Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin üzvü olan ölkələrin bəzilərinin Konstitusiya Məhkəmələrinin sədrlərini qəbul edərkən söhbətindən - Prezident sarayı, 14 noyabr 2000-ci il


Heydər Əliyev: Mən sizin hamınızı Azərbaycanda salamlayıram və çox şadam ki, siz müstəqil Azərbaycanın ilk Konstitusiyasının beşinci ildönümü ilə əlaqədar bizim Konstitusiya Məhkəməsinin keçirdiyi konfransda iştirak etmisiniz. Bu tədbir bizim hamımız üçün eyni dərəcədə əhəmiyyətlidir, ona görə ki, biz hamımız müstəqil dövlətlər olmuşuq. Kimsə Konstitusiyanı tez, kimsə bir qədər gec qəbul edibdir. Əvvəlki Konstitusiya bizə seçkilər, referendumlar keçirməyə imkan vermirdi. Müstəqillik əldə etdikdən sonra biz ağır bir dövr yaşadıq. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar, hələ 1988-ci ildən başlayaraq, burada vəziyyət mürəkkəb idi. Beş il öncə biz Konstitusiya qəbul etdik, Konstitusiya Məhkəməsinə malikik və bu məhkəmə konfrans keçirmək təşəbbüsü göstərdi. Şadam ki, siz bizim Konstitusiya Məhkəməsinin dəvətini qəbul etmisiniz. Bu, həmişə təcrübə mübadiləsi, bir-birini görmək, daha yaxından tanış olmaq və təbii ki, ölkədə, qonşu dövlətdə nə kimi hadisələr baş verdiyini görmək üçün imkandır. Mən sizi salamlayıram. Marat Viktoroviçin gəlişi bizə xüsusi sevinc bəxş edir, çünki o, həmyerlimizdir və öz doğma torpağına gəlmişdir.

Marat Baqlay (Rusiya Konstitusiya Məhkəməsinin sədri): Dünən mən öz həyətimizə getdim, keçmiş mənzilimizin qapısını açdılar və qılınc bağışladılar.

Heydər Əliyev: Çox xoşdur ki, siz bu cür hisslər keçirmisiniz.

Marat Baqlay: İcazə verin, bizimlə görüşməyə vaxt tapdığınıza görə Sizə ürəkdən təşəkkürümü bildirim. Konstitusiyanızın ilk yubileyi münasibətilə Sizə öz təbriklərimizi yetirmək istəyirik. Bu, birinci yubileydir, sonra ikinci və üçüncü olacaq, Konstitusiya uzun müddət yaşayacaqdır. Çünki o, Azərbaycan xalqının maraqlarına uyğundur və biz hamımız buraya dostumuz Xanların dəvəti ilə böyük sevinclə gəlmişik.

Şükürlər olsun ki, Konstitusiya məhkəmələri arasında münasibətlər çox yaxşı inkişaf edir. Zənnimcə, mənim bu fikrimlə həmkarlarımız hamısı razılaşar. Biz tez-tez görüşürük və hər dəfə də söhbət etməyə yaxşı mövzumuz olur. Biz ümumi problemlərimizi məzmunlu şəkildə dərindən müzakirə edirik. Konstitusiyalarımız sanki müxtəlif olsa da, Konstitusiyanın mətnindən irəli gələn, Konstitusiya Məhkəmələrinin fəaliyyətindən irəli gələn problemlərimiz ümumidir. Doğru buyurdunuz ki, bütün ölkələrdə Konstitusiya Məhkəmələri yaradılıb və onlar hüquqi dövlət quruculuğu üçün çox mühüm vasitədir.

Bu gün biz çox məzmunlu diskussiya keçirdik, hamımız çıxış etdik. Sizin İcra Aparatının işçiləri də çıxış etdilər və çoxları gördü ki, Sizin hüquqşünasların səriştəsi, səviyyəsi çox yüksəkdir. Bu o deməkdir ki, Konstitusiya işləri yaxşı əllərdədir, hüquqşünaslar faydalı çox işlər görürlər. Bütün hüquqşünaslar əmindirlər ki, Sizin Konstitusiya yaşayacaqdır, biz hamımız isə bu Konstitusiyanı Sizin adınızla bağlayırıq, ona görə ki, Siz ölkədə möhkəm Konstitusiya qayda-qanunu, möhkəm hakimiyyət yaratmaq və eyni zamanda insanların hüquqlarının, mənafelərinin qorunmasını diqqət mərkəzində saxlamaq, sərbəst inkişaf üçün, vətəndaşların öz istedad və bacarıqlarını nümayiş etdirməsi üçün şərait yaratmaqdan ötrü çox işlər görmüsünüz. Biz bilirik ki, Siz bu yol ilə çox qətiyyətlə gedirsiniz.

