Almaniya Federativ Respublikasinin Kansleri Zati-aliləri cənab Gerhard Şröderə - Bakı şəhəri, 30 sentyabr 2000-ci il


Hörmətli cənab kansler!

Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi gününün 10-cu ildönümü münasibətilə Sizi və dost alman xalqını salamlayır və ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, alman xalqına sülh, əmin-amanlıq və daha böyük tərəqqi diləyirəm.

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında səmimi dostluq və əməkdaşlıq əlaqələri yaranıbdır. Biz bunu yüksək qiymətləndiririk, bu əlaqələrin daim genişlənməsinə çalışırıq.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli genişlənərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Zati-aliləri, bayram münasibətilə Sizi bir daha təbrik edir, alman xalqına uğurlu gələcək və xoş günlər, böyük imkanları olan Almaniya Federativ Respublikasına, onun hökumətinə, dövlətinə Avropada, bütün dünyada sülhün, əmin-amanlığın qorunub saxlanmasında müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

 

"Azərbaycan" qəzeti, 3 oktyabr 2000-ci il.