Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin dünya şöhrətli ürək cərrahı Maykl Debeyki və onu müşayiət edən şəxslərlə görüşdəki söhbətindən - Prezident sarayı, 17 avqust 1998-ci il


Heydər Əliyev: Respublikamıza ziyarətə gəldiklərinə görə hörmətli professoru və digər qonaqları səmimi-qəlbdən salamlayıram. Sizin, cənab Debeykinin çox məşhur bir insan, böyük cərrah, alim, dünyada ilk dəfə ürək transplantasiyasını həyata keçirən, böyük və çox xeyirxah işin əsasını qoyan həkim olduğunuzu vurğulayıram.

Mən həmişə tibb işçilərinə xüsusi hörmət etdiyimi, insanların sağlamlığını qoruyan, onları xəstəliklərdən xilas edən, ömrünü uzadan həkimlərin xüsusi hörmətə layiq olduğunu bildirmişəm. Sizinlə bu görüşüm bir il əvvəl ABŞ-a etdiyim rəsmi səfəri xatırlatdı, Texasa, Hyüstona ziyarət zamanı, cənab Debeyki, Sizinlə görüşməyimi razılıqla qeyd etmək istəyirəm.

Hörmətli alimin özü və işi ilə şəxsən tanış olmağım mənim üçün boyük bir hadisə olduğunu nəzərə çarpdırıram. ABŞ-da, cənab Debeyki, Sizin bizə göstərdiyiniz qonaqpərvərliyi məmnuniyyətlə xatırlayıram. Mənim dəvətimi qəbul edib, vaxt tapıb Azərbaycana gəldiyinizə görə Maykl Debeyki, Sizə təşəkkür edirəm. Mən istəyirdim siz Azərbaycanı görəsiniz. Çünki ABŞ-la Azərbaycan arasında əlaqələrin inkişaf etməsi üçün biz bütün vasitələrdən istifadə edirik. Ancaq Siz dünən və bu gün gördüyünüz işlərlə kifayətlənməmisiniz. Bizim tibb işçiləri ilə görüşmüsünüz, Səhiyyə Nazirliyi ilə çox işlər görmüsünüz. Mənə səhiyyə naziri məlumat verdi ki, siz gələcəkdə burada çox böyük işlər görmək istəyirsiniz.

Maykl Debeyki: Cənab Prezident Heydər Əliyev, Siz dünyada görkəmli şəxsiyyət, lider kimi tanınırsınız. Bir il öncə Hyüstonda məni ziyarət etməyinizdən şərəf duyduğumu bildirirəm. Mən bu bölgədə baş verən hadisələrdən, Prezident Heydər Əliyevin Azərbaycanda və bütün regionda apardığı böyük işlərin bölgəyə sabitlik gətirməsindən məlumatım var. Ölkənizdəki qonaqpərvərliyi heç bir yerdə görmədiyimi vurğulayıram və məni Bakıya dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm.

Sizə məlumat verim ki, mən Respublikanızda Səhiyyə Nazirliyi, tibbi mərkəzlər, hospitallar, eləcə də kardioloji mərkəz ilə yaxından tanış oldum. Azərbaycanda poliomielit xəstəliyinin ləğv olunması sahəsində Səhiyyə Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Ürək xəstəliklərinin qarşısının alınması üçün bir çox işlər görülməsinin zəruriliyini qeyd etmək istəyirəm.

Etiraf edim ki, Azərbaycanda çox bilikli və bacarıqlı həkimlər var və Bakıda müasir kardioloji mərkəz yaradılması vacibdir. Bu, yalnız Azərbaycan üçün yox, Mərkəzi Asiya üçün də çox əhəmiyyətlidir. Bakıda bu cür mərkəzin açılması bütün bölgə üçün ümid mənbəyinə çevrilə bilər. Ölkənin sabit inkişafı üçün sağlam adamların olması vacibdir.