Bu gün biz Sizin İcra Aparatı nümayəndələrinin həm icra hakimiyyəti, həm də qanunvericilik hakimiyyəti barədə, yəni hər hansı Konstitusiyanın məğzi barədə çıxışlarını dinlədik və yəqin etdik ki, ölkədə tərəqqini təmin edən Konstitusiya qayda-qanunu mövcuddur.

Mən burada öz gözlərimlə gördüklərimdən, Bakıda nə kimi əyani, aşkar tərəqqi baş verdiyindən danışmayacağam. Mən bütün bunlara ürəkdən sevinirəm. Mən Sizə böyük uğurlar, cansağlığı arzulamaq, ən xoş və gözəl diləklərimi yetirmək istərdim. Bütün bunları Konstitusiya Məhkəməsinə də arzulayıram və Sizi əmin edirəm ki, Rusiyaya və bizim Konstitusiya Məhkəmələrinə aid nə varsa, hamısı, eləcə də dostluğumuz, əməkdaşlığımız, onsuz da yaxşı olan şəxsi əlaqələrimiz bundan sonra da möhkəmlənəcəkdir. Hesab edirəm ki, bu, Azərbaycanın və Rusiyanın xeyrinədir. Sağ olun.

Heydər Əliyev: Sağ olun, Marat Viktoroviç.

Avtandil Demetraşvili (Gürcüstan Konstitusiya Məhkəməsinin sədri): Azərbaycanın həyatındakı çox əlamətdar hadisələr münasibətilə mən Sizi gürcü xalqı adından, Gürcüstan prezidenti adından, Konstitusiya Məhkəməsi adından təbrik etmək istərdim. Mən bu hadisələri sadalaya bilərəm, ancaq onlardan yalnız bir neçəsini qeyd edəcəyəm: Avropa Şurasına faktiki olaraq qəbul edilmiş Azərbaycanın demokratik quruculuğunun tanınması, Konstitusiyanın - əsas qanunun yubileyi və nəhayət, parlament seçkilərinin uğurla keçirilməsi. Biz gördük ki, bu seçkilərdə xalq növbəti dəfə öz seçimini edərək, xalqın rifahı, dövlətin təhlükəsizliyi uğrunda mübarizə aparan partiyaya səs verdi. Azərbaycanda müşahidə edilən demokratik prosesləri, irəliləyişi görməmək üçün yəqin ki, gərək kor olasan. Bi proseslər, bu irəliləyiş daha çox Sizin coşğun, çoxsahəli fəaliyyətinizlə bağlıdır.

Avqustun axırlarında biz də Gürcüstanda Konstitusiyanın beşillik yubileyini qeyd etdik. Kifayət qədər sadə qeyd etdik. Çünki görünməmiş ekoloji fəlakət - quraqlıq iqtisadi vəziyyətimizi ağırlaşdırmışdı. Biz yubileyi təmtəraqsız qeyd etdik. Burada konfrans gözəl təşkil olunmuşdur, bu isə ilk növbədə Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyevin xidmətidir. Biz gələcəyə inamla baxırıq və ümidvarıq ki, Konstitusiyanın demokratik potensialı tamamilə reallaşdırılacaqdır. Bizi qəbul etməyə vaxt tapdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Təbriklərə görə də və dostum Eduard Şevardnadzedən yetirdiyiniz salama görə də sizə təşəkkür edirəm. Siz Gürcüstanla Azərbaycan arasındakı münasibətlərin necə olduğunu bilirsiniz, əgər MDB-də hamının arasında belə münasibətlər olsaydı, yaxşı olardı. Bu dostluğun da öz kökləri var. Lakin bununla belə, bu dostluq gürcü xalqının da, Azərbaycan xalqının da səyləri, təbii ki, müstəqillik şəraitində Gürcüstan və Azərbaycan dövlətləri başçılarının səyləri sayəsində müstəqillik şəraitində yenidən formalaşır. Mən bunu yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, bunu xalqımız da yüksək qiymətləndirir və biz, şübhəsiz, hesab edirik ki, yaxın qonşular, dostlar kimi həmişə birlikdə olmalıyıq və birlikdə olacağıq. Sağ olun.

