukrayna barəsində gördüyü işləri nəzərdə tuturam. Onu həmişə öz sözünün üstündə duran adam kimi Ukraynada yaxşı tanıyırlar. Bu isə mənə də inam verir ki, münasibətlərimiz üzərində səma həmişə açıq olacaqdır. Son dərəcə böyük təcrübəsi olan Heydər Əliyeviçin Azərbaycanın tarixinin ən ağır dövründə respublikaya başçılıq etməsini, bütün hadisələrin dinc məcrada inkişafına imkan verməsini Ukraynada biz, bir prezident kimi mən də görməyə bilməzdik. Buna görə də şadam ki, Heydər Əliyeviç mənim mehriban dostumdur və mən bu dostluğu həmişə əziz tutacağam.

Heydər Əliyev: Sağ olun. Belə başa düşdüm ki, bu sual mənə verilməmişdi, buna baxmayaraq öz fikrimi söyləməyə bilmərəm. Əvvəla, Leonid Daniloviç, şübhə etməyin ki, dediklərinizin hamısı tamamilə mənim fikirlərimdir və mən dostluğumuzun, münasibətlərimizin xarakteri baxımından onları təsdiqləyirəm. Öz tərəfimdən deyə bilərəm ki, axı dostluq ikitərəfli prosesdir. Burada həlledici amillər olduqca çoxdur. Ölkələrin liderləri üçün, siyasi xadimlər üçün ən başlıcası onların siyasi baxışlarıdır, siyasətidir. Müasir mərhələdə prezidentlər Kuçmanın və Əliyevin siyasi baxışlarının üst-üstə düşməsi bu illər ərzində aramızda yaranmış dostluğun və əməkdaşlığın məhz əsasını təşkil edir. Leonid Daniloviçin Ukraynada apardığı daxili və xarici siyasət bizim həyata keçirdiyimiz siyasətə tam uyğundur. Yəni, biz bir çox məsələlərdə eyni mövqelərdə dururuq.

Bundan əlavə, şəxsi münasibətlərin də əhəmiyyəti var. Mən Leonid Daniloviçi çoxdan tanıyıram. O, Ukrayna prezidenti seçildiyi vaxtdan bəri isə aramızda əlaqələr güclənmiş, biz bir-birimizi daha yaxşı tanımışıq. Mənə elə gəlir ki, bizim şəxsi xarakterlərimizdə oxşarlıq çoxdur. Leonid Kuçma doğru deyir ki, ölkə liderləri arasında sağlam əsasa malik səmimi dostluq xalqlar və ölkələr arasında münasibətlərin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

Mən şadam ki, mənimlə Leonid Daniloviç Kuçma arasında çox sağlam, yaxşı, insani dostluq yaranmışdır. Bu dostluq mənə, o cümlədən bir çox məsələlərin həllində ümumi işimizə kömək edir. Əgər bu dostluq olmasaydı, tez-tez ünsiyyətlərimiz də olmazdı. Yadımdadır, mən Leonid Daniloviçin 60 illiyini onunla birlikdə qeyd etmək üçün xüsusi olaraq Yaltaya getmişdim. Mən də, o da çox şad olduq. Yaxud da, məsələn, Ukraynada prezident seçkilərini biz Azərbaycanda böyük diqqətlə izləyirdik və Leonid Daniloviçin seçilməsini istəyirdik. Mən Kiyevə getməyə hazırlaşırdım, lakin mümkün olmadı. Əvəzində mən Ukrayna televiziyasına çox geniş müsahibə verdim və Ukraynanın lideri kimi, Ukraynanın qarşısında duran çətin və mürəkkəb məsələləri bu gün, bu mürəkkəb şəraitdə həll etməyə qadir olan adam kimi, Leonid Kuçmaya Azərbaycan xalqının münasibətini və öz münasibətimi Ukrayna ictimaiyyətinin nəzərinə çatdırdım. Bizim ümidimiz doğru çıxdı. Leonid Kuçma inamlı qələbə qazandı və təbii, mən elə şad idim ki, Leonid Kuçmanın andiçmə mərasimində iştirak etmək üçün Kiyevə getdim. Yeri gəlmişkən, mərasim çox gözəl şəraitdə keçdi. Bizim şəxsi münasibətlərimizlə bağlı bir çox başqa faktları da göstərmək olar. Hesab edirəm ki, bu şəxsi münasibətlər, bizim şəxsi dostluğumuz Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın gələcək inkişafının əsasıdır.