Cənab Prezident, Siz bunu yaxşı bilirsiniz. Çünki Siz özünüz tibb sahəsinə çox kömək etmisiniz. Ümumiyyətlə, ürək xəstəliklərindən dünyasını dəyişənlərin sayı digər bütün xəstəlikllərə nisbətən daha artıqdır. Buna görə də biz istəyirik ki, həmin xəstəliyin qarşısını almaq üçün bu bölgədə mərkəz yaradaq. Mən səhiyyə naziri və onun işçiləri ilə işləyərkən gördüm ki, onlar biliyə malik olmaqla yanaşı, eyni zamanda öz işlərinə sədaqətlə yanaşırlar. Əgər burada belə mərkəz açılarsa, həmin mərkəzdə mütləq sədaqətli həkimlər işləməlidirlər. Bu layihənin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Mən Səhiyyə Nazirliyinin işindən də çox razıyam.

Teletəbabət məsələsi barədə nazir Əli İnsanovla müzakirələr apardım. Mən bu sahə ilə 30 ildir məşğul oluram. Böyük məsafədən fəaliyyət göstərən teletəbabətin özünəməxsus iş prinsipi, uğurlu nəticələri var və onu da nəzərə çarpdırım ki, mən bunun vasitəsilə azərbaycanlı həmkarlarım ilə birgə işləyəcəyəm.

Anna Peçorskaya («Peçorski ənd Assoşieyts» şirkətinin prezidenti): Cənab Prezident, biz Sizə təşəkkür edirik, doktor Debeykinin Bakıda kardioloji mərkəz yaratmaq ideyasının böyük əhəmiyyətini mən də qeyd etmək istəyirəm. Bu mərkəz Mərkəzi Asiya ölkələrinin təxminən 60-70 milyon əhalisinə xidmət göstərə biləcəkdir. Bu layihə, iqamətgahı Hyüstonda yerləşən «Merikem» şirkətinin nüma-yəndəsi, tanınmış bankir Toni Bunun və Bakıda fəaliyyət göstərən xarici neft şirkətlərinin köməyi ilə həyata keçiriləcəkdir. Bu ideyanın ABŞ hökuməti tərəfindən dəstəkləndiyini və humanitar yardım göstəriləcəyini də nəzərinizə çarpdırıram. Biz cənab Debeyki ilə birlikdə ABŞ-a qayıtdıqdan sonra bir çox konqresmenlərlə görüşüb 907-ci maddənin aradan qaldırılmasına çalışacağıq.

Toni Bun («Merikem» şirkətinin nümayəndəsi): Cənab Prezident, ən əvvəl, Sizi salamlamaq və bundan məmnun qaldığımı bildirmək istəyirəm. Bakıya gəlməyimdən də şərəf duyduğumu bildirirəm, Xəzər dənizi sahilində yerləşən ölkələrdə müxtəlif layihələrin həyata keçirilməsinə, Qərb sərmayəsi qoyuluşuna beş ildir ki, calışıram və əminəm ki, Prezident Heydər Əliyevin xeyir-duası ilə Bakıda müvafıq təşkilatlarla birlikdə bu işlər həyata keçiriləcəkdir.

Heydər Əliyev: İlk öncə səmimi görüş və xoş sözlər üçün təşəkkür edirəm. Qeyd edim ki, hörmətli professor Debeykinin dəyərli sözləri məni çox maraqlandırdı. Ürək xəstəlikləri ilə mübarizə ABŞ-da yaxşı təşkil edilmişdir və Azərbaycanda bu səviyyəyə gəlib çatmaq üçün çox işlər görülməlidir.

Azərbaycanın kardioloq həkimlərinin imkanları haqqmda professor Debeykinin müsbət fikirlərini razılıq hissi ilə qəbul edirəm. Bu məlumatı məşhur ürək cərrahından eşitməyimdən məmnun qaldığımı, onun təəssüratlarının bizim üçün çox qiymətli olduğunu nəzərə çarpdırıram və əminəm ki, bu sahə ilə məşğul olan həkimlərimiz alimin məsləhətlərindən səmərəli istifadə etməyə çalışacaqlar. Azərbaycanda müasir səviyyəli kardioloji mərkəz yaradılması haqqında hörmətli qonağın təklifləri maraqlı və əhəmiyyətlidir və bunları dəstəklədiyimi bildirirəm. Respublikamızın, eləcə də Bakıda fəaliyyət göstərən neft şirkətlərinin imkanlarını cəlb etməklə belə bir mərkəz yaratmaq mümkündür. Çox arzu edərdim ki, biz bu işi görə bilək, beləliklə də insanların sağlamlığının qorunması üçün təkcə Azərbaycanda yox, bizim bölgəmizdə xeyirxah işlərin əsasını qoyaq. Xahiş edərdim ki, bizim Səhiyyə Nazirliyi və Sizin məsləhət gördüyünüz şəxslər bu barədə konkret təkliflər irəli sürsünlər. Mən öz tərəfimdən bütün imkanlardan istifadə edib bu işin həyata keçirilməsinə çalışaram.