Nikolay Kiseyev (Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi): Moldovanın xoş arzularını qəbul edin. Biz buraya gələrkən respublika rəhbərliyinin və bütün moldav xalqının xoş arzularını gətirdik.

Dekabrın 1-də bizdə prezident, parlament seçkiləri keçiriləcəkdir. Problemlər var, lakin biz hər şeyin yaxşı olacağına ümid bəsləyirik.

Sizi əmin etmək istəyirəm ki, Siz bizim respublikamızda çox hörmətli adamsınız. Həmçinin əlavə etmək istəyirəm ki, burada oturanlardan dördü bu yaxınlarda Brüsseldə olubdur, bizi Avropa Şurası Konstitusiya Məhkəmələri konfransının daimi üzvlüyünə qəbul edirdilər. İndi biz Avropa standartlarına uyğun olmalıyıq. Rusiya çoxdan konfransın üzvüdür, biz isə bu yaxınlarda daimi üzvlər olmuşuq. Əksinə, Rusiya bizə azarkeşlik edirdi. Mən Sizin respublikanızda ilk dəfəyəm, çox istəyirdim ki, buraya gəlim. Səfərdən çox razıyam, konfransın təşkilindən çox razıyam. Dəvətə görə cənab Hacıyevə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, onun simasında Siz yaxşı sədrə, yaxşı insana maliksiniz. Sizə cansağlığı arzulayıram.

Heydər Əliyev: Bilirsinizmi, Moldova ilə əlaqələrimin bütün tarixini mən də böyük səmimiyyətlə xatırlayıram. Respublikaya rəhbərlik etdiyim 30 ildən artıq bir dövrdə, Moldova ilə Azərbaycan arasında məsafənin böyük olmasına baxmayaraq, biz çox tez-tez ünsiyyətdə olmuşuq. Biz, adətən, qonşularla - Gürcüstanla, Ermənistanla yarışırıq. Ancaq mən məsələ qaldırdım və biz Moldova ilə də yarışmaq barədə razılığa gəldik. Nəyə görə? Ona görə ki, siz çoxlu üzüm istehsal edirsiniz, biz isə burada üzümçülüyü inkişaf etdirirdik. Şübhəsiz ki, Gürcüstan qədim üzümçülük mərkəzidir. Sizdə gözəl palmet bağları var. Mən gəlib onları gördüm və Azərbaycanda da bu cür bağlar salınmasını qərara aldım, - yeri gəlmişkən, bizim şimal bölgəmizdə bu bağlar bar verir, - ona görə də biz yarışır, bir-birimizə qonaq gedirdik. Yadımdadır, bir dəfə rayon partiya komitələrinin birinci katiblərini, nazirləri və başqalarını iki təyyarədə Moldovaya göndərdik ki, hər yeri və hər şeyi gedib görsünlər.

Lakin bizim dostluq, səmimi münasibətlərimiz müstəqillik illərində də davam edir. Petru Luçinski ilə münasibətlərimizin 10 ildən artıq tarixi var. İndi MDB-də və başqa təşkilatlarda birlikdə oluruq, mövqelərimiz bir-birinə çox yaxındır. Ona görə də şadam ki, buraya, Azərbaycana ilk dəfə gəlmisiniz. Mən isə Moldovada dəfələrlə olmuşam. Respublikanıza və xalqınıza tərəqqi, uğurlar, xüsusən qarşınızda duran məsələlərin həllində uğurlar arzulayıram. Əlbəttə, idarəçiliyin hər hansı bir formasını seçmək xalqın öz iradəsidir. Əgər Moldovada belə qərara gəliblərsə, deməli, bu, sizin işinizdir. Hesab edirəm ki, idarəçiliyin prezident forması bizim üçün, Gürcüstan, Rusiya üçün də uzun müddət gərək olacaqdır. Mənim salamımı, ən xoş arzularımı xalqınıza yetirin. Sizin gözəl xalqınız, gözəl adamlarınız var.