Leonid Kuçma: Onda gərək mən izahat verim. Mən Sizin seçkilərdən əvvəl Bakıya gəlməmişdim, çünki Sizin alternativinizin olmayacağına şübhə etmirdim.

Heydər Əliyev: Siz borclu qalırsınız. 2003-cü ildə seçkilər keçiriləcək...

Leonid Kuçma: Yaxşı, gələrəm.

Heydər Əliyev: Əgər ehtiyac olsa.

Sual ("İnterfaks", Ukrayna): Heydər Əliyeviç, Gürcüstan prezidenti Eduard Şevardnadze dünən Tbilisidə keçirilən mətbuat konfransında bildirmişdir ki, Gürcüstan 2005-ci ildə NATO-nun qapısını döymək niyyətindədir. Deyin, Azərbaycan NATO-nun qapısını döymək niyyətindədirmi? Belədirsə, onda nə vaxt?

İkinci sual Leonid Daniloviçədir. Leonid Daniloviç, Ukrayna öz borclarının restrukturizasiyasına və BVF tərəfindən geniş maliyyələşdirilməyə nail ola biləcəkmi?

Leonid Kuçma: Dünən çox yaxşı informasiya dərc edilmişdir ki, kreditorların 89 faizi Ukrayna tərəfinin təklif etdiyi şərtlərlə borcların restrukturizasiyasına razıdır. Odur ki, bu gün biz nikbin əhvalruhiyyədəyik və demək olar, şübhə etmirik ki, Ukraynanın borcları hökmən restrukturizasiya ediləcəkdir. Geniş maliyyələşdirilmə proqramına gəldikdə isə, yaxşı başa düşürsünüz ki, hazırda Beynəlxalq Valyuta Fondu üçün öncül məsələ kadr məsələsidir. Bu məsələ nə vaxt həll olunsa,  - bu istiqamətdə bir neçə addım atılmışdır, belə ki, Avropa Birliyi və Amerika Birləşmiş Ştatları Avropa Yenidənqurma və İnkişaf Bankı prezidentinin namizədliyini dəstəkləmişlər, Yaponiya öz namizədini geri götürmüşdür, - yəqin, yaxın vaxtlarda BVF-in sədri seçiləcəkdir və onda Ukraynanın geniş maliyyələşdirilməsi proqramı üzrə dialoqu bərpa etmək mümkün olacaqdır.

Heydər Əliyev: Məndən NATO haqqında soruşurdunuz. Belə dəqiq proqnoz verdiyinə görə dostum, Gürcüstan prezidenti Eduard Şevardnadzenin bəyanatını məmnunluqla qəbul edirəm. Görünür, bunun üçün onun əsası var.

Leonid Kuçma: Həmin vaxtadək onun prezidentliyinin ikinci müddəti qurtarır.