Teletəbabət haqqmda söylənilən fikirlər də çox əhəmiyyətlidir. Bu barədə Azərbaycanda hələlik ancaq məlumat var. Bakıda teletəbabətin tətbiqi vacibdir. Mən bu təklifi də qəbul edirəm.

ABŞ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi barədə və məlum 907-ci maddənin aradan götürülməsi sahəsində Konqresdə və ABŞ hökumətində görülə biləcək işlər haqqında xanım Peçorskayanın söylədiyi fıkirlərə münasibətimi açıqlamaq istəyirəm.

Müstəqillik dövründə respublikamızın qarşılaşdığı ən ağır problemlərdən biri - Ermənistan-Azərbaycan münaqişəsi hələ də qalmaqda davam edir. Qonşu respublikanın hərbi təcavüzü ölkəmizə çox böyük fəlakətlər gətirmiş, ərazimizin 20 faizi işğal olunmuşdur. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Bu isə yalnız ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında olmalıdır. Təcavüzkar Ermənistan isə bu prinsipləri, habelə Minsk qrupu həmsədrlərinin son təkliflərini qəbul etməkdən boyun qaçırır.

Respublikamıza dəyən bütün zərbələrə baxmayaraq, hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz 907-ci əlavənin qəbul edilməsi və indiyədək qüvvədə qalması narahatlıq doğurur.

Ermənistanla Azərbaycan arasında müharibənin dörd il əvvəl dayandırılmasını böyük nailiyyət hesab edirəm. Ümidvaram ki, münaqişənin həllini öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu və onun həmsədrləri olan üç böyük dövlətin -ABŞ, Rusiya və Fransanın səyləri müsbət nəticələr verəcəkdir.

ABŞ hökumətinin bu sahədə gördüyü işlər Azərbaycanda qiymətləndirilir.

İnanırıq və ümid edirik ki, ABŞ hökuməti daha da ciddi səylər göstərəcəkdir və beləliklə də Azərbaycanın işğal olunmuş torpaqlarının azad edüməsi mümkün olacaq, bir milyondan artıq qaçqın və köçkün öz yerlərinə-yurdlarına qayıdacaqdır. Lakin ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci maddənin bu gün də mövcud olması ABŞ hökumətinin bu sahədə görəcəyi işlərə maneçilik törədir. Ona görə də bu 907-ci maddənin aradan götürülməsi üçün daha da ciddi səylər göstərilməlidir. Ümid edirəm ki, siz ölkənizdə olan böyük hörmətinizdən istifadə edərək bu məsələyə də müdaxib edə bilərsiniz.

Ötən il ABŞ neft sənayesinin mərkəzi Hyüstona, Texasa səfərimi məmnunluqla xatırlayıram, Amerika şirkətləri Bakıda uzunmuddətli işə başlamışlar. Nəzərə çarpdırım ki, bu sahədə imzalanmış müqavilələr ABŞ şirkətləri ilə Azərbaycan arasında müştərək iş görülməsini təmin edəcəkdir.

Doktor Debeyki: 907-ci maddə ilə bağlı Prezident Heydər Əliyevlə eyni fikirdə olduğumu, Ermənistanın işğalçı qüvvələri tərəfindən doğma yerlərindən zorla çıxarılmış qaçqınların ağır vəziyyətini öz gözlərimlə gördüyümü bildirirəm.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, biz ABŞ-a qayıtdıqdan sonra konqresmenlərimizlə bu barədə danışacağıq.

Sizin səhiyyə ilə bağlı fikirlərinizi dəstəkləyirəm. Məlumat verim ki, Türkiyədə Turqut Özal adına böyük bir tibbi mərkəz fəaliyyət göstərir.

İcazə verin rəhbərlik etdiyim səhiyyə müəssisəsinin təcrübəsi haqqında ətraflı məlumat verən kitablarımı və xüsusi hədiyyəmi xatirə olaraq Sizə təqdim edim.