Vladimir Şapovalov (Ukrayna Konstitusiya Məhkəməsinin hakimi): Mən buraya Ukraynadan gəlmişəm. Mənim səfərimi əsaslandıran iki məqam var. Əvvəla, Azərbaycanın Konstitusiyası Ukraynanın Konstitusiyasından "yaşlıdır". Azərbaycan öz Konstitusiyasının beş illiyini keçirir, Ukrayna isə bunu gələn il qeyd edəcəkdir. Ona görə də belə konfransın təşkili baxımından da, yeni Konstitusiyanın həyata keçirilməsi baxımından da biz Sizdən çox şey öyrənə bilərik. Lakin ikinci bir məqam da var ki, onun barəsində danışmağa dəyər.

Məsələ bundadır ki, bizim dövlətimizdə Konstitusiya prosesi davam edir. Dövlət mexanizmlərinin Konstitusiyada təsbit olunması formalarının axtarışı hələ tamamilə başa çatmayıbdır. Ümumukrayna referendumu keçirilib və dövlət hakimiyyətinin, parlamentin strukturlarını dəyişdirmək və bəzi digər məsələləri həll etmək nəzərdə tutulur. Buna görə də konfransda nəinki Konstitusiya Məhkəməsi işçilərinin, həm də icra hakimiyyəti nümayəndələrinin haqqında söz açdıqları təcrübə ilə tanışlıq biz ukraynalılar üçün, şübhəsiz, çox faydalıdır. Xüsusən də ona görə ki, bizdə Ukrayna prezidenti yanında komissiya yaradılıb və o, xalqın referendumda dəstəklədiyi təkliflərin həyata keçirilməsi üçün bir sıra qanun layihələri işləyib hazırlamalıdır. Təkliflər dedikdə, söhbət iki palatalı parlament yaradılmasından, parlament üzvlərinin sayının azaldılmasından, deputat toxunulmazlığının həddinin dəqiqləşdirilməsindən və bəzi digər məsələlərdən söhbət gedir. Azərbaycanın Konstitusiya həyatının nəzəriyyə və praktikasının yaratdığı nümunələr, şübhəsiz, faydalı olacaqdır. Ona görə də mənim rolum təkcə görməkdən deyil, həm də eşitməkdən və sonra bütün bunları Ukraynada əlaqədar şəxslərə söyləməkdən ibarətdir.

Mən dəvətə görə, gözəl görüşə görə çox minnətdaram və şəxsən Sizə ən xoş arzularımı bildirmək istərdim.

Heydər Əliyev: Ukrayna ilə bizim çox yaxşı, olduqca yaxşı münasibətlərimiz var. Siz bunu bilirsiniz. Əslində, bizim bütün ölkələrlə yaxşı münasibətlərimiz var. Lakin bəzi ölkələrlə geniş əlaqələrə malikik. Sizin prezidentiniz Leonid Daniloviç Kuçma layiqli prezidentdir və şadam ki, mənim dostumdur. Əlbəttə, Ukrayna Avropanın böyük dövlətlərindən biridir. Mən sovet dövründə də, müstəqillik illərində də Ukraynada dəfələrlə olmuşam. Mənim rəsmi səfərim də olub, qeyri-rəsmi səfərlərim də olub, mən prezidentin andiçmə mərasiminə də gəlmişdim, biz Yaltada da görüşmüşük. Bir sözlə, əlaqələr çox sıxdır, biz bir-birimizə kömək edirik. Məsələn, ötən il məhsul yığımı zamanı Ukraynada yanacaqla bağlı vəziyyət çox çətin idi. Biz dərhal hay verdik və nə lazımdırsa, etdik. Yeri gəlmişkən, xalq bunu qiymətləndirdi. Sizdə parlamentlə prezident arasında gedən proseslər mənə məlumdur. Təəssüf ki, çox böyük imkanlara malik ölkədə münasibətləri aydınlaşdırmaqla məşğul olurlar. Hesab edirəm ki, xalq müdrikdir və Ukrayna kadrlarının səviyyəsi çox yüksəkdir. Demokratiya, bazar iqtisadiyyatı bərqərar olmuşdur. Ona görə də bu fikirdəyəm ki, siz bütün prosesləri uğurla dəf edəcəksiniz və Ukrayna öz potensialından daha güclü şəkildə istifadə etmək imkanına malik olacaqdır. Mən sizin xalqınıza firavanlıq, prezidentiniz Leonid Daniloviçə isə uğurlar arzulayıram.

