Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa səfirini qəbul edərkən söhbətindən - 7 dekabr 1999-cu il


Heydər Əliyev: Mən bu yaxınlarda sizin ölkənin nümayəndə heyəti ilə görüşdüm. Amma axşam sizi görmədim, dedilər ki, təcili işiniz var.

Jan Pyer Ginyut: Cənab prezident, bir qədər anlaşılmazlıq oldu, mən çox təəssüf

edirəm ki, belə bir fürsətdən istifadə edə bilmədim. Rostropoviç çox böyük bir sənətkardır, mən onun iştirakı ilə həmin axşam keçirilən görüşdə olmadığıma təəssüfləndim.

Möhtərəm prezident, həmin həftə klassik musiqi həvəskarları üçün həqiqətən gözəl bir həftə oldu. Musiqini dərindən sevən və ona ürəkdən qayğı göstərən Sizin kimi bir dövlət başçısının olması dünyanın özündə nadir bir hadisədir. Bütün musiqisevərlərin vəkili kimi mən bu münasibətlə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm, sağ olun - deyirəm.

Heydər Əliyev: Konsertdən sonra mən Rostropoviçin və başqa qonaqların şərəfinə bir ziyafət verdim. Amma gördüm ki, yanımdakı yerlərdən biri boşdur. Soruşdum, mənə dedilər ki, bu, Fransa səfirinin yeridir, onun təcili işi olduğuna görə gəlməyibdir.

Çox gözəl bir konsert keçdi, amma Rostropoviçlə söhbət etmək də həmişə çox maraqlı olur. O, həm mənim, həm də Fransa prezidenti Jak Şirakın şəxsi dostudur. Ona görə də biz həmişə - İstanbulda da görüşəndə bir-birimizə dedik ki, Slavaya salam söyləyin. Mən İstanbuldan dərhal sonra Rostropoviçlə görüşdüyümə görə prezident Jak Şirakın salamlarını Slavaya çatdırdım.

Demək istəyirəm ki, prezident, mənim dostum cənab Jak Şirakla İstanbulda çox yaxşı bir görüşüm, söhbətim oldu. Şübhəsiz ki, söhbətimiz bir neçə məsələləri əhatə edirdi. Ancaq onların içərisində əsas yeri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi tuturdu. Bu danışıq zamanı biz bu barədə fikirlərimizin üst-üstə düşdüyünü bir daha təsdiq etdik. Prezident Jak Şirak mənim - Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə bilavasitə, təkbətək görüşlərimə çox böyük əhəmiyyət verir. Bizim kimi, o da ümid edir ki, həm bu görüşlər, həm də Minsk qrupu həmsədrlərinin - Fransa da Minsk qrupunun həmsədrlərindən biridir - fəaliyyəti bu münaqişənin sülh yolu ilə həll edilməsinə gətirib çıxaracaqdır.

Mən həmin görüşdən çox məmnunam. Xahiş edirəm, imkan olsa, xüsusi salamlarımı və keçirdiyimiz həmin görüşə, apardığımız danışığa görə mənim minnətdarlığımı cənab Jak Şiraka çatdırasınız.

Jan Pyer Ginyut: Cənab prezident, Siz yaxşı bilirsiniz ki, cənab Şirak Sizin sağlamlığınızla, səhhətinizlə həmişə maraqlanır, bu regionda vəziyyəti öyrənməyə, Azərbaycanın qarşısında duran vəzifələrlə, sizin ölkənin istək və arzuları ilə çox yaxından tanış olmağa xüsusi diqqət yetirir.

Cənab Şirak, ümumiyyətlə, 1995-1996-cı illərdən bəri Sizinlə keçirdiyi görüşlərdən sonra bu münaqişənin həllinə həmişə maraq göstərir. O, söz vermişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində əlindən gələni edəcəkdir. Cənab Jak Şirakın bu mövqeyi dəyişməyib və heç vaxt da dəyişməyəcəkdir.

Cənab prezident, bu gün Sizinlə bu görüşə gəlməyim də apardığınız həmin danışıqlar və prezident Jak Şirakla aranızdakı münasibətlər çərçivəsindədir. Mən cənab Jak Şirakın müəyyən fikirlərini Sizə çatdırmaq istəyirəm. Demək istərdim ki, Jak Şirakla İstanbulda keçirdiyiniz görüşlərdə Sizin fikirləriniz ona və Fransa hökumətinə çox böyük təsir göstəribdir. Bu, bir daha sübut edir ki, doğrudan da həm Siz, həm də Fransa Respublikasının prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün daim axtarışlardasınız.

Cənab prezident, mən Minsk qrupu çərçivəsində danışıqların yenidən başlanması, davam etdirilməsi üçün bəzi fikirlərimizi Sizinlə bölüşmək istəyirəm.


"Azərbaycan" qəzeti, 8 dekabr 1999-cu il.