Heydər Əliyev: Ancaq, görünür, onun mülahizələri, hansısa proqramları var. Çünki NATO-ya daxil olmaq birtərəfli proses deyildir. NATO-ya daxil olmaq üçün gərək NATO da bu və ya digər ölkəni qəbul etmək istəsin. Buna belə sadə və bəsit şəkildə yanaşmaq olmaz. Mən Azərbaycanı nəzərdə tuturam. Əlbəttə, biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığımızı çox yüksək qiymətləndiririk və bu baxımdan Şimali Atlantika İttifaqında, NATO-nun həyata keçirdiyi bir çox digər tədbirlərdə çoxlu konkret addımlar atmışıq. Yeri gəlmişkən, bu gün danışıqlarımız zamanı Ukraynanın müdafiə naziri Ukrayna ilə NATO-nun bəzi birgə tədbirlər planlarından söhbət açdı və Azərbaycanı da bunlarda iştirak etməyə dəvət etdi. Hesab edirəm ki, biz bunu hökmən edəcəyik. Yəni Azərbaycan ilə NATO arasında münasibətlərin inkişaf etməsi prosesi gedir. Hesab edirəm ki, bu proses normal gedir və bu düzgündür. Biz bu yolla gedəcəyik. Əgər bu, kiminsə xoşuna gəlmirsə, onun öz işidir. Lakin bundan guya xoşu gəlməyən adamların özləri deyirlər ki, NATO-ya daxil olmaq istəyirlər. Belə çıxır ki, hamı NATO-ya daxil olmaq istəyir. Bununla yanaşı, kimsə NATO-ya daxil olmaq istədiyini bəyan etdikdə, dərhal deyirlər ki, o, nə üçün bunu bəyan edir? Belə bir vəziyyətdə biz başqalarından geri qala bilmərik. Bax, belə.

Leonid Kuçma: Çox aydındır.

Sual ("Hezavisimaya qazeta"): Leonid Daniloviç, neft sahəsində əməkdaşlıqda nə kimi irəliləyiş var?

Leonid Kuçma: Bu qəzet kimdən müstəqildir? Kimin qəzetidir? Hə, bu, "Nezavisimaya qazeta"dır. O, bütün MDB liderlərinin "sevimli" qəzetidir. Biz tez-tez oradan elə "komplimentlər" alırıq ki, düşünürsən, o, həqiqətənmi müstəqildir?

Müxbir: Qəzet o dərəcədə müstəqildir ki, artıq indi ondan heç nə asılı deyildir.

Leonid Kuçma: Mən Tbilisidə dedim və bu gün də təkrar etmək istəyirəm ki, biz yalnız bir ölkəyə, Rusiyaya ümid ola bilmərik, biz Ukraynaya enerji daşıyıcıları göndərilməsinin alternativ mənbələrini axtarırıq və axtaracağıq. Onlardan biri də Xəzər dənizi regionudur, Azərbaycandır. Odur ki, biz həmişə görüşəndə, şübhəsiz, bu mövzuda danışıqlar aparırıq. Planlarımıza, - onlar artıq təkcə Ukraynanın planları deyil, bizi başqa ölkələr də dəstəkləyir, - terminal tikintisi və Odessa-Brodı neft kəməri çəkilməsi daxildir. Biz bu kəmərin təxminən 700 kilometrindən 500 kilometrini çəkmişik. Gələn il boru kəmərini də, terminalı da istifadəyə verəcəyimizə Ukraynada şübhə edən yoxdur. Düşünürəm ki, bu cür imkan yarandıqdan sonra beynəlxalq şirkətlər də, neft çıxaran ölkələr də Ukraynanın təklifinə tamamilə və ya bir qədər başqa cür baxacaqlar. Dekabr ayından Rusiyadan bir barrel belə neftin gəlmədiyi də "Nezavisimaya qazeta" üçün sirr deyildir. Həm də, ən təəccüblüsü odur ki, Ukrayna üçün yox, Rusiya üçün. Çünki Odessa neft emalı zavodu "LUKoyl"un mülkiyyətidir. Özəlləşdirmə zamanı "LUKoyl" bu zavoda müəyyən miqdarda neft göndərmək barədə öz üzərinə öhdəlik götürmüşdür, belə ki, biz istehsalın dayanması və adamların qovulması ilə nəticələnəcək özəlləşdirmə ilə razı deyilik. Lakin "LUKoyl" dekabr ayından bəri bir barrel də olsun neft göndərə bilmir, çünki ona imkan vermirlər.