Salman Hacıməmmədov (Dağıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri): Çox hörmətli Heydər Əliyeviç! Biz - mən və dostum Dağıstanın və Kabarda-Balkarın Konstitusiya Məhkəməsini təmsil edirik. Bizə belə diqqət göstərdiyinizə görə biz də Sizə çox minnətdarıq. Biz həm də Xanlar müəllimə minnərdarıq, çünki o, bizi MDB ölkələri ilə bir tutdu və bu konfransa həmin ölkələr səviyyəsində dəvət etdi. Konstitusiyanızın beş illiyi münasibətilə Sizi təbrik edirəm. Əvvəlki parlamentlə müqayisədə daha mütərəqqi tərkibə malik olan Milli Məclisi də təbrik etmək istəyirik. Sizin öz ölkənizi o hərc-mərclikdən necə çəkib çıxardığınızı Dağıstanda çox yaxşı bilir və qiymətləndirirlər. Dağıstanlılar respublikanızın məruz qaldığı uğursuzluqlara görə həyəcan keçirirdilər. Dağıstanlılar Azərbaycanın hər bir uğuruna sevinirlər. Biz Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür arzulayırıq. Sağ olun.

Heydər Əliyev: Mən qonşularımızla dostluq əlaqələri barədə bir daha danışmaq istərdim. Dağıstan bir növ MDB-nin üzvüdür, Muxtar Respublika kimi Rusiya Federasiyasının tərkibinə daxildir. Lakin Dağıstan həmişə, sovet dövründə də xüsusi mövqe tutmuşdur. Xatirimdədir, biz yubileylər, Azərbaycanın 50 illik yubileyini keçirirdik, bütün müttəfiq respublikaların rəhbərlərini və ayrıca olaraq Dağıstanın rəhbərliyini dəvət etmişdik. Hətta bəziləri bizə deyirdilər ki, bunu necə başa düşmək olar. Bu, tamam başqa məsələdir, məgər buna belə formal yanaşmaq olarmı? Axı, xalqlarımız bir-birinə o qədər yaxındırlar, burada Dağıstan xalqlarının nə qədər nümayəndələri var, Dağıstanda nə qədər azərbaycanlılar var, nə qədər qohumluq əlaqələri var. Bilirsinizmi, keçmişdə indiki sərhədlər olmayıb, hamı birlikdə yaşayırdı. Buna görə də mən sizə təşəkkür edirəm və həqiqətən bilirəm ki, Dağıstanda uşaqdan tutmuş böyüyədək hamı Azərbaycanda baş verən hadisələri həmişə izləyir və uğurlarımıza həmişə sevinirdilər. Mən də şadam ki, Dağıstanda vəziyyət sabitləşibdir. Biz bir vaxtlar narahat idik ki, orada kimlərsə sizin respublikaya qəsd etmək istəyirdi, xüsusən də Çeçenistan hadisələri ilə əlaqədar və sair. Siz bütün bunları dəf etdiniz, indi Dağıstanda vəziyyət, zənnimcə, elədir ki, getdikcə daha çox inkişaf etmək üçün imkan var. Adamlarımız isə taleyin hökmü ilə kimin hansı ölkəyə düşməsi barədə düşünməyərək, sərbəst ünsiyyətdə olurlar. Yol açıqdır, sərhədçilər heç kimə - sərbəst gedib-gəlməkdə o qədər də mane olmurlar. Məsələn, bizim Qusar rayonunda yaşayan adamların qohumlarının yarısı Məhərrəmkənddə və başqa yerlərdə yaşayır. Bunu Dağıstanın Axtı rayonu barəsində də demək olar. Ona görə də mən çox şadam ki, siz gəlmisiniz və Xanlar müəllim məhz sizi və Kabarda-Balkarı buraya dəvət etməkdə çox düzgün iş görmüşdür. Sizin xalqınıza xoşbəxtlik, firavanlıq, uğurlar və iqtisadi inkişaf arzulayıram. Məhəmmədəli Məhəmmədoviçə isə mənim salamımı və xoş arzularımı yetirin. O, bizim Konstitusiya günü və seçkilərlə əlaqədar mənə təbrik göndərmişdi. Mən də cavab yolladım. Ona məndən bir daha salam yetirin.

