Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova BDU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxışı - 27 may 1996-cı il


Hörmətli dostumuz, Özbəkistan Respublikasının prezidenti cənab İslam Kərimov!

Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, firavanlıq, qardaş Özbəkistanın daha da çiçəklənməsi naminə dövlət və elmi fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram.

Sizə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi sizin həyat yolunuza, elmi fəaliyyətinizə, dövlət fəaliyyətinizə nəinki universitet tərəfindən, həm də Azərbaycanın bütün elmi ictimaiyyəti tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən hörmətin təzahürüdür. Əziz dostumuz, siz öz xalqınız üçün, öz torpağınız üçün, öz müstəqil dövlətiniz üçün çox işlər görmüsünüz. Azərbaycanda yaxşı bilirlər ki, məhz sizin səyləriniz, rəhbərliyiniz, coşqun fəaliyyətiniz sayəsində Özbəkistan dövlət müstəqilliyi qazanaraq tam azadlığa çıxmış və öz taleyini xalqın istədiyi kimi, xalqın milli ənənələrinin tələb etdiyi kimi idarə etmək imkanı almışdır.

Azərbaycanda onu da yaxşı bilirlər ki, siz özbək xalqının milli mənlik ruhunun dirçəlməsi üçün, özbək xalqının milli dirçəlişi üçün, Özbəkistan Respublikasının müstəqilliyinin möhkəmlənməsi üçün çox işlər görmüsünüz. Siz ömrünüzün çox illərini xalqa xidmətə həsr etmisiniz. Lakin həyatınızın ən parlaq səhifəsi Özbəkistan Respublikasına rəhbərlik etdiyiniz dövrlə, özbək xalqı keçmiş Sovet İttifaqının rəhbərləri tərəfindən böhtanlara, ədalətsiz əməllərə məruz qaldığı dövrlə bağlıdır. Yaxşı məlumdur, mən bunu bu salonda əyləşənlərdən bəlkə də daha yaxşı bilirəm ki, siz keçmiş Sovet İttifaqı rəhbərlərinin Özbəkistan barəsində, özbək xalqı barəsində ədalətsiz, təhqiramiz hərəkətlərinə qarşı böyük mərdlik nümayiş etdirmisiniz. İstər keçmiş zamanlarda, istərsə də indiki zamanda Özbəkistan tarixini səciyyələndirən yaxşı, qiymətli nə varsa, onların hamısının bərpa olunması üçün siz böyük cəsurluq, müdriklik göstərmisiniz. Sizin bu xidmətiniz təkcə Özbəkistanda deyil, Azərbaycanda da, şəxsən məndə də böyük ehtiram hissləri doğurur. Görüşlərimiz zamanı söylədikləriniz, universitetdə bu görüşün iştirakçılarına dedikləriniz böyük təəssürat oyadır, dərin hörmət hissləri doğurur.

Siz öz milli inkişaf, dövlət müstəqilliyini möhkəmlətmək yolunuzu, öz islahatlar aparmaq yolunuzu, cəmiyyətin, Özbəkistanda bütün dövlət sisteminin demokratikləşdirilməsi yolunuzu seçmisiniz və böyük uğurlar qazanmısınız. Sizi bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm və sizə bir daha cansağlığı, firavanlıq və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Sizə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işində, dövlətlərimiz arasında əməkdaşlığın möhkəmlənməsi işində xidmətlərinizin qiymətləndirilməsi deməkdir. Siz burada tamamilə haqlı olaraq xalqlarımızın tarixi ənənələrindən, tarixi əlaqələrindən, özbək və Azərbaycan xalqlarının görkəmli şəxsiyyətlərindən danışdınız. Siz çox düzgün olaraq köklərimizdən, dilimizin, mədəniyyətimizin, ənənələrimizin ümumiliyindən söhbət açdınız. Siz çox düzgün olaraq xalqlarımızı həmişə birləşdirmiş və yaxınlaşdırmış olan gözəl zəmindən danışdınız. Bu gün biz xalqlarımızın tarixindən, özbək və Azərbaycan xalqları arasında əlaqələrin tarixindən və indi malik olduğumuz böyük irsdən həqiqətən minnətdarlıq hissi ilə danışa bilərik.

İndi, Özbəkistan və Azərbaycan müstəqil dövlətlər olduğu bir dövrdə bu əlaqələri dərinləşdirmək və inkişaf etdirmək üçün, əməkdaşlığımızı dərinləşdirmək və inkişaf etdirmək üçün qarşımızda geniş imkanlar açılır. Sizin bu salonda söylədiyiniz fikirlər, mülahizələr belə deməyə əsas verir ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında əməkdaşlığı inkişaf etdirmək üçün gözəl imkan var. Əziz dostumuz, bu baxımdan biz sizin coşğun fəaliyyətinizə böyük ümidlər bəsləyirik.

Mən şadam ki, bu gün siz Bakı Dövlət Universitetinin fəxri doktoru adını alarkən Bakı Dövlət Universiteti ilə Daşkənd Dövlət Universiteti arasında əlaqələrin möhkəmlənməsi üçün öz vəzifələrinizi və əməkdaşlığımızı, dostluğumuzu daha da irəlilətmək üçün bütün mümkün işləri görmək arzusunda olduğunuzu elan etdiniz. Mən bunların hamısına inanıram. Universitetin professor-müəllim heyəti, tələbə nümayəndələri də bu görüşə bu inamla toplaşıb və sizi doğma bir adam kimi mehribanlıqla qarşılayırlar. Əminəm ki, bugünkü danışıqlardan, söhbətlərdən və fikir mübadiləsindən sonra, Özbəkistan ilə Azərbaycan arasında 19 dövlətlərarası saziş imzalandıqdan, mühüm bir sənəd - "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandıqdan sonra biz gözəl nəticələr əldə edəcəyik və istər Özbəkistanda, istərsə də Azərbaycanda yeni-yeni nailiyyətlərin şahidi olacağıq. Biz xalqlarımız arasında, dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi sahəsində yeni-yeni addımların şahidi olacağıq.

Hörmətli İslam Abduqəniyeviç, siz Asiyada iri dövlətlərdən birinin - Özbəkistan Respublikasının başçısı kimi öz coşğun fəaliyyətinizlə dünya birliyində həqiqətən böyük nüfuz qazanmısınız. Məhz özünəməxsus fəaliyyətinizlə, öz fəallığınızla, öz qətiyyətinizlə, milli ənənələrə, milli ruha sadiqliyinizlə öz xalqınız arasında, öz ölkənizdə, Dünya Birliyində yüksək nüfuz qazanmısınız. Sizi bu nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm. Sizi özbək xalqının, müstəqil Özbəkistan Respublikasının nailiyyətləri münasibətilə ürəkdən təbrik edirəm. Sizə yeni nailiyyətlər, yeni uğurlar arzulayıram. Sizi bu yüksək ad münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, firavanlıq, dövlət və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.