Kremençuk neft emalı zavodu Tatarıstanla birgə müəssisədir. Tatarıstan neftinin tərkibində çoxlu miqdarda kükürd var və Kremençuk zavodu məxsusən Tatarıstan nefti üçün tikilmişdir. Bu nefti bilərəkdən Ukraynaya, Tatarıstan-Ukrayna zavoduna buraxmırlar. Onda deyin, Rusiya öz hərəkətləri ilə bizi alternativ mənbələr axtarmağa vadar etməyəcəkmi? Nəinki edəcək, o, bunu uğurla edir. Odur ki, bu gün mən Heydər Əliyeviçə təşəkkürümü bildirdim ki, Azərbaycan çətin məqamda Ukraynaya kömək əlini uzadır. Rusiya isə sanki heç görmür. Özü də, gömrük haqqı yalnız Ukrayna üçün 20 dollaradək artırılmışdır. Baxmayaraq ki, bu gün neftin qiyməti 2,5 dəfə artmışdır. Ona görə də mən bu yaxınlarda bəyan etmişəm və bu gün də təkrar edə bilərəm ki, Rusiya Ukraynaya nə qədər çox təzyiq göstərsə, biz ondan bir o qədər uzaqlaşacağıq. Əgər bu, Rusiyanın maraqlarına uyğundursa, qoy olsun. Lakin mən hesab edirəm ki, yox, bu, nə Ukraynanın, nə də Rusiyanın maraqlarına uyğun deyildir. Çünki Ukrayna Rusiya ilə strateji tərəfdaşlığa həvəs göstərir. Strateji tərəfdaşlıq isə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı, xalqların maraqlarına cavab verən tərəfdaşlıq deməkdir.

Biz tez-tez qardaşıq və sairə kimi gəlişigözəl sözlər deməyi xoşlayırıq. Lakin hansısa problemlərin, ilk növbədə iqtisadi problemlərin həllinə gələndə isə, yalnız bir tərəfin maraqları nəzərə alınır. Bu tərəfdaşlıqdırmı? Yox. Yaxud, 1994-cü ildə biz azad ticarət haqqında müqavilə imzaladıq. Biz onu dərhal parlamentdə ratifikasiya etdik, Rusiya isə indiyə qədər onu öz parlamentinə verməyibdir. Orada 63 məhsulun adının çıxarıldığı göstərilir və bu gün o, əlavə olaraq nəzərdən keçirilərkən Rusiya bizə daha 300-ə qədərini çıxarmağı təklif edir. Özü də, orada Ukraynadan Rusiyaya göndərilən bir sıra strateji mallara qadağa var. Bunun arxasında kim dayanır? Qoy sizin müstəqil qəzetiniz desin.

Sual ("Kommersant" qəzeti): Leonid Daniloviç, Siz Ukrayna ilə Rusiya arasında qarşılıqlı münasibətlərin, o cümlədən ticarət sahəsində münasibətlərin bugünkü vəziyyətindən danışdınız. Siz Moskvanın bu cür mövqeyini nə ilə izah edərdiniz? Sizin fikrinizcə, Ukrayna-Rusiya münasibətlərinin, o cümlədən enerji ehtiyatları göndərilməsi məsələsində inkişaf perspektivləri necədir?

Leonid Kuçma: Belə bir atalar sözü var  - üyüdülüb un olar. Ona görə də hesab edirəm ki, bunlar müvəqqəti, konyunktur çətinliklərdir. Onlar mütləq aradan qaldırılacaqdır. Axı tale belə gətirib ki, biz qonşuyuq. Qonşular isə həmişə sülh və dostluq şəraitində yaşamalı, bir-birini başa düşməli, bir-birinə hörmət və kömək etməlidirlər. Tarix göstərir ki, təzyiq siyasəti yaxşı nəticə vermir. Odur ki, iqtisadi müharibələr həmişə sülhlə bitir. Biz buna ümid edirik.