Abdulla Gelyixov (Kabarda-Balkar Respublikası Konstitusiya Məhkəməsinin sədri): Hörmətli Heydər Əliyeviç, Kabarda-Balkar xalqı adından bildirirəm ki, biz müstəqil Azərbaycanın atdığı iri addımlara heyranıq. Azərbaycan xalqının rəhbəri kimi şəxsən Sizə uzun illər səmərəli fəaliyyət arzulamaq istərdim. Qoy Allah bu işdə Sizə yar olsun!

Heydər Əliyev: Sağ olun. Kabarda-Balkar çox maraqlı respublikadır. Keçmişdə biz hamımız oraya istirahətə gedərdik. Orada yaxşı qış və yay kurortları var. Yəqin turistlər indi də gəlirlər. Amma bizim imkanımız hələlik məhduddur. Mən orada olmuşam, sizin respublikanız maraqlı respublikadır. Sizin prezidentiniz Valeri Məhəmmədoviç də çox yaxşı, xeyirxah insandır. O, mənə at bağışlamışdır. Mən ona minnətdaram. Sağ olsun. Məndən ona salam yetirin. Şimali Qafqazda vəziyyətin belə mürəkkəb olmasına baxmayaraq, siz sabitliyi qoruyub saxlamısınız. Respublikanız böyükdür, yaxşı məlumdur ki, sizdə də əhalinin tərkibi yekcins deyildir. Buna görə də təbiidir ki, məharətli rəhbərlik və şübhəsiz, ənənələr sizə öz respublikanızda vəziyyəti sabit saxlamağa imkan verir. Sizə uğurlar arzulayıram.

Şimali Qafqaz və Azərbaycan, təbii ki, Gürcüstan da bir-biri ilə həmsərhəddir. Ona görə də biz Qafqaz deyəndə, hamımız özümüzü oraya aid edirik. Bir vaxtlar bu regionu Şimali Qafqaza, Zaqafqaziyaya, - indi o, Cənubi Qafqaz adlanır, - ayırmışdılar. Bir sözlə, o, bütöv bir regiondur və tarixən bir çox yüzilliklər ərzində biz bir-birimizlə bağlı olmuşuq. Bu əlaqələr həmişə yaxşılıq, xeyir gətirmişdir. İndi isə biz keçmişin təcrübəsindən istifadə etmək fürsətinə və təbii ki, müasir imkanlara malikik. Şadam ki, siz Azərbaycanda baş verən hadisələri qiymətləndirirsiniz. Doğrudur, bəzi digər MDB ölkələri ilə müqayisədə biz Konstitusiya Məhkəməsini bir qədər sonra yaratmışıq. Lakin belə qısa müddətdə bu məhkəmə kifayət qədər uğurla işləmişdir, özünü göstərmişdir və Azərbaycanda demokratiyanın çox mühüm vasitəsidir. Bu məhkəmənin sədrinə gəldikdə isə, onu, - o, əvvəllər Ali Məhkəmənin sədri idi, - Ali Məhkəmədən ayırmağa və Konstitusiya Məhkəməsinin sədri təyin etməyə heyfsilənirdim. Amma sonra düşündük və qərara gəldik ki, Konstitusiya Məhkəməsi ən yüksək instansiyadır. Biz öz aramızda qarşılıqlı anlaşma tapdıq.

Şadam ki, o, belə bir qısa müddətdə nəinki MDB ölkələri ilə, həm də bir çox başqa ölkələrlə əlaqələr yaratmışdır. Şadam ki, siz bütün bunları görürsünüz. Mən də razıyam ki, bizim Konstitusiya Məhkəməsi yüksək səviyyədədir. Konstitusiya Məhkəməsinin sədri həqiqətən böyük nüfuza malikdir.

"Azərbaycan" qəzeti, 15 noyabr 2000-ci il.